İstiqlal şairinin 120 illiyi Bakı Dövlət Universitetində qeyd olunub

 

UNİVERSİTETİN FİLOLOGİYA FAKÜLTƏSİ ƏHMƏD CAVADIN YUBİLEYİLƏ BAĞLI TƏDBİR TƏŞKİL EDİB

 

Ötən gün Bakı Dövlət Universitetində görkəmli Azərbaycan şairi Əhməd Cavadın anadan olmasının 120 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbiri Filologiya fakültəsinin dekanı, filologiya elmləri namizədi Məhərrəm Vəliyev açaraq, Əhməd Cavad yaradıcılığına nəzər salıb, onun kədərli taleyindən danışıb. M.Vəliyev çıxışında Əhməd Cavadın bütün ömrünü Azərbaycan xalqının, bütövlükdə türk dünyasına həsr etdiyini bildirib, şairin yaradıcılığında milli azadlıq və istiqlal uğrunda mübarizə motivlərinin zəngin olduğunu diqqətə çatdırıb. Professor Tofiq Hüseynoğlu Əhməd Cavadın poemalarında dövrün haqsızlıqlarına qarşı ucaltdığı etiraz səsinin aydın duyulduğunu, elə bu motivlərə görə repressiya qurbanına çevrildiyini deyib. Əhməd Cavadın 30-cu illərdə “Moskva” poemasını qələmə aldığını, lakin bu şeirinə görə də xeyli təzyiqlərə məruz qaldığını deyib. Əhməd Cavadın Sovet hakimiyyətinin qəlbinə dəhşətli bir xof saldığını deyən professor hətta o dövrdə Əhməd Cavada salam verən insanların belə, Cavadçılar kimi qələmə verilib mühakimə edildiyini diqqətə çatdırıb. Ə.Cavadın yaradıcılığının əks olunduğu qaynaqlarda xeyli yanlışlıqlar olduğunu deyən T.Hüseynoğlu onun yaradıcılığının yenidən araşdırılmasına gərək duyulduğu fikrini irəli sürüb. Türkologiya kafedrasının professoru, AMEA-nın müxbir üzvü Tofiq Hacıyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan ədəbiyyatına dəyərli töhfələr vermiş Əhməd Cavadın 120 illik yubileyinin keçirilməsi üçün imzaladığı sərəncama universitetin dərhal reaksiya verməsini yüksək qiymətləndirib. Professor bu gün Azərbaycan xalqının milli varlığının və gələcəyinin həll edildiyi zaman milli ideologiyanın tükənməz mənbəyi kimi Əhməd Cavada, onun mirasına doğru uzanan xalq cığırlarını açmağın zəruri olduğunu, gənclərin milli vətənpərvərlik ruhunda yetişməsi üçün Əhməd Cavad yaradıcılığını oxumasının vacibliyini vurğulayıb. Onun şeirlərində milli oyanışa, öz milli “mən”liyinin əldə edilməsinə, tarixdə layiqli yer tutmağa səsləyişin güclü olduğunu deyib. Siyasi-lirik şeirin bünövrəsini məhz Əhməd Cavadın qoyduğunu diqqətə çatdıran professor onun öz şeirlərində hər zaman bayrağa torpağın hökmdarı kimi baxdığını deyib.

Bakı Dövlət Universiteti Həmkarlar Təşkilatının sədri Fikrət Şiriyev Əhməd Cavadın zəngin irsi yaradıcılığından söhbət açıb, onun Azərbaycan ədəbiyyatı, türk dünyası qarşısındakı xidmətlərindən bəhs edib. Onun milli ruhda yazıb-yaradan şair olmaqla bərabər həm də, Azərbaycan tərcümə ədəbiyyatına da öz töhfələrini verdiyini nəzərə çatdırıb. Şairin Fransua Rablenin “Qarqantua və Pantaqruel” , Vilyam Şekspirin “Otello”, “Romeo və Cülyetta”, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərlərini tərcümə etdiyini vurğulayıb. Filologiya elmləri namizədi Almaz Məmmədova Ə. Cavadın “diriykən əyninə kəfən geyinmiş, yalın yumruqları ilə zülmün qapısını döyəcləyən” cəsarətli bir sənətkar olduğunu deyib, sonra şairin həyat və yaradıcılığı haqqındakı qeydlərini məruzə şəklində səsləndirib. Tədbirdə həmçinin Əhməd Cavadın həyat və yaradıcılığını əks etdirən videoçarx nümayiş etdirilib və universitetin filologiya fakültəsinin tələbələrinin ifasında görkəmli şairin şeirləri səsləndirilib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 19 aprel.- S.7.