Kölgəsindən
çıxan şair
Adətən şairlər Allahın üzünə ağ olanlardır, ona üsyan edənlərdir.
Həm də Allaha daha yaxındılar, daha məhrəmdilər və bu şıltaq gəlb, sürüşkən qələm sahibləri Yaradanın ətəyindən yapışıb, rüzgar əsəndə budaqlardan qopub çınqıl misralarla başlara yağırlar. Birinə gül ləçəyi yağışı, başqalarına tale daşları kimi görünər bu misralar. Azərbaycan poeziyasında öz layiqli yerini tutmuş Vaqif Bəhmənli hər şeirini sevə-sevə oxuduğum ayıq və həssas şairdir; kobud, qaba dünya reallığını olduğu kimi görür və ədəbiyyata gətirir.
Şairlərdən yazanda onların kitablarını ələk-vələk etmirəm, əvvəlcə fəhmlə vərəqləyirəm. Sanki üç-dörd yaşlı uşağın əlinə şəkilli kitab veriblər. Uşaq nə edir? Kitabı sinəsinə sıxır, dişinə vurur, əzir, sonra vərəqləmək gəlir ağlına. Mütləq xoşuna gələn şəkilləri cıracaq, özünün olsun; pis şəkilləri qopardacaq, gözü görməsin. Vaqif Bəhmənlinin üç cildlik “Poeziya” kitablarını gözümə, könlümə yığıb, bəzən də bir şeirini dəfə-dəfə oxuyub, yenidən “Səndən özgə” kitabına qayıdıram. Çox uğurlu kitabdır, adı da ürəyimə yatır, üzü dünyanın dərdini, qəhrini çəkən şair ürəyi kimi qançır-qançırdır.
Bu dünya nədi ki, dünənin ardı,
Kişidən kişiyə keçiddi, qardaş!
Bu şeir “Yeriyərkən dediyim şeirlər” bölməsinə salınıb. Yəqin ona görə ki, ata-baba yurdu düşmən tapdağında olan bir şair qeyrət şeirlərini elə ayaqüstdə yazmalıdır.
Vaqif Bəhmənli həmişə axtarışda olan şairdir, bozsifət həqiqəti geyindirir-gecindirir, lakin çoxlarından fərqli olaraq onu ürəyində isidib, ruh verir, sonra ədəbiyyata gəlin gətirir: “Bəlkə kainatın göz yaşlarıdı – quruyub yerində dağlar qalıbdı?!”
Onun hər misrasından Tanrı sevgisi qanadlanır. İlahi hisslərin notları “Sevgi nədir” şeirini həzin melodiya kimi səsləndirir:
Sevgi qədim
bir adətdi,
Səni
candan alır, alır...
Çox
qəribə ibadətdi –
Canı
dindən alır, alır...
Qələmi əlinə alanda kövrəkləşir. “Kərəm, Tanrım”
şeirində hissləri sarı simə düzənlənir:
Sevda
quşum darı gəzir,
naçar əlim narı gəzir...
Gül
boylanıb arı gəzir,
Kərəm elə, tanrım kərəm.
Kaş bütün insanlarda Allah sevgisi öz
boylarından uca olaydı – Vaqif Bəhmənli sevgisi kimi. Elə uca ki dəftərinə,
qələminə, dilinə belə sadiq olsun, onları Allah
ucalığında görsün, belə sevsin, ucaltsın.
Bir
gün alnım tərləyəcək
yiyəm
gəlib vərləyəcək...
fəhm
etmə ki, hərləyəcək
mən
ürəyi, ürək məni?
Şair
etiraf edir ki, söz axtarışında olanda “dördqat
bükülürəm”, “yaxa cıra-cıra, üz
yırta-yırta ölü götürürəm elə bil
yerdən”, “şilləni çırpıram varaqda ikən
ağzının üstünə nadürüstlərin”,
”pud-pud ət kəsilir sanki ətimdən”...
Sözlərdən
nərdivan düzəldirəm ki,
Yetsin ətəyinə
əlim Allahın –
Mən
belə yazıram şeirlərimi...
Onun ilham pərisi göylərdən qopub, Yer
reallığına qonmağı da bacarır. Deyəndə ki, “sətirlər
sonunda nöqtə yerinə bir damla qanlı göz yaşı
qoyuram”, bilirsən bu qanlı göz yaşı Qarabağ xəcalətimizdir,
canımızdakı yurd dərdləridir!
lll
İdealizm
kobud maddi dünyanın obrazlı tərəfidir,
çünki ona əl-ayaq, cırmaq-dırnaq dəymir; həm
də poeziyadır!
İnsan ömrü boyu dünyanı dərk etməyə
çalışır, lakin bu cəhdlər o qədər
uğursuzdur, qəflətən beynin qısa qapanmasında səni
ildırım vurur, ey qafil, demə indiyədək səni
şübhə hərləyib, nə üçün
dünyanın dərk edə bilməməyinin səbəbini
arayırmışsan. Vaqif Bəhmənli “Yuxu” şeirində belə qənaətə
gəlir:
Pərdə
ki çəkildi, boylanıb dedim:
Görən bu səhnənin harası yuxu?
Vaqif Bəhmənli
deyir: “Əslində maddidən başqa yerdə qalan hər
şey... yaddaşdır”. Onun bütün
şeirlərində mövzular öz fəlsəfi
halını tapır – hətta sirrinə, dərinliyinə
bü günəcən vara bilmədiyimiz yuxu da.
Tanrım, harayıma qulaq vermisən?
Dərdimi
nə yaman şuluq vermisən!
Heç
demə, ömür yox, yoxluq vermisən;
Yoxluqla
yoxluğun arası yuxu...
Həyatı səhnə kimi təsəvvür edən
şair bilir ki, insana verilən qısa ömrün
yarısı yuxudur və sonacan dərk edə bilmədiyimiz
dünyanın sonunda gözlərimiz iki sual işarəsi kimi
qapanır.
Daha nə
fərqi var gündüz-gecənin
Ağı göz yaşıdı, qarası yuxu.
Tanrının
verdiyi ömrün “yarısı yuxu”dusa, “dən gəzən
toyuğun darısı yuxu”dusa, fani dünyaya uyan nadan
qocanın “böyründə uzanan qarısı” yuxudusa, o
zaman həyatın mənası nədir?
Düşünürsən,
İlahi, əgər şair deyirsə, “zillətlə tikilən
sevda qəsrinin
qapısı mürgüdü, barısı yuxu!”, onda insan nə
üçün gəlib dünyaya?
Biz bu dünyaya gəlib, görüb, duyub
yaşadıqca savabları da, günahları da tükənmir. Yüz dəfə,
min dəfə, sonsuz-sonsuz günahlarımızın
astanasına yaxınlaşırıq, çox zaman
qapısından keçirik.
Qapıdan
o yana ulu günahlardır, lakin taleyin biz bəndələri
tuş gətirdiyi günahlar da var ki, onlar daha aldadıcı
və cəlbedici olurlur, “yolun üstə bitən gül
ümidləri” və baxtımızı dünyanın
istehzasına tuş edirlər.
Bu yerdə
qəflətən ağlıma gəldi ki, “bəndə” yəqin
bənd sözündəndir – kiməsə, nəyəsə
bənd olmaq!
“Bənd olmaq” – sən olmayandan asılılıq, insan
duyğularının çarmıxa çəkilməsi.
Həm də özündən qopub özgələşmək. Belə anlarda
insan kənardan özünü daha yaxşı görür və
görünür. Günahlarından qopub
qurtulmaq üçün çırpınır. Bu da bir şair aləmidir.
Ruhum qanad
çalır dörd divarına,
Kor
gözüm dirənir dərd divarına...
Düşmüşəm
içimin dərd diyarına
Qürbət
də özüməm,
qərib
də özüm...
“Tut ruhumdan, qaldır, qələm” deyən Vaqif Bəhmənlinin
könül, bəxt evinin indi üç sütunu var,
üç sütun belə nəhəng şeir imarətini
çox saxlaya bilməz. Atalar bu dəfə üçdən deməyib;
dördüncü, beşinci... sütunlar qərib ellərimiz,
Təbriz, Qarabağ, Göyçə... olacaq.
İnanıram!
Bu üç kitabdakı şeirlərin
bağlamasını açmaq istərkən
dolaşığa düşürəm, çünki Vaqif Bəhmənli
artıq öz sözlərini deyib, mənsə onun
üç nöqtəsini axtarıram.
Üç nöqtənin sonusa sonsuzluqdur.
Elə də
oldu, mən bu yazını ürəyimin süzgəcindən
keçirib arıtlayana kimi şair qardaşımın yeni
kitabı işıq üzü gördü
lll
Şairlər sevdalı olmayanda sevdalar sürgün
düşür. Ruh məqamında gözəllik
Allahın nurudur.
Gözəllik nədir? Gözəl
saydığmız doğrudanmı gözəldir? Doğrudanmı, dünyanı gözəllik xilas edəcək?
Bu, poeziyanın əbədi sualıdır.
Vaqif Bəhmənlinin üç cildlik kitabında belə bir
bölmə var: “Gözəl üz”.Onun “Gözəllik”
şeirində zahirən sadə görünən bu mövzu
yeni məna kəsb edir, “gözəllik” fəlsəfi
kateqoriya kimi açılır.
Dünyada hər bir məqam Allahın təzahürüdür. Təkrarolunmazdır.
“Gözəl üzlərin divanəsi” filosof
şair gözəlliyi yaranışın nuru hesab edir.
Tanrı
sığal çəkib gözəl üzlərə
Gözəl
üz Allahın şah əsəridir!
Düşüncəylə, savadla belə şeirlər
yazılmır. Belə şeirlər vəhylə gəlir.
İnsanlığı “yaza çıxardan”,
üz qoyduğumuz, tapındığmız gözəl
üzlərdir.
Deyirlər, gözəl üzlərə baxan gec
qocalır.
Qəşəng
üzlər üçün ölürəm, Allah,
Mən
gözəl üzlərin divanəsiyəm!
Bu
bölmədə şairin vəfalı ömür-gün
yoldaşına, sevimli balalarına həsr etdiyi şeirlər
də yer alıb, çünki sevdiyi insanlar da “gözəl
üzlər” cərgəsindədir!
Gözəllik ruhla idrak arasında deyil, duyğular aləminin
zirvəsində dayanır. Bu yerdə şair qəlbinin səsini
eşidir:
Gözəl
üz görəndə ağlım azalır,
Təpədən
dırnağa ürək oluram...
Vaqif Bəhmənli gözəlliyi həm də uca
Tanrı dərgahında arayır. “Milyon yaşlı
sevgi” şeiri gözlərimiz önündə orijinal gözəllik
tablosu kimi canlanır. Mavi dənizdə
Ay
işığında
yaş
bədəni işıldayan
ruh kimi
lal qız...”
yalqız,
yalqız, yalqız...
Vaqif Bəhmənli üçün gözəllik
bunlardır. Şair demişkən, gözəlliyi göz
üzüm kimi dərməlidir.
Gözəllik simfoniyası olan məhəbbətsə
ilğımdır; cox zaman bir büküm meh, bir əlçim
külək, nurlu ləpə, sirli mələk kimi təzahür
edir.
...dəli
–dəli dalğalar,
bir də
Ay
işığı, ay işığı...
Bir də
mən...bir də mən!
Bir dənəm,
bir dənəm!
Bəlkə
də yoxdur məhəbbət! Onu yalnız sevənlər
görürlər. Onu azad ruh sahibləri qəlbimizə
gətirir, dadızdırırlar bizə.
Bəlkə,
bəlkə
O pəri
yoxuymuş,
bir qəmli
yuxuymuş!.
lll
Bu şeirdə bütün şairlərin “milyon ildi
dizlərini qucaqlayıb sahildə dayandıq”ları bir sevgi məqamı
da var.
Ulu sevgilər axıracan vara bilmədiyimiz
yaranışın yaşıdıdır.
“Allahın üzündən gözəl üz yoxdu!” deyən
Vaqif Bəhmənli çoxdan dərk edib ki, Allahın
üzünü görmək bəşər övladına
qismət olmadığı üçün insan ömrü
boyu gözəl üz tamarzısıdır.
Biz çox zaman gözəlliyi dərk etmirik. Günümüz,
güzəranımız şikayətlə keçir, amma
şair üçün də Allah payı ömür də
gözəldir. Gözəllik elə gözəl
ömür timsalında; heyhat hər kəsə qismət
olmur, şair demişkən,
Tale qismətidir düşməz hərəyə.
Şairlər –Tanrı elçiləridir. Torpağa
Allah sevgisiylə üz qoyub, adını yazdığı
üçün hətta şairin dəfn olunduğu yer də
gözəl üzdür.
Məni dəfn
eləyin gözəl üzlərə,
Gözəl
ürəklərə basdırın məni!
“Gözəllik” şeiri həm də Vaqif Bəhmənlinin
kövrək şair aləmidir, onun üçün bir
gözəli aldatmaq dünyanı aldatmaqdır. Qaynar dodağının
gözəllik payını alma tək qızaran qız
yanağında görən şair öz sevdasının “pərişan
telində”, “titrəyən çiynində”, “bir ümid giləsi
gözün içində” gözəllik arayır. Bəzən
elə kövrəlir, hətta qardaş gileyində, dost
qınağında belə gözəllik qismətini gəzir.
lll
Vaqif Bəhmənli təpədən dırnağacan
deyilməmiş sözlərlə yüklənmiş “PAYIZ
ADAMI” adlandırır özünü.
Dedim
gözəllikdən yazanda şair yalnız gözəlləri
anacaq, lakin yenə də qəlbində göynəyən,
gizildəyən yurd niskilini gördüm.
Dağ görürük, çamurlu uçurumların
dibini görürük. Zərrə dərdimizi üfürüb,
şişirdib, gözləri döyənək edirik,
qarışqadan fil düzəldib dahi oluruq. Yalnız gözəlliyi bütöv
görmürük, çünki onun yaradıcısı
Tanrıdır; Tanrı işığı isə bulanıq
ürəklərə düşmür, daş qəlbləri
isitmir.
Tər qönçədən çıxmış
şeirləri o qədər sadədir, o qədər sadədir,
fikirləşirsən belə sadə, belə müdrik necə
yazmaq olar? Bu kitaba elə şeirlər düşüb, bilirsən
onları Vaqif Bəhmənlidən başqa heç kəs
yaza bilməz. Payızın yarpaq
tökümündə “mən özüm düşürəm
məndən düşənlə” deyəndə hər yaz
yarpaqlayan söyüd ağacından fərqlı yaşanan
günlərin təkrarsızlığı hüzn
doğurur.
Dünən
bir
şeir titrədi içimdə
doqquz
bal gücündə.
Kövrək şairin Vətəndən umacağı qələmi,
dəftəri boyda yerdir. “Yurdu külək-külək
varaqlayıram, gül-gül, çiçək-çiçək
varaqlayıram” deyəndə bilin ki, ürəyinə,
gözlərinə yığdığı yurdunda gözəllik
soraqlayır. Şair təzanəsi sürüşüb
yaraya düşən “Sarıtel” şeirinin havasında
“Şuşa gəraylısı”nı
dirildir. “Söz əzabı” şeirində
gözəllik bəşəri zirvəyə qalxır.
Aşıq,
barmaq saxla bax bu pərdədə
Dondur o
simləri o qız qarışıq...
Ağ vərəq
qaranı bağlar başıma...
Çətin
bir də gələm arxlar başına...
Düşmən dayanmayıb, üstümüzə
düşmən gəlir. Qələbə təkcə
silah, hədə-zorba, güc işi deyil, xalqın xəyanətə
qarşı yaddaş, ruh sipəri də olmalıdır.
Vaqif Bəhmənli yaradıcılığında belə mətin
ruh, səbat var. 1993-cü ildə “Vətən, millət”
şeirində yazır:
Gül
anamız quran beşik,
Bələk
bizi bağışlasın,
Duraq qeyrətə
sarılaq,
Ölək!
Bizi bağışlasın
Gözüm
Vətən...Canım millət!
lll
Vaqif Bəhmənli yaradıcılığı
şeirimizn Xudafərin körpüsüdür.
Hər şeyin başlanğıcı nöqtədir. Yer kürəsinin
reallığı isə bundadır ki, hərəkət
müəyyən müstəvidə müəyyən xətt
üzrə dövr etməlidir. O müstəvi quru səhra
da ola bilər, lakin şair qəmli
olduğu üçün cadarlı düz də cənnətə
dönür. Budur, poeziya!
Doğulanda ömür nöqtədir, yaşayırsan,
cığır olur. İnsan fəaliyyətsiz olanda hərəkət
dayanır. Yaşamaqsa eləcə hərəkət
etmək deyil, çünki hər bir hərəkət də
fəaliyyət deyil, yalnız məqsədyönlü hərəkət
fəaliyyət adlana bilər.
Hərəkətin dayandığı yer müəyyən
müstəvidə baş verdiyi üçün Vaqif Bəhmənli
üçün “Öləndə cənnətdi yollar”.
Xudafərin körpüsü vaxt vardı ürəklərin
ortasından keçən şah damardı, indi onları
parçalayan qılınca dönüb. Vaqif Bəhmənlinin
niskilli şeirləri bir havaya köklənib – yurd göynərtisi.
Anlayırsan bu ağrıdan onu heç kim,
heç bir qüvvə – “kitabını örtən fələk”,
həqiqəti görən gözləri, hələ heyini
itirməyən qolları, saldığı izlər, hətta
ölüm belə yayındırmır. ”Xilas eylə”
şeirində o, öz kimliyini qoyur ortalığa və qələmindən
imdad diləyir:
Dünya,
nəyinə qurşandım,
Baş
aşındı, diş aşındı...
Dar
çağımdı, beş
arşınlıq
bezim, məni
xilas eylə!
Şüar
demir, haray salmır, onlar bizə fayda vermədi; deyir ki, qan
yaddaşımızla korşalan
qılınclarımızı itiləməliyik.
Tut
ruhumdan qaldır, qələm,
sözüm, məni xilas eylə!
lll
Ruh elmində belə bir fərziyyə var, yalnız dirilərin
kölgəsi olur. Diri olan isə günəşin, ayın,
ulduzların kölgəsində kölgələnib kölgəli
olur.
Şairlər məhvərindən
çıxmış planetlərdi, dünya nizamını dəyişdirirlər,
pozurlar. Yenini yaradırlar, daha doğrusu, ona düzəliş
verirlər.
Yaradıcılıq həm də xaosdur. Mən bu
stixiyanı Vaqif Bəhmənli poeziyasında görürəm.
Çox vaxt hansı şairinsə bircə
şeirini oxuyuram, şeirə bir ömür kimi baxıram,
xırdalayıram görüm bu ömür necə
yaşanıb? Baxıb görürəm
şeirdə dağ var, dərə var, bulaq var, amma
özü yoxdur. Birdən acı bir həqiqət
məni haqlayır.
O
şeirlərdə dağ var, dərə var, insan yoxdur və
bu yoxluq afat vurmuş zəmi kimi doğulub.
İnsan budaq, yarpaq, bir xışma torpaq olar. Ola bilər;
bu, ondan sonrakı aqibətdir. Aqibətsə
hələ tale deyil; tale yer üzündə yalnız insana məxsusdur
və ona mənsubdur. Vaqif Bəhmənli
varlığını ortaya qoyub yaşadan, sonra da yalnız
ağacda, budaqda deyil, tarixin yaddaş boylarında yaşatmaq
istəyən sənətkardır.
Yaranışda hər kəsin yeri dəqiq hesablanıb,
lakin insanın ikili xisləti, əksliklər nəzəriyyəsi
başqa instinktlərə də rəvac verir. Ömür –
küll timsalında, hər şey bir dövrədən
keçir; bu, doğmalıqdır. Şair
qardaşım, məndən inciməsin, təkrar-təkrar
oxuduğum şeirlərin sehrindən qopub, kölgəsindən
çıxa bilmədiyim “Kölgə” şeirini sətir-sətir
izah edəcəyəm. Çünki o,
çoxlarından fərqli olaraq küllü – küll edənin,
vəqf edənin zərrənin fövqündə durduğunu
fərq edir. Çünki mizan-tərəzini,
bölgünü bilir və onu olduğu kimi qəbul edir.
Dibdən
belə bölüb bölən bölgünü;
Hərə bir niyyətin pərvanəsidi.
Yaranış –ölüm əslində TƏKLƏRİ
bir sapa düzmək, bir dam altına yığmaqdır. Bu xəttdən
çıxmağa səy edənlər də var,
çünki kiçik çevrələr genişlənmək
üçün geniş çevrələri
sıxmalıdılar. Bu isə həyat
palitrasının rəngləri və
çalarlarıdır.
Biri
qılınclayır qalın kölgəmi,
Biri də kölgəmin divanəsidi.
Bu, artıq fərziyyə-filan deyil, Qalaktika haqqında
elmdir. Kölgə – məhvərindən
çıxmış insandır.
Kölgə – Yer kürəsinin mini formasıdır, deyək,
spidometridir. Yalnız iki ayağının üstündə hərəkət
edən insandan daha dolğun və canlıdır. Bu baxımdan Vaqif Bəhmənlinin “Kölgə”
şeiri yaşam düsturudur.
Bilinməz
cansızam, yoxsa ki diri,
Mən onsuz nəyəm ki, nədir görkəmim?
Kölgəmin
eşqindən sərxoşdu biri,
O biri
qanını içir kölgəmin!..
Kölgə başqa formalara tez qovuşduğu
üçün daha mütərəqqidir. Biz onda
Qalaktikamızın quruluşunu görürük. Beləliklə, hər bir insan qurulu saatdır,
kölgələrsə zaman əqrəbləri. Əqrəb saatdan qopa bilməz, əqrəbsiz saatsa
saat deyil. Odur ki, kölgə insandan qopa
bilməz.
Vaqif
haqlıdır deyəndə, “ Yer deyil,
kölgəmdi istinad nöqtəm.”
Filosof
şair hətta kölgəni canlı insan sanır: “Hələ
ki diriyəm, özümdən düşür...”
Bu zaman
insan ikiləşir: “Nə üçün iki?”
Çünki
Allah insanı belə yaradıb, tək olan yalnız və
yalnız “O”dur – Allah! Kölgəmiz sonumuza qədər,
bu dünyanı... tərk edənədək bizə
yoldaşlıq edəcək. Bunu şair bizə şeir
diliylə xatırladır:
“Ölsəm başdaşımdan düşəcək
kölgəm”.
Kölgə ruhumuzun görüntüsüdür.
Mən
onu canımı çapar tutmuşam,
O gah
zavallıdı, gah da ki, ötkəm.
Tutqun
çevrəsində qərar tutmusan
Yer deyil, kölgəmdi istinad nöqtəm.
Kölgə istinad nöqtəsidir, deyir Vaqif Bəhmənli. Bununla oxucunu
yeni suallarla qarşı qarşıya qoyur.
Düşünürəm, maddi olmayan necə istinad nöqtəsi
ola bilər?
Maddi olmayan, ümumiyyətlə nədir? Enerjidir, ya da
bizim kimi reallıqdır, Yer kürəsini, ayı,
ulduzları sıralayan, nizamlayan reallıq?
Bəlkə, Allahın nəfəsidir?
Bəlkə
Allahın cismimizə tutduğu aynadır ki, onda, Vaqif Bəhmənli
demişkən, özümüzü, olduğu kimi: gah
zavallı, gah ötkəm görürük.
Bəlkə
şairin elə öz kölgəsidir – ruhunu dərk eləməkdir:
Başımdan,
çiynimdən dizimdən düşüb
Dalımca sürünür, bax, mələk kölgəm.
Hələ
ki, diriyəm, gözümdən düşür
Ölsəm başdaşımdan düşəcək
kölgəm.
lll
Şairlər həm də dünyanın nizamını
bərqərar eləyəndilər, yer üzünün mələklərdilər. Bu
missiyanın halallığını Allahdan alıblar. Zənn
edirəm hər insanın kölgəsi onun virtual əkizidir;
amma ondan daha çevikdir, onu da, ətrafı da yüzə
yüz əxz edir...
Yalnız şairlər öz qara kölgələrindən
sıyrılıb çıxıblar,
halallığını alıblar, əbədi istəklərini
– birin iki olmaq arzusunu həyata keçiriblər.
Halaldı
adıma yazılan kölgəm
Ayrı bir kölgənin yerinə keçmir.
Yeganə adamlardır ruhları dünyada gözə
görünəndir. Birini də biz görürük – o
şair Vaqif Bəhmənlidir ki, artıq kölgəsindən
çıxıb. Bu, həm də mərkəzdən,
ilkindən, ibtidaidən qaçışdır. Kölgəsi insan iddialarından, xəbisliyindən
qopub Tanrı kölgəsinə sığınıb.
Kölgəsi həm də qəlb oğrularının,
mənəviyyat qatillərinin girinə keçməmək
üçün etibarlı sığınacaqdır.
Tanrı
kölgəsinə qısılan kölgəm
Qatil
kölgəsinin girinə keçmir...
Yurdundan-yuvasından didərgin şairin yeri yalnız
oradır.
Allah
yanında yeni yurdun-yuvan mübarək, Vaqif Bəhmənli!
Mahirə ABDULLA
525-ci qəzet.-
2012.- 26 aprel.- S.6.