“ELÇİNLƏ ƏDƏBİYYAT SÖHBƏTİ” ƏTRAFINDA SÖHBƏT

 

Yazıçı-Jurnalist Yaşarın “Elçinlə ədəbiyyat söhbəti” ətrafında bu qeydlərimə Elçinin müsahibəyə “Son söz əvəzi”ndən başlamaq istərdim. Mən çox böyük maraqla “525-ci qəzet”in 19 noyabr-20 yanvar şənbə buraxılışlarının hər nömrəsində iki səhifə yer alan bu müsahibə-söhbəti və Elçinin əlavə olaraq axırda yazdığı “Son söz əvəzi”ni oxudum.

Elçin bu “Son söz əvəzi”ndə haçansa mənim də tələbəm olmuş və sənətindən-yazıçılığından, jurnalistikasından, bədii duyumundan, erudisiyasından, ensiklopedik bilgisindən və nəhayət, müsahiblə həmsöhbət ola bilmək peşəkarlığından qürur duyduğum Yaşarın layiqli qiymətini də verdi. Yaşarın suallarından doğan, bu sualların yaratdığı ədəbiyyatla dolu bir müsahibədə jurnalistin yüksək mədəniyyətinin, polemika səviyyəsinin və səriştəliliyinin qiymətini bir daha duyan Elçin onun zəngin adam olduğunu xüsusi vurğulayır və qəti əminliklə bildirir: “Onun (Yaşarın – C.M.) bu cəhətləri olmasaydı, bu söhbət də alınmayacaqdı”. Bu “Son söz əvəzi” sanki Yaşarın ünvanına deyil, mənim ünvanımaydı. Və yəqin, ona görə ki, Yaşarın jurnalist məharəti, müsahibi dilləndirmək bacarığı onu mənə əziz, doğma insana çevirmişdir. Övladın qədər istədiyin bir peşəkarın ünvanına deyilən hər xoş söz həm də sənindir, həm də sanki sənədir. Həmin “Son söz əvəzi”nin Yaşar barədə sətirlərindən: “Yaşarın suallarının, mülahizələrinin yaratdığı münbit zəmin məni vaxtı ilə oxuduğum bir sıra kitablara yenidən qaytardı, o kitabların elə o zamankı auraları, elə bil, təzədən yarandı.

Bu suallar uzun illər boyu keçdiyim yaradıcılıq yolundakı ayrı-ayrı məqamları mənə yenidən xatırlatdı və o məqamları mən elə bil yenidən yaşadım.

Yaşarın suallarının, söylədiyi fikirlərin, bildirdiyi ədəbi mövqelərinin heç biri ədəbiyyatın kənarından verilmir, söylənmir, bildirilmir, onlar ədəbiyyatın özündən gəlir.

Yaşarın ədəbi məkanı ədəbiyyatın ətrafında yox, ədəbiyyatın mərkəzindədir”.

Əzizim Elçin müəllim! Mən Sizin “Son söz əvəzi”nizdən gətirdiyim bu sətirlərdən sonra, əlbəttə, müsahibənin öz mahiyyətindən və əlbəttə, Sizin böyük ədəbiyyata, sənət dünyasına münasibətinizdən danışacağam. Amma mən Sizin “Son söz əvəzi”nizi ilk söz əvəzi kimi iki münasibətlə qabağa saldım: Birincisi, ona görə ki, bu “Son söz əvəzi”, əslində, müsahibəyə bir prelüdiya rolunu da oynayardı. Bu “Son söz əvəzi” peşəkar jurnalistə verilən böyük, obyektiv, ləyaqətli bir qiymət olmaqla bərabər, özündə Sizin şəxsiyyətinizi, heç kimə bənzəməyən fərdi üslubunuzu və ürəkdən gələn səmimiyyətinizi göstərən bir fakt kimi qiymətlidir. İkincisi, bu “Son söz əvəzi”, yuxarıda dediyim kimi, mənim də tələbəm olmuş bir sənətkara sənətkar qiymətidir.

Beləliklə, iddiasız və sakit bir ahəng ifadə edən “Ədəbiyyat söhbəti” öz sərlövhəsi ilə oxucunu necə cəlb etdi? Əlbəttə, hər şeydən əvvəl, bu müsahibənin mövzusu, tematikası ilə. Digər tərəfdən, Yaşarın müsahibi, həmsöhbəti səriştəli oxucuya öz orijinal fikirləri, sənətkar keyfiyyəti ilə çoxdan məlumdur.

Belə bir həqiqəti təkrar etməli oluram ki, sənət haqqında söhbətin sənətkarla aparılması oxucuya çox şey vəd edir. Xüsusilə burada sənətkarın sənətə münasibəti, bu münasibətin obyektivliyi, bu obyektivliyin səmimiliyi, sənətkarın şəxsiyyətini müəyyən edən meyarlara oxucunun əvvəlcədən az-çox bələdliliyi çox böyük məna daşıyır. Azərbaycan elmi-filoloji, ədəbi-bədii-ictimai dairəsi Elçinin yaradıcılıq istedadına, zəngin mütaliəsinə və bu mütaliədən gələn təfəkkürünə, yazıçı şəxsiyyətinə və bədii sözə nəzəri qiymətinə çoxdan bələddir. Dünyanı fantastik bir xaosun bürüdüyü səksəninci illərin sonu, doxsanıncı illərin əvvəllərində – mətbuat və söz azadlığının yaratdığı fantasmoqorik bir zamanda bəşəriyyəti min illərdən bəri kamilləşdirə-kamilləşdirə gələn bədii söz sənətinin öləzimə çağından ta bu günə qədər Elçin təkcə Azərbaycan elmi-filoloji fikrində deyil, cəsarətlə demək olar ki, bundan çox-çox böyük bir mühitdə ədəbiyyata sahib çıxan, onun xəstə yatağının başında vicdanlı bir həkim-kardioloq kimi dayanan azsaylı filoloq-alimlərdən biridir. Dostoyevskidən, Rasputindən imtina edən rus oxucusu, Markesdən, Kortasardan, Kobo Abedən... imtina edən dünya oxucusu hər kəsi ruhdan salmışdı, təkcə bizdə deyil, bütün dünyada hər şeyi öz qərəzli baxış bucağından, “qiymətləndirən”lər qarşısında bədii sözə sahib çıxmaq, onun dəyərinin heç vaxt itməyəcəyinə inam bəsləmək də hər kəsin işi deyildi. Elçin özünün ən yeni bədii əsərləri ilə, bədii sənət barədə inadkar nəzəri fikir və mülahizələri ilə öz inamına bizi də inandırdı. Artıq inadkarlıqla inandırmaq cəhdi geridə qaldı. İndi dünya ədəbiyyatında, eləcə də Azərbaycan ədəbiyyatında rekviyem dövrü bitməkdə, yeni qüvvələrin, gənc nəslin ortaya çıxması dövrü başlamaqdadır. Bu proses necə baş verdi, ümumiyyətlə, axı bu ədəbiyyat nədir, dünyaya bədii söz sənəti hardan gəlib hara gedir, ədəbi proses nə vəd edir. Elçinin öz yaradıcılığı bu böyük xor kapellasında necə görünür... kimi onlarca suala cavab axtarılan “Ədəbiyyat söhbəti” inama inamın təsdiq faktıdır.

Yaşarın Elçinlə bu böyük ədəbiyyat söhbəti (bu yerdə “böyük” epiteti həm söhbətin həcminə, həm də onun daşıdığı məzmun yükünə aiddir) əvvəlcə “525-ci qəzet”in, sonra “Azərbaycan” jurnalının səhifələrində dərc olundu və dərhal sonra ayrıca kitab halında nəşr edildi. Kitabın nəşr olunduğu “Təhsil-Nəşriyyat-Poliqrafiya MMC”-də – bu gün Azərbaycan nəşriyyat-poliqrafiya peşəkarlığını Avropa məkanında birinci yerə çıxaran və yeni-yeni beynəlxalq mükafat dərəcələri ilə milli kitab istehsalı mədəniyyətimizi dünyaya tanıdan bu mərkəzdə onun direktoru, nəşriyyatçılıq istedadı ilə ictimai fikrin hörmətini çoxdan qazanmış Bəhruz Axundovla görüşümüzdə jurnalistlərə bu kitabı ürəklə hədiyyə etdi. Bu “söhbətin” hələ “525-ci qəzet”də dərc olunduğu günlərdə onun mütləq ədəbi hadisəyə çevriləcəyi barədə düşünmüşdüm. Dərs dediyim universitet auditoriyasındakı tələbələrimin rəylərində, ədəbi-tənqidlə məşğul olan azman filoloq alimlərin söhbətlərindən “söhbətin” ədəbi hadisə olduğunu hiss etmişdim. Bu hadisə mütləq altmışıncılardan gəlməliydi. O altmışıncılardan ki, ədəbiyyata gələn kimi özlərini təsdiq etdilər, sovet ədəbiyyatının ideoloji kanonlarını qıraraq tamamilə yeni bir nəsrin, poeziyanın bünövrəsini qoydular. İsa Hüseynov, Anar, Elçin, Əkrəm Əylisli, İsi Məlikzadə, Sabir Əhmədov, Sabir Azəri, Mövlud Süleymanlı və onlarca yeni sənətkar. Elə həmin dövrdə yaranan yeni tənqid –Yaşar Qarayev başda olmaqla sənətkarlığa zərbə vuran, hər cür qrafomanlığı ifşa edən, konyukturanı heç cür qəbul etməyən yeni ədəbi tənqib məktəbi yarandı. Rus sovet ədəbiyyatının altmışıncılar nəslinin yeni dünya bədii söz sənətinə açıq və gizli meyli Azərbaycan ədəbiyyatında da cəsarətli söz adamlarının sözünə təkan verdi. İndi bəzən sənət və sənətkar haqqında məsuliyyətsiz, bixəbər fikir deyiləndə adamın yadına o çətin, ağır senzura şəraitində meydana çıxan həmin yazıçıların qəhrəmanlığı düşür. Elçin bu cəsarətli söz adamları içərisində ədəbi ictimaiyyətin diqqətini xüsusi çəkirdi. Cəsarət o zaman olur ki, yazıçı öz sözünə, özünün estetik ideallarına güvənir və bu idealların ifadəsində ustalıq göstərir. Altmışıncılara və o cümlədən Elçinə cəsarəti sənətkarlıq, ustalıq faktorları verdi. Elçinin hələ 70-ci illərdə Moskva tənqidçisi M.Korobovla bir dialoqu vardı. Çox ciddi və populyar ədəbi orqanda dərc olunan həmin dialoqda M.Korobov söhbəti tez-tez ideoloji istiqamətə yönəldirdi. Elçinsə söhbətin ideoloji istiqamətini bəyənmədiyini hər an öz söhbətində bildirirdi. Nəhayət, Korobov o zaman SSRİ-də çox dəbdə olan və əsrin tikintisi hesab edilən Baykal – Amur Magistralı (BAM) adlanan dəmir yol tikintisi kimi layihələrin bədii əsərlərə mövzu ola biləcəyi iddiasını irəli sürdü. Elçin qəti şəkildə bildirdi ki, sifarişlə bədii əsər yazmaq olmaz və bu, əsl sənətkarın işi deyil. Elçinin bu fikri o zaman BAM tikintisi ilə ABŞ, İngiltərə kimi kapitalist ölkələri qarşısında öyünən bir dövlətin baş tikintisinin bədii ədəbiyyata mövzu ola bilməyəcəyini dilə gətirməsi böyük cəsarət tələb edirdi...

Və mən Elçin haqqında bu kiçik fraqmentdən sonra ədəbi ictimaiyyətdə hadisəyə çevrilmiş “Elçinlə ədəbiyyat söhbəti” üzərində dayanmaq istərdim. Hər şeydən əvvəl, bu söhbətin janrı ətrafında dayanmaq lazımdır. Hərçənd, jurnalistikada söhbət ayrıca bir janr kimi çoxdan formalaşıb. Amma tarixən formalaşaraq aydın qəlibə, aydın kanonlara malik söhbət janrı bu yerdə xeyli dərəcədə kiçik görünür. Və təsadüfi deyil ki, jurnalistikanın janr ənənələrini dərindən bilən, yeni media qaydalarına yaxşı bələd olan Yaşar “Elçinlə ədəbiyyat söhbəti”ni müsahibə qəlibində təqdim edib. Əlbəttə, burada qəlib, çərçivə tipli sözlər xeyli dərəcədə janrın bu halındakı əndazəsinə sığmır. “Yaşarın Xalq yazıçısı Elçin ilə müsahibəsi” söhbət, dialoq, diskussiya kimi janrların birinin digərinə tranformasiyası zəminində tamamilə yeni bir yaradıcılıq formasını ortaya qoymuşdur. Bu yerdə bu söhbət müsahibədən daha çox format xarakteri almışdır. Lakin bütün bunlarla belə, bu geniş format ənənəvi müsahibə – dialoq xətti əsasında formalaşmışdır. “Söhbətin əvvəli”ndə Yaşar bir jurnalist kimi mövzunun silsilə şəklində davam edəcəyini bildirir və Elçinə söhbətə “elə bu janrın, müsahibənin özünə və tarixçəsinə aydınlıq gətirməklə başlamağı” təklif edir. Yaşar ötən əsrdə bir janr kimi çox işlək olduğunu deyir və indi bunun səngidiyi qənaətinə gəlir. Və yazıçıya belə bir sual verir: “... Necə düşünürsünüz, epistolyar janr kimi, müsahibə janrı da gələcəkdə yazıçıların külliyatının tərkib hissəsi ola biləcəkmi?” Əlbəttə, Elçin Yaşarın bundan əvvəl qoyduğu “Kütləvi yazıçılıq ab-havası niyə birdən-birə qeybə çəkildi? Bunu da sürət əsrinin ayağına yazaqmı?” kimi sualına da və qeyd etdiyimiz suala da çox ətraflı, elmi-nəzəri, illüstrativ prizmadan cavab verir. Bütün bunlarla bərabər, şəxsən mənim üçün bir həqiqət də artıq ortadadır ki, Yaşarın Elçinlə bu müsahibəsi həm jurnalistin, həm də yazıçının gələcək külliyyatının şəksiz tərkib hissəsi olacaq. Çünki bu müsahibə sənət və sənətkar dünyasına, böyük bədii sözə, dünya ədəbi məktəblərinə, ayrı-ayrı məktəblərə məxsus yazıçıların yaradıcılıq laboratoriyasına elə səriştəli münasibətdən Elçinin öz bədii dünyası, Azərbaycan ədəbiyyatının klassik və yeni mənzərəsi ətrafında elə maraqlı gəzişmələrdən ibarətdir ki, ona nə müəllif özü etinasızlıq edə bilər, nə də oxucu.

Əlbəttə, Elçin bir yazıçı və bir ədəbiyyatşünas kimi Azərbaycan ədəbi mühitində fenomenal hadisədir. Ancaq bir halda ki, söhbət müsahibə janrının imkanları daxilində baş verən ədəbi hadisədən gedir, onda bu müsahibəni aparan jurnalistdən də başlamamaq olmur. Nəzəri fikir və təcrübə sübut edir ki, bütün hallarda müsahibənin uğuru jurnalistin predmetə bələdliyindən doğan suallardan çox asılıdır. Yaşar müsahibindən yeni texnoloji əsrin ortaya qoyduğu sənətə yeni yanaşma tərzinin uğurları və fəsadlarından, epistolyar janrın taleyindən danışmağı xahiş edir. Və Elçin sanki və sanki bədahətən bu sualı gözləyir. O, əsrin, kompüter əsrinin yaratdığı yeni ədəbi dünyanı heyrətamiz bir müşahidəçi kimi təsvir edir, məktub romantikası, elektron kitab, haçansa gerçəkləşə biləcək elektron teatr haqqında çox maraqlı proqnozlar verir.

Yaxud, Yaşar soruşur: “Ədəbiyyata – özünü yazılı sözlə ifadə etməyə tələbat insanda necə yaranır. Və yazıçılığa mübtəlalıq nələrdən doğur?” Bu sual elə bu anda ədəbiyyatşünas Elçinə, filosof Elçinə deyil, daha çox bədii söz ustası olan Elçinə – yəni ancaq yazıçıya ünvanlanır. Və Elçin cavaba başlayan kimi bu suala çox maraqlı, orijinal, sənətkar cavabının böyük vədlər verdiyi hiss olunur. Elçin, həqiqətən də, sual üzərində xeyli gəzişmədən sonra bu cavabı filoloji yaddaşlara çökəcək bir rezüme ilə yekunlaşdırır: “Söhbət qrafomanlığın yox, istedadın yaratdığı tələbatdan gedirsə, bu – bir sirri – xudadır. Yazıçılığa mübtəlalıq – yaşamağa mübtəlalıq kimi bir şeydir”. Elçinin gəldiyi bu nəticə dəqiq postulatdır: Yaradan sənə həyat verdiyi kimi istedad da verir. İstedad yazıçılığa – ümumiyyətlə əsl sənətə mübtəlalığın əsasıdır. Və bu ifadəyə diqqət edək: “yazıçılığa mübtəlalıq”, yaxud, “yaşamağa mübtəlalıq”. Mübtəla leksemi, adətən, mənfi emosiya doğuracaq bir hadisəyə aid edilir: xəstəliyə mübtəlalıq kimi. Lakin Elçinin “mübtəlalığı” bədii dünyaya sahib insanın ləzzət payı kimi səslənir və elə oxucuya da ləzzət verir.

Yaşarın Elçinə müraciətlə “İlyas Əfəndiyevin oğlu olmaq Sizə daha çox rahatlıq, yoxsa qayğı gətirib, Sizə daha çox dost, yoxsa düşmən qazandırıb?” sualına cavab genişdir. Amma Elçinin suala cavablarındakı “genişliyin” hər birindəki, yenə təkrar edirəm, yaddaşımıza çökən aforizm, postulat bizi heyrətə salır. Elə bu suala cavabın ekspromt bir məqamında dediyi: “Dünya yazıçılarının mütləq əksəriyyəti yazıçı ailəsində doğulmayıb, yoxsa ki, yazıçılıq genetik hadisə olardı” cümləsindən yaranan aforizm kimi.

Yaşar müsahibəyə “Ön söz əvəzi”ndə Elçinin çox məşhur bir obrazını, mənim də bir vaxtlar çox bəyəndiyim Baladadaşı xatırlayır və maraqlı bir fikir deyir: “... nə qədər qəribə olsa da, mən bir vaxtlar yaşıdım olmuş o məşhur Baladadaşı indi də yaşıdım kimi təsəvvür edirəm. Elə bil üstündən illər keçdikcə, o da mənimlə birgə yaşa dolub”. Elçinin obrazına bu qədər səmimi və bu qədər gerçəkliklə yanaşma söhbətin qızğın vaxtında bədii sözün indiki taleyi ilə bağlı fundamental bir suala zəmin yaradır: “Sizcə, niyə daha belə obrazlar yaranmır? Ədəbiyyatın missiyası dəyişib, yoxsa oxucu tələbatı, yaxud dövr o dövr deyil?” Elçin bu suala cavabda yazıçıdan çox ədəbiyyatşünasdır, öz hekayəsinə ədəbiyyatşünas gözü ilə baxan bir alimdir. Cavabda Baladadaş obrazının uğurunu təmin edən bədii detallar açılır və ədəbiyyatşünas Elçin maraqlı bir nəticəyə gəlir: “Belə obrazların daha yaranmadığını dedikdə, sən yəqin bizim ədəbiyyatı nəzərdə tutursan. Çünki hər xalqın öz “baladadaş”ları var və mən güman etmirəm ki, müasir dünya ədəbiyyatı onlardan yazmır”. Və cavabın yekun postulatı: “Ədəbiyyatın missiyası isə əbədidir. – Xeyirlə Şərin mübarizəsində Xeyirə kömək etmək və bu, dövrün dəyişməsindən asılı deyil. Hər dövrün öz məxsusi ədəbiyyatı var, ancaq həmin dövr ədəbiyyatı o dəyişməz, daimi missiyanın tərkibindədir, oradan kənara çıxmır”. Bu dəqiq və orijinal cavabın sahibi böyük ədəbiyyatın böyük missiyasının, əbədi missiyasının elmi-nəzəri modelini, portretini çəkən alim Elçindir.

Və Yaşarın bundan sonra provakasyon bir sualı səslənir: “Mənə həmişə maraqlı olub. Niyə magik realizm Azərbaycanda deyil, Latın Amerikasında yarandı?.. O tip insanları və janrı ədəbiyyata ilk dəfə şəxsən Siz və sizlər – bizim “altmışıncılar” da gətirə bilərdi. Səbəb nə idi, nədən Latın Amerikası nasirləri sizləri qabaqlayaraq, dünya oxucusunu fəth edə bildilər?” Yaşarın bu sualı elə-belə verilmir. Bu sual ötən əsrin 60-70-ci illərində Latın Amerikasında Q.Q.Markesin, Fuentesin, Bastosun yaradıcılığında özünü göstərən sözün, stilistikanın, magik gücünə qısqanclıqdan və bizim “altmışıncıların” potensial gücünün kinetikləşməməsinə təəssüfdən doğur. Və bir də belə fundamental sualın ancaq Elçin kimi ədəbiyyata, zamana, dövrə, mühitə yaxından bələd adamın cavabına arxayın olmaq olardı. Elçin magik realizm anlayışını qısa və lakonik dillə açır, bu sahədə özünün də bədii əsərlərində meyllər olduğunu bildirir və Yaşarla razılaşaraq sonda belə bir obyektiv, vicdanlı nəticədən də çəkinmir: “Ancaq qlobal şəkildə götürsək, sən düz deyirsən, obyektiv gerçəklik budur ki, magik realizmin vətəni Latın Amerikasıdır, sənin adlarını çəkdiyin və çəkmədiyin yazıçılar magik nəsr nümunələri ilə dünya ədəbiyyatında yeni səhifə aça bildilər”. Yaşarın sual ustalığı həmsöhbətinin böyük səriştəliliyinə, elmi dünyagörüşünə, heyrətamaiz mütaliəsinə, erudisiyasına, sənətkarlıq kriteriyalarına bələdliliyinə inamından doğur. Və bu inam bayaqkı sualın davamına cəsarət yaradır: Yaşar Azərbaycan ədəbiyyatında poeziyadan fərqli olaraq nəsr tarixinin, nəsr köklərinin bir sıra başqa xalqlardakından qısa olduğundan bəhs edir və sualı müsahibinin şəxsi yaradıcılığı zəminində cavab tələb edən istiqamətə yönəldir: “Siz özünüz yazı prosesində bu boşluğu, yaxud daha dəqiq desək, bu çatışmazlığı hiss edirsinizmi? Və ya azərbaycanlı nasirin böyük ədəbiyyat yaratmaq imkanları nə qədərdir?” Sual geniş, cəsarətli elmi cavab tələb edir. Və Elçin sualda haradasa həm də milli hissiyatımızı narahat edən haqlı bir ümidsizlik ovqatına optimist fikrini lap ilk cümləsində ifadə edir: “Azərbaycanlı nasirin böyük ədəbiyyat yaratmaq imkanı ingilis, fransız, ya da yapon nasirinin imkanı nə qədərdirsə, elə o qədərdir”. Bu optimist, bir az da özünümüdafiə həqiqəti elə-belə deyilmir. Bu fikrin elmi əsası davam edir: “Çünki söhbət istedaddan gedir. Həmin azərbaycanlı nə qədər böyük istedada malikdirsə, onun o qədər də böyük ədəbiyyat yaratmaq imkanı var”. Və bu həqiqətin illüstrativ fakt materiallarında nəsr ənənəsi bizdən çox da zəngin olmayan Latın Amerikası yazıçılarının lap son çağlarda yaratdıqları böyük ədəbiyyatın güc mənbəyini misal çəkir. Hələ heç bir tənqidin, ədəbiyyatşünaslığın indiyədək görə bilmədikləri qəribə bir yaradıcılıq faktının qəribə bir elmi interpretasiyasını formalaşdırır: Məlum olur ki, Latın Amerikasının böyük ədəbiyyat yaratmış nasirləri “milli proza ənənələrindən qat-qat artıq dərəcədə ümumbəşəri ədəbi ənənələrə söykənərək, milli nəsr yaratdılar”. Məlum olur ki, yuxarıda haqqında söhbət gedən “həmin magik realizmin meydana çıxmasının bir səbəbi də elə bu imiş – ənənə çərçivəsizliyi, əgər belə demək mümkünsə, ənənə demokratizmi”. Latın Amerikası nəsri ilə bağlı bu təhlil tənqidçi və ədəbiyyatşünas alimin ədəbi kəşfi kimi qiymətləndirilə bilər və bir də həmin suala cavabın son abzasındakı yeni postulat: “Bir məsələ də var ki, dünyada nə qədər yazıçı mövcuddursa, o qədər də yaradıcılıq psixologiyası var”. Elçinin bu suala cavabında ənənəyə sığmamaq, ənənə demokratizmi və hər yazıçının özünün yaradıcılıq psixologiyasının mövcudluğu bir sənətkar kimi formalaşmaqda olan yeni yazıçıya, həm də yazıçı yaradıcılığını təhlil təşəbbüsündə olan ağıllı ədəbiyyatşünasa yeni baxış bucağı, yeni yanaşma tərzi verir. O ki, qaldı ənənə demokratizmi və Azərbaycan nasiri, bu məsələdə şəxsən mənim də mülahizələrim var və bu mülahizələr içərisində ötən əsrin 60-70-ci illərinin ədəbi situasiyaları sistemində həmin demokratizmdən yüksək şəkildə bəhrələnən yazıçılara ədəbi-tənqidin qiymətini xatırlatmaq lazım gəlir. Altmışıncılar nəslinin ədəbi tənqidində dünya nəsr ənənəsinə ən çox bağlı olan və bu ənənəyə daha çox söykənən bir neçə yazıçı barədə geniş diskussiya gedirdi. Bu yazıçılar sırasında Anar, Elçin, Ə.Əylisli kimi yazıçılar öndə gedirdilər. Onların bir çoxu dünya klassik və müasir ədəbiyyat təsərrüfatını heyrətamiz şəkildə mənimsəmiş yazıçılar idi. Onlar daşlaşmış, xeyli dərəcədə yararsızlaşmış məhəlli ənənələri qırmaq və “ənənə demokratizmi”nə söykənmək işində yeni nəsr deyilən ciddi bir məktəb yaratdılar. Və bu yeni nəsr elə spontan şəkildə üzə çıxdı ki, məhəlli ənənə əsirləri – və həm də dövrün azman titullu yazıçıları buna qısqanclıqla yanaşdılar. Sonralar “altmışıncılar” adlandıracağımız bu nəsrin nümayəndələri çəkdiklərini çəkdilər, amma yollarından dönmədilər. Və bu dönməzlik, cəsarətlə deyərdim ki, Yaşarın bizimkilər böyük ədəbiyyat yarada bilərmi sualına müsbət cavab kimi səslənən “böyük ədəbiyyatın” meydana çıxmasına səbəb oldu. O böyük ədəbiyyat istedadlı yeni nasirləri yetirdi, öz mövzu dünyası ilə kənd və şəhər psixologiyasının indiyədək açılmayan qatlarını açdı, adi adamların, məişət həyatının fonunda insan psixologiyasının möcüzələrini təhlil etdi, bir az da irəli getsək, imperiyaya qarşı yeni mübarizə faktoru yaratdı, rus və dünya ədəbiyyatında görünməkdə olan yeni istiqamətin Azərbaycan faktını göstərdi və s. və ilaxır.

Suallar və cavablar məni yenidən müsahibəyə qaytarır və mən Yaşarın kitab fenomeni, rus ədəbiyyatı, yazıçı üçün söz azadlığı, klassika, gənclərə münasibət, ədəbiyyatın təkamülü və s. onlarca sualının cavablarına yenidən baxıram. Kitabın dünəni, bu günü, gələcəyi, xüsusilə oxu mədəniyyəti, mütaliə texnologiyası ilə bağlı fikirlərində Elçinin belə bir maraqlı fikri də var: “... kitab oxumaq, mütaliə özü-özlüyündə böyük bir sənətdir. Kitabdakı personajlara açar deşiyindən də baxmağı bacarmaq lazımdır. Həyatda açar deşiyindən baxmaq – ləyaqətsiz bir şeydir, ancaq mütaliədə – yox, çünki mütaliədə olan dərəcədə məhrəmlik, əgər belə demək mümkünsə, məhrəm intimlik – həyatda yoxdur”. Mütaliəyə, bədii obrazlara bu münasibət obrazlı olduğu qədər də elmidir.

Yaşarın maraqlı və bəzilərinə çox paradoksal görünən bir sualının və bu suala Elçinin cavabının üzərində dayanmaq istərdim. Bu, söz azadlığı ilə bağlıdır. Yaşar “İllər uzunu zəncirlənmiş sözə birdən-birə azadlıq veriləndə” bu azadlığın yaratdığı ədəbi fəsadları xatırladır və soruşur: “Elçin müəllim, bir yazıçı kimi Sizin üçün söz azadlığı anlayışı nə deməkdir və bugünkü mənzərə Sizi qane edirmi?” Elçin sovet dönəmində senzuranın dəhşətlərini faktlarla dilə gətirir və belə bir nəticəyə gəlir: “Söz azadlığı- obyektiv sözün azadlığı olmalıdır. Söz azadlığı heç vəchlə intiqam almaq, ara qarışdırmaq, şeytani hissləri ifadə etmək üçün ələ düşmüş vasitəyə çevrilməməlidir”. Əslində bu, azad sözə yanaşmanın etik prinsipidir və əbədiyaşar əsərlər yalnız bu prinsiplə əbədiyaşar olublar.

Mən yuxarıda Yaşarın söz azadlığı ilə bağlı sualını xatırladarkən bir “paradoksal” sözü işlətdim. Bu sözü ona görə işlətdim ki, söz azadlığı bəzən həqiqətən də fəsadlar yaradır. Sovet dönəmində öz yaradıcılığı ilə disident kimi də tanınan Osetin yazıçısı Fazil İskəndər SSRİ-nin süqutundan, senzuranın tamamilə ləğvindən, söz azadlığının bərqərar olmasından xeyli sonra – 1990-cı illərin axırlarında “Ostankino”da oxucuları ilə saat yarımlıq bir görüşündə son vaxtlar az yazmasının, az-az görünməsinin əsas səbəbini söz azadlığının bolluğu ilə izah etdi və bu yerdə oxucularına paradoksal görünən bir fikir söylədi: “Sizə qəribə görünəcək – dedi – amma səmimi sözümdür, sözün tam azadlığı olan yerdə əsl sənət əsəri meydana çıxmır”. Bəli, paradoksaldır, çoxlarını təəccübləndirər, amma həqiqətdir. Neyləyəsən ki, həqiqətdir.

Yaşarın formalaşdırdığı geniş suallar içində internetdən tutmuş Qurani-Kərimədək, sənətkar əbədiliyindən tutmuş şəxsi yaradıcılığadək maraqlı məqamlar var. Bu suallara cavablarda Elçinin dünya ədəbiyyatına – həm klassikaya, həm də müasir ədəbi prosesə bələdliyi müsahibəni böyük bir tədqiqat əsərinə çevirir. Yaradıcılığın və ümumiyyətlə nəsillərin atalar-oğullar probleminə yeni və fundamental münasibət oxucuya geniş informasiya verir. Ədəbiyyatın gələcəyinə dair ədəbiyyatşünas yazıçının kəşfini naşirlər kitabın üz qabığına çıxarmışlar: “Gələcək” elə bir anlayışdır ki, o, heç vaxt gəlməyəcək, əbədidir, hər bir gələcəyin öz gələcəyi var və bu həyata aid olduğu qədər də ədəbiyyata aiddir. Ona görə də ədəbiyyatın gələcəyindən danışmaq, əslində, ədəbiyyatın bu günü və bu günə qədərki dövrü ilə bağlı söhbət etmək deməkdir”. Yəqin elə buna görədir ki, “Yaşarın Xalq yazıçısı Elçin ilə müsahibəsi”nin əsas istiqaməti “ədəbiyyatın bu günü və bu günə qədərki dövrü ilə bağlı”dır. Amma ədəbiyyatın bu günü və bu günə qədərki dövrünü təhlil edən sənətkar Elçin, ədəbiyyatşünas alim Elçin onun “heç vaxt gəlməyəcək” gələcəyinin də incə konturlarını cızmış və yeni yaradıcı nəsli həmin ədəbi aləmə istiqamətləndirmişdir. Digər tərəfdən, Elçinə çox müxtəlif istiqamətlərdən verilən suallara cavablardan doğan təəssürat ədəbi aləmin bütöb panoramını görməyə imkan verir.

Yaşar sualların birində ədəbiyyata Nobel mükafatı üzərində dayanır. Sualın ümumi kontekstində Nobel mükafatının obyektivliyi şübhə altındadır. Və əlbəttə, bu fikirdə Yaşar haqlıdır. Əgər kimsə öz xalqına qarşı dayanıb erməni soyqırımının Türkiyədə həqiqətən baş verdiyini iddiadan sonra Nobel mükafatı alırsa, əgər keçmiş SSRİ-də Alma-Atanı, Vilnüsü, Tiflisi, nəhayət, Bakını qan içində boğan M.Qorbaçov Nobel mükafatına “layiq” görülürsə, əlbəttə, Yaşarın bu mükafatın obyektivliyindən şübhələnməyə əsası var. “Komsomolskaya pravda” qəzeti lap bu günlərdəki nömrələrin birində göstərir ki, “Eks-Prezident M.Qorbaçov aktrisa Çulpan Xamatovanın və Dina Korzunun sülh nominasiyasına görə Nobel mükafatına namizədliklərini irəli sürmək fikrindədir. Halbuki son illər bu mükafatı demokratiya pərdəsi altında neftə görə özgə ölkələri bombalayanlara verirlər” (“Komsomolskaya pravda” qəzeti, 19-26 aprel 2012).

Nobel mükafatının obyektivliyindən şübhələrini dəqiq faktlarla əsaslandıran Yaşarın Elçinə müraciətlə: “Sizcə, Nobel mükafatını əsas meyar kimi qəbul etmək düzgündürmü?” sualına müsahib qəti və cəsarətli cavab verir: “Əlbəttə, yox!... Əsas meyar əsərin bədii-estetik səviyyəsidir və bu “bədii-estetik səviyyə” dediyimiz anlayışın daxili mündəricatı elə zəngindir ki, onu nə qədər ali və nüfuzlu olsa da, bir neçə nəfərdən ibarət münsiflər heyəti müəyyənləşdirə bilməz”. Və daha sonra Elçin inkarolunmaz faktlarla yalnız siyasi konturlarına, ideoloji səbəblərinə görə Nobel mükafatına layiq görülən əsərləri misal gətirir.

Elçin Əfəndiyev yazıçıdır, filoloq alimdir və dövlətin yüksək eşelonunda təmsil olunan məmurdur. Baş nazirin müavini kimi bir vəzifədə olmasının yaradıcılığa təsir dairəsini öyrənmək üçün Yaşarın verdiyi “Yazıçı Elçinin Baş nazirin müavini Elçin Əfəndiyevə hansısa təsiri varmı? Yaxud əksinə...” sualına müsahibin fikirlərindən cəmi bir neçə sətri misal çəkmək istərdim: “Böyük vəzifədə çalışmaq – yalnız obıvatelin təsəvvüründə qayğısız idilliya çəkisizliyində xoşbəxtcəsinə üzmək deməkdir”. Bu da böyük bir fəlsəfi həqiqətdir və bu həqiqəti ancaq həqiqət kimi yaşayan məmur ifadə edə bilər. Sonda Elçin birbaşa mətləbə keçir və yazıçı Elçinin Baş nazirin müavini Elçinə və əksinə təsirin dəqiq modelini formalaşdırır: “... Baş nazirin müavini yazıçıya çoxlu həyat materialı verir, yazıçı isə Baş nazirin müavininə hər an xatırladır ki, həssas ol, vicdanlı ol, situasiyanın yox, insanın təəssübkeşi ol”. Bu, məmur vicdanının daxili mahiyyəti olmalıdır və biz Elçini bir məmur kimi beləcə tanıyırıq.

Mən söhbət-müsahibənin son sualını və son cavabını olduğu kimi bu məqaləyə əlavə edirəm. Çünki bu son sual dünən öz bədii sözü ilə dünyanı fəth etmiş Latın Amerikasından tutmuş yer kürəsinin bütün xalqları, bütün cəmiyyətlər üçün aktualdır. Bu suala Elçinin optimal cavabı isə bədii söz sənətinin, kitaba sozalan münasibət nostalgiyasını yaşayan hər kəs üçün təsəlli kimi səslənir. Beləliklə, söhbət – müsahibənin son sualı və son cavabı:

“Yaşar: – Elçin müəllim, bir vaxtlar bədii əsər oxumaq təkcə ziyalının deyil, fəhlənin, kəndlinin də əsas məşğuliyyəti idi və bu, adi bir məşğuliyyət deyildi, insanın görmədiyi aləmlərə qovuşması, içəridən təmizlənməsi demək idi. Kitabla baş-başa qalan insan heç vaxt pis adam ola bilməz. İndi çox dəyərlərin dəyişdiyi kimi, məşğuliyyətlər də dəyişib. Necə deyərlər, kitabımız bağlanıb. Elçin müəllim, necə düşünürsünüz, o kitabın yenidən açılacağına ümid varmı? Və ədəbiyyat bu məşğuliyyətlər bolluğunda yenidən öz əvvəlki mövqeyini bərpa edə bilərmi?

Elçin: – Yaşar, ədəbiyyatın tarixi min illərlə ölçülür, sənin bədbinliyinin səbəbi isə son 15-20 ilin təəssüratına əsaslanır.

Əvvəla, bu 15-20 ildə də bizdə dəyərli əsərlər yazılıb, ən əsası isə ədəbiyyat bəşəriyyətin həyatında elə bir ağırlığa malikdir ki, 15-20 ilin təcrübəsi onun çəkisini heç vəchlə azalda, mövqeyini sarsıda bilməz.

İnsan yaşadıqca, istedad da mövcud olacaq, istedad olacaqsa, sənət də yaranacaq.

Çünki, əzizim Yaşar... Stanislavskinin operetta replikası səviyyəsinə endirilmiş, ancaq həqiqəti ifadə edən sözləri kimi – həyat müvəqqəti, sənət daimidir”.

Mən bu məqaləni “Elçinlə ədəbiyyat söhbəti”nə müsahibin yazdığı “Son söz əvəzi” ilə başlamışdım. Mən bu məqaləni yenə də həmin “Son söz əvəzi” ilə bitirmək istəyirəm. “Son söz əvəzi”nin lap son abzasında Elçin deyir: “Mən yuxarıda bu söhbət ərəfəsindəki tərəddüddən danışanda dedim ki, görəsən, bizim sırf ədəbiyyat söhbətimiz kiməsə bir söz deyəcəkmi? Bu sualın cavabı yəqin ki, artıq bizdən yox, o kimsədən asılıdır”.

Əzizim Elçin müəllim! Mən o kimsələri təşkil edən yüzlərdən, minlərdən biriyəm. Və o yüzlərdən, minlərdən biri kimi bu qənaətə gəlirəm ki, əvvəla, Sizin Yaşarla söhbətiniz heç də “sırf ədəbiyyat söhbəti” deyil. Çünki ədəbiyyat heç vaxt “sırf ədəbiyyat” deyil. Ədəbiyyat bütöv bir dünyadır və bu bütöv dünyada bütöv dünyaya məxsus hər şey var. İkincisi, Sizin söhbətiniz o qədər maraqlı keçdi ki, son vaxtlar bədii sözün qiymətdən düşməsinə dair səslənən fikirlərin kökündən yanlış olduğunu sübuta yetirdi. Və üçüncüsü, bu müsahibə – söhbət yüksək səviyyəli bir orijinal əsər kimi ədəbiyyat tariximizə düşdü... Bu da “o kimsə”dən gələn fikirlər...

 

 

Cahangir Məmmədli

 

525-ci qəzet.- 2012.- 28 aprel.- S.18-19.