Koray Tarqay: “Gələcəkdə
aksiyalar üçün daha mərkəzi hissələrdə
yer ayrılacaq”
“EUROVISION” NIYƏ BOYKOT EDILMƏLIDIR,
GUYA BAŞQA ÖLKƏLƏRIN PROBLEMLƏRI YOXDUR?”
ATƏT-in BAKI OFİSİNİN RƏHBƏRİ,
SƏFİR KORAY TARQAYIN APA-ya MÜSAHİBƏSİ
– Cənab
səfir, Azərbaycan ATƏT-ə üzvlüyünün 20
illiyini qeyd edir. Azərbaycanla ATƏT arasında münasibətlərinin
bugünkü səviyyəsini necə qiymətləndirirsiniz?
Azərbaycan ATƏT-in üzvü olaraq hansı nailiyyətlər
əldə edib və ATƏT-in qarşısındakı
öhdəliklərini necə yerinə yetirir?
– Azərbaycanın
ATƏT-ə tərəfdaş olmasından bu yana 20 il
ötür və deyə bilərəm ki, bu müddətdə
Azərbaycan önəmli məsafələr qət edib. Təbii
ki, ATƏT-ə üzv olarkən imzalanmış sənədlər
çərçivəsində bəzi öhdəliklər də
mövcuddur. Bunların başında söz
azadlığı, toplaşma azadlığı, birləşmə
azadlığı kimi demokratiyanın təməlləri,
insan haqlarını əhatə edən məsələlər
var. Qeyd etdiyim kimi, ötən dövrdə istənilən
nöqtəyə gəlindi və nailiyyətlər əldə
olundu. Amma Azərbaycanın bir dövlət olaraq önündə
daha yeni məsafələr var. Bu o demək deyil ki, Azərbaycan
bu məsələdə yavaş və istəksiz davrandı.
Təbii ki, hər kəs Azərbaycanın inkişafı
üçün əlindən gələni edir. Bunu
düşünmək lazımdır ki, 70 il bir rejimdə
yaşamış xalqı bir gecədə dəyişmək
mümkün deyil. Düşüncə sisteminin dəyişməsi
lazımdır. Bu proses Qərb ölkələrində 200 il ərzində
və böyük çətinliklərlə
formalaşıb. Bütün bunları nəzərə
aldıqda Azərbaycanın qət etdiyi məsafə çox
böyükdür deyə bilərik. Bundan sonra da inkişaf
davam edəcək. Sual oluna bilər, Azərbaycan bunu ATƏT-in
iştirakı olmadan həyata keçirə bilərmi? Əlbəttə
ki, bilər. ATƏT sadəcə, bu sahədə köməklik
edir və Azərbaycanın bu yolunun qısaldılmasına
yardım göstərir. Gördüyümüz kimi, iqtisadi
sahədə də Azərbaycan böyük məsafələr
qət edib. Bəlkə də bu gün demokratikləşmə,
hüququn aliliyi sahələrində inkişaf yetərincə
deyil. Lakin bunu düşündükdə 20 il, 70 il öncəni
də düşünmək lazımdır.
– ATƏT-in
Bakı ofisi Azərbaycanda müxtəlif sahələrdə
layihələr həyata keçirir. Bu il üçün
müvafiq layihələr hansı sahələri əhatə
edir?
– ATƏT-in
dəstəyi ilə Azərbaycanda “Məişət
zorakılığının qarşısının
alınması haqqında” qanun, “Milli Preventiv Mexanizmin
yaradılması haqqında” qanun qəbul edilib. Biz ATƏT-in
Bakı ofisi olaraq Qərb ölkələrinin təcrübəsini
gətirdik, mütəxəssislər dəvət etdik və
layihələrin reallaşdırılmasına dəstək
olduq. Biz şübhəli şəxslərin, ittiham
olunanların hüquq və azadlıqları ilə
bağlı qanun layihəsinə də dəstək göstərdik.
Həmçinin “Cəmiyyət dəstəkli polis” layihəsini
reallaşdırdıq. Ümumilikdə hər il 80-90 layihə
həyata keçiririk.
– 2012-ci
ildə ATƏT-in Bakı ofis əsasən siyasi
kampaniyaların təşkili və kütləvi tədbirlərin
idarə edilməsi ilə bağlı polis üçün təlimlər
keçirib. Demək olarmı ki, hazırda bu sahə ATƏT-in
Azərbaycanda fəaliyyəti çərçivəsində
prioritet sahədir?
– Qeyd
etdiyiniz sahədə çox yaxşı nailiyyətlər əldə
edildi. Son 10 illikdə dünyanın müxtəlif ölkələrində
bu sahədə çalışmalar həyata keçirilir,
artıq dünyada avtoritar polis dönəmi başa
çatmaqdadır. Cəmiyyətlə polis əlaqələrinin
gücləndirilməsinə nə qədər nail olsaq, o qədər
çox nailiyyətlər əldə edilmiş oluruq. Bizim həyata
keçirdiyimiz layihədə bir komponent də polis qüvvələrində
qadın heyətin sayının artırılmasıdır.
Düşünürük ki, bu da polisə əlavə
imkanlar təmin edəcək. Çünki qadın məmurlar
qadın və uşaqlarla daha yaxşı davranır və
özəlliklə uşaqların doğru yola yönləndirilməsi,
uşaqların narkotik vasitələrə cəlb
olunmasının əngəllənməsində mühüm
rola malikdirlər. Bundan başqa, ATƏT-in Demokratik Təsisatlar
və İnsan Haqları Ofisi vasitəsilə Azərbaycanda həm
yerli, həm də əsas seçkiləri müşahidə
edir, öz tövsiyələrimizi hökumətlə
paylaşırıq. Eyni qaydada məhkəmələrdə
monitorinqlər aparırıq. Həbsxanaları ziyarət edir
və oradakı şəraitlə tanış oluruq.
Monitorinqlər zamanı müşahidə olunmuş problemləri,
çatışmazlıqları müvafiq nazirliklərlə
müzakirə edirik. Məqsədimiz bundan istifadə edərək
hökuməti sıxışdırmaq deyil, öz təsbitlərimizi
müvafiq qurumlarla paylaşıb, problemlərin aradan
qaldırılması üçün nələr edə biləcəyimizi
müəyyənləşdirmək və bunlara görə
çalışmaqdır. Bu yolla Azərbaycana daha çox
yardımçı olmağa çalışırıq.
Bizim ictimai tədbirlərdə polisin davranışı ilə
bağlı layihəmiz var. Bəlli olduğu kimi, insanlar bir
yerə toplaşarkən xoşagəlməz hallar ola bilər.
Bu da provokasiya ehtimalı da olduğu zaman zərər verə
bilir. Bu baxımdan da layihə çərçivəsində
polisə nümayişlərdə, xüsusilə də
müxalifətin təşkil etdiyi nümayişlərdə
davranış qaydaları aşılanır. Layihə çərçivəsində
inkişaf etmiş ölkələrdən dəvət
etdiyimiz mütəxəssislər bir qrup polisə bu
mövzuda treninqlər keçir. Öz növbəsində, təlimlərdə
iştirak etmiş polis heyəti də digərlərinə.
Hazırda bizim dəvət etdiyimiz alman polis zabitləri Azərbaycandadır.
Biz bu layihə çərçivəsində indiyədək
Azərbaycandakı mövcud 25 minə yaxın polisin 8 mindən
çoxuna təlimlər keçmişik.
– Bu təlimlərin
effekti oldumu?
– Əlbəttə
oldu. Keçirilən son nümayişlərdə biz bunu bir
daha müşahidə etdik. Məsələn, son aksiyalarda bir
hadisə baş vermədi. Nümayişçilər də,
polis də qaydalara uyğun davrandılar. Ümumilikdə
treninqlər nəticələrini verir.
– Müvəqqəti
saxlama yerlərində keçirilən monitorinqlərin nəticələri
barədə nə deyə bilərsiniz?
– Onu deyim
ki, müvəqqəti saxlama yerlərində vəziyyət əvvəlki
illərlə müqayisədə yaxşılaşıb. Bu
yaxınlarda Mingəçevir və Şəkiyə səfər
edərək vəziyyətlə tanış oldum. Bəzi
yerlərdə binaların fiziki cəhətdən çox
köhnə olması da vəziyyətə təsir göstərir.
Amma hökumət öz üzərinə düşən
işləri görür, şəraiti
yaxşılaşdırır. Müşahidələr
göstərir ki, müvəqqəti saxlama yerlərində
saxlanılanların vəkillə əlaqə saxlamalarında
müəyyən sıxıntılar olur. Bunda da polis
günahkar deyil. Ona görə ki, ölkədə vəkil
azdır. 190 min nəfər əhalisi olan Şəkidə 2,
Gəncədə 3, Mingəçevirdə 3, Sumqayıtda 27 vəkil
var. Ölkədə hakimlərin sayı 633 nəfərdir.
Bu, hökumətin qəbahəti deyil. Hökumət
keçmiş rejimdən alınmış mirası düzəltməyə
çalışır. Bizə verilən məlumatlara görə,
regionlarda yeni məhkəmə binaları, cəza evləri
açılır. Həbsxanalardakı vəziyyət bizim
ekspertlərin bildirdiyinə görə, Avropadakı orta şərtlərin
üzərindədir. Yeni tikintilərdə şərait daha
yüksəkdir. Amma sovetlərdən qalma cəza evlərində
şərait istənilən səviyyədə deyil. Burada
yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, məsələ
tək yeni bina tikmək deyil, orada qanunları təmin edənlərdir.
Yəni həbsxana nəzarətçilərinin qanunvericiliyə
riayət etməsidir. Keçirilmiş treninqlər nəticəsində
bu sahədə çalışanların davranışı
da xeyli yaxşılaşıb, ciddi inkişaflar var.
– Bəs
işgəncə faktları necə, varmı?
– Azərbaycanda
işgəncələr siyasi baxımdan yasaqlanıb və
bununla bağlı mövqe ortaya qoyulub. Amma praktikada hər bir
ölkədə olduğu kimi, burada da belə hallara rast gəlinir.
Bu da əsasən saxlanılan şəxsin hadisə yerindən
saxlama mərkəzinə, bir yerdən başqa yerə
aparıldığı məqamlarda olur. Yəni insan müqavimət
göstərir, əmrə tabe olmur və bu zaman belə hadisələr
baş verir. Bu utanılacaq bir şey deyil. Bütün ölkələrdə
var. Sadəcə, bu kimi halları ortaya çıxarıb
aradan qaldırmaq lazımdır. Mən təbii ki, hökumətin
vəkili deyiləm. Olanları demək lazımdır.
Xoşagəlməz halları da aradan qaldırmaq
lazımdır və bu işlərdə hökumətə
kömək oluruq.
Azərbaycanın
diqqətə alınacaq özəlliklərindən biri də
ərazi bütövlüyünün pozulması və təhlükəsizlik
problemidir. Son 150 ildə Azərbaycan dünyanın əsas
neft mərkəzlərindən biridir. İndi də neft və
qaz kəmərləri keçir. Ona görə də hər
kəsin gözü buradadır. Bütün bunlar da təhlükəsizliklə
bağlı əndişələr yaradır. Onları da diqqətə
almaq lazımdır.
– Siz ATƏT-in
Bakı ofisinin Azərbaycanın hakim və müxalifət
partiyalarının iştirakı ilə təşkil etməyi
nəzərdə tutduğu siyasi dialoqun keçirilməsinə
ehtiyac qalmadığını, qanun layihəsində gözəl
dəyişiklər və nümunələr olduğunu bəyan
etdiniz. Fikrinizcə, “Siyasi partiyalar haqqında” qanun layihəsi
ATƏT-in standartlarına tam uyğundur? Halbuki Venesiya
Komissiyası “Siyasi partiyalar haqqında” qanununa dəyişikliklər
layihəsində bir sıra qüsurlar olduğunu bildirib,
partiya üzvlərinin minimal sayının 1000-dən 5000-ə
qaldırılmasının, xarici vətəndaşların
siyasi həyatda iştirakının qadağan edilməsinin
yolverilməzliyini qeyd edib...
– “Siyasi
partiyalar haqqında” qanuna son dəyişikliklərlə də
bağlı onu deyə bilərəm ki, bu dəyişiklik
demokratikləşmə baxımından irəli
atılmış bir addımdır. Prinsip olaraq problemlər
yoxdur. Daha yaxşı ola bilərdimi? Əlbəttə ola bilərdi.
Bizim bu qanunla bağlı dəyərləndirməmiz müsbətdir.
Burada mübahisə yaradan bir məsələ vardı – siyasi
partiyanın yaradılması üçün tələb
olunan imza sayı ilə bağlı. Onu da
çıxarıblar. Onunla bağlı müxalifət
partiyalarında narazılıqlar vardı. İndi bunun tətbiqinə
baxmaq lazımdır. Ümumilikdə dəyişikliklər
Venesiya Komissiyasının mövqeyinə əhəmiyyətli
dərəcədə uyğundur. Vətəndaşlığı
olmayanların siyasi həyata qatılması ilə
bağlı bir-iki məsələ var ki, o da gələcəkdə
siyasi ehtiyaclara uyğun düzənlənə bilər. Mənim
şəxsi fikrimcə, bu, ölkənin təcili ehtiyacı
deyil. Ola da bilər, olmaya da...
– Gələcəkdə
müxalifət və iqtidar partiyaları arasında siyasi
dialoqun keçirilməsi planlarınızda varmı?
– Biz
müxalifət və iqtidar arasında dialoqun keçirilməsində
əlimizdən gələni mümkün qədər edə
bilərik. Bununla yanaşı, Azərbaycanın daxili siyasətinə
qarışmaq istəmirik. Bizdən hər iki tərəfdən
bir tələb olursa, hansısa addım ata, özümüz
də bu məsələni təklif edə bilərik. Təbii
ki tərəfləri zorla dialoqa gətirə bilmərik. Bizim
indiyədək bununla bağlı təkliflərimiz olub.
–
Müxalifətin kütləvi aksiyalarına münasibətiniz
necədir? Aksiyaların keçirilməsi üçün
hakimiyyət tərəfindən yaradılan şərait ATƏT-in
Bakı ofisini qane edirmi? Ofisin əməkdaşlarının
aksiyalarda müşahidələr aparmasında məqsəd nədir?
– Beş
ildən bəri ilk dəfə rəsmi olaraq aksiyaların
keçirilməsi üçün yer hər iki tərəf
arasında razılaşdırıldı. İkincisi, aksiyalar
problemsiz keçdi. İctimai aksiyalarda məqsəd fikirləri
insanlara aşıqlamaqdır. Boş ərazinin ortasında
300-500 nəfər toplaşıb nə deyir desin, effekti
olmayacaq. Nümayişlərdə məqsəd fikirlərini
kütləyə çatdırmaqdır. Kimsə bunu bəyənər,
ya bəyənməz, onun öz işidir.
Düşünürəm ki, gələcəkdə
aksiyaların keçirilməsi üçün gündəlik
həyata təsir göstərməyəcək daha mərkəzi
yerlərdə yer veriləcək. Yüksək səviyyəli
hökumət rəsmiləri bununla bağlı fikirlərin
olduğunu söyləyirlər. Hesab edirəm ki, şəhərin
mərkəzində və bəzi yollarında tikinti işləri
başa çatandan sonra bununla bağlı da müəyyən
qərarlar qəbul ediləcək. Düşünürəm
ki, nümayişçilərin öz fikirlərini daha
geniş kütlələrə çatdırması
üçün mərkəzdə yerlərin seçilməsi
lazımdır. Əgər insanlar yıxıcı, etikadan kənar
məsələlər istisna olunmaqla, toplaşmaq istəyirlərsə,
buna izn vermək gərəkdir.
– Müxalifətdə
belə bir fikir səslənir ki, ATƏT demokratikləşmə
məsələsində hökumətə yetərincə təzyiq
göstərmir. Siz bu fikri necə
qarşılayırsınız?
– Bizim vəzifəmiz
təzyiq göstərmək deyil. Düşünürəm
ki, o zaman lazımi nəticəni də ala bilmərik. Biz
müfəttiş deyilik. Vəzifə təlimatımız Azərbaycanın
da daxil olduğu 56 ölkə tərəfindən qəbul
olunub. Azərbaycan müstəqil ölkədir. Hansısa məsələdə
iştirakımız, tövsiyələrimiz ola bilər.
Narahatlıqlarımızı müvafiq məqamlarla
paylaşır, həllinə çalışırıq. Biz
də təzyiq göstərməyə çalışar və
müdaxilə edəriksə, bir müxalifət partiyası və
ya QHT kimi olarıq. Təzyiqin ölçüsü
olmalıdır.
– Vətəndaş
cəmiyyəti ilə bağlı qanunvericiliyi necə qiymətləndirirsiniz?
– Azərbaycanda
vətəndaş cəmiyyəti çox sürətlə
inkişaf edir. Ötən 20 il içində çox sayda QHT
yaradılıb, onların böyük əksəriyyəti də
fəaliyyət göstərir. Bir faktı deyim ki, 1988-ci ildə
Türkiyə Avropa Gömrük Birliyinə girdikdə ölkədə
Qızıl Aydan başqa vətəndaş cəmiyyəti
yox idi. Ölkəyə yararlı vətəndaş cəmiyyəti
lazımdır. Biz QHT-lərlə sıx əməkdaşlıq
edir və yaxşı nəticələr alırıq. Təbii
ki, vətəndaş cəmiyyətləri demokratikləşmədə
vazkeçilməz elementdir. QHT-lər qurucu olmalı və
yerli orqanlarla yaxşı münasibətlər
qurmalıdırlar. O şəkildə inkişaf etməlidirlər.
– Azərbaycanda
medianın durumu ilə bağlı müzakirələrin
aparılması üçün ATƏT-in layihələri
varmı?
–
Medianın maliyyə problemi var. Bunun çözülməsi,
medianın maliyyə asılılığının
azaldılması çox vacib məsələdir. İkincisi
isə araşdırmaçı jurnalistikanın
inkişafı vacibdir. Bu mövzuda çalışmalar
lazımdır. Mediada diffamasiyanın
dekriminallaşdırılması da vacib aspektlərdən
biridir. Düşünürəm ki, bu məsələ
yaxınlarda gündəmə gələcək.
–
“Eurovisionu” izləyəcəksiniz?
– Dəvət
gəlmədi. Amma izləyəcəyəm. İstərdim ki,
bu dəfə də qalib Azərbaycan olsun.
– Bəzi
təşkilatlar tərəfindən xarici media orqanlarında
“Eurovision”un Azərbaycanda keçirilməsinin boykot edilməsi
ilə bağlı çağırışlar səslənir,
kampaniyalar aparılır. ATƏT bu məsələyə necə
baxır?
– Mənim
qənaətimə görə, bu cür tədbirlər boykot
olunmamalıdır. Əksinə, bundan istifadə edib, ölkənin
dünyaya tanıdılması və demokratik dəyərlərə
daha sürətlə inteqrasiya olunmasına
çalışmaq lazımdır. Bu gün Azərbaycana diqqətin
artması istər hökumətin, istərsə də vətəndaşların
üzərinə müəyyən məsuliyyət qoyur.
Boykot niyə edilməlidir, guya başqa ölkələrin
problemləri yoxdur? Burada vahiməli vəziyyət yoxdur və
boykot doğru nəticələr verməz. Heç
keçmişdə də bu yarışmanın boykot
edildiyini görmədim.
–
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı Azərbaycana ATƏT rəsmilərinin səfərləri
nəzərdə tutulurmu?
– ATƏT
rəhbərliyi hər dəfə dəyişdikdə üzv
ölkələrə səfərlər olur. Hazırda təşkilata
İrlandiya rəhbərlik edir və rəhbərlik növbəti
il Ukraynaya keçəcək. İrlandiya xarici işlər
nazirinin regiona ziyarətini gözləyirik. Səfər aprel
ayının əvvəlinə
planlaşdırılırdı. Lakin İrlandiyada daxili
proseslərlə bağlı səfərin tarixinə dəyişiklik
edildi və düşünürəm ki, önümüzdəki
aylarda baş tutacaq. ATƏT-in baş katibi Lamberto Zanyerinin də
bu vəzifədə bölgəyə səfəri gözlənilir.
Səfərin tarixi önümüzdəki aylarda təyin ediləcək.
ATƏT-dən olan rəsmi səfərlərdə Qarabağ
məsələsi və bizim ofisimizin fəaliyyəti
müzakirə olunur. Hər halda, hər iki rəsmi şəxsin
görüşlərində əsas müzakirə mövzusu
Qarabağ münaqişəsi olacaq.
525-ci qəzet.-
2012.- 24 aprel.- S.1.