Mollanəsrəddinçilik
təliminin dərsləri
“MOLLA NƏSRƏDDİN” JURNALI AZƏRBAYCAN
XALQININ ƏN BÖYÜK İSTİQLAL KİTABI KİMİ
Məlum
olduğu kimi, böyük demokrat yazıçı və
görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin
(1869-1932) redaktorluğu ilə iyirmi beş il ərzində fəaliyyətini
böyük uğurla Tiflisdə, Təbrizdə və
Bakıda davam etdirən məşhur “Molla Nəsrəddin” dərgisi
ilə Azərbaycanda milli satirik mətbuatın və tənqidi-realist
ədəbiyyatın əsası qoyulmuşdur. Geniş mənada
türk-müsəlman dünyasının birinci satira jurnalı
kimi “Molla Nəsrəddin” Şərq ölkələrində
də satirik mətbuatın və ədəbiyyatın,
demokratik ictimai fikrin inkişafına ciddi təkan vermişdir.
Şərq aləminə satira günəşi ilk dəfə
“Molla Nəsrəddin”dən doğmuşdur. Məhkum Şərqin
oyanışı, dirçəlişi və istiqlalı uğrunda
geniş, sistemli və ardıcıl mübarizə “Molla Nəsrəddin”
dərgisi ilə başlamışdır. Bundan başqa,
“Molla Nəsrəddin” Şərqlə Qərbin sintezindən
yoğrulmuş ilk Avrasiya dərgisi kimi də tarixə
düşmüşdür. “Molla Nəsrəddin” jurnalı Azərbaycanda
və ümumən türk-müsəlman dünyasında
milli istiqlal hərəkatına başçılıq, sərkərdəlik
etmişdir. Milli demokratik mətbuatın da bayraqdarı “Molla Nəsrəddin”
jurnalıdır.
Bəlli
olduğu kim, Azərbaycan mətbuatı tarixində yalnız
“Molla Nəsrəddin” və “Füyuzat” jurnalları ədəbi
məktəb yaratmaq vəzifəsini həyata keçirə
bilmişlər. Görkəmli Azərbaycan
yazıçısı və mütəfəkkiri Əlibəy
Hüseynzadənin (1864-1940) redaktorluğu ilə nəşr
edilən “Füyuzat” jurnalı cəmi bir il (1906-1907) fəaliyyət
göstərməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatında
yenicə formalaşmaqda olan romantizm ədəbi cərəyanının
əsas qərargahı funksiyasını uğurla həyata
keçirmiş, ədəbiyyatımızın bir çox
qüdrətli nümayəndələrinin ana qucağına
çevrilə bilmişdir. Lakin burası da məlumdur ki, nəinki
“Füyuzat” jurnalı, hətta Azərbaycanda müxtəlif əsrlərdə
yaranmış digər ədəbi məktəblər də
“Molla Nəsrəddin” ədəbi məktəbi qədər
çox saylı yazıçını, şairi, rəssamı
və publisisti öz ətrafında birləşdirə bilməmişdir.
Cəlil Məmmədquluzadənin ardıcıl və
böyük səyləri sayəsində XX əsrin əvvəllərində
Azərbaycan yaradıcı ziyalılarının “Molla Nəsrəddin”
ordusu formalaşmışdır. Bu mübariz, demokratik və
milli ziyalı ordusunun Baş komandanı görkəmli Azərbaycan
yazıçısı Mirzə Cəlil Məmmədquluzadə
idi. Böyük mollanəsrəddinçi yazıçı Əbdürrəhim
bəy Haqverdiyevin vaxtilə etiraf etdiyi kimi, bu ədəbi cəbhədə
“təb və istedad” yaradıcı qüvvələrin
özlərinə məxsus olsa da, “mövzu verən və yol
göstərən” Cəlil Məmmədquluzadə və
“Molla Nəsrəddin” jurnalı idi. Geniş mənada “Molla Nəsrəddin”
dərgisi tənqidi-realist ədəbiyyatın möhkəm ədəbi
cəbhəsi, mollanəsrəddinçi ədiblərin əsərlərinin
çoxcildlik külliyyatıdır.
“Molla Nəsrəddin” ədəbi məktəbinin yaranması ilk növbədə Azəbaycandakı Qərbyönlü maarifçilik hərəkatının məntiqi nəticəsi idi. Bundan başqa, məhz “Molla Nəsrəddin” jurnalının qüsa müddətdə ədəbi məktəb səviyyəsinə yüksəlməsində xalqımızın tarixində və təfəkküründə möhkəm yer tutan folklor Molla Nəsrəddinin adı ilə bağlı xəlqi ənənələrin ədəbiyyata gətirilməsinin də özünəməxsus rolu və təsiri var idi. Heç şübhəsiz, “Molla Nəsrəddin”in ədəbi məktəb mərtəbəsinə çatdırılması bu jurnalın yaradıcısı Cəlil Məmmədquluzadənin təşkilatçılıq bacarığının və xüsusi ədəbi məharətinin nəticəsində mümkün olmuşdu. Əslində Cəlil Məmmədquluzadə Azərbaycandakı Şərq yönlü milli inkişaf meylləri ilə Qərb maarifçiliyini sintez halında çuğlaşdırmaqla yeni tipli ədəbiyyat və mətbuat yaratmağa müvəffəq olmuşdu ki, bu da tez bir zamanda öz ətrafına çoxlu sayda tərəfdarlar və pərəstişkarlar toplaya bilmişdi. Və həmin cəlbedici proses də öz növbəsində “Molla Nəsrəddin”i əvvəlcə güclü bir mətbuat orqanı, az sonra isə müstəqil ədəbi məktəb səviyyəsinə çatdırmışdı. Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin dediyi kimi, “nəzəri qidasını demokratik ədəbiyyatdan alan, mənbəyini Mirzə Fətəli dramlarından, materialını isə o zamankı... köhnə həyat və məişətdən alan Mirzə Cəlil realizmi XX əsrin ibtidasında güclü bir ədəbi məktəb olaraq ədəbiyyatda üstünlük fəth etmişdi”. Başçılıq etdiyi jurnalın ətrafına toplayıb vahid ədəbi cəbhədə birləşdirdiyi, eyni məfkurəyə və üsluba yönləndirdiyi yazıçı və şairlər, publisistlər və karikaturaçılarla Cəlil Məmmədquluzadə “Molla Nəsrəddin” ədəbi məktəbini formalaşdırmağa müvəffəq olmuşdu. Mollanəsrəddinçi sənətkarlardan hər biri bu ədəbi məktəbin daha da zənginləşməsinə və yetkinləşməsinə özünün layiqli əlavələrini etmişlər. Nəticədə Azərbaycan ictimai-bədii fikrinin çoxəsrlik tarixində konkret bir mətbuat orqanı əsasında yeni tipli “Molla Nəsrəddin” ədəbi məktəbi yaranmış, daha parlaq yaradıcılıq məktəbi kimi mühitin fövqünə yüksələ bilmişdir.
Beləliklə, “Molla Nəsrəddin” ədəbi məktəbi böyük Mirzə Cəlil Məmmədquluzadənin ideya-təşkilatçılıq fəaliyyətinin nəticəsi kimi meydana çıxmış, formalaşmış yeni tipli yaradıcılıq istiqamətidir. Azərbaycan tənqidi realizmi ilə “Molla Nəsrəddin” ədəbi cərəyanı bir-birini tamamlayan, təsdiqləyən anlayışlardır. “Molla Nəsrəddin” ədəbi məktəbi Azərbaycan mollanəsrəddinçilərinin konkret tarixi şəraitdə qoşulduqları mütəşəkkil yaradıcılıq məktəbidir.
Cəlil Məmmədquluzadə mollanəsrəddinçilərin ağsaqqalı, sözün geniş mənasında görkəmli Azərbaycan Molla Nəsrəddinidir.
“Molla Nəsrəddin” ədəbi məktəbi çox geniş anlayış olub, özündə bir neçə yaradıcılıq istiqamətini, çoxsaylı yaradıcı qüvvələri birləşdirən ədəbi məktəbdir. Bir çox yaradıcılıq sahələri “Molla Nəsrəddin” ədəbi məktəbi içərisində, onun hüdudları daxilində xüsusilə inkişaf edərək daha qabarıq şəkildə nəzərə çarpmışdır. Beləliklə, vahid ədəbi məktəb daxilində bir neçə məktəb, necə deyərlər, məktəb içində məktəblər yaranmışdır. “Molla Nəsrəddin” satirik şeir məktəbi, mollanəsrəddinçi yeni nəsr, satirik publisistika və karikatura məktəbləri “Molla Nəsrəddin” ədəbi məktəbinin üzvi tərkib hissələridirlər. Doğrudur, bu məktəblərdən hər biri, xüsusən, mollanəsrəddinçi satirik şeir məktəbi həm də müstəqil ədəbi məktəb təsiri bağışlayır. Hətta “Molla Nəsrəddin” şeir məktəbinin zəminində formalaşmış və xüsusi bir Sabir satira məktəbi də nəzərə çarpmaqdadır. Yaxud “Molla Nəsrəddin” karikatura məktəbi ənənələri əsasında ayrıca Əzim Əzimzadə karikaturaçılıq məktəbinin yaranması da inkarolunmaz faktdır. Bütün bunlar nəinki “Molla Nəsrəddin” ədəbi məktəbinin əhəmiyyətini azaltmır, əksinə, bu möhtəşəm, nəhəng məktəbin geniş sənət imkanlarını nümayiş etdirir. Konket şəxsiyyətlərlə bağlı olan ədəbi məktəblərdə olduğu kimi, “Molla Nəsrəddin” ədəbi məktəbində də görkəmli məsləkdaşların, adlı-sanlı davamçıların meydana çıxması bu məktəbin sənət uğuru, nailiyyəti hesab olunmalıdır.
Hər hansı bir ədəbi məktəb, yaxud ədəbi cərəyan kimi “Molla Nəsrəddin” təlimi də özünəməxsus konkret nəzəri-estetik prinsiplərə malikdir. Geniş mənada tənqidi-realist ədəbiyyatın və mətbuatın inkişaf istiqamətlərini və özünəməxsusluqlarını müəyyən edən həmin prinsiplər mollanəsrəddinçilik təlimindən ibarətdir. Bu, mollanəsrəddinçi təlim tənqidi-realist ədəbiyyatın poetikasını və estetik prinsiplərini özündə cəmləşdirir. “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə mollanəsrəddinçilik təliminin də yaradıcısıdır. “Molla Nəsrəddin” jurnalının birinci sayında çap olunmuş “Sizi deyib gəlmişəm” məqaləsi mollanəsrəddinçi ədəbiyyatın manifesti idi. Mübariz jurnalın ilk sayının üz qabığında Cəlil Məmmədquluzadənin sifarişi və resepti əsasında məşhur nəqqaş Oskar Şmerlinqin çəkdiyi “Müsəlman dünyasının oyanışı” karikaturası, həm “Molla Nəsrəddin” jurnalının, həm də mollanəsrəddinçi ədəbiyyatın və satirik təsviri sənətin proqramı kimi düşünülmüşdü. Jurnalın birinci sayında oxuculara çatdırılmış “Lisan bəlası” şeiri ilə sanki mollanəsrəddinçi satira üzrə şeir müsabiqənin şərtləri elan olunmuşdu. Bunların hamısı Cəlil Məmmədquluzadə tərəfindən yeni tipli ədəbiyyat və mətbuat yaratmaq üçün düşünülmüş şəkildə həyata keçirilən tədbirlər idi. Cəlil Məmmədquluzadənin ədəbi-tənqidi görüşləri “qələmin müqəddəs vəzifəsinin” ciddi və əsaslı prinsiplərinin bəyannaməsi kimi səslənirdi. Redaksiyaya daxil olan ədəbi materiallar barədə “Poçt qutusu” adı altında ardıcıl olaraq verilən məsləhətlər və qeydlər tənqidi-realist ədəbiyyatın, geniş mənada mollanəsrəddinçilik təliminin dərsləridir. Cəlil Məmmədquluzadənin nadir kiçik hekayələri, satirik publisistika örnəkləri, tragikomediyaları mollanəsrəddinçi ədəbiyyatın klassik və canlı nümunələridir. Cəlil Məmmədquluzadə həm də Azərbaycan ədəbiyyatında Molla Nəsrəddin dövrünün yaradıcısıdır. Geniş mənada mollanəsrəddinçilik təlimi “Molla Nəsrəddin” dövrü Azərbaycan ədəbiyyatının strategiyası və taktikasıdır.
Mollanəsrəddinçilik təliminin mövcudluğu və prinsipləri Cəlil Məmmədquluzadənin sağlığında onun müasirləri tərəfindən müşahidə olunmuş və dəyərləndirilmişdir. Görkəmli Azərbaycan ədəbiyyatşünası Firidunbəy Köçərlinin fikrincə “nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etmək” mollanəsrəddinçi təlimin baş xəttini müəyyən edir. Cəlil Məmmədquluzadənin məsləkdaşı Ömər Faiq Nemanzadə mollanəsrəddinçiliyi aşağıdakı kimi mənalandırırdı: “Molla Nəsrəddin”in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsurlarımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan cahilanə adətlərimizə acı-acı gülüb, millətin səadətinə çalışmaqdır”.
Dövrünün görkəmli ziyalılarından Yusif Vəzir Çəmənzəminli mollanəsrəddinçilikdə “geniş kütlənin anlayacağı bir dildə” yazıb-yaratmağı zəruri faktor kimi ön mövqeyə çəkmişdi. Hətta realizmlə müqayisədə əks mövqeyi təmsil edən Əlibəy Hüseynzadə də bu qənaətdə idi ki, “Molla Nəsrəddin”in ələ aldığı balta zöhk və xəndə, istehza və rişxənddən, müstəhziyanə yazı və şəkillərdən ibarətdir”. Möhtərəm Əli bəy Hüseynzadənin Cəlil Məmmədquluzadə ilə 1910-cu ildə Tiflisdəki tarixi görüşü zamanı söylədiyi “açıq yazmağı bacarmaq hünərdir” kəlamı da mollanəsrəddinçi ədəbiyyatın ən çox mübahisə doğurmuş dil siyasətinin üstünlüyünə verilmiş yüksək qiymətin ifadəsi idi.
Dövrün müxtəlif yaradıcı qüvvələrinin diqqətini çəkən, ədəbi prosesdə ön mövqeyə çıxan mollanəsrəddinçilik təlimi geniş anlayış olub, özündə ictimai mühitin ən aparıcı estetik prinsiplərini cəmləşdirmişdir. Buna baxmayaraq, keçən əsrdə müxtəlif vaxtlarda mollanəsrəddinçilik təliminə keçmiş sovet ideologiyasının güzgüsündə yanaşılması meyli üstünlük qazanmışdır. Belə ki, XX əsr boyu klassik mollanəsrəddinçi ədəbiyyatşünaslıq keçmiş sovet rejiminin ideologiyasına əks olmamaq görüntüsü yaratmaq üçün istər-istəməz mollanəsrəddinçilik təlimindən bəhs edərkən bu təlimi həm də, “çarizmə, yerli istismarçılara, imperializmə qarşı çevrilmiş inqilabi demokratizm ideologiyası”, “... fəhlə hərəkatına yaxınlaşan, ona dərin rəğbət bəsləyən ədəbi-ictimai fikir cərəyanı” kimi dəyərləndirməyi nəzərə çarpdırmışdır. Bu isə aşkar göründüyü kimi, bəzi məqamlarda məsələyə mövcud zamanın tələbinə uyğun olaraq ideoloci mövqedən yanaşılmasının nəticəsi idi. Buna görə də mollanəsrəddinçilik təliminin mahiyyətinin, ədəbi-estetik prinsiplərinin müstəqillik işığında yenidən izah və şərh edilməsi çağdaş zamanın irəli sürdüyü elmi vəzifədir. Çünki milli mövqedən mollanəsrəddinçilik təliminin elmi-nəzəri əsaslarının müəyyən olunması həm Cəlil Məmmədquluzadənin və onun mollanəsrəddinçi məsləkdaşlarının yaradıcılığının gerçək dərkinə, həm də tənqidi realizm ədəbi cərəyanının ana xətlərinin konkretləşdirilməsinə kömək edərdi.
Beləliklə, Mollanəsrəddinçilik təlimi “Molla Nəsrəddin” ədəbi məktəbinin anayasası, nizamnaməsi və əsasnaməsidir.
Mollanəsrəddinçilik – ictimai satira vasitəsilə mövcud cəmiyyəti yeniləşdirmək, məmləkəti irəli aparmaq deməkdir.
Mollanəsrəddinçilik – xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir.
Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin baş xəttini təşkil edir. Mollanəsrəddinçilik təliminin daşıyıcısı olan “Molla Nəsrəddin” jurnalı və mollanəsrəddinçilər milli istiqlala bir ordudan ziyadə xidmət göstərmişdir. Bu mənada “Molla Nəsrəddin” jurnalı Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır. Mollanəsrəddinçilik – milli istiqlal məfkurəsinin cövhərini təşkil edir. Yaxud milli istiqlal uğrunda mübarizə dövrün digər axınları ilə müqayisədə daha çox mollanəsrəddinçilikdən keçmişdir.
Azərbaycançılıq məfkurəsi mollanəsrəddinçilik təliminin ideya əsasından ibarətdir. Bütövlükdə Cəlil Məmmədquluzadənin yaradıcılığı və “Molla Nəsrəddin” jurnalının fəaliyyəti Azərbaycançılıq məfkurəsi üstündə köklənmişdir. Azərbaycançılıq mollanəsrəddinçilik təliminin strategiyasıdır. Vaxtilə böyük millətpərvər ədib məşhur Səttarxan hərəkatından bəhs edərkən qələm əhlinə millətə və Vətənə xidmətin ünvanını, istiqamətini nişan verərək yazmışdı: “Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, Vətən hissi varsa, oranın qeydinə qalmalıdır!”.
Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi (1917) ədəbiyyatda və mətbuatda Azərbaycançılıq məfkurəsinin mükəmməl manifestidir. “Azərbaycan” məqaləsi ən müqəddəs azərbaycançılıq andıdır: “Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, ...özümdən soruşuram ki:
– Mənim anam kimdir?
Öz-özümə də cavab verirəm ki:
– Mənim
anam rəhmətlik Zəhrabanu bacı idi.
– Dilim nə
dilidir?
– Azərbaycan
dilidir.
– Yəni Vətənim haradır?
– Azərbaycan
vilayətidir.
– Demək,
dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur
ki, Vətənim də Azərbaycan vilayətidir.
–
Haradır Azərbaycan?
– Azərbaycanın
çox hissəsi İrandadır ki, mərkəzi ibarət
olsun Təbriz şəhərindən. Qalan hissələri
də Gilandan tutub, qədim Rusiya hökumətilə
Osmanlı hökuməti daxilindədir”.
Cəlil Məmmədquluzadənin “Azərbaycan” məqaləsi
Azərbaycanın bütövlük himnidir.
“Anamın kitabı” Azərbaycanın tale kitabı, ədəbiyyatın
ən möhtəşəm Azərbaycannaməsidir.
Kiçik
adam – mollanəsrəddinçi ədəbiyyatın
böyük qəhrəmanıdır. Kiçik
adamın timsalında xalq faktorunu ədəbiyyata və mətbuata
gətirmək və onu müdafiə etmək mollanəsrəddinçiliyin
təməl şərtlərindədir. Məhəmmədhəsən
əmi kiçik adamın böyük ədəbiyyatdakı
“bir yüngülvari müqəddiməsi”, Novruzəli isə
yeni dövr Azərbaycan ədəbiyyatında kiçik
adamın gerçək əhvalatıdır.
Mollanəsrəddinçilik – zamanın “açıq
ana dilində yazmaq”, “açıq yazmağı da bacarmaq”
sifarişinin ən mükəmməl həlli deməkdir.
Mollanəsrəddinçilik – satiranın anası,
ayrı-ayrı janrlarda yazılmış satirik əsərlər
mollanəsrəddinçi ədəbiyyatın
övladlarıdır. Milli satiranın bütün gücü və
imkanları mollanəsrəddinçilik təlimində öz
əksini tapır. Mollanəsrəddinçiliyi
satirik ədəbiyyatın və publisistikanın ciddi
siyasi-ictimai kəsəri, yüksək vətəndaşlıq
ruhu, forma zənginliyi kimi də qəbul etmək olar.
Bədii əsərlə təsviri sənətin, hekayə
və felyetonla karikaturanın vəhdəti mollanəsrəddinçiliyin
özünəməxsusluqlarından biridir. Mollanəsrəddinçilik
– gerilik, nadanlıq və fanatizmin karikaturasıdır. Karikatura mollanəsrəddinçiliyin əsas ifadə
vasitələrindən biridir.
“Molla Nəsrəddin” jurnalının üslubu, təhkiyəsi,
janrları, tipləri mollanəsrəddinçilik təliminin
danışan dilidir.
Mollanəsrəddinçilik ədəbiyyatda və
ictimai fikirdə demokratik proseslərin geniş intişarı
və müdafiə olunması deməkdir.
“Molla Nəsrəddin” jurnalının fəaliyyəti
tarixin böyük faktına çevrilmişdir. Mollanəsrəddinçilik
isə davam edir. Nə qədər ki, Azərbaycan
xalqı, dövləti və məmləkəti var, nə qədər
ki, milli ədəbiyyatımız və mətbuatımız
fəaliyyət göstərir, “Molla Nəsrəddin” ədəbi
məktəbinin ənənələri, mollanəsrəddinçilik
təlimi yaşamaqda davam edəcək, inkişafa, tərəqqiyə
özünün böyük və təmənnasız
köməyini göstərəcəkdir. Böyük mollanəsrəddinçi
Ömər Faiq Nemanzadənin fikirləri ilə desək: “Bu
gün “Molla Nəsrəddin” batar, sabah Molla Xeyrəddin
çıxar... “Molla Nəsrəddin”i meydana gətirən
fikirlər bağlanmayacaqdır”.
Mollanəsrəddinçilik
təliminin ədəbi yaşarlığını təsdiq
etmək baxımından dahi Üzeyir Hacıbəyovun
mülahizələri mollanəsrəddinçi irsə
münasibətə dair ən ümumiləşdirici, yekun qənaətdir:
“Bir-iki nəfər məmmədquluzadələrin, nemanzadələrin
ölümü ilə elə bilirsiniz ki, “Molla Nəsrəddin”i
öldürəcəksiniz? Hərgah xalqımızın bu
mücahid fədakarlarının qətlinə əl
qalxıza bilən bir dəni və bir əclaf tapılsa da,
bunu bilməlisiniz ki, onların xudanəkərdə ölməkləri
ilə yaratdıqları fədakarlıq, ali
fikirlər ölməz. Bunu biləsiniz ki, “Molla
Nəsrəddin”i öldürmək mümkün olsa da mollanəsrəddinçiliyi
öldürmək olmaz”.
Cəlil Məmmədquluzadənin ölməz və
parlaq sənəti “Molla Nəsrəddin” jurnalının həmişəyaşar
ənənələri, mübariz mollanəsrəddinçilik
təlimi müstəqil Azərbaycanın tərəqqisinə
etibarlı dəstək, sabaha gedən yollarına işıq
salır. Deməli, Mollanəsrəddinçilik təlimi davam
edir. Müasir Azərbaycan ədəbiyyatında
tənqidi-realist meyllər, satira, vətəndaşlıq cəsarəti,
dərin milli düşüncə, Azərbaycançılıq
məfkurəsi yaşadıqca “Molla Nəsrəddin” ənənələri
də, mollanəsrəddinçilik təlimi də
yaşamaqda davam edəcəkdir. Azərbaycan ədəbiyyatının,
mətbuatının, ictimai fikrinin və karikatura sənətinin
son yüz ildən artıq dövrdəki bütün əsas
inkişaf istiqamətlərinin hamısında Mirzə Cəlil
irsindən və “Molla Nəsrəddin” ənənələrindən
“bir duz” vardır. Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin görkəmli yazıçı və
ictimai xadim, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin
anadan olmasının 140 illiyinin qeyd edilməsi
haqqındakı 6 fevral 2009-cu ildə imzalanmış
mühüm tarixi əhəmiyyətə malik olan sərəncamı
geniş mənada mollanəsrəddinçi ədəbiyyatın
ölkəmizdə müstəqillik dövrünün ədəbi-ictimai
fikrinin inkişafındakı, milli-mənəvi dəyərlərin
daha da dərinləşməsindəki, cəmiyyət həyatının
müasirləşməsindəki roluna və təsir
imkanlarına dövlət səviyyəsindəki qiymətin
parlaq ifadəsidir.
Cəlil Məmmədquluzadənin irsi həmişə
aktual və müasirdir. Xalq yazıçısı Anarın
yazdığı kimi, “böyük yazıçılar
bütün nəsillərin övladlarıdırlar. Cəlil Məmmədquluzadə
babalarımızın, atalarımızın mənəvi
yaşıdı idi. Bizim nəsil də
ona öz yaşıdı kimi, bizim mənəvi problemlərimizə
cavab verən müdrik qardaşı kimi baxır. Mən
bilirəm, bizim nəsil də gedəcək,
...amma o qalacaq və oğlumun yaşıdı
olacaqdır. O, hər nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu
yenidən kəşf edəcək, öz yaşıdları,
müasirləri kimi tanıyacaq və övladlarına bəxş
edib gedəcəklər”.
Həqiqətən də Mollanəsrəddinçilik təlimi,
Mirzə Cəlil irsi müstəqillik dövrünün yeni
tipli mollanəsrəddinçi yazıçıları ilə
öz sıralarını daha da zənginləşdirir və
möhkəmləndirir. Bu mükəmməl təlimin fəlsəfəsi
ədəbiyyatın millətə və məmləkətə
xidmət etməsində məna tapır.
İsa HƏBİBBƏYLİ,
Naxçıvan Dövlət
Universitetinin
rektoru, akademik
525-ci qəzet.-
2012.- 24 aprel.- S.4.