Fuad Muradov:
“Ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq cəhdləri
tamamilə yanlışdır”
MÜSAHİBİMİZ GƏNCLƏR
TƏŞKİLATLARI MİLLİ ŞURASININ SƏDRİ, MİLLİ
MƏCLİSİN ÜZVÜ FUAD MURADOVDUR
– Bu
gün Azərbaycanda uğurlu gənclər siyasəti həyata
keçirilir. Əsası ümummilli liderimiz Heydər Əliyev
tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan
gəncliyi yüksək inkişaf mərhələsini
yaşayır. Ulu öndərimizin müəyyənləşdirdiyi
gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Bu siyasət eyni zamanda, müasir
dövrün tələblərinə və
reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə
yeni bir mərhələyə qədəm qoyub. Bu siyasətin
başlıca istiqamətlərindən biri gənclərə
dövlət dəstəyinin gücləndirilməsindən,
onlara hərtərəfli diqqət göstərilməsindən
ibarətdir. Son illər respublikamızda həyata keçirilən
tədbirlər gənclərin hərtərəfli
inkişafının təmin olunması üçün
siyasi, sosial-iqtisadi, təşkilati – hüquqi şərait və
təminatların yaradılmasını sürətləndirib,
onların ictimai-siyasi fəallığının artmasına
kömək edib. Bu gün ölkəmizdə gənclər
siyasəti dövlət siyasətinin mühüm tərkib
hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın
bütün bölmələrində aktiv fəaliyyəti ilə
seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata
keçirilməsində mühüm rol oynayırlar. Eyni
zamanda, son bir neçə il ərzində bilavasitə gənclərlə
bağlı xeyli sayda normativ sənədin qəbul olunması
ölkəmizdə gənclərlə iş sahəsində,
gənclərin sosial-iqtisadi inkişafına yönəldilmiş
mükəmməl qanunvericilik bazasının formalaşdırılmasından
xəbər verir. Cənab Prezident tərəfindən ölkədə
həyata keçirilən gənclər siyasəti gənclərin
bütün təbəqələrinin hərtərəfli
inkişafını, ölkənin ictimai-siyasi həyatında
onların yaxından iştirakını təmin etməkdədir.
Yeni mərhələdə dövlət
başçısı tərəfindən gerçəkləşdirilən
siyasət ən müxtəlif sahələri əhatə etməklə
geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi,
sağlamlığı, təhsili, intellektual və mənəvi
inkişafı, asudə vaxtının səmərəli təşkili,
həmçinin, gənclərin cəmiyyət həyatının
bütün sahələrində fəal iştirakı ilə
bağlı məsələləri əhatə edir. Gənclərlə
düzgün iş strategiyasının müəyyənləşdirilməsi
və bu strategiyadan irəli gələn vəzifələrin
dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu
gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət
və s. sahələrdə böyük nailiyyətlər əldə
edir, dövlətçilik ənənələrini daim uca
tutur, çoxşaxəli dövlət islahatlarının həyata
keçirilməsində yaxından iştirak edir. Məhz
Prezident İlham Əliyevin böyük əməyi və səyi
nəticəsində Azərbaycan gəncliyi artıq cəmiyyətin
inkişafında ciddi rolu olan fəal sosial təbəqəyə
çevrilib. Bu, ondan irəli gəlir ki, cənab Prezident gənclərə,
malik olduqları bilik və bacarıq potensialları
müqabilində bütün sahələrdə geniş
meydan verməyin tərəfdarıdır və bunun təmin
edilməsi üçün diqqət və
qayğısını əsirgəmir. Bu baxımdan
hazırkı mərhələdə gənclər siyasətinin
əsasını məhz ölkəmizin davamlı
inkişafı prosesində gənclərin imkanlarından səmərəli
istifadə edilməsi üçün hər cür şəraitin
yaradılması təşkil edir.
– Gənclər
siyasəti çərçivəsində həyata
keçirilən dövlət proqramlarının
üstünlüyü və əhəmiyyəti nədən
ibarətdir?
– Azərbaycanda dövlət səviyyəsində gənclərlə bağlı bir sıra proqramlar, layihələr həyata keçirilir. Xatırladım ki, Prezident İlham Əliyev 2005-ci il avqust ayının 30-da “Azərbaycan Gəncliyi Dövlət Proqramının təsdiq edilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncam gənclərin potensialından ölkənin mənafeyi naminə səmərəli istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi məqsədini daşıyırdı. 2005-2009-cu illəri əhatə edən bu proqramda gənclərin və yeniyetmələrin vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi, onların məşğulluğunun təmin edilməsi, sahibkarlıq fəaliyyətlərinə kömək göstərilməsi, sosial problemlərinin həlli, o cümlədən, yaradıcı və istedadlı gənclərə, gənc ailələrə dövlət qayğısının artırılması, mənzil şəraitlərinin yaxşılaşdırılması, gənclərin dövlət quruculuğu işlərinə geniş cəlb olunması və s. məsələlər əksini tapırdı. Proqramın tələblərinə uyğun olaraq bu istiqamətdə qarşıda duran bütün vəzifələrin dəqiqliklə həyata keçirilməsində birbaşa dövlət başçısının yaxından iştirakı ilə və nəzarəti altında uğurlu addımlar atılıb. Eyni zamanda Prezidentin qərarı ilə 2007-ci ilin ölkəmizdə “Gənclər ili” kimi qeyd edilməsi dövlətimizin gənclərə olan münasibətinin ifadəsidir. Ölkəmizdə gənclərin təhsil səviyyəsinin, bilik və bacarıqlarının yüksəldilməsi məsələsinə daim diqqət yetirilir. Bu baxımdan dövlət gənclər siyasətinin mühüm istiqamətini gələcək nəslin intellektual səviyyəsinin artırılması ilə bağlı işlərin həyata keçirilməsi təşkil edir. Ölkədə həyata keçirilən uğurlu təhsil islahatları nəticəsində gənclərimizin təhsil səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Prezidentin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nı təsdiq etməsi bütün təbəqədən olan gənclərin xaricdə təhsil almaları üçün geniş imkanlar açıb.Ötən il aprelin 21-də Prezident İlham Əliyevin bir qrup gənclə görüşünü isə Azərbaycan gəncliyinin həyatında yeni bir mərhələnin başlanğıcı hesab etmək olar.
– Gənclər Fondunun yaradılması haqqında sərəncam imzalanıb. Eləcə də, müxtəlif bölgələrdə Gənclər Mərkəzi tikilib istifadəyə verilir. Bütün bunlar gənclərin cəmiyyətdə fəal bir təbəqə kimi inkişafına nə dərəcədə təsir göstərəcək?
– Bəli, bir müddət öncə dövlət başçısı Gənclər Fondunun yaradılması haqqında sərəncam imzaladı və fondun fəaliyyəti üçün vəsait ayrılıb. Gənclər Fondunun yaradılması bizim gənc nəsil üçün çox vacibdir. Burada söhbət yalnız təşkilatlanmış gənclərdən getmir, bu fərdi şəkildə gənclər üçün önəmli bir məsələdir. Hazırda dövlət başçısının sərəncamı ilə əlaqədar işlər gedir və fond yaxın vaxtlarda öz fəaliyyətinə başlayacaq. Qeyd etdiyiniz kimi ölkəmizin bölgələrində Gənclər Mərkəzi yaradılır. Cənab Prezident bir sıra rayonlara səfəri zamanı artıq belə mərkəzlərin açılışını edib. Ümumiyyətlə, regionların inkişafı proqramı çərçivəsində də bu işlər gedir. Gənclərimiz bölgələrdə çox fəaldırlar. Onlar üçün idman mərkəzləri, mədəniyyət obyektləri tikilib istifadəyə verilir. Prezident İlham Əliyevin təşəbbüsü və tapşırığı ilə bütün rayonlarda Gənclər evi və Gənclər mərkəzləri yaranacaq. Məqsəd gənclərimizin bir araya gəlməsi, müəyyən müzakirələr aparması üçün ünvan yaratmaqdır. Bu mərkəzlərdə həm kompüter mərkəzi, həm konfrans zalı, həm də digər imkanlar yaradılır ki, gənclərimiz bundan maksimum istifadə etsinlər. Ümumiyyətlə, bütün bunlar artıq Azərbaycanda gənclər siyasətinin yeni mərhələsinin başlaması deməkdir.
– Bu gün gənclərimizin beynəlxalq müstəvidə özünütəsdiq imkanları hansı səviyyədədir?
– Azərbaycan gənci XXI əsrin tələblərinə uyğun olaraq beynəlxalq səviyyədə ölkəmizi layiqincə təmsil edir. Avropa Gənclər Forumunun üzvüyük, İslam Konfransı Təşkilatının gənclər strukturunda Azərbaycan qədər fəallıq göstərən az ölkə var. Azərbaycan gəncləri ölkə hüdudlarından kənarda da özünü təsdiq edib, dünyaya Azərbaycan həqiqətlərini çatdırmağa çalışırlar. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın sədrliyi ilə Rusiyada AMOR adlı gənclər təşkilatı fəaliyyət göstərir. Bu təşkilatın dünyanın böyük dövlətlərində Azərbaycan həqiqətlərini çatdırmasında rolu xüsusi vurğulanmalıdır. Eləcə də, Benilüks ölkələrində, ABŞ-da, Türkiyədə, Qazaxıstanda və digər ölkələrdə gənclərimiz Azərbaycanı uğurla təmsil edirlər. Ötən illərdə gənclərlə bağlı böyük beynəlxalq tədbirlər keçirilib. Bu cür tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunun göstəricisidir.
– Mayda Bakıda “Eurovision” mahnı müsabiqəsi keçiriləcək. Amma
bu tədbir ərəfəsində bəzi
qüvvələr ölkəmiz
əleyhinə anti-təbliğatla
məşğuldurlar...
– Bu gün Azərbaycan güclənir, müstəqil
siyasət yürüdür.
Bir sıra daxili və xarici qüvvələr bundan qıcıqlanır. “Eurovision”
mahnı müsabiqəsi
ərəfəsində həmin
qüvvələr fəallaşaraq
ölkəmizə qarşı
kampaniya aparırlar.
Amma onların ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq
cəhdləri tamamilə
yanlışdır. Təəssüf ki, bu prosesdə
Azərbaycanın inkişafını,
güclü dövlət
olmasını istəməyən
xarici qüvvələrə
daxilimizdə də dəstək verənlər
var. Bir sıra dairələr bu nüfuzlu beynəlxalq tədbirin ölkəmizdə
keçirilməsindən sui-istifadə etməyə çalışırlar. Həmin dairələrə daxilimizdən
yalnız kiçik bir qrup dəstək
verir. Gənlərimizin mütləq əksəriyyəti
isə bu tədbirin ölkəmizdə
keçirilməsinə çox
sevinir. Bu gənclərin “Eurovision” mahnı
müsabiqəsinin “Fan klubu”
fəaliyyət göstərir.
Bu klubda sağlam
gənclər yığışıb
müxtəlif təşəbbüslər
göstərirlər. Onların Azərbaycan sevgisi gözəl nəticələr
verir. Çox sevindiricidir ki,
belə gənclərimiz
çoxluq təşkil
edir və ölkəmizin tərəqqisinə
öz töhfəsini
vermək istəyirlər.
“Eurovision” mahnı müsabiqəsinə ölkəmiz
çox ciddi şəkildə hazırlaşır.
Hesab edirəm ki, kiçik bir qrupun Azərbaycanın nüfuzuna zərbə vurmaq cəhdləri iflasa uğrayacaq. Gənclərimizin mütləq əksəriyyətinin
müxalifətin çirkin
niyyətlərinə dəstək
verməməsi bu fikri təsdiqləyir.
Bu gün gənclərimiz
həmin qüvvələrin
“Eurovision” ərəfəsində ölkəmizə qarşı
apardığı kampaniyanı
pisləyir. Hazırda Azərbaycan
Gənclər Təşkilatları
Milli Şurasında
72 gənclər təşkilatı
birləşib. Milli Şurada
birləşən gənclər
hər zaman, o cümlədən “Eurovision” mahnı
müsabiqəsi ərəfəsində
Azərbaycan təbliği
ilə fəal məşğul olur.
Onlar bu prosesdə İKT-nin imkanlarından tutmuş bir çox vasitələrdən
istifadə edərək
ölkəmizi beynəlxalq
aləmdə təbliğ
edirlər. Bu təbliğat işində
xalqımızın zəngin
tarixi və mədəniyyəti, milli
adət-ənənələri, eləcə də müasir dövrdə Azərbaycanın inkişafı
ilə bağlı məlumatlar öz əksini tapır. Nüfuzlu mahnı yarışması ərəfəsində
bu iş daha da gücləndirilib.
Düşünürəm ki, Bakıda
“Eurovision” mahnı müsabiqəsi
çox yüksək
səviyyədə keçiriləcək.
Buraya gələn xaricilər də həqiqətləri
öz gözləri ilə görəcək və heç vaxt qərəzli mövqeyin ardınca getməyəcəklər. Təbii ki, obyektiv rəyin
formalaşmasında cəmiyyətimizin
aparıcı qüvvəsi
olaraq gənclərimizin
səyləri və təşəbbüsləri də
əhəmiyyətli rol
oynayacaq.
KAMİL
525-ci qəzet.- 2012.- 26 aprel.- S.4.