“Sufi
və şeir”: Mahmud Erol Kılıc təsəvvüf və poetik təfəkkür haqqında
XX əsrin
fikir və sənət cərəyanları insan təfəkkürünə,
misilsiz cahanşümul müharibələrə, ağır
iqtisadi-siyasi böhranlara, qlobal fəlakətlərə bir
ağırlıqla, təzyiqlə çökən
düşünən beyinlərin cavab reaksiyası
olmuşdur.
XIX əsrdə
klassik fəlsəfi sistemin tamamlayıcıları sayılan
Kant və Hegel insanı onun öz düşüncəsinin
divarları içində təcrid olunmağa məhkum etdilər.
Nitsşenin “Tanrı ölmüşdür”
çılğın bəyanatı ilə artıq öz zəkasının
divarları içində çırpınan insan Dostoyevski qəhrəmanlarının
“Tanrı ölmüşdür, deməli hər şeyə
icazə verilib” deyə gəlib çıxdıqları əqli
nəticəni tarix səhnəsində həyata keçirməyə
başladı.
Bu
dövrün cəmiyyət və mədəniyyətinin
xüsusi keyfiyyəti kimi “dekadans” – bütövlüyün,
gözəllik, həqiqət və əxlaqi olanın tənəzzülünə
aparan bir dünyagörüşü formalaşmağa
başladı. “Bütövlüyün parçalanması” həyatın
bütün sahələrində olduğu kimi sənətdə,
ədəbiyyatda da ifrat ziddiyyətlərin
formalaşmasına gətirib çıxartdı. Bir tərəfdən
varlığın materialist səthililiyinə çəkən
naturalizm, digər tərəfdən isə naturalist
birölçülülüyünü inkar edən
varlığın maddi boyutlarından, onun ilkin əsaslarından
kənarda görünən dünyalarından başqa ruhi-mənəvi
substansiyasını ifadə etməyə cəhd edən cərəyanlar
– simvolizm, impressionizm və s. yaranmağa başladı.
Mahiyyət
etibarilə dekadent sənət romantizmin dərinliklərindən
gələn İdeal və Gerçəklik
qarşıdurmasının inkişafından doğur – yeni
şəraitdə, yeni dünyada gerçək dünya
öz gerçəkliyini itirir, onun haqqında olan subyektiv təsəvvürlər
irreallaşır, ideal dünya isə
ideallığını itirir. Allah tərəfindən tərk
edilmiş, mənasını itirmiş absurd dünya, boş
göy üzünün altında qalmış əşyalar,
bölünmüş bütövlüyün
parçaları və “öz-özünün səbəbi”,
“öz-özünün həddi” olan sənətkar “mən”-i
yer üzünü tərk edən Allaha baş qaldıraraq
bütün varlığı yenidən söküb
quraşdırmaq, kainatın yaradıcısı və tənzimləyicisi
vəzifəsini üzərinə götürmək cəhdində
olur. Min illər ərzində formalaşan dəyərlərə
şübhə və yenidən baxış yaranır.
Absurdu, mənasızlığı bir reallıq göstəricisi
kimi kəşf edən modernizm, ilahi harmoniyanın itirildiyi
xaosun, sistemsizliyin, dəyərsizliyin,
fraqmentarlığın, eklektizmin, dünyanı
başdan-başa subyektiv şəkildə yenidən montaj etmənin
ifadəsi olan postmodernizm tarix səhnəsinə
çıxır.
XIX əsrin
sonlarında Allahı itirən insan XX əsrin sonlarında
özünü itirdi. İlahi dəyərlər dəyərsizləşdikcə
insani dəyərlər, humanist ideyalar da aradan
çıxmağa başladı. Bəşəriyyət tam
bir heçlik, mənasızlıq uçurumuna
yaxınlaşdı. Onun itirdiyi ilahi dəyərlərin yerinə
qoyduğu heç bir bəşəri nailiyyət – elm,
texnika, iqtisadi inkişaf və s. bu dəyərləri əvəz
etmək iqtidarında deyil.
XX əsr
ədəbiyyatı insan cəmiyyəti və təfəkküründə
baş vermiş möhtəşəm dəyişikliklərlə,
müəzzəm inkişafla bağlı olaraq öz
missiyasını çox genişləndirdi. O, fəlsəfənin,
psixologiyanın, sosiologiyanın və digər humanitar-ictimai təfəkkür
sahələrinin əhatə dairəsinə nüfuz etdi. Ədəbiyyat
rasional təfəkkürün gücünün yetmədiyi hədlərdən
dünyanın dərkinə, insanın içinə girdiyi
xaosun, məchulun aydınlaşdırılmasına, bu xaosun dilini tapmağa
çalışdı. Min illər ərzində tarixin, insan
təfəkkürünün içindən bir ana xətt
kimi keçən insanın hissi-idraki təkamülünün
ən son, ən ideal ifadə formalarından biri olan təsəvvüf
əslində elə bu missiyanı həyata
keçirmişdir. Ancaq təsəvvüf xaosun deyil, vəhdətin
dilini axtarmışdır. İnsan qəlbinin və
idrakının bütövlüyün, vəhdətin, beləliklə
həqiqətin idrakına, inkişafına, onunla bir
oluşumuna, eyniləşməsinə can atmışdır.
Əlimizdəki
çox dəyərli “Sufi və şeir” kitabı müasir
türk fəlsəfi-ədəbi fikrinin görkəmli
nümayəndələrindən biri olan Mahmud Erol
Kılıc tərəfindən təsəvvüfün
varlığının yaşarlılığının, bəşər
təfəkkürünün bu günü və sabahı
üçün bir örnək olaraq necə böyük bir əhəmiyyətə
sahib olduğunun geniş, peşəkar təhqiqat və
yüksək elmi ümumiləşdirmə gücü ilə
təsdiqidir. Müəllif bütün sənətlərin
olduğu kimi, ədəbiyyatın da istər ontolojik təməlində,
istərsə də tarixi təzahürünün arxasında
“din” və “mənəviyyat” gerçəyinin durduğu tezisini
əsas tutaraq təsəvvüf poetikası timsalında,
xüsusilə də osmanlı-türk sufi şeirini bir
çox yönləri ilə təhqiq və təhlil edərək
ədəbiyyatın dünyəvi, bəşəri dəyərlərin,
“sadəcə varlıq planında zühur edişlərin”
ifadəsi olması ilə yanaşı, həm də
günümüzdə də aktuallığını,
yaşarlılığını itirməyən, hətta bəlkə
daha çox tələb duyulan metafizik, irfani
dünyagörüşün sözçüsü olduğu
qənaətini ortaya qoyur.
Bu
gün müasir ədəbi və ictimai-mədəni
situasiyanı, fəlsəfi, epistomoloji, elmi-nəzəri və
emosional-estetik təsəvvürlər kompleksini xarakterizə
etmək üçün postmodernizm termini istifadə edilir.
Postmodernizm bir baxımdan qanunauyğun şəkildə
bir-birini əvəz edən mədəni epoxalar zəncirində
növbəti halqa kimi təsəvvür edilir. Digər bir
nöqteyi-nəzərdən isə postmodernizmə dəyərlərin
dəyişdiyi hər bir böhranlı dövrə xas olan
başlıca mədəni mentalitet, artıq işlənmiş,
tükənmiş bədii formaların yenisinə keçdiyi
keçid dövrü estetikası, mədəniyyətin
müxtəlif inkişaf mərhələlərinə xas olan
tipoloji hadisə kimi baxılır.
Postmodernizmin
görkəmli nümayəndələrindən biri olan italyan
alimi və yazıçısı Umberto Eko bu qənaətdə
idi ki, “Postmodernizm – təsbit olunmuş bir xronoloji hadisə
deyil, nə isə mənəvi bir durumdur” və “hər bir
dövrün özünün xüsusi postmodernizmi vardır”.
Qələmə
aldığı mövzunu təkcə filoloji deyil, həm də
fəlsəfi-tarixi bir aspektdə işləyən Mahmud Erol
Kılıc da, heç şübhəsiz,
günümüzün “özünə məxsus olan” bu
postmodernist mənəvi durumuna cavab arayaraq “sürəkli dəyişən
içində dəyişməyəni, yəni ararlar
içində dəyişməz olan o cövhəri,
özü bulmaq və günümüzə daşımaq”
istəmişdir.
Müəllif
ənənənin özünün də bu olduğunu qeyd
edir. Məhz tarixi inkişafın
ardıcıllığını şərtləndirən
“forma etibarilə” dəyişən, dəyişməli olan,
lakin məna və məzmun etibarilə dəyişilməyən,
dəyişildikdə həyatın məhvinə aparıb
çıxaran dəyərlərin varlığını
qoruyan, ənənəyə bağlılıq, onu nəinki
elmi şəkildə araşdırmaq, öyrənmək,
müdafiə etmək, həm də əsərlərindən
göründüyü kimi həyatında, əməllərində
yaşatmaq bu kitabın müəllifinə bir ürfan sahibi
olaraq zamanın inkişaf istiqamətləri haqqında
danışmaq üçün bir bəsirət və iddia
haqqı verir: ədəbiyyat pəncərəsindən, təsəvvüfün
bir ana xətt kimi içindən keçdiyi klassik
türk-osmanlı şeiri pəncərəsindən insan
oğlunun tarix boyu tanıdığı ezoterik-mistik məktəblərdən,
təfəkkür istiqamətlərindən bəlkə də
ən mükəmməli olan sufizmin bəşəriyyətin
bu gün içində bulunduğu ağır ictimai-psixoloji
durumdan xilas olması üçün özündə əvəzsiz
bir imkan daşıdığı nəticəsinə gəlib
çıxır.
Müəllif eşqin həqiqi bilik qaynağı olduğunu, rasionalizmin “bu bilgi vasitəsini çoxdan unutduğu, nevroloji sinir uclarının daşıdığı bilgiyə həbs olunduğunu”, təsəvvüfün tarixən insan təfəkkürü qarşısında necə geniş üfüqlər açdığını qeyd edir.
Son minillik türk tarixinin inkişaf xəttinin elm, ədəbiyyat və toplum qatlarının şəkillənməsində başlıca təsir gücünə sahib düşüncələrin daha çox təsəvvüf qaynaqlı olduğunun danılmaz bir gerçəklik olduğu hökmünü ifadə edən alim islam tarix fəlsəfəsinin görkəmli yaradıcısı İbn Xəldun timsalında əks görüş sahiblərinə belə cavab verir: “Əgər ömrü vəfa etsəydi (İbn Xəldun nəzərdə tutulur – A.Ə.) bir imperatorluğun yüksəliş dönəmlərində təsəvvüfün ona necə açıq bir üfüq sunduğunu və qarşı zehniyyətin hakimiyyətinin başlamasıyla da bu üfüqün necə daralıb çöküş sürəcinə girilmiş olduğunu görərdi”.
Mahmud Erol Kılıc təsəvvüflə bəşəriyyət tarixində var olan digər ezoterik məktəb və cərəyanların yaxınlığını bunların birinin digərindən təsirlənərək yaranmasında deyil, “şərqli və qərbli insanın günəşə baxmaq üçün başlarını yuxarı qaldırmaq kimi eyni hərəkəti etmələri” tərzində bir obrazlı ifadə ilə anladır. Eyni zamanda, günümüzün bir çox Qərb mütəfəkkirlərinin fikri ilə də sufizmin yaşarlılığını itirməmiş yeganə hikmət məktəbi olduğunu ifadə edir, həqiqi bilginin əldə edilməsi üçün məhz bu düşüncə sisteminin fikri təməllərinin və mənbəyinin pozulmamış olduğunu əsas gətirərək təsəvvüfü modern nihilist və pessimist dünyagörüşünə qarşı bir çıxış yolu kimi görür: “Modern insanın yenidən həm özünü kəşf etməsi, özünü tanıması, onu bir zamanlar qopduğu o ilahi bağlarla yenidən barışdıracaq və bu barışması müqabilində də toplumsal, ictimai barışı, sevgini yaymış olacaqdır”.
Sufi və şeir anlayışları arasındakı əlaqəyə hər iki anlayış açısından bir çox yönlərdə işıq salan tədqiqatçı-alim təsəvvüf ədəbiyyatının qneseoloji köklərini İslam dünyagörüşünün özündə görməklə yanaşı, Osmanlı sufi şeirinin poetikasının Qərb poetikası ilə müqayisəli təhlilinə əsasən “mütləq mənada olmasa da, Osmanlı şeirinin böyük çapda Platonçu poetikanı izlədiyi” fikrini irəli sürür. İslam peyğəmbərinin “Şübhəsiz şeirin bəzisində hikmət...” və “... bəzisində sehr vardır” hədisini çıxış nöqtəsi kimi qəbul edən müəllif sufi şeirinin xüsusiyyətinin “hikmət” qavramı, “bir məna ifadə etmə”, “məna dərinliklərinə dalma” şərti, Aristotelin “kəşf” adlandırdığı bir özəllik olduğunu qeyd edir.
“Mən gizli bir xəzinə idim, bilinməkliyi sevdim və bunun üzərinə sirləri yaratdım” müqəddəs hədisi bütün sufilər kimi eşqin qaynağı olaraq göstərən Mahmud Erol Kılıc sufi şeirinin məna və obrazlar aləminin bu gizli xəzinəni aramaq, bilmək yolunda yaranan eşqlə, bu yolda çatılan məqamlarla bağlılığını ifadə edir. Müəllif kitab boyu “şeir və təsəvvüfün hər düzləmdə bir ruh və bir bədən kimi iç-içə təzahür etdikləri, bir gerçək olduqları” fikrini sərgiləmiş və bu fikri əsərin bütün bölümlərində tarixi, fəlsəfi, ədəbi, estetik, psixoloji və s. aspektlərdə təhlil və nümunələrlə əsaslandırmışdır. Qələmə alınan mövzunun “daha çox fikri əsaslarını bəlirləməyi, ana ilkələri çıxarmağı hədəflədiyinə” görə kitab elmi ümumiləşdirmələrlə zəngindir. Peşəkar elmi təhsillə yanaşı, müəllif bu əsərində müasir ədəbi-fəlsəfi təfəkkürün tələbləri səviyyəsində, Borxesin təbiri ilə desək, “dünyanın müəmmalı çoxluğunu nizamlamaq bacarığı” göstərərək tarixin, zamanın dəyişkənliyə məruz qoyduğu düşüncə və hadisələr axını içərisindən daimi olanın üzərində durmuşdur. Mövzu etibarilə ədəbiyyat və təfəkkür tarixindən bəhs edilsə də, Mahmud Erol Kılıc bugünün suallarına cavab axtarır. O, keçmişin güzgüsünə gələcəyi görmək üçün baxır, təfəkkürün perspektivlərini, inkişaf istiqamətlərini göstərən mütəfəkkirlərlə ilk baxışda görünməyən, büruzə verilməyən bir mübahisə edir. Xüsusi vurğulamasa da əsərin ideyasından, təhkiyəsindən, müəllifin təlqinlərindən bu təəssürat meydana çıxır. Bu kitabda gəlinən nəticələrin bəzilərinin adı çəkilməsə belə postmodernizmin banilərindən biri olan görkəmli alim və yazıçı Umberto Ekonun qeyd olunan müasir bədii cərəyanın klassik əsərlərindən biri olan “Qızılgülün adı” romanında bəşəriyyətin ikiminillik söz sənətinin, bədii təfəkkürünün inkişaf istiqamətləri barədə mülahizə və iddialarına qarşı digər bir yeni görüş kimi qiymətləndirmək olar. Romanda metaforik bir dillə orta əsrlər kilsə zehniyyətinin təmsilçisi olan bir kor qoca rahib qədim bir monastırın labirintində yerləşən kitabxanada uzun illər boyu gizli şəkildə saxladığı bir əlyazmanı başqalarının qətli və özünün ölümü bahasına məhv edir və bu əlyazmanın “aydınlığın, ağıllı insanlığın” təcəssümü kimi qələmə alınan gənc qəhrəmanın əlinə düşməsinə imkan vermir. Bu əlyazma Aristotelin “Poetika” əsərinin komediyaya, gülüşə həsr edilmiş ehtimal olunan, xəyali ikinci hissəsidir.
Qoca rahib “günahların da müqəddəslik kimi eyni kökdən olduğunu bilir”, ona görə də günah və günahkarlar onun üçün təhlükəli deyil, lakin əgər bir nəfər çıxıb “Yaradılışa gülürəm” desə, qoca rahibə görə, onun küfrünə qarşı heç bir silah tapmaq olmaz...
Lakin əlbəttə, Aristotelin bu ehtimal olunan əlyazması “yandırılsa” da, bəşəriyyət yaşam və düşüncə təcrübəsi ilə bu əlyazmanın əhatə edə biləcəyi bütün bilikləri tarix səhnəsinə çıxarmışdır. Nəhayət, Aristotelin “katarsis” kimi nəzərdə tuta biləcəyi sağlam və islahedici gülüş bu gün bütün kanonları qıraraq öz stixiyasının son həddinə çatıb və postmodernist dünyagörüşü artıq bu öldürücü gülüş stixiyası ilə bəşərin bütün tarixi dəyərlərini tamamilə diskreditə etməyə çalışır...
Mahmud Erol Kılıc “Sufi və şeir” əsərində bir çağdaş mütəfəkkir olaraq insanlığın bədii təfəkkürünün, ədəbi sözün inkişafının mənbəyini Aristotelin “Poetika”sının xəyali, olmayan ikinci hissəsində deyil, real, mövcud olan, min illər boyu təsəvvüf və digər dərin fəlsəfi düşüncə sistemləri ilə səsləşən “hikmət”, “məna” əyarlı Platonçu poetikada axtarır. Çağdaş düşüncə sahələrinə hakimlik iddiasında olan postmodernizm dünyagörüşü ilə təsəvvüfi dünyagörüşün təmsilçisi olan Mahmud Erol Kılıcın “Sufi və şeir” kitabındakı ideyaların müqayisəsi və deməli, bu müqayisədən yarana biləcək qüsurlar da tamamilə bizə aiddir. Lakin görkəmli alimin bu əsərdə bir zəhmətkeş tədqiqatçı baxışı ilə bərabər, aydın mövqeli, minillik bir ədəbi tarixi-fəlsəfi gələnəyin sahiblərindən biri olan mütəfəkkir kimi bəşər təfəkkürünün bugünkü inkişafına məsul ola biləcək bir haqqı və iddianı özündə gördüyünə görə onun ideya və baxışlarını bu gün dünyamızda dominant olan dünyagörüşü ilə müqayisə etməyi zəruri bildik. Orta Şərqdə baş verən son böyük ictimai-siyasi dəyişikliklər, Şərq-müsəlman xalqlarının əzəmətli oyanışı, müasir dünya birliyi içərisində özlərinə layiqli yer tutmaq cəhdləri də onların minillik tarixlərindəki hakim ideyanın – təsəvvüfün bu gün nə qədər canlı, diri, inkişafa meyilli olduğunun bariz göstəricisidir.
Afaq ƏSƏDOVA
525-ci qəzet.- 2012.- 18 aprel.- S.7.