Sahibə Qafarova: “Azərbaycanla Avropa
Şurası arasında münasibətlərin yüksək səviyyədə
olması maraqlarımıza tam cavab verir”
Müsahibimiz Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarovadır.
– Sahibə xanım, bu günlərdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sankt-Peterburq şəhərində tədbiri keçirilib. Tədbir hansı məsələləri əhatə edirdi?
– Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB, Avropa Şurası Parlament Assambleyası və ATƏT-in birgə təşkilatçılığı ilə “İnsan alverinə qarşı mübarizə” mövzusunda dəyirmi masa keçirilib. Mən həmin tədbirdə AŞPA nümayəndəsi kimi iştirak etmişəm və bu qurumu təmsil etmişəm. Dəyirmi masada insan alverinə qarşı mübarizədə mövcud vəziyyət, əldə olunan nailiyyətlər, problemlər, Avropa Şurasının və ATƏT bu sahədə atdığı addımlarla bağlı geniş məlumat verildi, müxtəlif dövlətlərin təcrübələri haqqında məruzələr dinlənildi, qarşılıqlı maraq doğuran fikir mübadiləsi aparıldı. Mən həmin dəyirmi masada çıxış edərək, bu sahədə görülən işlərlə bağlı fikirlərimi bildirdim, AŞ PA-nın bu məsələyə həssas münasibətini ifadə etdim.
– Yeri gəlmişkən, Avropa Şurası ilə Azərbaycan arasında əlaqələri necə qiymətləndirirsiniz?
– Bu qurumla əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə, Avropa ailəsinin zənginləşməsinə öz töhfəsini verməkdədir. Təbii ki, bir sıra hallarda bu təşkilatın ölkəmizdə baş verən hadisələrə münasibətində müəyyən qeyri-obyektiv nüanslar müşahidə olunub və bunlar daha çox müəyyən şəxslərin qərəzliliyindən meydana gəlib. Azərbaycan tərəfi isə bununla bağlı etirazlarını dilə gətiriblər və müvafiq qurumlara çatdırıblar. İstərdik ki, bu hallar təkrarlanmasın və qurumla ölkəmizin əməkdaşlığına kölgə salacaq hansısa neqativ olaylar baş verməsin.
Ümumiyyətlə isə, hesab edirəm ki, Azərbaycanla AŞ arasında münasibətləri yüksək qiymətləndirmək olar və bu əlaqələrin daha da inkişafı hər iki tərəfin marağına tam cavab verir.
– Hər halda sizin, bu qurumun alt komitəsinin sədri seçilməyiniz də nümayəndə heyətimizin üzvlərinin kifayət qədər effektiv çalışmasının təzahürüdür...
– Bəli, sizin də qeyd etdiyiniz kimi, AŞPA-nın Bərabərlik və Qeyri-Diskriminasiya komitəsinin bir müddət öncə keçirilən iclasında Rasizm və Ksenofobiya alt komitəsinin sədri seçildim. Hesab edirəm ki, bu, bir neçə cəhətdən bizim üçün əhəmiyyətlidir. Əvvəla, bu, onu göstərir ki, Azərbaycanda möhkəm tolerantlıq mühiti var və burada yaşayan müxtəlif xalqların nümayəndələrinin bütün hüquqları ən yüksək səviyyədə qorunur. Avropa ictimaiyyəti də bunun yüksək qiymətləndirir ki, məhz azərbaycanlı parlamentari bu alt komitəyə rəhbərlik edir. Digər tərəfdən, bu onun göstəricisidir ki, Azərbaycan nümayəndə heyəti bu qurumda kifayət qədər effektiv fəaliyyət göstərir və onlara bu qurumun strukturlarına rəhbərlik etmək etimadı mövcuddur.
– Siz həm də gender sahəsi üzrə mütəxəssissiniz. Təbii ki,
bu, sizə həm, millət vəkili kimi, qanunvericilik orqanında bu sahədə daha yaxşı sənədlərin hazırlanmasında
iştiraka, həm də, AŞPA-nın müvafiq komitəsində
daha effektiv fəaliyyət göstərməyə
imkan verir. Ümumiyyətlə, ölkəmizdə gender sahəsində həyata keçirilən siyasəti
necə qiymətləndirirsiniz
və dünyada bu məsələlər hansı səviyyədə
həll olunur?
– Əvvəla, bir
məsələyə aydınlıq
gətirmək istəyirəm. Mən ixtisasca
filoloqam. Amma mən tədris prosesində gender məsələlərinin
araşdırılması ilə
məşğulam. Təvazökarlıqdan da uzaq da
olsa, bu, istiqamətdə müxtəlif
beynəlxalq mükafat
və diplomlarla təltif olunmuşam.
2006-2007-ci illərdə
ABŞ Dövlət Departamentinin
Fulbright Scholarship proqramı çərçivəsində Miçiqan Universitetinin Qadınlar və Gender Araşdırmaları İnstitutunda
çalışmışam.
ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə
çıxış etmişəm.
Ümumiyyətlə, gender bərabərliyi müasir dövrdə demokratik cəmiyyətin inkişafının və
insan hüquqlarının
qorunmasının əsas
istiqamətlərindən birini
təşkil edir.
Ona görə də, demokratiyanın inkişaf etdiyi, azad cəmiyyətlərdə
bu məsələyə
xüsusi diqqət yetirilir, bununla bağlı müxtəlif
konvensiya və proqramlar icra olunur.
Ölkəmizdə də gender bərabərliyinin
təmin olunması insan və vətəndaş
hüquqlarının möhkəmləndirilməsi
yönündə aparılan
islahatların mühüm
komponentlərindən biri
kimi çıxış
edir. Azərbaycan qadını həmişə
öz idarəsi və mərdliyi, sədaqəti, ailəyə,
milli mənəvi dəyərlərimizə bağlılığı
ilə cəmiyyətimizin
həyatında, Azərbaycan
dövlətçiliyinin güclənməsində,
xalqımızın milli-mənəvi
dəyərlər sisteminin
formalaşmasında mühüm
rol oynayıb. Tarixin bütün dövrlərində
qadınlarımız həm
sədaqətli, ləyaqətli
həyat yoldaşı,
həm görkəmli
ictimai xadim, həm də təmsil olunduğu sahədə özünü
peşəkar mütəxəssis
kimi təsdiq edib, kişilərlə çiyin-çiyinə mübarizə
aparıb. Heç
də təsadüfi deyil ki, Ümummilli
liderimiz Heydər Əliyev həmişə
Azərbaycan qadınları
haqqında yüksək
fikirlər bildirir, onların idarəçilikdə
təmsil olunması, fəallığının artırılması,
bütün problemlərinin
həllinə yönəlmiş
tədbirlərin həyata
keçirilməsi məsələlərinə
çox diqqətlə
yanaşırdı. Ulu öndərin
siyasi kursu bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla
davam etdirilir və ölkəmizdə qadın siyasətinin həyata keçirilməsində
də mütərəqqi
nailiyyətlər əldə
olunub. Azərbaycanda
məqsədyönlü gender siyasətinin aparıldığını
göstərən ən
önəmli məqamlardan
biri bu sahəyə
aid xüsusi Dövlət
Proqramının qəbul
olunmasıdır. Həyata
keçirilən səmərəli
gender siyasəti isə
Azərbaycanda qadınların
ictimai-siyasi fəallığının
daha da artmasına,
onlara həyatın bütün sahələrində
tam bərabər imkanlar
açmasına möhkəm
zəmin yaradıb. Bunun nəticəsidir ki, bu gün
Azərbaycan qadını
ölkəmizin milli maraqlarının qorunması,
xalqımızın adət-ənənələrinin,
dəyərlərimizin dünyada
təbliğ olunması
istiqamətində ciddi
iş aparırlar. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyəti, gördüyü
işlər hər birimiz üçün örnək təşkil edir.
Təbii ki, qadın siyasətinin həyata keçirilməsində dövlətin
səyləri və iradəsi ilə yanaşı, ictimai təşkilatların, siyasi
institutların da ciddi fəaliyyət göstərməsi vacibdir. Bu mənada Yeni Azərbaycan Partiyasının
təşəbbüsləri və təklifləri cəmiyyətimiz tərəfindən
ciddi dəstək görür. Bilirsiniz ki,
Yeni Azərbaycan Partiyası qadınlarımızın
siyasi fəallığının
artırılması, idarəçilikdə
rolunun gücləndirilməsi
yönündə müxtəlif
təşəbbüslər irəli sürür.
Ona görə də mən hesab edirəm ki, digər siyasi institutlar və vətəndaş cəmiyyətini
təmsil edən təşkilatlar da bu sahədə daha effektiv addımlar
atmalı, dövlətin
siyasətinə dəstək
verməlidir.
– Təhsil və elm sahəsində çalışan
bir şəxs kimi, Azərbaycanda təhsil sahəsində görülən işlərlə
bağlı fikirlərinizi
öyrənmək də
maraqlı olardı. Ölkəmizdə həyata keçirilən
təhsil islahatları
Azərbaycanın Avropaya
inteqrasiyası prosesinin
tələblərinə cavab
verirmi?
– Azərbaycan dövləti
öz müstəqilliyini
elan etdikdən sonra bütün digər sahələrdə
olduğu kimi, təhsil sahəsində də yeni dövrün
şərtləri ilə
üz-üzə qalmışdı.
Öz yolunu Avropaya inteqrasiya olaraq müəyyənləşdirmiş Azərbaycanın təhsil
sistemində də yeni dövrün çağırışlarına uyğun olaraq islahatlar həyata keçirmək, təhsilin
mütərəqqi inkişafına
nail olmaq üçün
zəruri addımlar atmaq vacib idi.
Ona görə də, Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda genişmiqyaslı,
effektiv təhsil islahatlarına başlandı.
Hazırda isə biz onun
uğurlu nəticələrini
görməkdəyik.
Bu gün
Azərbaycanın təhsil
sisteminin Boloniya prosesinə uyğunlaşdırılması
üçün genişmiqyaslı
islahatlar həyata keçirilir. Burada əsas məqsəd təhsilimizin keyfiyyətini
artırmaq və təhsildə Qərb standartlarının tətbiqinə
nail olmaqdır. Son illər ərzində təhsil sahəsinə ayrılan böyük vəsaitlər hesabına
bütün tədris
müəssisələrinin maddi-texniki təminatı xeyli dərəcədə
yaxşılaşıb. Bütün ali
məktəblərin müasir
texnika və avadanlıqla təchiz olunması üçün
xeyli iş görülüb. Təhsil sahəsində
çalışanların əməkhaqlarının artırılması,
sosial problemlərin tədricən aradan qaldırılması təhsildə
neqativ halların qarşısının tam alınması
üçün imkan
yaradıb. Hesab edirəm ki, bir neçə ildən sonra biz bu gün həyata
keçirilən islahatların
nəticələrini və
ölkəmizdə ali təhsilin keyfiyyətinin yüksəlməsini
daha aydın görəcəyik.
Mən digər bir
vacib məsələyə
də diqqət çəkmək istəyirəm.
Bilirsiniz
ki, dövlətin təhsil sahəsində əsas diqqət ayırdığı məsələlərdən
biri də tələbələrimizin müxtəlif
ölkələrdə təhsil
almağa göndərilməsidir.
Bu sahədə “2007-2015-ci illərdə Azərbaycan
gənclərinin xarici
ölkələrdə təhsili
üzrə Dövlət
Proqramı” qəbul edilib və hazırda icra olunmaqdadır. Hesab edirəm
ki, bu Dövlət
Proqramının icra olunması çox əhəmiyyətli bir məsələdir və ölkəmiz üçün
yüksək səviyyədə
hazırlıq keçmiş
savadlı, müasir biliklərə, elmlərə
yiyələnmiş, müasir
texnologiyaları dərindən
bilən kadrların hazırlanmasına şərait
yaradır. Bu isə yekunda həm vətəndaşlarımızın,
həm də dövlətimizin prosesdə
qazanclı çıxmasını
şərtləndirir.
KAMİL
525-ci qəzet.- 2012.- 20 aprel.- S.5.