Görkəmli memar Ənvər Qasımovun 100 illik yubileyilə bağlı tədbir keçirildi

Azərbaycan Memarlıq və İnşaat Universitetində Azərbaycanın görkəmli memarı və dövlət xadimi, memarlıq doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Ənvər Qasımovun 100 illik yubileyinə həsr olunmuş Müasir Azərbaycan memarlığının problemləri adlı elmi-praktik konfrans keçirilib. Tədbirdə universitetin tələbə və müəllim heyəti ilə yanaşı, respublikanın tanınmış gənc memarları da iştirak ediblər. Konfransı çıxış sözü ilə açan memarlıq doktoru, professor, Azərbaycanın əməkdar memarı, AZMİU-nun rektoru Gülçöhrə Məmmədova akademik Ə.Ə.Qasımzadənin həyat və yaradıcılığından danışıb. Onu dövrünün bütün gənc memarlarının müəllimi adlandırıb. Təhsil naziri Misir Mərdanovsa çıxışında Ənvər Qasımzadə kimi adamların, ziyalıların şəcərəsindən bəhs edən kitabların yazılıb, müasir oxucuya təqdim olunmasının, milli mənəviyyatımızın qorunub, nəsildən-nəsilə ötürülməsində vacib rol oynayacağını bildirib. O, Azərbaycanın görkəmli memarının Azərbaycanda rus dili və ədəbiyyatı üzrə ilk müəllimlərindən olmuş Əlibəy Qasımovun ailəsində dünyaya göz açdığını iştirakçıların diqqətinə çatıdırıb. AZTU-nun professoru Şükürov Rəhim Ənvər bəyin hələ tələbəlik dövründən-1934-cü ildən əmək fəaliyyətinə başladığını, həmin dövrdə onun, Bakı İnşaat Texnikumunda dərs dediyini,1941-ci ildə isə Azərbaycan SSR-İ Kommunal Təsərrüfatı Xalq Komissarlığı yanında mənzil kommunal baş idarəsinin rəisi və eyni zamanda, Bakı İnşaat Texnikumunun direktoru vəzifələrinə təyin olunduğunu diqqətə çatdırıb. AZMİU-nun ictimai fənlər kafedrasının müdiri, professor Mikayılov Nurqələm, onun layihələri əsasında Bakıda, Gəncədə, Daşkəsəndə, Xankəndidə onlarla yaşayış evi və ictimai bina ucaldıldığını diqqətə çatdırıb. Bunlardan Bakının Azərbaycan prospektindəki (keçmiş Hüsü Hacıyev küçəsi), İnşaatçılar prospektindəki, keçmiş şimali sovet meydanındakı, Ağa Nemətulla küçəsindəki evləri, hazırda Gömrük Komitəsi və Maliyyə Nazirliyinin inzibati binaları, Bakıxanov küçəsindəki Azərbaycan Tibb Universitetinin əsas korpuslarını, metronun Ulduz stansiyasını və başqalarını demək olar. Alimin tələbələri və onun sənətini sevənlər çox dolğun çıxışlar ediblər. AZTU-nun dosenti, texnika elmləri namizədi Rizvan Allahverdiyev Ənvər bəyin öz dövrünün memar gənclərinə elədiyi böyüklüyün unudulmayacağını söyləyib. Qeyd edək ki, Ənvər Qasımzadə 1947-ci ildən Azərbaycan SSR-İ Nazirlər Sovetinin Memarlıq işləri üzrə idarəsinin rəisi, daha sonra Bakı Şəhər Soveti İcraiyyə Komitəsi sədrinin 1-ci müavini, sonra tikinti naziri və başqa vəzifələrdə çalışıb. Bu illər ərzində Ənvər Qasımzadə Azərbaycanda tikinti prosseslərinin yüksək sənaye səviyyəsinə qaldırılması, milli memarlıq sənətinin inkişafı sahəsində böyük işlər görüb. O çalışıb ki, müasir Azərbaycan memarlığında yüzlərlə toplanmış tarixi irsimiz, milli çalarlarımız, ornamentlərimiz geniş tətbiq olunsun, özünəməxsusluğunu itirməsin. O, 1962-ci ildə Azərbaycan Politexnik İnstitutuna rektor təyin olunb. Onun rektorluğu dövründə institutun gəncə şəhərində filialı açılıb, avtomatika, sintetik matrealların texnologiyası, metallurgiya və poliqrafiya fakültələrini təşkil edib. O, Əməkdar inşaatçı fəxri adı ilə təltif edilib. Ənvər qasımov 57-ci baharını yaşamadan vəfat edib, ancaq Azərbaycan xalqının gözü qarşısında yaratdıqları ilə yaşamaqda davam edir. Elmi praktik konfransda 3 nəfər gənc, 8 nəfərsə artıq fəaliyyətdə olan memarımıza MDB ölkələrinin Memarlar İttifaqı Assosasiyası tərəfindən diplomlar təqdim olunub. Diplomlar Minskdə ötən ilin noyabrında, ilin yekunlarına dair keçirilən müsabiqəyə təqdim olunan 21 işə görə verilib, bunlardan 8-i mükafat alıb. Respublikamızda ilk dəfə qran-pri və qızıl medal, Azadlıq prospekti metrostansiyasının memarlıq işi üçün təqdim olunub. Memarın oğlu, Memarlar İttifaqının sədr müavini Elbay Qasımzadənin timsalında bir sıra ailə üzvlərinin də iştirak etdiyi tədbirin sonunda Ənvər bəy Qasımzadə ata, memar, vətəndaş filminin nümayişi keçirilib.

 

 

525-ci qəzet.- 2012.- 20 aprel.- S.3.