İsmayıl Əvəzovun
həyata obrazlı baxışı
Bu adı yadda saxlayın!
Azərbaycan təsviri sənətinin
hələ orta əsrlərdən başlayaraq dünyaya
yayılan şöhrətinin bu gün də öləzimədiyini şərtləndirən
önəmli səbəblərdən biri
heç şübhəsiz
respublikamızda müasir dövrdə uşaq yaradıcılığına olan qayğının davamlı olmasıdır.
Hələ sovet dönəmində
SSRİ məkanında keçirilən müxtəlif
miqyaslı uşaq
yaradıcılığı sərgilərində və
müsabiqələrində Azərbaycanın təmsilçiləri
olan uşaqlar bu bədii yarışmaların favoriti sayılırdılar.
Yaxşı haldır ki, bu
ənənə respublikamızın müstəqillik
qazandığı illərdə də davam
etdirilməkdədir. Son vaxtlar
ölkəmizdə keçirilən sərgi – müsabiqələr
onlarla yeni istedadlı
uşağı üzə çıxarmışdır. Gələcəyinə
böyük ümidlər bəslədiyimiz
belə istedadlardan biri
də İsmayıl Əvəzovdur.
Kiçik yaşlarından
bütün yaşıdları kimi rəsm çəkməkdən
yorulmayan İsmayılın dünyaya və hadisələrə
özünəməxsus baxışa malik olduğunu bu il
Bakıda keçirilən Xocalı soyqırımına həsr
olunmuş sərgi aşkarlayıb. Bakıdakı Heydər Əliyev
adına liseyin yeddinci sinfində təhsil alan İsmayıl bəlkə
də özlüyündə sərgiyə təqdim etdiklərini
müəyyən mənada həmişə çəkdiklərinin
adicə davamı sayırdı. Amma Bakı Xətai Sənət
Mərkəzinin Xətai rayon icra hakimiyyəti ilə birlikdə
təşkil etdiyi sərgidəki rəsmləri dəyərləndirən
mütəxəssislər onun çəkdiklərindəki bədii
ümumiləşdirməni, hadisələri rəmzlərlə
ifadə etmək bacarığını ondakı özünəməxsus
bədii görümün ifadəsi hesab etməklə onu
xüsusi diplomla mükafatlandırdılar.
Xocalı
faciəsi haqqında ilk növbədə evdə valideynlərindən,
məktəbdə müəllimlərindən məlumat alan,
eləcə də erməni vəhşiliklərinə cəsur
jurnalist Çingiz Mustafayevin lentə aldığı kadrlarla
və müxtəlif foto şəkillərlə şahidlik edən
balaca rəssam əldə etdiyi vizual informasiyanın təsirliliyini
saxlamaq üçün çəkdiyi rəsm
üçün çox maraqlı bədii həll
tapmışdır, desək, yanılmarıq. Bunu onun həm
Xocalı soyqırımının dəhşətlərinin
yaddaqalan görüntüyə çevrilməsini şərtləndirən
kompozisiya bütövlüyü ilə yanaşı, həm də
bədii ümumiləşdirmə və ifadə şərtiliyi
də təsdiqləyir. “Xocalı faciəsi” rəsmi
üçün ideyanın açımına yönəli
üfüqi kompozisiya formatı seçən balaca rəssam
bununla da gecənin qaranlığında haray –
çağırış kimi qəbul olunan qana
bulanmış əlləri Xocalı
soyqırımının obrazlı görüntüsünə
çevirməyə nail olmuşdur... Tünd yerlikdə əllərdən
hələ də qanın axdığı təəssüratını
əldə edən müəllif son nəticədə
tamaşaçısını hadisənin indicə baş
verdiyinə inandırır. Etiraf edək ki, İsmayıl Əvəzovun
“ Xocalı faciəsi” uşaq təfəkkürünün məhsulu
olsa da , bədii həllinə görə yaşlı həmkarlarının
belə həsəd apara biləcəyi bədii həllə
malik rəsmdir. Bu rəsm nə vaxtsa yaradılacaq Xocalı
faciəsi muzeyinin diqqətçəkən eksponatı ola bilərdi...
Digər
rəsmdə isə balaca rəssam Xocalı faciəsinin
qurbanlarına öz ehtiramını ifadə edib. Bu dəfə
şaquli kompozisiyaya müraciət edən İsmayıl onun
da detal yığcamlığına
çalışmışdır. Lakonuk rənglərlə
işlənmiş rəsmin cəmisi iki elementdən –
“Xocalı” sözündən və şam təsvirindən
ibarət olması da bunun təsdiqidir. Qaralmış səmada
qanla yazılmış “Xocalı “ sözü
qarşısında ucalan bəyaz şam özünün ifadəli
siluetinə görə cəlbedici görünməklə
bütünlükdə kompozisiyanın təsirliliyini təmin
etmişdir... İsmayılın maraq dairəsi kifayət qədər
genişdir. Bunu onun çəkdiyi müxtəlif mövzulu və
janrlı rəsmlərdən də görmək
mümkündür. Onun şəhər və kənd mənzərələrində
yurdumuzun sayagəlməz gözəlliklərinə diqqət
yetirməsi xüsusilə diqqət çəkir. Həmin rəsmlərdə
İsmayılın bizə tanış olan paytaxt motivlərinə
fərqli baxış nöqtələrindən göz
qoyması etiraf edək ki, təsviri yaradıcılığa
maraq göstərən yeniyetmə üçün çox
müsbət haldır. Əgər dediklərimizi məşhur
“Hamı baxır, amma hamı görmür” el deyimi ilə əlaqələndirsək,
onda bunun həm də balaca rəssam üçün önəmli
yaradıcılıq məziyyəti olduğunu qeyd etməliyik.
İsmayılın sulu boya ilə çəkdiyi
“Bakının dənizdən görünüşü”,
“İçərişəhərdə”, “Kənd mənzərəsi”,
“Çay kənarında”, “Şəhərdə”, “Şərq
motivi”, “Dağlar”, Güllər”, “Meyvələr” və s. rəsmləri
özündə vurğuladığımız bədii
keyfiyyətləri yaşadır. İsmayıl Əvəzov
böyük sənətin hələ onu sayagəlməz
sınaqlara çəkəcək yollarına demək olar ki,
yenicə qədəm qoyur. Amma bununla belə artıq çəkdikləri
ilə özünə və rəsmlərinə qarşı
başqalarında maraq oyada bilib. Onun rəsmlərində
müsbət keyfiyyətlərin olduğunu xalq rəssamları
Altay Hacıyev və Arif Hüseynov da xüsusi
vurğulayıblar. Odur ki, o, bu gün rəsm çəkməkdən,
rəngi- rəngə calamaqdan usanmır, tanınmış
fırça ustalarının ümidlərini
doğrultmağa çalışır. İxtisas müəllimi
Əbdül Şərifov da verdiyi tövsiyələrlə
onun səylərinin davamlı və nəticəli olmasına
çalışır. Onun rəsmləri ilə
tanışlıq və onlara verilən qiymətə rəğmən
demək olar ki, hələ biz tez-tez onunla sərgi
salonlarında görüşəcəyik. Odur ki,
“İsmayıl Əvəzov” adını yadda saxlayın!
Ziyadxan Əliyev Azərbaycan Respublikasının əməkdar
incəsənət xadimi
Əliyev Ziyadxan
525-ci qəzet.- 2012.- 27 aprel.- S.7.