Əli Əhmədov:
“Qarabağ münaqişəsinin həllinin
mürəkkəbliyi konfliktin həllinin
uzadılması üçün əsas yarada bilməz”
Müsahibimiz Yeni Azərbaycan
Partiyasının (YAP) icra katibi, millət vəkili Əli Əhmədovdur
– Əli
müəllim, Rusiya xarici işlər naziri Sergey Lavrovun regiona
son səfərindən xeyli vaxt keçsə də, bu səfər
ətrafında müzakirələr, narahatlıqlar hələ
də davam etməkdədir. Daha doğrusu, onun İrəvanda
səsləndirdiyi “ Dağlıq Qarabağın taleyini
“Qarabağ xalqı” müəyyət etməlidir” fikri Azərbaycan
cəmiyyətinin bütün kəsimlərində birmənalı
qarşılanmayıb. Bu baxımdan, Lavrovun regiona səfəri
və səfər zamanı səsləndirdiyi məlum bəyanatlarla
bağlı ciddi narahatçılıq kecirmək
üçün əsaslar varmı, eyni zamanda, bu bəyanatlar
daha çox nəyə hesablanıb?
–
Bilirsiniz, mövqiyimizi dəfələrlə açıq
şəkildə bildirmişik. Ancaq səxsən mən Azərbaycan
vətəndaşı olaraq yenə də bu məsələyə
özümün münasibətimi bildirmək istəyərdim.
Məsələ orasındadır ki, ATƏT-in Minsk qrupu
münaqişənin nizama salınması missiyasını
öz üzərinə götürdüyü 20 il ərzində
münaqişənin dinc yolla tənzimlənməsi
üçün çox ciddi fəalliyyət göstərə
bilməyib. Həqiqət bundan ibarətdir. Bunu da Azərbaycanda
– istər Azərbaycanın siyasi xadimləri, istər ictimai
xadimləri, istər sadə vətəndaşları birmənalı
şəkildə etiraf və qeyd edirlər. Mən belə
hesab edirəm ki, buna son qoyulmalıdır və buna necə
son qoymaq lazımdırsa, onun üzərində də
düşünmək gərəkdir. Yəni, bu format səmərəlidirmi,
münaqişənin həllinə kömək edə bilirmi və
sair!
Rusiyaya
gəlincə, bu ölkə də Minsk qrupunun həmsədrlərindən
biridir və təbii ki, münaqişənin nizama
salınması ilə bağlı öz üzərinə
böyük öhdəliklər götürüb. Əgər
münaqişə bu günə qədər nizama
salınmayıbsa, elə bu öhdəliklərin yerinə
yetirilməsi ilə də bağlı ciddi problemlər var.
Rusiya xarici işlər nazirinin də Ermənistanda olarkən
Qarabağın taleyi ilə bağlı, Minsk qrupunun həmsədrinin
dilindən səslənməli olmayan bir fikri səsləndirməsini,
təbii ki, yaxşı hal saymaq olmaz. Həm beynəlxalq
hüquq baxımından, həm real gerçəklər
baxımından məsələnin tamam başqa bir müstəvidə
həll olunması ədalətli sayıla bilər.
Bütün
bunlara baxmayaraq, Lavrovun belə bir fikir səsləndirməsi,
təbii ki, Azərbaycan vətəndaşları tərəfindən
ciddi etirazla qarşılanmalıydı və belə də
qarşılanıb. Mən deməyə çətinlik
çəkirəm ki, Lavrovun bu fikri Rusiyanın həmsədr
dövlətlərdən biri kimi rəsmi mövqeyidir, yoxsa,
yox, amma onu da bildirmək istəyirəm ki, Rusiyanın rəhbərliyi
bu vaxta , ən azından bu bəyanat səsləndirilənə
qədər Qarabağ münaqişəsinin nizama
salınmasında ədalətli mövqe tutduğunu, Azərbaycanın
ərazi bütövlüyünü birmənalı şəkildə
tanıdığını bəyan edib. Yenə də inanmaq
istəyirəm ki, Rusiyanın bir dövlət olaraq, eyni
zamanda, Minsk qrupunun həmsədri kimi Qarabağ münaqişəsinin
nizama salınmasında mövqeyi Azərbaycanın ərazi
bütövlüyünün qorunması prinsipinə əməl
edilməsi üzərində qurulub. Mən ən azından
buna ümid edirəm və güman edirəm ki, belə də
olmalıdır.
– Bəs,
ondan cəmi bir neçə gün sonra Azərbaycana səfər
edən digər Rusiya yetkilisi – Federasiya Şurasının sədri
Valentina Matviyenkonun fikiləri ilə bağlı nə deyə
bilərsiniz? O bildirir ki, Qarabağ münaqişənin həlli
çox mürəkkəbdir, yəni, konflikt hələ də
uzana bilər...
–
Münaqişənin mürəkkəbliyi ilə əlaqədar
xanım Matviyenkonun səsləndirdiyi fikirdə yenilik yoxdur. Əgər
mürəkkəb olmasaydı, münaqişə 20 il ərzində
öz həllini tapardı. Amma münaqişənin həllinin
mürəkkəbliyi münaqişənin həllinin
uzadılması üçün əsas yarada bilməz. Ən
azından mən bunu da vurğulamaq istəyırəm ki,
münaqişənin nizama salınması üçün
vasitəçi kimi missiya üzərinə
götürmüş dövlətin yüksək rütbəli
rəsmi nümayəndəsinin belə bir fikir səsləndirməsi
yolverilməzdir. Ən azından münaqişənin həll
olunması missiyasını üzərinə götürən
dövlətin rəsmi nümayəndəsi bu münaqişənin
tezliklə həll olunması üçün səylər
ortaya qoyacağı haqqında bəyanatlar verməlidir.
Əks
bəyanatın verilməsi, hesab edirəm ki,
bütövlükdə vasitəçilik məntiqinə və
missiyasına uyğun gəlməyən bir yanaşmadır.
Amma yenə də mən ümidvar olduğum bildirmək istəyirəm
ki, – nə dərəcədə bu ümid üçün əsaslar
var, onu da deməyə çətinlik çəkirəm – ,
Minsk qrupu, onun həmsədrləri münaqişənin nizama
salınması üçün səylərini bundan sonra
çox güman, artıracaqlar. Ən azından mən bunu
Rusiyanın dəfələrlə bəyan etdiyi mövqeyə
instinad edərək demək istəyirəm.
–
Yeri gəlmişkən, belə fikirlər də var ki, ATƏT-in
Minsk qrupu formatı BMT Təhlükəsizlik Şurası və
yaxud, Avropa İttifaqı formatı ilə əvəzlənsin.
Sizcə, bu tənzimləmə formatı
mümkündürmü?
– Biz
dəfələrlə Minsk qrupunun bu formatda səmərəli
şəkildə fəaliyyət göstərə bilməməsi
haqqında fikirlərimizi və
narahatçılığımızı ifadə etmişik.
Şəxsən mən də yenə həmin fikirdə
qalıram. Minsk qrupunun həmsədrlik institutu səmərəli
fəaliyyət göstərə bilmir. Bu, birmənalı
şəkildə belədir. Yəqin ki, bunun səbəbləri
üzərində düşünərkən, eyni zamanda,
format məsələsinə gəlib çıxırıq.
Formatın dəyişdirilməsi ilə bağlı müxtəlif
təkliflər , o cümlədən, Fransanın həmsədrliyinin
Avropa İttifaqı tərəfindən əvəzlənməsi
haqqında fikirlər səsləndirilib. Başqa fikirlər də
səsləndirilib.
Hər
halda bu fikirlər çox səsləndirilib, bunları təhlil
etmək fikrində deyiləm. Mən də mövqeyimi , o
cümlədən , Fransa ilə əlaqədar mövqeyimi dəfələrlə
səsləndirmişəm. Hər halda Minsk qrupu fəaliyyətində
dəyişiklik etmək zorundadır. Etməsə bunun
alternativi münaqişənin hələ uzun illər
uzanmasıdır.
KAMİL
525-ci qəzet.- 2012.- 28 aprel.- S.9.