Zirvəyə aparan yollar
İnsanın
keçdiyi ömür yolu onun şəxsiyyət kimi
formalaşmasında və tanınmasında mühüm rol
oynayır. Bu gün yalnız Azərbaycanda deyil,bir çox
dünya ölkələrində görkəmli elm adamı,
şəxsiyyət kimi tanınan Bakı Dövlət
Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmov
şərəfli bir ömür yolu keçib. A.Məhərrəmov
1950-ci il yanvarın 5-də Ağdam rayonunda müəllim ailəsində
anadan olub. Ziyalı bir ailədə dünyaya gəldiyindən
elmə, təhsilə daha çox maraq göstərib. Orta məktəbi
medalla bitirdikdən sonra o, Bakı Dövlət Universitetinin
(BDU) Kimya fakültəsinə daxil olub. 1971-ci ildə
Universiteti fərqlənmə diplomu ilə başa vurduqdan
sonra təyinatla Ümumittifaq Elmi-Tədqiqat Olefinlər
İnstitutuna göndərilən gənc mütəxəssis
1973-cü ildə “Üzvi kimya” ixtisası üzrə
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin
aspiranturasına qəbul olunub və 1976-cı ildə akademik
N.S.Zefirovun rəhbərliyi ilə namizədlik
dissertasiyasını müdafiə edib. 1976-cı ildən
BDU-da böyük elmi işçi, tədris hissəsinin
müdiri və “Üzvi kimya” kafedrasında baş müəllim,
dosent vəzifələrində çalışan A.Məhərrəmov
1984-cü ildən 1993-cü ilədək Kimya fakültəsində
dekan müavini olub. 1991-ci ildə “Alkenlərin,
üçüzvlü karbo və heterotsiklik birləşmələrin
elektrofil reaksiyaları əsasında yeni sintetik yanaşmalar”
mövzusunda doktorluq dissertasiyasını müdafiə edib və
həmin ildən ona “Üzvi kimya” ixtisası üzrə
professor adı verilib. 1993-cü ildən 1999-cu ilədək
Kimya fakültəsinin dekanı vəzifəsində işləyən
Abel müəllim 1999-ci ildə Bakı Dövlət
Universitetinin rektoru vəzifəsinə təyin olunmuş və
həmin ildə “Yusif Məmmədəliyev adına medal” la təltif
edilib.
Akademik
A.M.Məhərrəmovun elmi tədqiqatlarının əhatə
dairəsi çoxşaxəli olub, kimyanın müxtəlif
maraqlı və mürəkkəb sahələrini əhatə
edir. Onun elmi-tədqiqatlarının əsas nailiyyətlərindən
biri “dopinq-birləşmə” adı ilə zərif üzvi
sintez sahəsində məşhurlaşmış elektrofil
birləşmə reaksiyalarının /AdE/ yeni sintetik istiqamətlərinin
müəyyən edilməsi olub. Alim müəyyən edib ki,
qüvvətli elektrolitlərdən və onlara uyğun polyar
həlledicilərdən istifadə etməklə /AdE/
reaksiyaların istiqamətini kəskin dəyişmək
mümkündür. Apardığı məqsədyönlü
elmi-tədqiqat işlərinin nəticəsi müasir
üzvü kimya və neft kimyasının inkişafında
xüsusi əhəmiyyəti vardır.
İlk dəfə olaraq 12 üzvlü tsikllərin konformasiyon analizi araşdıraraq əvvəlcə o, nəzəri olaraq Kremer-Popla parametrlərinə əsasən kvant mexaniki hesablamalar aparmış, sonra isə 12 üzvlü tsikllərin doymuş və doymamış törəmələrini sintez edərək, rentgen-struktur analizi vasitəsilə onların molekulyar və kristallik quruluşlarını öyrənib. O, öz tədqiqatlarında müxtəlif əvəzolunmuş oksiranların litium perxlorat iştirakında flüor (triflüormetan sulfoniloksi-l3 –yodanil) benzolla reaksiyası öyrənərək, oksiran tsiklindəki əvəzləyicilərin alınmış izomerlərin reqioistiqamətinə təsirini müəyyənləşdirib. A.Məhərrəmovun məqsədyönlü elmi araşdırmaları nəticəsində üçüzvlü heferotsikllərin sintezi və onların elektrofil və nukleofil reagenlərlə qarşılıqlı reaksiyaları tədqiq edilib. Akademik A.Məhərrəmovun rəhbərliyi altında hidrogen peroksidin parçalanması və substartın oksidləşməsi kimi sinxron qarşılıqlı təsirdə olan reaksiyalardan ibarət heteroaromatik birləşmələrin heterogen istiqamətdə monooksidləşməsinin reaksiya sistemi təcrübi yolla işlənib hazırlanmış və nəzəri cəhətdən əsaslandırılıb. Nəticədə, tiofenin törəməsi olan S – monooksidin alınması, ayrılması və ideentifikasiya problemi həll olunub.
Akademik neft kimyası sahəsində mühüm tədqiqat işləri aparır. Onun rəhbərliyi altında alkenilfenolların yeni funksionaləvəzli törəmələrinin sintezi istiqamətində sistematik tədqiqat işləri həyata keçirilir.
O,BDU-da nanohissəciklərin alınması və onların müasir tələblər səviyyəsində tətbiqi sayəsində ciddi elmi tədqiqatlar aparan “Nanoaraşdırmalar mərkəzi” təşkil edib və onun elmi rəhbəridir. Neftçıxarma problemləri ilə əlaqədar A.Məhərrəmovun apardığı elmi işlər xüsusilə diqqətəlayiqdir. Mərkəzdə öz supermaqnetik xassələri və qiqant maqnit müqaviməti ilə fərqlənən polimer nanokompozisiyalar, katalitik xassələrə malik müxtəlif metal nanohissəciklər əldə edilmiş və onların əsasında yeni bentonit nanokompozisiyalar yaradılmışdır. Bu materialların tətbiq edilməsi ilə laylararası neftin sıxışdırılıb çıxarılması gücləndirilib.
A.M.Məhərrəmov 1998-ci ildən Təhsil Nazirliyinin Vahid Elmi-Metodik Şurasının üzvü, 2000-ci ildən “Üzvi kimya” ixtisası üzrə BDU-nun nəzdində yaradılan doktorluq və namizədlik Dissertasiya Şurasının sədridir.
Akademik A.M.Məhərrəmovun elmi fəaliyyəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilmiş və 2000-ci ildə ona “Əməkdar elm xadimi” fəxri adı veril-mişdir. Elə həmin il iyunun 10-da elm və texnologiya sahəsində səmərəli fəaliyyətinə görə İqtisadı Əməkdaşlıq Təşkilatının “Qızıl Medal”ına layiq görülüb. 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilən akademik A.M.Məhərrəmova həmin ildə Türkiyə Respublikası Kırıkkale Universitetinin “Fəxri doktoru” adı verilib. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilmiş və həmin ildə “Qızıl Buta” mükafatına, Azərbaycan təhsilinin inkişafına göstərdiyi xidmətlərə görə “Mir Calal Paşayev” mükafatına və Azərbaycan-İsrail Gənclərinin Dostluq Cəmiyyəti tərəfindən “Azərbaycan-İsrael Gəncləri Arasındaki Münasibətlərin İnkişafına Ən Çox Dəstək Verən Rektor” mükafatına layiq görülüb.
2009-cu il 30 oktyabrda akademik A.Məhərrəmov Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə ”Şöhrət” ordeni ilə təltif edilib. 2010-cu ildə Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzv seçilib.
2010-cu ildə Milli Məclisin dördüncü çağırışının millət vəkili seçilib. Elə həmin ildə daxili işlər orqanları üçün hüquqşünas kadrların hazırlanmasında xüsusi xidmətlərinə görə və anadan olmasının 60 illiyi münasibəti ilə A.Məhərrəmov Daxil İşlər Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.
A.Məhərrəmov jurnalist kadrların hazırlanmasına həmişə həssaslıqla yanaşıb. Bu diqqət və qayğı əsas götürülərək ona 2011-ci ildə Azərbaycan Milli Mətbuatının 136-cı ildönümü münasibətilə Modern.az portalı və Sosial İnformasiya Agentliyi tərəfindən təsis olunan “Xüsusi rəğbət” mükafatı təqdim edilib.
A.Məhərrəmov çoxistiqamətli fəaliyyətini yorulmadan davam etdirərək Azərbaycanda elmin inkişafında və savadlı kadrların hazırlanmasında öz bilik və bacarığından məqsədyönlü şəkildə istifadə edir.
Leyla Sadıxova,
BDU-nun Jurnalistika
fakültəsinin tələbəsi
525-ci qəzet.- 2012.- 28 aprel.- S.3.