Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

 

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR

 

Ədəbiyyat tariximizin və M.F.Axundzadə yaradıcılığının yeni baxışla araşdırılmasında böyük xidmətləri olan rəhmətliklər M.Ə.Rəsulzadənin, M.Rəfilinin, Ə.Sultanlının, M.Cəfərin, C.Cəfərovun, Y.Qarayevin, tələbəm S.Tağızadənin əziz xatirələrinə...

...M.F.Axundzadə irsinin Türkiyədə ən böyük araşdırıcısı Yavuz Akpınara və “Fətəli fəthi” romanının yazarı Çingiz Hüseynova sayqı və salamlarla...

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

İqrarçını da, inkarçını da, üsyançını da, mütini də, Allahlını da, Allahsızı yaradan da, qoruyan da Allahdır. Əgər bu dünya bir imtahandırsa, arayış, axtarış seçimdirsı, külli iradə ilə nisbi iradənin bərabər birgəyaşamıdırsa, bu zənginliyə, fərqliliyə arxa çevirməyin, göz yummağın heç bir anlamı yoxdur.

Hər şey Allahın təcəlləsidirsə və Allah hər yerdədirsə, yaradanın ayrı-ayrı insanların qafasında və ya ürəyində olmaması, özü də müxtəlif səbəblər daxilində olmaması nəyi dəyişə bilər?

Hər nəfəsdə Allaha iki can borclu olan insan Allahın ucalığını qəbul etmirsə, bu həmin insanın öz qəbahətidir. Onun Allahın ucalığına heç bir dəxli yoxdur.

Güney Azərbaycanın görkəmli elm və fikir adamı, ürək cərrahı Cavad Heyətin bir sözünü heç unutmuram: “Mən Allahı, din alimi şeyxülislam atamın bəyanlarında, sidqi-ürəkdən etdiyi ibadətlərdə deyil, özüm etdiyim ilk cərrahiyyə əməliyyatında tapmışam. İnsanı yardıqdan sonra gördüyüm mənzərə qarşısında donub qaldım və “Çox şükür sənə Allahım. Sən böyüksən”, – deyə pıçıldadım. Gördüyüm bu sözlə ifadə olunmayan mürəkkəblik məni əbədiyyən Allaha bağladı”. Bu sözü yüzlərcə elm adamı bədahətən söyləyib. Yüzlərcə sənət adamı ürəklərinə dolan vəhyi, ilahi oyanışı ifadə ediblərsə, bizim bu sözlərin gerçəkliyinə görməzlikdən gəlməyə mənəvi haqqımız varmı?!

Dilimizdə dini-mifoloji məna yükü olan yüzlərcə deyimlər var. Hardansa onlardan biri yadıma düşdü. “Əhlətdə bir daş var idi. Götürən də peşman, götürməyən də”. Nədənsə bu deyim mənə Mirzə Fətəlini yada saldı. Bəlkə də Mirzə Fətəli üzərində düşüncələrim o deyimi xatırlatdı.

Mirzə Fətəli qəbrinə qoyulmuş o xəbərdarlıq daşını götürmüşdü. Amma o dünyada həmin daş ona ölmədiyinin xəbərdarlığı üçün lazım olmamışdı. O qaranlıq məzarda öldüyü ilə çoxdan razılaşmış və bütün materialist filosoflar kimi sadəcə maddənin bir halından başqa bir halına keçməsi həqiqətini (öz həqiqətini!) qəbul etmişdi. Onun peşman olduğunu və ya olmadığını yalnız ehtimal etmək olar. Məncə, o, dediklərinə peşman olmamış, günahlarını da boynuna almışdı. Bəlkə də səhv düşünürəm. Sadəcə bilmirəm.

Mirzə Fətəli bu dünyadakı düşmənlərini o dünyaya aparanlardandır. Amma heç kəs heç nəyi dəyişə bilməz – o dünyada da, bu dünyada da.

Həmişə dost olaraq qalan yalnız Allahdır. Düşmən sənin özünsən. Başqasına da, özünə də, Allahına da.

Ovcundakı əhlət daşı Mirzə Fətəlinin ətəyindən tökülmüş daşların sonuncusu idi. O daş Mirzə Fətəlinin əlində sıxılmaqdan bir damla yaşa dönmüş gözlərindən deyil, əlindən süzülüb torpağa düşmüş, rəhmət qapısı açılmışdı.

Bəli, həqiqətən də Günəş Şərqdən doğur. Günəşin Şumer torpağından təkallahlı dinlərin müqəddəs kitabların, sirli-soraqlı sənətin, ədəbiyyatın da Şərqdən nəşət tapdığı müqəddəs torpaqlardan – peyğəmbər torpaqlarından Çindən, Hindistandan, Yaponiyadan... doğması inkaredilməz gerçəklikdir. Fəqət ən qatı qaranlığın, istibdadın, cəhalətin, fanatizmin də Vətəni Şərqdir, desək əsla yanılmarıq. Şərq bu paradoksu yaşayan ziddiyyətlər coğrafiyasıdır, desək o zaman haqlı olarıq ki, coğrafiyanı yalnız torpaq, ərazi anlamında deyil, həm də mənəviyyat, dünyabaxış, sivilizasiya anlamında qəbul edək.

Nəzərə almalıyıq, kökləri Şərqdə, başı Qərbdə olan dahilərdən biri idi Mirzə Fətəli Axundzadə. Ziddiyyət mexaniki mənada anlaşılmamalıdır. Dialektik məntiqin, qeyri-səlis düşüncənin anası olan ziddiyyət hərəkətin, dinamizmin, transformasiyanın – dönüşümün ana qaynağıdır.

Mayasında Şərq olmayan Qərb ədəbiyyatı yoxdur və ola da bilməz. Müqəddəs “Tövrat”, “İncil”, “Zəbur”, “Quran” ayətləri, “1001 gecə” əsrarı, şahmat oyun qurğusu, səhra ehtirası, gözəllik və eşq, əsrar və müəmma olmayan böyük Qərb ədəbiyyatı imkansızdır. “Tövrat”ın “Süleymanın nəğmələr nəğməsi”ndən bir damla olmayan hansı eşq dastanı, romanı var?

Mirzə Fətəli bütün bunları gözəl bilirdi. Oxumuş, dönə-dönə xəyalında incələmiş, zaman-zaman qələmə almış, təhlil süzgəcindən keçirmişdi. Şərq formatlı dünya Mirzə Fətəliyə dar gəlmişdi. Çünki Şərq anlayışı nisbi idi. Qərbin Şərqi, Şərqin Qərbi demək idi. Dünyanın Günəşi bir idi və doğuşla batış nisbi idi. Yuvarlaq dünyada istinad nöqtəsi axtarıb tapmayan Qalileo Qaliley kimi şaşqınlıq və tərəddüd içində idi. Batı elmin zirehinə bürünəndə Doğu xəyalın, hissin ağuşunda idi. Fürsətcil Qərb Şərqi sömürdükcə zəli kimi şişirdi, Şərqin maddi və mənəvi sərvəti Qərbə axdıqca feodal-patriorxal zəncirlər Şərqə sarıldıqca məhkumiyyət, cəhalət müqəddəs olan hər şeyi dəyərsizləşdirirdi. Dərin düşüncə içində dünyaya baxıb çıxış yolu axtaran Mirzə Fətəli Qərb yolunu seçdi. Şərq ürəkli Qərbli olmaq onun taleyi idi. Ancaq Mirzə Fətəli sakit seyrci, passiv müşahidəçi deyildi və ola da bilməzdi. O, mürəkkəb sosial münasibətlərin fəal aktyoru olmalı idi və oldu da. İslahat və inqilab fəlsəfəsini Qərbdən yaradıcı şəkildə alıb onu Şərqdə uyğulamağa başlayan Mirzə Fətəli, macəra, ümid, qorxu, risk, əzab dolu bir yola girmişdi. Bu yolun dönüşü yox idi.

Dünyada elə insan var ki, hiss yolunu seçir. Eləsi də var ki, ağıl yolunu. Mirzə Fətəlinin ağıl yolunu seçməsi şübhəsizdir. Fəqət Mirzə Fətəlinin hiss damarlarından axan qan heç vaxt durmaq bilmədi. Ağıl yolunu seçib hiss yolunda duyduğunu tapan, axtardığında böyük ziddiyyətlər yaşayan insan, gücündən xəbərsiz pəhləvana o qədər bənzəyir ki, başqa müqayisə tapmaqda çətinlik çəkirəm. Əlifba, materializm, maddəçilik, insan mərkəzli fəlsəfə, praqmatizm, alturist arayış, tənqid konsepsiyası, siyasi seçim, demokratiya düşüncələri, əqlyucilikdən başqa bir şey deyildi. Batının sənət küləkləri onu bugün bir okeana çıxarmışdı. Bir Şərqlinin arayış və axtarışları Qərb dünyası üçün maraqsız deyildi.

Ancaq Mirzə Fətəlinin hiss dünyasının ona bəxş etdiyi altı dram əsəri əvəzolunmaz mənəvi sərvət kimi Şərq dünyası üçün misilsiz fenomen idi. Bir şey axtarıb haqqında düşünmədiyi daha qiymətli, əvəzsiz bir şey tapan Mirzə Fətəlinin başına xoşbəxtlik quşu qonmuşdu. Bədbəxtlik içində yaşayan xoşbəxt adam xalqının da, insanlığın da nadir tarixi şəxsiyyətlərindən biri idi. Bunu sadəcə xəbərsizlik nağahanlıq kimi anlamaq doğru sayılmaz. Burada hissi olanla əqli olanın sərhəddini tapmaq çətindir.

Mirzə Fətəlinin maarifçi varlığını, demokrat kimliyi, materialist düşüncəsi, dialektik arayışları, ateist qənaətləri tamamlasa da, onun komediyaları Şərq üçün də, Qərb üçün də ədəbi möcüzə idi. Bu ədəbi möcüzəyə yüklənən hər cür ağıl yükü, arayış və analiz diqqətəlayiq satılmalıdır.

Biz – XXI əsrin adamları Mirzə Fətəlini oxuyarkən heyrətlənirik və ona olan böyük ehtiyacımızı gizlədə bilmirik. Onun yanlış qənaətləri də, əsassız, göydəndüşmə hökmləri də, ədalətsiz qənaətləri də bizim üçün qiymətli və əzizdir. Xalqının, insanlığın tarixində əsaslı rol oynayan dahilərin uğurları da, uğursuzluqları da, tapdıqları da, tapa bilmədikləri də bizim üçün əvəzsiz qiymət daşıyır. Hər şeyi ilə bizə yol göstərən Mirzə Fətəli Axundzadə tariximizin, mədəniyyətimizin, siyasi-fəlsəfi düşüncəmizin elə önəmli şəxsiyyətidir ki, o heç vaxt unudulmayacaq, fikir öndəri, yaradıcılıq nümunəsi olaraq qalacaq.

Mən buna şübhə etməyənlərdənəm. Bu gerçəyi ən gözəl bilən onun dahi davamçıları Mirzə Cəlil, Sabir, Üzeyir bəy və M.Ə.Rəsulzadə olmuşdur. Müəllimlərindən görünən tələbələr, tələbələrindən görünən müəllim qədər qüdrətli, təkrarsız və əvəzedilməzdir.

Xalqın bölünmüşlük faciəsini uşaqlıqdan başlayaraq ailəsində yaşamaq, müstəmləkəçi xalqın rəsmi məqamında işləmək məcburiyyəti (“enoletlər altında böyük ürək daşımaq” – S.Vurğun gözəl deyib), rus imperiya dəftərxanasında onun rəzilliyinin içini-içalatını görmək, doqquz övlad dağı çəkmək, cəhalətin hər növünə hədəf olmaq, sağdan, soldan, yuxarıdan, aşağıdan vurularaq təklənmək və daha nələr, nələr Mirzə Fətəlinin qismət payı idi. Bütün bu dəhşətləri Mirzə Fətəli seçməmişdi. Onlar Mirzə Fətəlini seçmişdilər. Onu hədəf seçənlərdən biri, bəlkə də birincisi elə Mirzə Fətəlinin özü idi. Ən böyük rəqiblərini içində yaşadan dahilər kimi Mirzə Fətəli də öz-özünün rəqibi idi...

Xürafat cəngəlliyindən addım-addım keçdikcə Mirzə Fətəlinin aldığı yaralar, axıtdığı qan da artırdı. Qazandığı hər uğur ona qanı-canı bahasına, ailəsinin iztirabı sayəsində başa gəlirdi. Mirzə Cəlilin üzərində durduğu “qan qoxusu” yalnız Mirzə Fətəlinin qaldırdığı məsələlərdən deyil, həm də onun özündən gəlirdi. Yəni “qan qoxusu” Mirzənin özünün seçdiyi alın yazısı qoxusuydu.

...Elm kəlməsi Quranda ən çox təkrar olunan anlayışdır. Əlbəttə ki, Qurandakı elm qavramı çağdaş insanın indiki yəhudi elm sisteminin dilində, məntiqində deyil.

Müasir elmdə islam elminin hökmlərini, qənaətlərini təsdiq və isbat edən yüzlərlə kitab yazılıb. Bu kitabların çoxu Avropada, müsəlman olmayan alimlər tərəfindən yazılıb və ya ekrana gətirilib.

Makro və mikro aləmi əhatə edən araşdırmalar dərinləşdikcə Quran və elm mövzusu daha çox reallıq qazanır. Bunun örnəkləri o qədər çoxdur ki, onları bir-bir göstərməyə ehtiyac yoxdur. Kitablar, sənədli filmlər kifayət qədərdir, internet bilgiləri də yetərincədir.

İlahi olanla real olanın, dünyəvi olanın qarşılığı, keçidləri və əlaqəliliyə o qədər təbiidir ki, qəlbini, ruhunu şeytan oğurlayan Allahsız bunu heç bir zaman anlaya bilməz.

Dünya alimləri (fiziklər, riyaziyyatçılar, tibb) sübut ediblər ki, inanaraq dua edən adam üç-beş yaşlı uşağa çevrilir, ətraf mühitdən ayrılır və fövqəltəbii aləmə qovuşur.

Kvant mexanikası isbat edir ki, yaşadığımız dünyada bir neçə reallıq eyni zamanda mövcudluq var. Ayrı-ayrılıqda mövcud olan eynizamanda müstəviləri ötüb keçmək üçün öz müstəvini itirməlisən və ya öz müstəvini tərk etməlisən. Dua bu prosesi gerçəkləşdirən əsas amillərdən biridir. Dua edən adam öz “orbitindən” çıxır və başqa bir orbitə düşür. Beyində proseslər mərkəzə yönəlir və bədənin mövcudluq parametri unudulur. İslamdakı Merac qavramı, ekstaz-cəzb kimi qavramlar ayrı bir şərh istəyir.

Bu uzun və anlamlı ömürdə Mirzə əzablar da çəkdi, hədə-qorxular gördü, təzyiq, aşağılama, iztirab yaşadı, fəqət peşman olmadı, səhv etdiyini düşünmədi belə. Tamam başqa fikirdə olsan da, bəzi fikirlərinə görə nifrət etsən belə Mirzə Fətəlinin əzmi və iradəsinə sayqı duymamaq mümkün deyil.

Mən şəxsən Mirzə Fətəlinin dinə, özəlliklə islam dininə, Hz. Məhəmmədə münasibətini əsla qəbul etməyənlərdənəm. Fərqli yollar, fərqli əqidələr dünyanın qeyri-adiliyini, insan fenomeninin zənginliyini və ziddiyyətlərini əsla inkar etmir. Altı dram əsəri ilə Allaha bu qədər yaxın olan insanın, yaradıcının Hz. Məhəmmədin həyatını yorumları dahi zındıqlığından başqa bir şey deyil. Mən hələ ürəyində Hz. Məhəmməd sevgisi olan milyardlarla insanın ruhunun incidildiyini, vicdanının sarsıldığını demirəm.

Bu yazıda mənim də dərin ziddiyyət yaşadığımı söyləyirsinizsə sizlərə tamamilə haqq verirəm. Mənim düşdüyüm ziddiyyətin səbəbi haqqında yazdığım tarixi şəxsiyyətdən gəlir, – desəm bu, problemə aydınlıq gətirmək, can qurtarmaq sayılmaz.

İnsanın bir adı da günaheləyən deməkdir. Belə olmasaydı hamı insan yox, mələk olardı.

Mirzə Fətəlinin yaşadığı ictimai-siyasi vəziyyəti, psixoloji durumu dərk etmək faciəsini nəzərə almadan dəyərləndirmə aparmaq olmaz. Mirzə Fətəlinin tanıdığı, sevdiyi, öyrəndiyi Allahsız alimlərin, yazıçıların Allahı, Mirzə Şəfinin “şarlatan” dediyi din tüccarlarının Allahından qat-qat böyük olmuşdur. Filosofun Allahın varlığını inkar etməsi bir başqa şəkildə təsdiq etməsidir. Qananla qanmazın fərqi o qədər böyükdür ki, heç bir bəraət o fərqi yox edə bilməz. Şərqin XIX əsrdəki durumu Mirzə Fətəlini ifrata sürükləmiş, əks qütbə mövqeləndirmişsə, bunun səbəbi cəhalət, xürafat, gerilik, irtica olmuşdur. Bu sözləri yaza-yaza mən dramaturq, filosof, inqilabçı, reformator Mirzə Fətəlini böyük məhəbbətlə sevən insan kimi onun dinə və Füzuliyə münasibətdə haqsız olduğunu qəbul edirəm.

 

 

(Ardı var)

 

Kamil VƏLİ

 

525-ci qəzet.- 2012.- 21 aprel.- S.22.