Bəkir Nəbiyev
“Gözəllərin axıra qalmışı”nda
açılmış söz süfrəsində...
Möhtəşəm
sənət abidələri həm də əlçatmaz
olurlar. Əslində sözdən ucalan abidələr də
belədir. Ancaq söz zirvəsinə ucalmaq elə də asan
iş deyil. O zirvəyə yüksəlmək, onun məna və
əsl sənət kimi kəramətindən mənəvi
zövq almaq da, heç şübhəsiz, çətin və
şərəflidir. Bu yol çətin, ziqzaqlarla
müşayiət olunan keşməkeşli yoldur. Bu yola
çıxdınsa, gərək ayaq saxlamayasan! Gərək
durmadan yeriyəsən, lazım gələndə yüyürəsən...
Sözümün canı ondadır ki, ədəbiyyatla, ədəbiyyatşünaslıqla,
yəni, söz sənəti ilə əhd-peyman bağlamaq hər
kişinin hünəri deyil. Filologiya elmləri doktoru,
AMEA-nın müxbir üzvü Teymur Kərimli də məhz
bu fikirdədir...
...İlk azərbaycanlının ədəbiyyatla və ədəbiyyatşünaslıqla birgə bu fani dünyaya gəlib elə bu yol yoldaşlarının sayəsində də fənadan bəqayə, xaosdan kosmosa, küskünlükdən məhəbbətə, nifrətdən səmimiyyətə doğru nəhəng bir addım atdığına inanan və bunu əminliklə söyləyən söz sənətinin sevdalısı Teymur Kərimli bir qədər də dəqiqliyə varıb söylədiklərinə qəti inam yaratmağa çalışır. O, ədəbiyyat adamının hər şeydən öncə humanist, insansevər, ədəbli, romantik birisi olduğu və “bu sifətlərin üçünün də köklü-köməcli azərbaycanlıda” görməyin mümkünlüyü qənaətindədir: “Elə hər bir xoş məramlı bəşər övladında da, İblisə “təbəiyyət etməyən” (Hüseyn Cavid) hər bir xoşgörülü Tanrı bəndəsində də...” – bu, var! deyir.
O, böyük ustalıqla, sevgi və ehtiramla yazdığı “Gözəllərin axıra qalmışı” kitabını sözdən abidə ucaltmağı bacaran bir söz xiridarı, bu abidənin işığında arzu və istəklərinə əsasən qovuşan, çağımızın ən çox tanınan ədəbiyyat adamlarından biri və bəlkə də elə birincisinə – Bəkir Nəbiyevə həsr edib... Düzünü deyim ki, Bəkir Nəbiyev şəxsiyyəti barədə yazılanlar arasında şirin təhkiyəsi, romantik üslubu və əsaləti ilə ruhuma daha yaxın bildiyim bu kitab təkcə bir nəfərin çəkici bədii dillə qələmə alınmış həyat səlnaməsi, zəngin yaradıcılıq dünyasına açılan pəncərə olduğuna görə deyil, həm də sanki bütünlükdə Azərbaycan ədəbiyyatşünaslıq elminin tərənnümü kimi də dəyərlidir.
Teymur müəllim insanı beşikdən qəbir evinəcən elm öyrənməyə çağıran, alimin mürəkkəbini şəhid qanından üstün sayan sevimli Peyğəmbərimizin (S.Ə.) elm haqqındakı yüzlərlə hədislərindən birini nümunə gətirir: “Elm Allahın Yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır” (“Biharül-ənvar”-Nurlar dəryası, 2,36.). Müəllif məhz bu kəlamla da işlədiyi mövzuya, qəhrəmanının mənəvi dünyasına boylanmaq üçün bir pəncərə açmış olur. Çünki ustadı, müəllimi “böyük alim və böyük Tanrı aşiqi Bəkir Nəbiyevi” o, məhz bu mərtəbədə, bu səviyyədə görür. Tanrı əmanəti olan elmin təkcə qoruyucusu deyil, həm də istedadlı bir müəllim kimi yüzlərlə şagirdi arasında yayıb sahibinə qaytaranlardan biri olan Teymur Kərimli bir şagird qədirbilənliyilə yazır ki, ustadı “verilən əmanəti nəinki bütöv və mühafiz şəkildə qaytarmış, həm də Allahın xoş saatda ona bəxş etdiyi vergi sayəsində bir qədər də artırmış və zənginləşdirmişdir.”
“Əmanətə xəyanət olmaz,”- deyib ata-babalarımız... Elm aləminə xəstə təxəyyüllü insanların gəlməsi də xəyanətdir. Elm öyrədənlərin bir vəzifəsi də Tanrı əmanətinin şeytan şagirdlərinin mənfur əllərinə düşməsinin qarşısını almaqdır. Müəllifin böyük Füzulidən nümunə gətirdiyi kəlamların birində bütün dövrlərin müəllimlərinə xəbərdarlıq edilir ki, fitnə-fəsad əhlinə elm öyrətməyin:
Ey müəllim, aləti-təzvirdir əşrarə elm,
Qılma əhli-məkrə təlimi-məarif, zinhar!
T.Kərimlinin qəhrəmanı dinimizin buyurduğu yolla gedən adam, “süfrəli, ürəkli, ciyərli, insansevər, haqqsevər kişidir. Təbii ki, o bu keyfiyyətlərə malik böyük şəxsiyyət haqqında yazmağın məsuliyyətini dərindən dərk edirdi. “Ədəbiyyat aləminə qədəm qoyduğu ilk gündən ədəbi ictimaiyyətin qanuni diqqətini cəlb edən Bəkir Nəbiyev haqqında 55 ildən bəri bir müddətdə çox yazıldığını”, onun tərifinə çox qələmlər çalındığını bilə-bilə belə bir xidmətdə bulunmağının, bu addımı atmağının hansı zərurətdən yarandığını Teymur müəllimin bu fikirlərindən öyrənmək aydın olur: “Akademik Bəkir Nəbiyevin tədqiqatçılığı, alimliyi, ədəbiyyatşünaslığı söz qarşısında heyrətdən, sözə məhəbbətdən, şəxsiyyəti isə insana məhəbbətdən yoğrulub və bu səmimilikdə, bu şirinlikdə şəxsiyyətdən ancaq səmimi – səmimi, şirin – şirin, sevə – sevə danışmaq olar...” Və məmnunluqla söyləyim ki, Teymur müəllim ayrı-ayrı bölmələrdə vədinə xilaf çıxmayaraq ustadının yaradıcılığını ürək dolusu təhlil obyektinə çevirmiş, ona olan böyük sevgisini də gizlətməmişdir.
Kitabın “Usta-şəyird araşdırmaları” bölməsində bəşər övladının özünü dərk etdiyi gündən bəri mövcud olan öyrənən-öyrədən münasibətlərini özünəməxsus tərzdə təhlil edən Teymur Kərimli “... iki adamın birləşib bir işi yerinə yetirməsi adi hal olur və bəzi kollektivləri istisna etsək (məsələn, qarışqalar, arılar və s.), bu hal insanlara aid olur,” – deyərək insanın lazımlı bir işi görərkən öz həmcinsindən və çox vaxt da həmkarından “kömək ummasına” təbii baxır, “görülən müştərək iş”in öz keyfiyyət və səmərəsi, praktik əhəmiyyəti ilə başqalarından seçildiyini” söyləyir.
Təbrizin ən gözəl, qədim memarlıq abidələrindən biri – “Usta-şəyird” məscidinin belə möhtəşəm alınmasında usta ilə şəyirdin birgə işinin böyük rol oynadığını əks etdirən rəvayətlərə əsaslanması, əslində onun akademik Bəkir Nəbiyevlə müştərək araşdırmalarının uğurlu tərəflərini, bəzi incə məqamlarını ortaya qoyması üçün bəlkə də bir təkandır. Bu işlərin özü üçün böyük əhəmiyyət daşıdığını etiraf edən şəyird Teymur Kərimli birgə uğurun əsasında Bəkir müəllimin “xarakterindəki açıqlıq və səmimiyyətin gücü ilə tərəf-müqabilini fikri-psixoloji baxımdan çox asanlıqla qəbul” etməsi, eyni zamanda özünün də məmnuniyyətlə qəbul edilməsi faktının dayandığını qeyd edir və fikrini bir az da konkretləşdirir: “Bəkir müəllimin, təbii ki, mükəmməl tandem yaratmaqda da yədi – beyzası var”. Məhz bu səbəbdən onunla müştərək araşdırma aparmaq çox maraqlı və xoşagələndir. Bu fikirlərə qüvvət olaraq deyək ki, bu iki tədqiqatçının birgə işinin keyfiyyətcə seçilməsində üslublarının, yazı maneralarının arasında bir yaxınlıq olması da böyük önəm daşıyır. Başqa, daha tutarlı əsas: “...hər ikimizin türkün açıq ana dilində, sadə və anlaşıqlı bir üslubda yazmağa meyl göstərməyimizdir. Əlbəttə, aydındır ki, elmi və xronoloji iyerarxiyada tutduğumuz yerlərin gücü ilə o məndən deyil, mən ondan öyrənmişəm və bunun üçün ustada həmişə minnətdaram”.
Onların ilk müştərək işi 2003-cü ildən başlayır. “Azərbaycan ədəbiyyatı tarixi”nin birinci cildində özünə yer almış 24 səhifəlik “Minilliklərin və min ilin ədəbiyyatı” adlı araşdırmada, əslində ədəbiyyat tarixinə təqdimat janrında yazılmış bu yazıda “Bəkir müəllimin zəngin elmi yaradıcılığından və həyat təcrübəsindən, ədəbiyyatşünas peşəkarlığından doğan bir sıra orijinal fikirlər vardır ki, onlar, doğrudan da, bir tədqiqat əsərinin tezisləri sayıla bilər”.
“Başqasına nifrət edən özünü sevə bilməz”. Məhz Azərbaycan ədəbiyyatının başqasına sevgisi onun özünə də sevgi ilə yanaşmasına, öz xalqını ciddi bir kişi məhəbbəti ilə sevməsinə səbəb olan başlıca cəhətlərdəndir. “Qadan alımsız”, “başına dönümsüz”, “qurban olumsuz” və bu kimi bir çox boğazdan yuxarı sözlərsiz ciddi və bir az da qaşqabaqlı kişi məhəbbəti, ümumilikdə bizim xalqın mentalitetini müəyyən edən bu ülvi duyğu, doğrudan da, ədəbiyyatımızı tarix boyu müşayiət etmişdir. Çağdaş ədəbiyyat tarixi də nəsillərə örnək olacaq bu məhəbbətin araşdırılmasından və qiymətləndirilməsindən ibarət olmalıdır.
Həmin yazıdan götürülmüş bu abzasda son dərəcə maraqlı bir ifadə var: “Ciddi bir kişi məhəbbəti”. Nədənsə, mən bu məqamda türk dünyasının iki böyük şəxsiyyətini xatırlamalı oldum: Mövlana Cəlaləddin Rumini və Məhəmməd Şəms Təbrizini...
Dünya türklüyünün bəşər mədəniyyətinə ulu şəxsiyyətlərdən biri də Mövlana Cəlaləddin Rumidir (1200-1273). Yazıqlar olsun ki, bu başı buludlardan da yuxarı olan mütəfəkkir barəsində biliklərimiz çox azdır. Tarix boyu türkün düşmənləri bizlərə çox şeyləri unutdura bilmiş, mənəvi dəyərlərinə sahiblənməsi, milli kimliyini tanıyıb dəyərləndirə bilməməsi üçün qövmümüzün başına çox müsibətlər gətirmişdir. Mövlana da unutdurulmuşlardan biri idi. O, bir türk dühası kimi bizə doğmadır, həm də Azərbaycanın qüdrətli şairlərindən biri – Məhəmməd Şəms Təbrizinin müasiridir və onunla “zamanları aşan dostluğu yönündə mötəbərlik qazanmış bir vəlidir”.
Zamanları aşan həmin ilahi dostluğun şirin və acı nəticələri ürfan sahiblərini həmin dövrdən etibarən düşündürüb: “Şəmslə tapışandan sonra özündən olan faqihlərdən belə əl çəkib onun peykinə çevrilən, ətrafında böyük vəchlə dövr eləyən Mövlana yeni poetik ruzgara düşür, qarşısında əsrarəngiz poetik üfüqlər açılır, özündən, əvvəlki dostluqlardan, dünyasından sıyrılıb bu Təbrizli mütəfəkkirə sığınır, indiyəcən qəlbindən, misrasından xəyalatından tapmadıqlarını onda tapır. “Xamdım (çiydim)” deyən Mövlana Şəmsin könül iqlimində “bişməyə” və bu ilahi məhəbbətlə “yanmağa”–yetkinləşməyə, mükəmməlləşməyə sanki iksir əlavə edir. “Xamdım, bişdim, yandım,” – zirvə yolçuluğunun, əbədiyyət ucalığı qazanmağın sözsüz düsturudur!”
Bu, tapışmanın ürək açan tərəfidir, lakin ətrafdakıların qısqanclıqları nəticəsində dostunu itirə biləcəyi əndişəsi və Təbrizli Şəmsin qəflətən yoxa çıxması Mövlananın dünyasını alt-üst edir, ondan sonra dəli-divanə olur, dinmir, danışmır, uzun müddət evdən çölə çıxmır, əqidə dostunun xəyali ilə baş-başa qalır, həsrət dolu şeirlər yazır:
Ey könlümün nuru, gəl!
Ey diləyim, ey məqsədim, gəl!
Ey sevən,
ey sevilən
...Ey Təbrizli
Şəms,
Gəl,
tez-tələsik gəl, nolur!..
Şair fəryad
edir, ayrılıq onu məngənə kimi sıxır, bu
acı fəryad, ilk növbədə, insana verilən yüksək
dəyərin ifadəsidir. Çünki “Mövlanə
insanı könül qibləsinin mehrabı olaraq görür
və buna əsaslanıb ömrü davam etdirir. İnsani –
kamilin bu aləmdə bir əlaməti olsaydı, ilahi rəmzlərin
cəminə könül yoluyla tərcüman edərdiniz...”-deyirdi
(Osman Nuri Tonbaqi. “Mövlana dərgahından əsintilər”).
Könlünün
səsini dinləyən insan elə o andan da özünü
tanıyır və tapır. Özünü tanıyıb
bilən insan isə Rəbbini biləcəkdir. Bunun başqa
bir çözümü yoxdur! Elə bu üzdən də
Mövlanadakı dost sevgisi də, insana məhəbbət də
uca Tanrıdan gəlir. O, Şəmssiz dünyanı zindan
sanır, oğlunu, dostlarını Şəmsin arxasınca
Şama, Şərqin bir sıra şəhərlərinə
göndərir, onu yenidən tapmaq üçün
varından-yoxundan keçməyə belə hazır olur...
Teymur Kərimli
də haqqı itirməyən bir şəyirddir, həm də
sədaqətli, sevgili dostdur və bu qədirdanlıq ən
azından ustadı barədə yazdığı hər bir
yazıda aydınca sezilir. “Nəzmin qaydalarını
yaxşı bilməsi” bəzən onu şairliyə də
çəkir. Şairlik iddiasında olmasa da, etirafına
görə, “orta səviyyəli qafiyəpərgar”dır
Teymur Kərimli. Ağdaşda, Bəkir müəllimin
dünyaya göz açdığı doğma vətənində
ustadının 80 illik yubiley təntənəsində bədahətən
aşağıdakı misraları söyləmişdi:
Könül
arzulara çatmış kimidir,
Dünyanın
fitnəsi yatmış kimidir.
Bir az səksənərdim
“səksən” sözündən –
Şükür
ki, səksən də altmış kimidir...
Müəllif
bu şükür-sənalığı elə ürəkdən
deyir ki, bu iki insan arasındakı “əsl kişi məhəbbəti”nə
qibtə etməyə bilmirsən. “Səksən”i
“altmış” səviyyəsində saxlamağa nail olan
ustadının bu uğurunun səbəbini də neçə
illərin birgə əməkdaşlığında,
yol-yoldaşlığında, əqidə birliyində
axtarmağa çalışır və qəti qənaətə
gəlir. Əslində cavab lap sadə imiş: “...Bəkir
müəllimdə müşahidə etdiyim və hər bir
insanın qibtəsini doğura biləcək yüksək insani
sifətlər arasında səmimiyyəti,
xoşgörünü, xeyirxahlığı, ən əsası
isə bağışlamaq bacarığını
böyük məmnunluq duyğusu ilə zaman-zaman izləmişəm”.
Və bu
uzun illərin müşahidələri Teymur müəllimin
şəxsiyyətinə pərəstiş etdiyi insan
haqqında düşüncələrini belə ümumiləşdirməyə
əsas verir: “Bəli, “dəryalar mürəkkəb olsa,
meşələr qələm”, mollalarsa operator, yenə də
Bəkir Nəbiyevin humanist şəxsiyyətinin və alim zəhmətsevərliyinin
tərifini yazıb bitirmək mümkün deyil...”
“Ey
oğul! Bütün dünyanı ağzına qədər
elmlə, gözəlliklə dolu bir kuzə bil,”- Həzrəti
Mövlananın kəlamıdır.
Mövlana
Cəlaləddin Rumi 30 yaşlarında ikən o zaman Xarəzmşah
(Özbəkistan) dövlətinin inkişaf etmiş şəhərlərindən
biri olan Bəlxdən Konyaya köçür və bir
müddət sonra təhsilini tamamlamaq və Şərq
mütəfəkkirləri ilə yaxından tanış olmaq
məqsədilə Hələb və Şam şəhərlərinə
səfər edir. Bir gün Şamın böyük qələbəlik
yaşanan bazarlarından birində qarşısına qeyri-adi
libasda bir kişi çıxır. Onu qeyri-adi
baxışlarla süzüb: “Ver əlini öpüm, ey aləmlərin
sərrafı!” – deyir. Mövlana buna imkan vermək istəməsə
də, qəfil ortaya çıxan bu şəxs onun əllərinə
sarılıb hərarətlə öpür. Sonra da qəfil
göründüyü kimi, qəfil də qələbəliyin
içində itib-batır. Çaş-baş qalan filosof bu
hadisəni unuda bilmir, fikri-zikri o insanın ətrafında
dolaşıb qalır, rahatlığını itirir.
Aradan bir
neçə il keçir. Konyadakı mədrəsədən
dərsdən çıxıb tələbələri ilə
söhbət etdiyi vaxt həmin şəxs yenə də qəflətən
onun qarşısında dayanır. Bu, Təbrizli Şəms
idi. Tələbələrə qoşulub qəlbində
çoxdan bəri gəzdirdiyi sualları verməyə
başlayır. Elə o andan Ruminin dünyasını bir daha
sarsıdır, onun dünyasına müdalimə edə bilir.
Beləcə, bu iki mənəviyyat ulduzu arasında bir
qığılcım yaranır. Təbrizli Şəms
Mövlananın daxili dünyasında elə bir atəş
yaxır ki, bu alovlar içində özü də
alışıb yanır. Şəmslə görüşməzdən
əvvəl bir alim kimi tanınan bu insan sonralar alim aşiqə
və bağrı yanıq bir arifə çevrilir.
Şəmsin
Mövlanaya verdiklərinin dərin fəlsəfi izahı var.
Hər şeydən öncə, Şəms ona ağlın əsarətindən
qurtulmağın yollarını öyrətdi.
Nə
üçün? Çünki ağlın hüdudu müəyyəndir.
Arxası dəlilikdir. Könlün hüdudu isə sonsuzdur. Təskin
nöqtəsi isə fənafıllahdır (Allahda yox olma).
Şəms:
“Bundan sonra sənin qolun-qanadın olmaq üçün qolumu
və qanadımı qırdım...” deyən Həzrət
Mövlanaya “ilahi təcəllalar ilə dolu əbədiyyət
üfüqlərində yanması üçün bir qanad
taxdı...” və vəzifəsi bununla da bitdi. Eyni zamanda onadək
heç kəsin tanımadığı dünya şeyxi
olduğunu bilmədikləri “Həzrəti Şəms Həzrəti
Mövlananın məhəbbət işığı ilə
aydınlaşdı”, dillərdə dastan oldu: “Fəxri-Kainatın
üğba aləminə təşrifiylə mənim üzərimə
elə bir müsibət gəldi ki, bu müsibət
qaranlığın üzərinə çöksəydi,
qaranlığın rəngi dəyişərdi...” deyən
Mövlana Şəmsin həsrəti ilə qovrulduğu məqamlarda
26 min beytlik ölməz “Məsnəvi”sini yaradır. “Məsnəvi”
insanın dost insan üçün yanıb qovrulmalarından
bəhs edən lütfnamə, könül iztirablarından
dolub-daşan bir fəryadnamədir. O, başqa bir könül
həmdəmi tapa bilməməsi səbəbindən itirdiyi
Şəmsi üçün fəryad edir:
“Mərifət
sahibi insanı təmsil edən neyi dinlə!”, “Ayrılıq
şikayətlərinin həyəcanını iç!”- deyə
Həzrəti Mövlana: – Şəms sağdır! – xəbərini
gətirənə üzərində yaxşı, qiymətli
nə varsa, bağışlayır. Xəbərin doğru
olmadığını biləndə isə: – Mən onun
yalanına bunları verdim. Həqiqət olsaydı,
canımı verərdim,” – söyləyir.
“...İnsanın
insana məhəbbətinin, onu itirincə qəlbində fəryada
başlayan həsrətin əbədi abidəsi, bir sözlə,
“Məsnəvi” firqətnameyi–tahanədir!” Bu da əsərə
müdriklərin verdikləri dəyər... Şübhə
etmirəm ki, özünü tanıyıb bilənlər,
ürfan aləminə də az-çox vaqif olanlar məhz bu səviyyədə
dostluğun arzusunda və həsrətindədirlər daim...
Mövlana
həzrətlərinin: “Ey oğul! Bütün dünyanı
ağzına qədər elmlə, gözəlliklə dolu bir
kuzə bil...” kəlamı elm adamları üçün bir
həyat düsturudu...
Çox
ibrətamizdir, deyilmi? Sözün əsl mənasında,
xoşbəxt insan məhz bu deyilənləri dərk edib o kuzədən
gərəyincə, ehtiyacını ödəyəcək qədər
içə biləndir. Elm dünyasına gələnlərin
hər biri bu kuzədən dada-dada ruhlara dad qatmağa
çalışır. Lakin hamı istəyinə çata
bilmir. Dedikləri hamı tərəfindən qəbul edilən
alimlər çox az olur. Bəkir Nəbiyev haqqında
görkəmli ədəbiyyatşünas alim, istedadlı tənqidçi
Yaşar Qarayevin dedikləri onun xarakteristikasını
tamlıqla əhatə edir: “Halala və haqqa inanan,
tanrını tanıyan adam qiyməti və şöhrəti
qazanan Bəkir Nəbiyev haqqında səmimi və xoş
etirafları mən dəfələrlə eşitmişəm.
O, həm də tanrının tanıdığı, fitri,
ilahi qismətin və baxtın alnına, taleyinə
yazıldığı bir adamdır...”
Orijinallığa
baxın! Elə Teymur Kərimli də öz baxış
bucağından boylanaraq ustadının portretinə
özünəxas ştrixlər edə bildiyi
üçün “Gözəllərin axıra
qalmışı” kitabını bu dərəcədə
maraqlı və oxunaqlı qələmə ala bilmişdir. Bu
yolda məqsədin yarısına çatmaq belə,
böyük mutluluq sayılır.
Kitabda həm
də elmdən, dünya elminin klassiklərindən söz
açan müəllif zaman-zaman dövrün yetişdirdiyi,
yaradıcılıqları araşdırıldıqca bu irsin
yeni-yeni sosial-praqmatik çalarlarını üzə
çıxaran alimlərin Azərbaycanda da nümayəndələrinin
olduğundan bəhs edir. Bu siyahıya Dədə Qorqudla
başlayan müəllif ardıcıllıqla Bəhmənyarın,
IX-X əsrlərin böyük din alimlərinin, Xətib Təbrizinin,
Hinduşah Naxçıvaninin, Şah Qasım Ənvarın,
Nəsirəddin Tusinin, Şeyx Mahmud Şəbüstərinin,
Mirzə Fətəli Axundzadənin, Həsən bəy Zərdabinin,
Mirzə Cəfər Topçubaşovun, Mirzə Kazım bəyin,
Məhəmməd ağa Şahtaxtlının, Firudin bəy
Köçərlinin adlarını çəkir...
Bu
böyük alimlərin son dövrdəki
ardıcıllarından “klassik zirvəsinə
çatmış” fikir adamlarının da az
olmadığından bəhs edərək yazır: “Mən
yalnız ədəbiyyatşünas-alimlərin bir neçəsinin
adını xatırlamaqla kifayətlənəcəyəm.
Qoy adları namərd yadıma düşməyənlərin
ruhu məndən inciməsin: Salman Mümtaz, Vəli Xuluflu, Əli
Nazim, Heydər Hüseynov, Mikayıl Rəfili, Mir Cəlal, Həmid
Araslı, Əli Sultanlı, Məmmədcəfər Cəfərov,
Məmməd Arif, Məhəmmədhüseyn Təhmasib, Əkrəm
Cəfər, Əziz Mirəhmədov, Yaşar Qarayev, Azadə
Rüstəmova, Rüstəm Əliyev... Bunlar da bizim
müasirimiz olmuş klassiklərdir. Bizim görkəmli
ustadlarımızdır. Onları unutsaq, bizi kim yada salacaq?”
AMEA-nın müxbir üzvü, klassik ədəbiyyatımızın
dərin bilicisi olan Teymur Kərimli ədəbiyyatşünaslıq
elmimizin “minillərin hüdudlarını aşıb-daşan
bu ənənələr”ini qoruyub saxlayan, yaşadan alimlərin
adını çəkir və: – Bəli, bu gün Azərbaycan
ədəbiyyatşünaslıq elminin əsas
ağırlığı iki canlı klassikin – akademik Bəkir
Nəbiyevin və akademik İsa Həbibbəylinin çiyinlərindədir”,
– qənaətinə gəlir. Bütün bu qənaətlərini
müəyyən dərəcədə 2009-cu ildə akademik
İsa Həbibbəylinin 60 illik yubileyinə həsr etdiyi
“Şərqin qapısından dünyaya” kitabında desə də,
ürəyində qalmış, lakin deməyə imkan
tapmadığı fikirlərini də Bəkir Nəbiyevin 80
illik yubileyinə həsr etdiyi “Gözəllərin axıra
qalmışı” kitabında cəmləşdirməyə
nail olmuşdur.
Bu məqamda
kitabın adına, onun məhz belə
adlandırılmasının səbəblərinə müəllifin
öz fikirləri əsasında aydınlıq gətirməyə
ehtiyac yaranır.
Mənim
atam süfrəli bir kişiydi,
El əlindən
tutmaq onun işiydi,
Gözəllərin
axıra qalmışıydı,
Ondan sonra
dönərgələr döndülər,
Məhəbbətin
çıraqları söndülər,-
bəndinin
“İndi ki, Şəhriyar babamızdan iqtibas etdiyim çox
simvolik adı olan bu kitab üzərində, yəni akademik Bəkir
Nəbiyevin şəxsiyyəti və elmi
yaradıcılığı haqqındakı kitab üzərində
işləyirəm, sidqimi ulu Tanrıya bağlayaraq ondan
yardım diləməklə əvvəlki kitablarımdan geri
qalmayan bir əsər ərsəyə gətirəcəyimə
çox umudluyam. Çünki kitabımın qəhrəmanı
istər şəxsiyyəti etibarilə, istərsə də
yaradıcılığının siqlətinə görə
öncəki qəhrəmanlarımdan heç də geri
qalmır və onlarla bir sırada akademik elmimizin dünya səviyyəsinə
qalxması üçün əlindən gələn hər
şeyi edir”.
Müəllif
kitabın janrına da münasibət bildirir, oxucu ilə
qabaqcadan “şərti şumda kəsir”: “Bəri başdan,
şumda o şərtimi də əziz oxucularla – bəkirsevərlərlə
kəsim ki, bu kitabı oxuyarkən ensiklopedik bir monoqrafiyadan,
akademik elmi təhlil üslubundan, zəngin elmi-nəzəri
apparatura ilə təchiz edilmiş fundamental bir tədqiqatdan
iştahlarını çəksinlər və Bəkir Nəbiyevin
elmi yaradıcılığı haqqında monoqrafik
araşdırma oxuyacaqları həvəslərinə də əlvida
desinlər... Və bir də tükü-tükdən seçən
dərrakəli oxucu yəqin ki, elə kitabın adından
onun janrını təxmin etdi və barmağını
dişləyərək, “ey dili-qafil, bu, monoqrafiya deyil, bu, bir
essedir, məhəbbət dastanıdır” deyərək,
inkisari-xəyal ilə başqa yazılara, daha elmi səciyyəli
əsərlərə rücu etdi. Neyləməli, hər mətahın
öz alıcısı, hər janrın öz oxucusu, hər
incinin öz sərrafı var və umudum çox
böyükdür ki, “Gözəllərin axıra
qalmışı” kitabının da bir xiridarı tapılar,
inşallah...
“Usta-şəyird
araşdırmaları”. Məhz kitabın bu bölməsində
müəllif akademikin özünəxas bəzi keyfiyyətlərini
açmağa imkan tapır. Özünü bu böyük
alimin “şəyirdi” sayan Teymur Kərimli bu
tanışlığı “Taleyin xoşməramlı gərdişi”
ilə bağlayıb onunla sonrakı müştərək
araşdırmalarının, ona edilən etibarın
böyük əhəmiyyət kəsb etdiyini məmnunluqla
dilə gətirir: “Bəkir müəllimin, təbii ki,
mükəmməl tandem yaratmaqda da yədi-beyzası var. Məhz
bu səbəbdən onunla müştərək
araşdırma aparmaq çox maraqlı və xoşagələndir.
Ötə yandan, bizim üslublarımız, yazı
maneralarımız arasında da bir yaxınlıq var ki, bu da hər
ikimizin türkün açıq ana dilində, sadə və
anlaşıqlı bir üslubda yazmağa meyl göstərməyimizdir.
Əlbəttə, aydındır ki, elmi və xronoloji
iyerarxiyada tutduğumuz yerlərin gücü ilə bu üslubu
o məndən deyil, mən ondan öyrənmişəm və
bunun üçün ustada həmişə minnətdaram”.
Teymur Kərimli
ilə Bəkir müəllimin əməkdaşlağı
akademikin Nizami adına Ədəbiyyat İnstitutunda direktor gəldiyi,
Teymur müəllimi direktor müavini təyin etdiyi 2003-cü
ilə təsadüf edir. İlk müştərək işləri
“Azərbaycan ədəbiyyatı tarixi” kitabı ilə
bağlıdır. Sonra isə “Azərbaycan
ensiklopediyası”nın xüsusi “Azərbaycan” cildində “Azərbaycan
ədəbiyyatı” və “Ədəbiyyatşünaslıq”
oçerklərini də müştərək işləmişlər.
Publisistika tariximizin incilərindən olan “Füyuzat” toplusu və
“Molla Nəsrəddin” dərgisinin transliterasiya olunmuş mətnlərinin
redaktəsi də ustad-şəyird əməkdaşlığının
bir istiqamətidir.
Yaşının
bu çağında yazıb-yaratmaqdan usanmayan, bezməyən
ustadı haqqında yazılanları isə yalnız qibtə
hissi ilə oxumaq lazımdır: “Həyata, gələcəyə
nikbin baxış bu adamın mayasında, cövhərindədir.
Səhər saat 9-dan axşam saat 6.00-ya qədər fil
dözümü ilə oturduğu geniş kabinetinin
yaz-qış açıq olan qapısından onu həmişə
gənclik enerjisi ilə işləyən görərsən.
Çox adam işin axırında yorulur, hövsələsi
daralır, qanı itin qanına dönür. Bəkir Nəbiyev
üçün isə sanki bütün bu anlayışlar
yaddır. O, səhər də, axşam da, lap elə gecə
yarısı zəng eləsən, gümrah səsi, aydın
diksiyası, xoş sözləri, can-can deməyi ilə həmsöhbətini
də öz nikbinliyinə və səmimiyyətinə
yoluxdurur və yeri düşəndə orijinal, şux
zarafatlarından da qalmır. Niyə də qalsın? Məgər
ömür adlanan mif, ya təxəyyülü
ağlaya-ağlaya keçirmək sonunda
peşmançılığa səbəb olmazmı?
Teymur Kərimlinin
ustadı haqqında yazdığı, dediyi fikirlər
arasında Bəkir Nəbiyev və Füzuli bənzətməsi
də maraqlıdır: “Bəlkə Füzuli ilə Bəkir
Nəbiyev arasında bir bənzərlik var? Bəlkə
Mövlana, Füzuli və akademik Bəkir Nəbiyev eyni məssəbə
qulluq ediblər, eyni əqidənin daşıyıcısı
olublar? Əlbəttə belədir! Mənim sualım elə mənim
cavabımdır. Bəlkə ona görə mən bayaqdan
Füzulinin sözü ilə Bəkir Nəbiyevin özü
arasında müqayisə aparmaq üçün hey Füzuliyə
dönürəm? Dönə-dönə dönürəm?”
Müəllif
dahi Füzulinin
Ey
Füzuli, nola gər saxlar isəm canı əziz,
Vaxt ola
kim, ola ol şuxi-sitəmkarə fəda,
– beytindəki
fikirləri öz tərzində ifadə edən Mövlana Cəlaləddin
Ruminin
Hasili-ömrüm
olub üç söz fəqət:
Mən
çiy idim, bişdim, axır yandım oy!
– beytinə
söykənərək kitabının necə dəyərləndiriləcəyini
zamanın ixtiyarına buraxır: “Bişə bildimmi? Yana
bildimmi? Əgər yana bildimsə, o yanğının zəif
də olsa, alovları bu kitabın yanmayan səhifələrindən
keçib ürəkləri isidə biləcəkmi?
Əgər
böyük ustadıma – akademik Bəkir Nəbiyevə bəslədiyim
hörmət və məhəbbəti dilimin və qələmimin
naqis imkanları ilə az da olsa, ifadə edə bildimsə,
onda yuxarıdakı suala müəyyən mənada müsbət
cavab vermək olar.
Möhtərəm
Teymur Kərimlinin narahatlığına cavab olaraq əminliklə
deyə bilərik ki, “Gözəllərin axıra qalmışı”
kitabının Bəkir müəllim haqqında
saysız-hesabsız yazılan kitablar arasında böyük
oxucu marağına səbəb olacağı şəksizdir.
Adından bəllidir. Çünki o, insan gözəlliyinin ən
ali zirvəsinə ucalan, Tanrı əmanəti elmin layiqli
qoruyucusu bildiklərini, qoruyub saxladıqlarını
şagirdlərinə ötürüb yetirdiyi
davamçıları ilə fəxr edən, qürur duyan bir
müəllim, nəhayət, böyük bir alimin bitkin
obrazını yarada bilmişdir. Ona çətin
yaradıcılıq yolunda yeni uğurlar diləyirəm...
...Çox təəssüflər ki, akademik Bəkir Nəbiyev martın 18-də dünyasını dəyişərək Tanrı dərgahına qovuşdu və bəyəndiyi bu yazının dərc olunduğunu görə bilmədi. Allah rəhmət eləsin!
Esmira FUAD
525-ci qəzet.-
2012.- 24 aprel.- S.6.