Məhəmməd Əmin Rəsulzadə

 

Nəşrin redaktorları:prof. Şamil Vəliyev  və elmi işçi Samir Mirzəyevdir.

 

Əsərləri Üçüncü cild (1915-1916)

 

Ön söz

 

Azərbaycan milli qurtuluş hərəkatının ideoloqu və lideri, ilk həqiqi demokratik Xalq Cümhuriyyətimizin banisi M.Ə.Rəsulzadənin zəngin ictimai-siyasi və ədəbi-bədii publisistik irsinin I cildi (1903-1909) 1992-ci ildə, II cildi (1909-1914) 2001-ci ildə işıq üzü görmüşdür. İndi onun 1915-1916-cı illərdə dövri mətbuatda dərc olunmuş əsərlərinin III cildini oxuculara təqdim edirəm. Zənnimcə, 10 ildə təmənnasız hazırladığım bu əsər Azərbaycan tarixi və bütövlükdə I dünya müharibəsi dövrü tarixi ilə maraqlananlar üçün faydalı olacaqdır.

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Zemstvo Şurası

 

Qafqasiyalıların çoxdan bəri istəməkdə olduqları mətləblərdən birisi Qafqasiyada zemstvo idarəsi verilmək üzrədir. Bu xüsusda Dövlət duması əsas etibarilə “hə” demiş. Hökumət bilxassə, Canişin həzrətləri dəxi razı olduqlarını bəyan etmiş və buna lazım olan qanun layihəsi ilə sadir materialların da dumaya verməsini, həm də yaxın bir zamanda verməsini boyun olmuşdur.

Əlahəzrət Canişinin bu xüsusda qubernatorlara göndərdigi təmimini keçən saylarımızdan birində dərc eləmişdik. Keçən icmali-əhvalımızda dəxi bu məsələni Qafqasiya həyatından ötrü fövqəladə bir əhəmiyyətə malik fəqərə olduğunu qeyd etmişdik.

“Açıq söz”ün icmalındakı fəqərədə qeyd olunmuşdu ki, Canişin hüzurunda zemstvo layihəsi həqqində qurulacaq bu məşvərət məclisində müsəlmanlar olduqca məhdud bir mövqedə qalacaqlar. Məlumdur ki, bu məşvərət cəmaətin, məhəllin ehtiyaclarını, onların bu məsələdəki nəzərləri ilə mülahizələrini ögrənmək üçündür. Bənə məlumdur ki, məhəllədə bir çox şərtlər və ehtiyaclarla bərabər müxtəlif millət və qövmlərin müxtəlif də ehtiyac və nəzərləri ola bilər. Buna görə də məşvərətdə iştirak edəcək olan hər nə qədər rəsmi məmurlar, cəmaət müəssisələrinin nümayəndələri olsalar da, bu yaxud o millətə mənsub olduqlarından fikir və mülahizə bəyan edərkən mənsub olduqları mühitin ehtiyacını düşünmüş və o nöqteyi-nəzərdən söz söyləmiş, məlumat vermiş və arzu bəyan etmiş olacaqlardır. Məşvərət məclisinə kimlərin gedəcək olduqlarını bir dəfə daha gözdən keçirəlim.

Canişin təmimnaməsi mocibincə məşvərətə çağrılanlar: qubernatorlar, qrodonaçalniklər quberniya baş aqronomları, kəndistan vüzərat cəmiyyətləri nümayəndələri “Neftyanoye prisutstviye” vəkili Sovet Syezd nümayəndəsi, şəhər idarələri rəisi, Bakı və Tiflis dumalarından birər qlasnı, quberniya kazonni palataları müdirləri, sair bu kibi rəsmi dövlət və cəmaət müəssisələri.

Təbiətə buraxılarsa, bu məşvərət məclisinə ancaq bir müsəlman nümayəndəsi keçə biləcək ki, o da Gəncə bələdiyyə rəisi Xasməmmədov cənablarıdır. Başqa idarə və müəssisələrin heç birisindən müsəlmanların keçməsinə ehtimal yoxdur. Bakı dumasının bu xüsusdakı qərarı aşkar olduqdan sonra demək olar ki, ikinci nümayəndə dəxi təmin olunmuşdur. Məlum olduğu üzrə Bakı şəhər duması bu məşvərətə göndərilmək üçün Məhəmməd Həsən Hacınski cənablarını seçmişlərdir.

 

Sonra...

 

Sonrası zatən məlum. Sovet Syezd şurasında məlum olduğu üzrə müsəlman yoxdur. Aqranom, kəndistan cəmiyyəti və Tiflis dumasından dəxi müsəlman keçməyəcəgi aşkardır. Çünki, buralarda onların səsləri də, izləri də yoxdur. Yalnız “Neftyanoye prisutstviye” idarəsinə bir az güman gedə bilər. Çünki burada bir, iki, üç müsəlman vardır. Fəqət burada müsəlman keçirtmək də hər halda müsəlmanların öz xahişlərinə degil, başqalarının məsləhət görmələri ilə təvəccöhlərinə bağlı bir məsələdir.

O halda nə etməlidir? Necə rəftar etməlidir ki, məşvərət məclisində müsəlman quberniyalarının, müsəlman cəmaətinin, müsəlman ehtiyaclarının da lazım olduğu qədər nümayəndəsi olsun?

Burada xüsusi surətdə Canişin həzrətlərinə müraciət edib də əhalisi əksəriyyətlə müsəlmanlardan ibarət olan Gəncə ilə Bakı quberniyasından ötrü məxsus nümayəndələr göndərmək icazəsi almaq fikri nəzərə gəliyor.

Qafqasiya müsəlmanlarının böyük qismi bu iki quberniyada oluyor. Onlar burada sıxı bir kütlə təşkil ediyorlar. Buna görə də özlərinə məxsus ehtiyacları var. Qafqasiya müsəlmanlarının ümumi dilə gəlinsə, bu iki quberniya, qismən də İrəvan quberniyası o, ya bu surətlə tərcüman ola bilərlər. Zemstvo qanuni Qafqasiyadaki müxtəlif millətlərin əhvali-xüsusiyyələrini nəzəri-etinayə aldıqda başlıca bu iki quberniyayi Qafqasiya türklərinin qələbəlik bir yeri olmaq üzrə bilinməlidir. Buna görə də yazılacaq və dumadan keçiriləcək olan zemstvo qanun layihəsinin yazılışına təsirsiz qalmayacaq olan bu məşvərət məclisində Gəncə qlavasının, yaxud Bakı duması vəkilinin vücudini kafi görməyib, yaxşı olardı ki, bu iki quberniyanın nümayəndələrinə dəxi məzkur məclisə gəlmək imkanı verilə idi.

Buna Qafqasiyada yaşayan millətlər arasındaki hüsni-rəftari təmin etmək üçün lazım olan müvazineyi-qüvvə nöqteyi-nəzərindən də böyük bir ehtiyac vardır.

Bakı – Gəncə quberniyasından gedəcək nümayəndələri bu iki quberniyanın müxtəlif uyezdlərindən quberniya mərkəzinə yığışacaq olan vəkillər öz aralarından seçib o surətlə göndərə bilərlər.

Biz öylə güman ediyoruz ki, bu xüsusda Bakı və Gəncə müsəlmanları tərəfindən bir təşəbbüs olunursa, ricaları boşa çıxmaz, istədikləri verilər. Çünki işin özü də bunu faidəli görəcək bir haldadır. Çünki hüsni-idarə və hikməti- hökumət dəxi bunu iqza eləməkdədir.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 3 aprel 1916, ¹149

Qüva – qüvvələr

 

 

Maarif Şurası

 

Uzun müqəddiməyə ehtiyac görmüyoruz. Oxucular bilirlər ki, Rudolf cənablarının layihəsinə görə Tiflisdəki “Əli və Ömər” məktəbləri mədrəsə yaxud darülmüəllimini – ruhaniyyə şəklinə salınmaq istənilir. canişin dəftərxanası bu məsələnin müsəlmanların iştirakı ilə baxılmasına qərar vermişdir. Qəzetələrdə verilən məlumata görə şuraya Bakı, Tiflis, Gəncə və İrəvan müsəlman cəmaətindən dəxi nümayəndə gedəcəkmiş. Arkadaşımız Ömər Faiq əfəndi dəxi son məqaləsindən birində şuranın bu surətlə yığılacağını bildiriyordu. Son alınan “Z.Reç” qəzetəsindən göründügü vəchlə hətta bu nümayəndələr ya seçilmiş, yainki məhəlli müsəlman cəmaətləri tərəfindən nəzərdə tutulmuşlardır.

Canişin dəftərxanası cülbində sırf müsəlman mədrəseyi-ruhaniyyəsi həqqində yığışacaq olan bu şuranın vəqti hələ təyin olunmamışdır. Fəqət təyin olunacağı bu gün, sabahdadır. “Z.Reç” mühərriri E.S. cənablarını təşvişə salan bir məsələ vardır ki, o da şuraya gələcək olanlar arasında pedaqoqlarımızdan “Ömər” ilə “Zeydin” mövcud olmamasıdır.

Əlbəttə, məsələnin ümdə cəhəti pedaqociyə aid olduğundan oraya gedəcək adamlarımızın tədris üsul və qaidəsindən məqsəd və faidəsindən bixəbər olmaları mətlubdur. Fəqət bundan əvvəl daha əsaslı bir məsələ vardır ki, bizi hər şeydən əvvəl orası maraqlandırıyor.

Bu şura nə surətlə, nə əsasla dəvət olunuyor. Oraya gedəcək nümayəndələr intixab iləmi, yoxsa təyinləmi gediyorlar?

Bunları idareyi-ruhaniyə müəssisələrimi, yoxsa cəmaət işlərində çalışan cəmiyyətlərmi təyin və ya intixab ediyorlar? Yoxsa canişin dəftərxanəsinin, yaxud müfti və şeyxülislam idarəsinin göstərməsi iləmi dəvət olunuyorlar?

İştə, bir taqım suallar ki, hər şeydən əvvəl nəzərdə tutulmalıdır.

Bu gün-sabah yığılacaq məarif məşvərət məclisinin nə surətlə yığışacağı həqqində bu anə qədər sərih bir məlumat yoxdur. Əvvəlcə qəzetələr də görüldü ki, Tiflisdə müsəlmanlar məscidə cəm olub bu şuraya gedəcək nümayəndələrini seçdilər. Bu seçkidə Məhəmməd Ağa Vəkilov cənabları seçilmişlərdir. Sonra İrəvandan xəbər gəldi ki, oradan da cəmaət Tiflisə, məarif şurasına gedəcək adamını seçdi. Diyorlar ki, Bakıdan gedəcək nümayəndə də təyin olunmuşdur.

Yəqin ki, bu xüsusda idareyi-ruhaniyələrimiz məlumatsız degildirlər. Yəqin ki, bu ya o surətlə cəmaət işlərinə qarışan cəmiyyətlərimiz, məsəla, “Səadət” cəmiyyəti-xeyriyyə və “Nəşri Məarif” cəmiyyətləri dəxi bu məsələ ilə əlaqədar olduqlarından bu xüsusda məlumatsız degildirlər. Bilxassə ki, daha əvvəl bu iş üçün cəmiyyəti-xeyriyyə yaxın olan adamlara Rudolf cənabları tərəfindən müraciətnamə gəldigi də məlumumuzdur.

“Məktəb və Mədrəsə” məqalələrini təqib edən oxucular bu məarif şurasının həlli ilə məşğul olacaq məsələnin nə dərəcədə milli bir əhəmiyyətə malik bir məsələ olduğunu bilərlər.

Bu qədər böyük bir məsələyi həll üçün gedəcək, göndəriləcək adamlarla müsəlman əfkari-amməsi arasında bir rabitə bulundurmaq, getmədən əvvəl bu kibi məsələlərlə əlaqədar heyətlər və şəxslərlə müsahibətləşmək, onlarla fikirləşmək ehtiyacı hiss olunmayırmı?

Yığılacaq məarif şurasının nə surətlə təşkil olunacağı ilə oraya gedəcək müsəlman xəlqi nümayəndələrinin nə kibi bir səlahiyyət və nümayəndəligə malik olacağı həqqində tamamilə qaranlıqda olduğumuzdan bittəb bu xüsusdaki fikir və mülahizəmizi daha açıq və aydın bir surətdə formula etməkdən aciziz. Buna görə də bu məsələ ilə əlaqədar olan müəssisati-milliyyədən istərsiz ki, bu xüsusda lazım gələn izahati cəmaətdən əsirgəməsinlər. Madam ki, cəmaət işi görülüyor, o iş cəmaətin iştirakı ilə, cəmaətin məsləhət və məşvərəti ilə görülməlidir.

Bilməlidir ki, məarif şurasının bu və ya o surətlə verəcəgi qərar müsəlman əfkari-amməsinin diləgi kibi tələqqi olunacaq və bundan sonrakı işlərdə dəxi bu qərar tarixi bir nəzirə hökmünü alacaqdır. Ona görə də müsəlman əfkari-amməsinin ixtiyarı var ki, onun adından gedib də, onun mənafei adına söz söyləyəcək olanları əvvəlcədən tanısın və nə söyləyəcəklərini də əvvəlcədən bilsin.

Ğayət xalisanə və səmimanə bir surətdə vaqe olan bu tələbimiz, ümid ediyoruz ki, əhəmiyyətsiz buraxılmaz və lazım gələn idarələr tərəfindən bu xüsusda əfkari-amməyi işıqlandırmaq üçün vacib olan izahat verilər.

Hələlik intizar ediyoruz.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 7 aprel 1916, ¹153

 

 

Zemstvo

 

Qafqasiyayə yaxından zemstvo verəcəklər. Buna görə də aprelin 26-da Canişin dəftərxanəsi yanında Qafqasiyanın hər tərəfindən gələn məmurlar, hökumət adamları və cəmaət vəkilləri yığışacaq, Əlahəzrət Canişinin buyruğuna görə əqil-əqlə verib fikirləşəcək və Qafqasiyayə nə cürə zemstvo lazım olduğu həqqində ürəklərindəkilərini, təcrübə ilə ögrəndiklərini, cəmaətlərinin istədigi arzunu bildirəcəklərdir. Bizim, yəni Qafqasiya müsəlmanlarının bu məclisə gedəcək adamları az olacaq, neçün? Bunun cavabını “Açıq söz”ün 149-cu sayısında yazılan məqalədən ögrənə bilərsiniz. Az da olsa, bu gedəcək adamlarımızın orada nə söyləyəcəkləri də bir növ bəlli degildir. Əlbəttə, bizə zemstvo lazımdır deyəcəklər. Fəqət nə cür zemstvo lazımdır? Bu xüsusdakı fikir və mülahizələrinin nədən ibarət olacağı bizə məlum degildir. Çünki ələlümum bu kibi yerlərə gedən adamlarımızın rəyi və fikirləri, bu ya o məsələ həqqində ki, baxışları, düşüncələri heç bir zaman qabaqcadan bəlli olmaz. Çünki aramızda həqiqi mənası ilə cəmaət xadimi olanlar azdır. Olanların da qəribə xasiyyətləri var. cəmaət işini cəmaətsiz görmək istərlər. Bu da bir növ azardır.

Ermənilər məsəla Tiflis dumasından bu aprelin 26-sında olacaq məşvərət məclisinə getmək üçün məşhur knyaz Tumanovu seçmişlərdir. Tumanov zemstvo mütəxəssisidir. Bu xüsusda layihələri, kitabları, tədqiqləri var. Orada nə söyləyəcəgi, nə deyəcəgi bəllidir. Erməni karkənlərinin məsəla istədikləri budur ki, Qafqasiyada zemstvo tətbiq olunurkən imdiki idarə təqsimati, yəni imdiki quberniya və uyezd hüdudları dəgişsin. Zemstvo üçün millətlərə, qovmiyyətlərə görə dairələr ayırsın və bütün Qafqasiya üçün ümumi bir zemstvo idarəsi olsun. Varansov-Daşkov da bu fikirdə idi. Erməni qəzetələri də əksərən bu fikirdədirlər.

Gürcülərin də fikirləri bəllidir. Onlar zemstvonun bir an əvvəl verilməsini, özü də mümkün olduğu qədər geniş ixtiyarlar və cəmaətə faidəli əsaslar üzərinə verilməsini arzu ediyorlar. İdarə təqsimatına gəlincə, imdiki quberniyları ilə uyezdləri kafi görüyorlar. Hazırdaki şərait daxilində, imdiki əhvali-siyasiyyə içində idarə təqsimatını dəgişmək faidəli olmaz diyorlar. Bir də bu məsələ olduqca mühüm olduğundan onunla ehtiyatla rəftar etmək tərəfdarıdırlar. Gürcüstan onlarca əksəriyyətlə gürcülərlə məzkun toplu bir qitədir. Buradaki okruq və quberniyalarla uyezdlər haman gürcü yeri və yurdudur. Buna görə orada yeni bir taqım təqsimata ehtiyac yoxdur.

Əlbəttə, quberniya və uyezd zemstvolarının vücudi müsəlmanların da faidəsinə müvafiq görünüyor. Fəqət biz türklərin bu xüsusda müəyyən bir nəzər və mülahizəmiz bu vəqtə qədər nə türkcələrimizdə, nə də ümumi rusca qəzetələrində görülməmişdir. Bu kibi məsələlərdə bəyani-fikir etmək üçün daha səlahiyyətli olan pişrovlarımız, nədənsə susuyorlar.

Bu sükut haradan gəliyor?

Bunun bir çox səbəbləri və cəhətləri vardır. Ən böyük cəhəti isə odur ki, Qafqasiya müsəlman əfkari-ümumiyyəsi, müsəlman kütləsi, türk cəmaəti, daha məsələnin özü ilə lazım olduğu qədər aşina degildir.

Zemstvo deyilər. Fəqət bu kəlmə cəmaətimizin geniş təbəqat və sinifləri arasında əcəba “İranda hürriyyət” hekayəsi qəhrəmanının “Hürriyyət” həqqindəki təsəvvüründən artıq bir düşüncə oyada bilərmi?

Zemstvo nədir? Bir kərə bu sualı izah edib də xəlqə anladan kitabçalarımız, yazılarımız yoxdur. 1909-cu ildə Belukovskidən tərcümə olunaraq kiçicik bir risalə basılmış isə də bu tərcümə bu günə qədər nə satılmış, nə də paylanmışdır. Zemstvo həqqində başqalarında yüzlərcə risalələr, kitablar mövcud olduğu halda, bizim ancaq vücudi kimsəyə bəlli olmayan bir tərcüməmiz var. cəmaətə məxsus asan leksiyalar, ümumi dərslərdən isə nə bəhs edəlim.

Demək ki, bu məsələdə biz Qafqasiyadaki millətlər arasında əlifbaxanız daha əlifba oxumaqda olan bir cəmaətdən, əlbəttə ki, kitab oxumaq ümidində olmaq məhaldır.

Bir neçə qələm arkadaşları tərəfindən təkrar olunan müqayisəni biz də təkrar edəcəgiz.

Duma şəhərlər üçün nə isə zemstvo da kəndlər üçün odur. Əlbəttə, kimsə üçün gizli degildir ki, biz kəndçi, ziraətçi və çöllü bir xəlqiz. cəmaətimizin çoxusu kəndlərdə yaşıyor. Biz yəhudiyə, hətta, erməniyə də bənzəmiyoruz. Böyük kütləmiz kəndlərdə, dağlarda, açıq səhralarda təbiətin sinəsi üzərində yaşıyor, biz cəmaətimiz, xəlqimiz üçün bir iş görmək, millətimiz üçün bir gün qazanmaq istəyirsək, kəndlərimizi abad etməli, kəndlilərimizin gününə qalmalıyız.

Son zamanlarda cəmiyyətlərimiz, qəzetələrimiz, bəzi mədəni təşəbbüslərimiz, bumuz, omuz vücudə gəlmişdir. Biz buna seviniyoruz. Tərəqqi etmişik – diyoruz. Fəqət bütün cünbüşlər, bu irəliləmələr haman şəhərlərimizə, onda da az-çox böyük şəhərlərə məxsus olub qalmışdır. Kəndistana məarif işığı çox az girə bilmişdir. Bəzi kəndlər var ki, heç girməmişdir. Kəndlərimiz yenə məktəbsizdir, yenə qansız (ribaçı) sələmçilərin imansızca aldıqları müamilələrin altında əzilib, qanı sorula-sorula bir dəri ilə bir sümügə dönmüşdür. Hər qolu güclü, hər üzü həyadan ari olan yenə də buranın hakimi, qazisi, məhkəməsi, hər şeyidir. Zavallı kəndlilərimiz ziraət və əkinəcək işində yenə də Nuh əyyamından qalma kukarastiları ilə işləyib, zəmisini xışla sürməkdə, kotandan xəbərsiz qalmaqdadır. Uzaq guşələrdə, əldən-ayaqdan kənar bucaqlarda degil, ən böyük şəhərlərimizə yaxın kəndlərimizdə belə 200 prosentlə pul borc alıb surətlə qışı yaza çıxarıyor və xırda borc şirkətlərinin feyzindən faidə görə bilmiyorlar.

Kəndistanın bu kibi qaranlıq, hüquqsuz, fəqir, cahil bir halda qaldığı millətin böyük bir bədbəxtligidir. Bədbəxtligi bu mənayə alsaq, Qafqasiya millətləri arasından ən bədbəxti biziz. Kəndistanın bədbəxtligini azaltmaq üçün zemstvo bir çarə, bir vəsilədir. Buna görə də ən bədbəxt və köməksiz olan millətimiz hamıdan ziyadə bu nemətə möhtacdır. Bizim kəndlilər hamıdan ziyadə mədəniyyət təşnəsidirlər. Zemstvo bir mədəniyyət və abadlıq çeşməsi isə (ki öylədir) bittəbii Qafqasiya müsəlman kəndlilərinə daha ziyadə lazımdır.

Şəhərdəkilərimizi başa salmaq üçün zemstvo kəndistan dumudur – deyə biləriz. Fəqət kəndistanda olanlardan ötrü duma özü də qeyri-məlum bir şeydir. Ona görə də onlara zemstvo dum kibi bir şeydir – demək naməlum bir şeyi ikinci naməlum bir şeylə anlatmaq deməkdir. Ənqa quşunu anlatmaq üçün simurğa bənzər – demək kibidir.

Buna görə məsələni bir az da aydın və kəndistan xəlqinin dəxi anlaya biləcəgi bir surətdə yazmaq lazım gəliyor.

Varsın bu bir müqəddimə olsun, bundan sonra yazacağımız bir neçə məqalədə “zemstvo”nun nə gibi bir “töhfə” olduğunun sadə bir üslub ilə anlatmağa çalışacağız. Minlərlə nəşr olunan “Açıq söz”ün bir neçə yüz nüsxəsi vasitəsilə və ya vasitə ilə olsa da, kəndistana keçə bilər və bu xüsusda xəlqimiz də cüzi də olsa, bir təsəvvür hasil edərsə, o da bir işdir.

M.Ə.

“Açıq söz”, 8 aprel 1916 ¹154

 

Ənqa – Qaf dağında yaşayan, adı olub, özü olmayan əfsanəvi bir quş.

Ribaçı – sələmçi

 

Qurama

 

Məlum a, müsəlman bayramı ixtilafsız olmaz.

Orucluq olsun, Qurban olsun, hətta son zamanların təcrübəsinə görə Novruz olsun, mütləqa bir ixtilaf çıxar.

Müctəhid ixtilafı, molla vuruşması o olmazsa – təqvim yanlışlığı, xülasə ixtilafsız keçməz.

Topu, tüfəngi olmayan bizlərdə yenə dərd yarıdır. İxtilaf səssiz, sədasız keçib gediyor. Fəqət İran kibi bir məmləkət məsələn, nə bilsin.

Bu faciəli məsələni vəqtilə İran sədri-əzəmlərindən birisi tam İrana məxsus bir növ ilə həll etmişdir. Gərək ki Mirzəl Qasim imiş. Gəlmişlər sabah top ataqmı, atmıyaqmı? – deyə sormuşlar.

Türkiyə ilə İranda rəsmidir bayramda top atışları elan olunuyor.

Mollalar nə rəydədir – deyə Sədri- Əzəm xəbər alırmış.

– Bir qism bayram saxlıyor, bir qismi yox.

Hansı tərəfin qalib gələcəgi daha bəlli degildir, deyə cavab vermişlər.

– Öylə isə topçuya deginiz barıtını az töksün və öylə atsın səsi çıxmasın. Əgər bayram olursa top atılmışdır. Olmazsa kimsə eşitməmişdir.

İmdi “Nicat” idarəsi də öylə ediyor.

Son iclasında qərar vermişdir ki, martın 20-də olan seçkilər münasibətilə bəzi şəxslər və ya heyətlər tərəfindən vaqe olan tənqidlərə cavab verilməsin. Mümkün olduğu qədər əhli-məarif arasında əza yazdırılsın, sonra yaxın bir zamanda tazədən iclasi-ümumi çağrılsın və orada idarə vəzifəsindən istifadə edib yeni seçkilər təklif eləsin.

Demək k, top atılsın. Fəqət barıtı azca qoyulsun. Əgər tazədən yığılacaq olan ümumi iclas deyərsə ki, martın 20-dəki iclas qeyri-təbiidir, tazədən seçki eləsin, yox o seçkiyi təbii görərsə...fubha özü bilsin.

Tam İran siyasəti...

Bu vəqtə qədər yazılan məktublara olunan tənqidlərə bir cavab var idi.

Sükut.

Sükut avropalılarca etinasızlığa dəlalət edər.

Fəqət İran siyasətincə:

Sükut vacibi-razəst .

“Barıtsız top atması” ilə 20 mart idarəsi özünün Mirzə ağası xasiyyətində olduğunu göstərmiş oldu. Ona görə də vaqe olan tənqidlərə müqabil “Nicat” idarə əzalarının “alafranqa”lıqlarına nəzərən bu vəqtə qədər göstərdikləri sükutu artıq “etinasızlıq” kibi degil, verdikləri ikibaşlı qərara görə “riza” kibi anlamağa haqlıyız.

“Dəlibaş” münəqqidin birisi sağına-soluna baxmamış, qeyri-təbiiligi gördükdə “bişmiş” aşa “çiy” su qatmışdı. Filməclis qalxıb bu böylə olmaz, demişdi.

Ağırbaşlı incinerlərsə hissələrinə düşən “böyük şərəfə” o məclisdə təşəkkür edib qeyri-təbiiligi isə sonradan dərk etmişlər. Ona görə də bunu ikinci “intelligentnı” iclasa söyləmək fikrinə düşmüşlərdi.

 

Kor nə istər, iki göz

Biri əgri, biri düz.

Niş

“Açıq söz”, 8 aprel 1916, ¹154

 

Yenə də müftilik məsələsi

 

Krım müftisi Hacı Adil Mirzə Qarabəyski bərk naxoşdur. “Tərcüman” rəfiqimizin məlumatına görə müfti əfəndi xəstə olduğuna görə istefaya məcbur olmuşdur. Buna görə də Krımda müftilik məsələsi bütün mənası ilə meydana çıxmışdır. İnanmalı mənbələrdən yetişdiyinə görə Ağməscid (Simferepol) müsəlmanları arasında müftinin ümumkrım müsəlmanları tərəfindən seçilmək surətilə təyini müvafiq görülüb və bu xüsusda hökumətə müraciət etmək fikri danışılmaqda imiş.

“Tərcüman”ın dediginə görə krımlılar müftiligə təyin olunacaq zatın müsəlman cəmaətinin intixabı ilə olması üçün ciddi surətdə və yolu ilə təşəbbüs edilərsə müvəffəq olurlar. Çünki bu xüsusda Krım digər müsəlman vilayətlərinə görə mümtaz bir mövqedədir. Çünki əsasən Krım müsəlmanlarının müftilərini seçməgə haqqları vardır. Bu haqdan yalnız son zamanlarda müvəqqətən məhrum qalmışlardır. İkinci Katerina tərəfindən Krım müsəlmanlarına bəxş edilmiş olan imtiyaza görə krımlılar müftilərini özləri seçə bilərlər.

Məlum olduğu üzrə Rusiya müsəlmanlarının ən böyük amallarından, ən əziz və müqəddəs diləklərindən birisi, bəlkə də birincisi ruhani rəislərinin öz mərifətləri ilə seçilməsidir. Bu xüsusda müsəlman əfkari-amməsini təmsil edən mətbuat arasında ixtilaf olmadığı kibi, hər münasib və fürsət gəldikcə müsəlmanlar bu tələblərini yüksək bir səslə bütün Rusiyaya eşitdirmişlərdir. Vəqtilə bu tələb Rusiya müsəlmanlarının ictimai tərəfindən qəbul edilərək müsəlman ittifaqının proqramına belə daxil edilmişdir. 1905-ci ildə qraf Voronsov-Daşkova Qafqasiya müsəlmanları adından təqdim olunan heyəti-mürəxxəsənin bəyan elədigi diləkləri zəminində dəxi bu tələb ən birinci maddələr cüzində zikr edilmişdir.

Rusiya cəmaət həyatının ən həyəcanlı və təzahüratlı zamanlarına təsadüf edən yuxarıdaki iki vəqəədən sonra dəxi təkrar edən yığınaqlarda, duma minbərində, mətbuat səhifələrində, bu mühüm məsələ, bu milli dirilik xüsusi haman tələb edilib durmuşdur.

Bir tərəfdən vaqe olan tələb arxasında etiqadlı, istiqamətli və mətanətli bir qüvvəti-təşkilat olmadığından, digər tərəfdən də bütün cəmaət və xəlq tələbat və əməllərinin giriftar olduqları müvəffəqiyyətsizliklərdən hasil olan bir nikbət bu vəqtə qədər bu məsə¬lənin qismən olsun qövldən-felə gəlməsinə mane olmuşdur.

Vaqe olan arzular, təqdim olunan tələblər, xahişlər, ricalara rəğmən müfti və şeyxülislam təyinində seçki üsulinə yanaşmaq bir yanda, hətta Bayazidov məsələsində görüldügü kibi, az da olsa müsəlman əfkari-amməsinə güzəşt etmək meyli görülməmişdir.

Meydanda bu qədər acı təcrübələr, yasəvər həqiqətlər mövcud ikən “Tərcüman” rəfiqimizin yolu ilə vaqe olursa, krımlıların məqsədlərinə çata biləcəkləri həqqində bəslədikləri nikbinliklə iştirak etmək üçün çox nikbin olmalıdır. Fəqət burasını da nəzərdən uzaq bulundurmamalıdır ki, “Tərcüman”ın ümidi tarixi bir vəsiqəyə, Krımın mümtaz bir həqq sahibi olmasına bağlanmışdır.

Krım müsəlmanları “müftimizi seçmək həqqimiz veriniz” – deyə müraciət etdikdə yalnız Rusiya müsəlman əfkari-amməsinin əməl və arzusuna tabe olunuz – deməyəcəklər, bəlkə iradeyi-imperatoru ilə malumız olan bir hüquqi kəndimizə qaytarınız – deyə dəxi tələb edə biləcəklərdir.

Bu surətlə vaqe olan tələb qəbula keçəcəkmi, keçmiyəcəkmi, bu ayrı bir məsələdir. Şübhəsiz ki, müsəlmanların dini və milli ehtiyaclarını və bu xüsusdaki sıxıntıları azaltmaq meyli hakim olursa, əlbəttə, krımlıların bu dəlili nəzəri-etinayə alınar, yox məhvəllərdəki təmayülat Bayazidov təyini zamanındaki novdən olursa, müvəqqətən tətil edilmiş olan fərmani yenə də tətil etdirə bilərlər. Tətilə uğramış hüquqlar, xatirələrdən çıxarılmış vəsiqələr azmıdır.

Əlbəttə, biz bununla təşəbbüs olunmasında, müraciət edilməsi fikrində degiliz. Biləks, bu hər zaman hər məkanda olunmalı, hər halda istənilməlidir. O vəqtə qədər istənilməlidir ki, hasil olsun.

Krımlı qardaşlarımızın əlində hüquqi-təbiiyyə və milliyyələrindən başqa tarixi bir istehqaq daha varsa, bundan da istifadə etməlidirlər.

Fəqət bir şeyi unutmamalıdır ki, müvəffəqiyyətin ən böyük zamini xəyalə uymamaq, sonra da daxili ittifaq və ittihada malik olmaqdır.

Məəttəəssüf “Tərcüman” rəfiqimizin yazdığından anlaşılır ki, seçki həqqini qazanmaq üçün təşəbbüsə başlamadan krımlılar arasında seçiləcək adamların şəxsiyyəti üstündə imdidən çəkişmə başlamışdır. İki hissəyə ayrılmış olan Krım mirzələrindən bir qismi Krımın hər tərəfində məlum bir cəmaət və millət xadimini təklif ediyor, ikinci firqə isə bu günə qədər adı da eşidilməmiş bir mirzəni iləriyə sürüyormuş.

Seçki əsası qəbul edildikdən sonra seçiləcək namizədlər həqqində firqələrə bölünmək seçginin üzərindən, onun mənası ilə ruhundan çıxma bir həqiqətdir. Bu firqəçilik, hətta lazımdır, faidəlidir. Çünki mədəni mübarizədir. Ona görə də mədəni həyat əlaməti deməkdir. Fəqət seçki həqqini almadan seçiləcək zatları təyin edib də indidən seçgi səngərbəndligi etmək qeyri-təbiidir. Bu təbiiligin əsil məqsədə, seçgi həqqini qazanmaya ziyan verər. Çünki seçiləcək zat seçgiyə müqəddəm tutulursa, o zaman bir firqənin namizədinə təfərrüq və üstünlük təmin edən seçgidən başqa bir üsulun qələbə çalacağı ehtimalı qüvvətli olur. Çünki seçiləcək zatlar seçki firqələrindən birinin namizədini iltizamla cəmaətin bir hissəsini qazanmış olar və bu surətlə əsil məsələ dəxi basdırıla bilər. Əgər vücudları xəbər verilən Krım firqələrinin ikisi də səmimi bir milliyyətpərvərliklə müttəhis isə, o zaman onda müfti seçmək həqqini qazanmaq kibi ümumi bir məsələ var ikən namizəd təyin etmək kibi firqəçilikdən hələ sakınmalıdırlar. Yoxsa, arada qazanan yenə “bayazidovlar” olur.

M.Ə.Rəsulzadə

“Açıq söz”, 10 aprel 1916, ¹155

 

Təfəvvüq – üstünlük, yüksəklik

İstehqaq – haqlı olma

 

 

(Ardı var)

 

Şirməmməd Hüseynov

 

525-ci qəzet.- 2012.- 28 aprel.- S.26-27