Şərq-Qərb qovşağında yeniləşmə hərəkatı və ziddiyyətlər

 

MİRZƏ FƏTƏLİ AXUNDZADƏ HAQQINDA DÜŞÜNCƏLƏR

 

(Əvvəli ötən şənbə saylarımızda)

 

Böyük insanların böyük səhvi olduğu həqiqətini də unutmayaq. Bəlkə başqa daha ciddi səbəblər də var ki, düzü mən onları bilmirəm, əslində heç bilmək də istəmirəm və hər şeyi bildiyim, dərk etdiyim şəkildə yazmağa üstünlük verirəm.

Mirzə Fətəli əlinə qələm alıb yazıya başlayanda Allah onun qulağına bir neçə şey pıçıldadı, ona vəhyi-ilahi verdi. Bu vəhylə o, beş-altı il içində altı dahiyanə dram əsərini və bir müddət sonra “Aldanmış kəvakib”i, ədəbi-tənqidi yazılarını qələmə aldı.

Şeytan fürsəti fövtə vermədi və Mirzənin o biri qulağına bir şeylər oxuduyazar elmsiz və əsassız “Məktublar”ını yazdı, ilahi qüdrətə şəkk gətirdi, ilahi olanla dünyəvi olanı qarışdırdı, bədii dühasına yaraşmayanları yazdı. Yazdı və onların ağırlığı altından çıxa bilmədi.

Bunu da unutmayaq ki, Mirzə Fətəlinin ədəbi varisləri əsla Allahsız olmayıblar. Ən qəribəsi və qanunauyğun olan da budur ki, Mirzə Fətəlinin tələbələri Azərbaycanın milli bayrağındakı yaşıl rəngə qarşı çıxmayanlardır. Onlar cəhalət və mövhumat düşməni olublar ki, bu da təbiidir. Amma heç bir zaman “külli-ədyanı” əfsanə hesab etməyiblər. Mirzə Fətəlinin səpdiyi toxumlardan bir xeyli dinsizin də yaranması təbiidir. Mən şəxsən toxumların hamısının Mirzə Fətəlidən gəldiyini düşünmürəm. İslamafobiyanın mənbələri çoxduronlar üzərində də durmaq istəmirəm. Heç zaman da onlarla bu məsələdə polemikaya girmədim (başqa məsələlərdə, xüsusən ədəbi və siyasi meydandakı polemikalarım olub, var və onların olmayacağını da düşünmürəm.)

İlahiyyat məsələləri, xüsusilə hermenevtika dini epistomologiyahüquq problemləri professinal hazırlıq və dərin bilgi istəyir. Həvəskar bilgisiylə çözüm aramaq yersiz bir işdir. Qəzali, Əl-Ərəbi, İbn-Sina, Mövlana, Şeyx Şəbüstərini... bilmədən Quranı şərhə girişmək uğursuzluqdur.

Mən Mirzə Fətəlidə bir şeyi onun bu zülmətdən – Allahsızlıqdan bəraəti üçün (əlbəttə ki, hakim biz deyilik) iki amili göstərə bilərəm. Birincisi, Mirzənin ifrat şəkildə dinsiz (əslində kafir demək daha doğru olardı) elmi, bədii ədəbiyyatın, yazılanların təsiri altına düşməsi, ikincisi mövhumat, cəhalət qaranlığının aşırı şəkildə şişirdilərək ilahi səviyyəyə isnad edilməsi. Bu cür mübaliğə, şişirtmə ağıl faktı yox, daha çox hissi (nifrət, qisas, kin...) gerçəkliyidir və əlbəttə ki, kökündən yanlışdır. Dahi Mirzə Fətəlinin ruhunu azdıran və bu azmışlığı ideologiyalaşdıran şeytana Allah lənət eləsin, – deməklə çoxsaylı suallardan canımı qurtarmaq istəyirəm, oxucum. Ən çətin və cavabsız sual adamın özünün özündən sorduğu suallardır.

Elə başa düşməyin ki, dini, xüsusən islam dinini təbliğ edirəm. Əsla. Mən hər kəsin Allahını tapmasını onun həyatının ən əziz və təkrarsız anı hesab edirəm. Yazdıqlarım Mirzə Fətəli müəllimimlə mənim qırx-qırx beş illik söhbətlərim, intibalarımdan başqa bir şey deyil. Əgər assosiativ məqamlar varsa, bunu da təbii bil. Burada söhbətin söhbəti, sözün sözü çəkdiyini də unutmayaq. Biz, yəni sən və mən. Başımızın üstündə də Allah. Könlümüzün dərinliyində də Allah.

A.Eynşteynin fəlsəfi məqalələrini və xatirələrini, Bertran Rasselin özü haqqında yazdıqlarını oxuduqca Mirzə Fətəlini daha yaxşı anladığımı düşünürəm. Dahi şairkommunist Nazim Hikmətin, sosializm realizminin təməlini qoyan Maksim Qorkininonlarca dahinin həyatı və taleyibuya digər şəkildə Mirzə Fətəlininkinə bənzədiyini diqqətinizə çatdırmaq istəyirəm. Öz zamanına sığmayanları öz zamanına sığanlarla bərabər dəyərləndirməyin ədalətli olmadığını bildirmək istəyirəm.

Birki, Mirzə Fətəlini qəbul edib, dəyərləndirməsi və ya kimlərinsə qəbul etməməsi, tənqid və ya təhqir etməsi nəyi dəyişir ki?!

Birüzr istəyərək bir şeyi də xatırlatmağı özümə borc bilirəm. Təvazökarlıqdan uzaq sayılsa da deməliyəm ki, mən oxucu üçün deyil, özüm üçün yazanlardanam. Hərdən oxucunu xatırlasam da, əsla oxucu üçün yazmıram. Mən özümü inandırmağa çalışıram, içimdəki əks fikirli adamla dartışıram, bəzən uduram, bəzən də uduzuram. Bu mübahisə də ədalətli olan Allahdır. Haqqında danışılan yaradıcı da mənim üçün çox da önəmli deyil. O sadəcə bəzən öz fikirlərini xatırladan tərəfsiz adamdır. Söhbət ondan getdiyi üçün o çox şeyə qarışmır. Başqalarının fikrionun üçün çox da önəmli deyil.

Bir şey də deməyə bilmərəm ki, ayrı-ayrı zamanların formulunu, ayarını tapmış, böyük məktəb yaratmış dahilər əbədi dahiya qəhrəman sayılmaz. Əbədi olan Allahdır. Bu anlamda əbədi olanı anlamağa, dərk etməyə çalışmaq büsbütün başqa bir dünya, başqa bir dünyabaxışıdır. İlahi aləmlə real aləmin, sonsuzluqla konkret zamanın və zəminin qarşılaşdırılması doğru sayıla bilməz.konkret bir yaradıcı şəxsiyyətin tarixi xidmətləri, əsərləri heç vaxt unudula bilməz. Unutmayaq ki, sevənlərini də, sevməyənlərini də, onu inkar edəni də, etməyəni də Allah özü yaradıb. Peyğəmbərləri də, şeytanı da, mələkləri də, iblisiAllah özü yaradıb. Biz hər yerdə Allahın vəkilliyini yapa bilmərik. Bizim Allaha inanmaq, onu sevmək və ondan qorxmaq haqqımız var.

Mirzə Fətəli kimi biz insanlar da Allahın zərrəsiyik. Mühakimə haqqı yalnız və yalnız Allahındır.

Qoy o böyük Allah məni bu ziddiyyətli yazıma görə bağışlasın. Allah Mirzə Fətəliyə rəhm eləsin...

Vallah, məni qınamayın. Mirzə Fətəlinin Avropaya ilk pəncərə də, qapı da açan kişinin məqalələrini oxuyanda əsəbiləşirəm. Şərqə, ümumən özlərindən olmayanlara, özəlliklə müsəlmanlara ikinci dərəcəli insan kimi baxan Avropa əhli Şərqin tarixini niyə unutdu? Tarixin təkərrür etmədiyinəmi qərar verdi? Müstəmləkəçi vampirliyini əbədiyyətəmi qovuşdurmaq istəyir, əlahəzrət Avropa?! Xristian klubu olan Avropa Birliyinin müsəlmanlara qarşı barışmazlığı hansı demokratiya maddəsinə yazılıb, görəsən?

Oxucum, mən əsla Avropa düşməni – filan deyiləm. Avropa standartlı həyat tərzini, elm-texnika səviyyəsini, əsl sənət örnəklərini sevənlərdən, sayqı duyanlardan biriyəm. Əgər hər Avropa millətində başqalarına qarşı ciftə standart varsa daha mənim sözüm yoxdur. Gücüm acığımı Mirzə Fətəliyə tökməyə çatır. Ürəyimdə deyirəm: “Kişi, sən bizi göbəyimizdən Avropaya bağlayanlardan birisən, bəlkə də birincisisən. Al, bu da sənin millətini adam yerinə qoymayan Avropa. Ustad, Avropa yolunun ideal olması fikri Şərqin gələcəyinə, özü də tarixdə təsdiq olunmuş gələcəyinə son qoymadımı? Avropanın ideal model olmadığını tarix isbat etməkdədir. Ədalətsizlik və ikili standart heç bir vaxt ideal dövlət anlayışına sığmayıb və sığmayacaq da. Fransanın, İngiltərənin, Almaniyanın, Yunanıstanın, İsveçrənin... Rusiyasayağı erməni canyanalığı soyqırım hay-küyü hansı tarixi həqiqətə, hüquqa sığar?

Suallar çoxdur, Mirzə Fətəli. Tarazlaşdırılmamış, ayarı qoyulmamış Avropapərəstliyin Şərq üçün fəlakət olduğunu isbat etməyə ehtiyac yoxdur. Hər şey göz qabağındadır.

Görünür, Günəşin Şərqdən deyil, Qərbdən doğduğunu isbat edənlər bizi öz yalanlarına inandırdılar. Bizim başımızın üstündən öz dinlərini uca tutdular, təhrif etdikləri Tövratın, İncilin gününə salmaq istədilər Quranı. Gücləri çatmadı. Gücləri çatmayan məkrli islam düşmənçiliyini, Qurana atılan ucuz iftiraları sənin və sənin kimilərin əli ilə etdilər. Təəssüf, ustad, təəssüf. Xamnədən Şəkiyə, Şəkidən Tiflisə, Tiflisdən dünyaya səsi yayılan Mirzə Fətəli, böyük insan, səni sevdiyim qədər də qınayıram... Bağışla məni ustad, uman yerdən küsərlər...

Bizim hamımızın yaddaşındakı damarlarda həm də Mirzə Fətəlinin qanı axır. Qazandıqlarımız da, qeyb etdiklərimiz də, uğurumuz da, ziddiyyətimiz də həmin qandan gəlirsə, doğrudan da, olacağa çarə yox imiş.

Tarix müasirləşmənin Yapon modelini, eləcə də Çin, Güney Koreya... modellərini də ortaya qoydu. Məlum oldu ki, müasirləşmə yalnız Qərbləşmə deyil. Öz dininə, ənənəsinə, tarixinə, mentalitetinə bağlı qalaraq elmdə, texnikada, iqtisadiyyatda, həyat tərzində müasirləşə bilərsək. Mirzə Fətəli yolunun ziddiyyətinin bir tərəfi də budur. Öz kökünə bağlı olmayan xalqlar əriməyə, assimilə olmağa məhkumdur. Şərqin üzünə açılan qapı Şərqin öz tarixi dəyərləri üzərində ucalmalı, insanı dəyərlərin hamısını ehtiva etməlidir.

Canlı aləmdə, xüsusən insanlarda irsiyyət deyilən bir bioloji qanun var. Hər kəsin təsdiqi və davamı onun öz övladıdır. Bu bioloji qanun sosial həyatda təsdiq olunur. Mühit, tərbiyə, təhsil faktorlarını nəzərə almadan bu qanunun sosial gerçəkliyindən danışmaq çox çətindir və onların ayarı, tarazlığı da çox mühümdür. Amma çox şeyin irsiyyət, gen amili həll etdiyiniinkar etmək çətindir.

Yaradıcılıq aləmində də irsiyyət, davam, gen yaddaşı mühüm rol oynayır. Yaradıcı insanın bir təsdiqi də onun estetik, fəlsəfi, poetik dəyərlərdə, başqa sözlə yaratdığı məktəbdədir. Yuxarıda qeyd etdiyimiz kimi Mirzə Fətəlinin məktəbi modern düşüncə və yaradıcılıq məktəbidir. Həsən bəy Zərdabinin (həm də müasiri), Nəcəf bəy Vəzirovun (dramaturgiyateatr), Ə.Haqverdiyevin (dramaturgiya, nəsr), Ə.Hüseynzadənin (fəlsəfə, ictimai fikir, mətbuat-publisistika), Mirzə Cəlilin (dramaturgiya, nəsr, mətbuat, publisistika), Mirzə Ələkbər Sabirin (şeir), Üzeyir bəy Hacıbəyovun (dramaturgiya, teatr, mətbuat-publisistika), Ömər Faiq Nemanzadə (ictimai fikir, mətbuat-publisistika), Məhəmməd Ağa Şahtaxtinskini (mətbuat, əlifba, ictimai-siyasi fikir), İsmayıl bəy Qaspralı (mətbuat, ictimai-siyasi fikir), Ə.Ağaoğlu (ictimai-siyasi fikir, fəlsəfə), Məhəmməd Əmin Rəsulzadə (ictimai-siyasi fikir, mətbuat-publisistika), Mirzəli Möcüz (şair)...

Əlbəttə, bu siyahı bütöv deyilhardasa şərtidir. Modern və ən modern Azərbaycan ədəbiyyatının, ictimai-siyasi fikrinin Mirzə Fətəlinin çuxasından çıxdığını da təsdiq etməmək olmaz. Azərbaycanın GüneyiQuzeyi, bədii düşüncə, ictimai-siyasi fəaliyyət sərhədlərinə sığmır. Çünki o yalnız bütöv Azərbaycanın deyil, həm də bütün türk dünyasının Qafqazların, Yaxın və Orta Şərqin, Hindistanın... böyük fikir öndəri, sənət, ədəbiyyat nəhəngidir və bu mənada həqiqətən də “baniyi-kar”dır.

Mənim məqsədim bu məktəbi uzun-uzadı təsvir etmək, fərqli yanları və yönləri ilə araşdırmaq deyil. Niyyətim bu günümüzə qədər davam edən bu böyük məktəblə bağlı bir önəmli amili vurğulamaq və dolayı yolla Mirzə Fətəli məktəbində nəyin bar verdiyini törəyib artdığını, davamlılığı daşıdığını, nəyin qısır qaldığının, intişar etmədiyinin altını qırmızı xətlə cızmaqdır.

Mirzə Fətəli məktəbi tam şəkildə dərindən araşdırsaq bir amil qabarıq şəkildə ortaya çıxacaqdır.

Mirzə Fətəlinin komediyaları və nəsri onun ən sağlam yerdən davamını şərtləndirən təməldir. Zaman keçdikcə arılaşıb-durulaşan bu məktəb milli və bəşəri dəyərlərin vəhdətidir desək səhv etmərik.

Mirzə Fətəlinin ictimai-siyasi, ədəbi tənqidi, ədəbi dil nəzəriyyəsi və təcrübəsi, mətbuat publisistika istiqamətindəki xidmətlərini və birinciliyini kimsə inkar etməz, edən olsa da, haqsızlıq edər. Fəqət Mirzə Cəlilin din, islam əleyhinə yazıları, fikirləri, bəzi inkarçılıq meylləri qısır qaldı, davam etdirilmədi desək, həqiqəti ifadə etmiş olarıq.

Doğrudur, bu tendensiya cəhalətə, mövhumata, dini irticaya, yobazlığa qarşı çox əhəmiyyətli olmuşdur. Ancaq Allahsız olmamış, “Külli-ədyanı” inkar etməmişdir, Füzulini özünə doğma bilmişdir.

Mirzə Fətəlini 70 illik ateist ideologiyası hakim olduğu zaman içində də boğazdan yuxarı olmuş, rejim şərti, şüar kimi göstərmişdir. Dinə, “tiryək”, “bar verməyən çiçək” deyən Marks və marksistlər, leninistlər, stalinistlər, maoistər... iflasa uğramış, ateizm çıxmaza girmişdir. Din-əxlaqdır. Amma mən bütün dinsizləri əxlaqsız hesab etməyənlərdənəm. Səmimi dinsiz səmimi aldanmışdır. Fəlsəfə dinləri daşıyanlara sayqım var. Elmi, sənəti özünə din hesab edənləri də anlamağa çalışıram. Dini kitabları oxuyub aradan cəhalət, şarlatanlıq, cindarlıq, əbləhlik... çıxaranlara qarşı amansızam və onları xalqıma, insanlığa düşmən hesab edirəm.

Siyasiləşdirilmiş dinin din olmadığını da açıq şəkildə bildirmək istəyirəm. Din reformatorlarını və yorum özbaşınalığını da bəyəndiyimi söyləməkdə çətinlik çəkirəm.

Hz. Əlinin, Qəzalinin, Əl-Ərəbinin, Yunis Əmrənin, Mövlananın, Füzulinin, İbrahim Haqqı Əfəndinin, Əli bəy Hüseynzadənin, M.Ə.Rəsulzadənin... din yorumu, islama baxışı mənim üçün daha doğmadır.

Bu mənada da Mirzə Fətəli bizi düşündürən mütəfəkkirdir. Onun bəzi fikirlərini, baxışlarını qəbul etməsək də, zərərli bilsək də onun dühasını inkar edə bilmərik.

İnsan dühasının düz xətt üzrə inkişaf etdiyini düşünmək yanlışdır. Ziddiyyətlər, inkarlar, yanlışlar, ifratlar, uc nöqtələrdə dolanmalar insan zəkası üçün təbii proseslərdir. Bütün bunları canlı şəkildə yaşayan Mirzə Fətəli bizə doğma və əzizdir.

P.S.Yazı tam həcmdə kitab kimi cap olunacaq.

 

 

Kamil VƏLİ

 

525-ci qəzet.- 2012.- 28 aprel.- S.22.