Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” Tbilisidə müzakirə edilib

 

Aprelin 18-21-də Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu İ.Cavaxişvili adına Tbilisi Dövlət Universiteti, Türkiyənin Ərdahan Universiteti, Qafqaz Universitetlər Birliyi, Türk Dünyası Mühəndislər və Memarlar Birliyi və Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondu ilə birgə Gürcüstanın paytaxtı Tbilisi şəhərində “Qafqaz xalqlarının folkloru və linqvokulturologiyası” adlı beynəlxalq elmi simpozium keçirib.

Simpoziumun təşkilat komitəsinin həmsədrləri filologiya üzrə elmlər doktoru Muxtar İmanov (AMEA Folklor İnstitutunun direktoru), professor Aleksandr Kvitaşvili, professor Ramazan Korkmaz, Düsen Kaseinov, professor İlyas Dəmirçi, professor Cingiz Alyılmaz, professor Coni Apakidze, elmi heyəti isə professor Tsira Baramidze, professor Kamran Əliyev, professor İsrafil Abbaslı, professor Füzuli Bayat, Əli Şamil, dosent Afaq Ramazanova və digər tanınmış elmi mütəxəssislər olub.

Simpoziuma müxtəlif ölkələrdən (Azərbaycan, Gürcüstan, Rusiya, Türkiyə, Rumıniya, İran, Qazaxıstan, Türkmənistan) 200-ə yaxın araşdırıcı qatılıb. Simpozium Azərbaycan, gürcü, türk, ingilis və rus dillərində aparılıb.

Simpozium görkəmli alim, şair, pedaqoq və ictimai xadim, filologiya elmləri doktoru, professor Valeh Hacıların (Valeh Alpaşa oğlu Hacıyevin) xatirəsinə həsr olunub. Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Valeh Hacılar uzun illər Azərbaycan-gürcü ədəbi əlaqələrini tədqiq edib. Valeh Hacılar istər ədəbi əlaqələr, özəlliklə folklor əlaqələri, istərsə də Borçalı-Qarayazı və Axıska – Cavaxetin türkdilli folklor ənənələrinin toplanması, tədqiqi, nəşri, istərsə də Gürcüstan arxivlərindəki milli arxiv nümunələrinin aşkarlanması, gürcü dilinə tərcüməsi və nəşri məsələlərinin tədqiqi sahəsində olduqca geniş və məhsuldar işlər görüb, folklorşünaslığımıza əvəzolunmaz töhfələr bəxş edib. Valeh Hacılar göstərdiyi xidmətlərinə görə 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilib.

Simpoziuma Folklor İnstitutu başda olmaqla, Elmlər Akademiyasının digər institutlarından, ali təhsil ocaqlarından da əməkdaşlar qatılıb. Gürcüstandan isə İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru prof.dr. Aleksandr Kvitaşvili, Ərdahan Universitetinin rektoru, Qafqaz Universitetlər Birliyinin başqanı prof.dr.Ramazan Korkmaz, Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondunun başqanı prof.dr.Cengiz Alyılmaz, Suxumi Dövlət Universitetinin rektoru prof.dr.Coni Apakidze, Qafqazşünaslıq İnstitutunun direktoru prof.dr.Tsira Baramidze, Gürcüstan prezidenti Mixail Saakaşvilinin anası, “İnternational Black Sea” Universitetinin rektoru, “Gürcüstan və Azərbaycan Dostluq Evi”nin rəhbəri, türkoloq professor Giuli Alasaniya da qatılıb.

Açılışda prof.dr. Aleksandr Kvitaşvili, prof.dr.Tsira Baramidze, Azərbaycan nümayəndə heyəti adından prof. Füzuli Bayat, Ardahan Universiteti adından rektor yardımçısı çıxış ediblər.

Simpoziumun açılış günü Valeh Hacılar Uluslararası Elmi-Mədəni Tədqiqat Fondunun başqanı prof.dr.Cengiz Alyılmaz Fond adından ödüllər verib. Ödüllərə layiq görülənlər arasında AMEA Folklor İnstitutu, Suxumi Dövlət Universitetinin rektoru professor Coni Apakidze ilə yanaşı türkoloq professor Giuli Alasaniya da olub.

Tbilisi Dövlət Universitetində və Suxumi Dövlət Universitetində keçirilən simpoziumda “Türkologiya və Qafqazşünaslığın problematikası”, “Qafqaz xalqlarının folkloru”, “Qafqaz xalqlarının tarixi və mədəniyyəti”, “Qloballaşmanın ailəyə, mədəniyyətə, folklora təsiri”, “Linqvokulturologiya” (areal linqvistika, tipologiya və komparavistika)” mövzuları üzrə məruzələr dinlənilib.

Aprelin 21-də isə iştirakçılar Dumanis qalası və Dumanis Arxeoloji Muzeyini, Bolnisi rayonunun Darvaz kəndində Valeh Hacıların məzarını və ev- muzeyini ziyarət edib.

 

 

GÜNEL

 

525-ci qəzet.- 2012.- 26 aprel.- S.7.