Vitautas Landsbergis:
“Qarabağ münaqişəsilə
bağlı aparılan
danışıqlar müharibədən
başqa heç nə vəd etmir”
Tərcüməçidən
ön söz
Məlum
olduğu kimi, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev aprelin 14-də Litvanın keçmiş dövlət başçısı,
Litva Respublikası Seyminin sabiq sədri Vitautas Landsbergisi Bakıda qəbul etdi. Görüşdə digər
suallarla yanaşı Azərbaycan ilə Avropa Parlamenti arasında əməkdaşlığa
dair məsələlər
ətrafında da fikir mübadiləsi aparıldı.
Bununla bağlı qeyd etmək istərdik ki, Avropa Parlamentinin üzvü və Avropa Parlamentinin Cənubi Qafqaz dövlətləri ilə əlaqələr üzrə nümayəndə heyəti sədrinin müavini V. Landsbergis hazırda müstəqil dövlətlər olaraq Avropa Şurasının üzvü olan keçmiş SSRİ respublikalarında Avropa ictimai-siyasi fikrinin və açıq vətəndaş cəmiyyəti təsisatlarının bərqərar olmasının vacibliyi və sivil dövlət quruculuğu yolunda, həmçinin insan hüquqları sahəsində demokratik islahatlar keçirilməsinin zəruriliyi barədə mediada və Avropa İttifaqı institutlarında vaxtaşırı açıq çıxışlar və çağırışlar edən nüfuzlu siyasi xadim kimi tanınmışdır.
Professor V.Landsbergisin çıxışlarının mühüm hissəsi Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi bucağı altında Cənubi Qafqazın siyasi və iqtisadi baxımdan vahid və sabit region kimi formalaşdırılması məsələsinin aktuallığına həsr olunmuşdur. O, ictimai-siyasi publisistik yazılarında Cənubi Qafqaz dövlətlərinin siyasi baxımdan Avropa İttifaqına yaxınlaşdırılmasını və onların Avroatlantik təhlükəsizlik və əməkdaşlıq strukturlarına inteqrasiya edilməsini, regionda Rusiya imperiya iddialarını neytrallaşdırmaq və bu ölkələri Kremlin “göbəyindən tamamilə kəsib uzaqlaşdırmaq” üçün taleyuklü əhəmiyyəti olan proseslər kimi vurğulayır.
Litvanın keçmiş dövlət başçısı Gürcüstan və Azərbaycan ərazilərinin qonşu dövlətlərin təhriki ilə işğal edilməsini və regiondakı “dondurulmuş” münaqişələrin uzun müddət həll olunmamasını strateji məqsədlərə bütünlüklə çatmaq üçün ciddi maneə törədən hərbi və geosiyasi faktorlar kimi siyasi fəaliyyətində daima diqqət mərkəzində saxlayır. O, Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması üçün aparılan danışıqları da mütəmadi izləyir və yeri gələndə müvafiq mülahizələr yürüdür, rəy və şərhlərləni söyləyir.
Litva siyasətçisi ATƏT-in Minsk qrupu çərçivəsində Qarabağ münaqişəsinin həll edilməsi ilə bağlı gedən danışıqları yarıtmaz sayır, bu qrupa üzv olan dövlətləri münaqişənin nizamlanmasında nəticənin olmamasında sərt tənqid edir, işğalçı Ermənistanın ATƏT-lə hesablaşmamasını, onun tövsiyələrinə təpki ilə yanaşmasını Minsk qrupunu özünü doğrultmayan və siyasi arenada sözü keçməyən bir qurum olmasını təsdiq edən faktlar kimi dəyərləndirir. O, məqalələrinin birində “Qarabağ münaqişəsilə bağlı aparılan danışıqları müharibədən başqa heç nə vəd etmədiyini” bildirib.
ATƏT-in Minsk qrupunun bu vaxtadək heç bir nailiyyət qazanmadığını, erməni təcavüzünə son qoymaq və Azərbaycan torpaqlarının işğaldan azad etmək üçün bu Qrupa üzv olan ABŞ, Fransa və Rusiya dövlətlərinin qeyri-konstruktiv mövqe tutduqlarını və beləliklə Qarabağ danışıqlarının dalana dirəndiyini təəssüflə vurğulayan V. Landsbergis münaqişənin həllinə Avropa İttifaqının daha yaxından cəlb edilməsini qənaətbəxş sayır və bu yolda Avropanın Parlament diplomatiyasını gücləndirməyi təklif edir, Dağlıq Qarabağın statusu ilə bağlı məsələnin həlli axtarışlarında Avropa Şurasının və Avropa İttifaqının digər təsisatlarının fəal iştirakını təbliğ edir.
Səbatlı və təcrübəli siyasətçi kimi tanınmış, həmçinin sözünün üstündə möhkəm durmuş V. Landsbergis son vaxtlar Avropa İttifaqı təsisatlarının sədrləri ilə daha tez-tez görüşlər keşirir və Qarabağ münaqişəsinin həllinin mümkün variantları ətrafında müzakirələr aparır, Avropa Parlamenti rəhbərlərinə ardıcıl surətdə müraciətlər və təkliflər edir, onlara həsəd oyadan bir mətanətlə müxtəlif sorğular göndərir, əldə edilmiş nəticələr və alınmış cavablar barədə geniş ictimaiyyət dairələrini media vasitələri ilə daima məlumatlandırır.
V. Landsbergisin bu
yönümdə göstərdiyi
siyasi fəaliyyət Avropa Parlamentinin rəsmi sənədlərində
və həmçinin
dövri mətbuatda da çoxdan öz əksini tapmışdır. Bununla
bərabər, onun Qarabağ münaqişəsi
ilə bağlı hazırladığı çoxsaylı
müxtəlif publisistik
yazılar müəllifin
kitablarında da yer alıbdır. Belə ki, V. Landsbergisin 2010-cu ildə Vilnüsdə litvaca çapdan çıxmış
„Europos Parlamente“ (“Avropa Parlamentində”) adlı kitabında digər ictimai-siyasi yönümlü materiallarla
yanaşı müəllifin
sözügedən mövzuda
apardığı yazışmalar
da dərc edilibdir. Onlardan səciyyəvi nümunə
olaraq V. Landsbergisin Avropa Komissiyasının sədri Joze Manuel Bàrrozoya ünvanladığı müraciəti
və ondan aldığı cavab məktubunu Litva dilindən tərcümə
edib oxucuların diqqətinə çatdırırıq.
Vitautas Landsbergisin
Avropa Komissiyasının
Prezidenti Joze Manuel Bàrrozoya məktubu
Cənab
Prezident,
Dondurulmuş
münaqişələr nə
qədər ki, dondurulmuş
şəkildə qalacaqdır,
onlar heç bir zaman yaxşılığa
doğru dəyişməyəcəkdir.
Ermənistan - Azərbaycan
dondurulmuş müharibəsində
Avropa Komissiyasının
təşəbbüsü ilə, heç olmazsa, uzaq bir
ümidə yeni pəncərə
açıla bilər.
Belə ki, əgər,
Avropa Komissiyası Ermənistanla Azərbaycanın
uzaq gələcəkdə
Avropa Birliyinə üzv qəbul edilməsinin mümkünlüyü
nöqteyi-nəzərindən bu dövlətlərin Dağlıq Qarabağ probleminə necə yanaşacaqları ilə bağlı fəaliyyət
planının tutulması
işinə başlasaydı,
bu, böyük bir nailiyyət olardı. Qoy belə bir fikir
heç olmazsa, ideya olaraq mövcudiyyətdə
olsun. Əgər,
10-20 ildən sonra ermənilərin və azərbaycanlıların Avropa
Birliyi vətəndaşları
olacaqları bilinsəydi,
onda, Qarabağ ərazisinin və oranın sakinlərinin
“status” problemi necə
həll olunardı? Avropa Birliyinin üzvü olan dövlətlərin tamamilə
açıq daxili sərhədlərinin haradan
cızılması onda
böyük təfavütmü
kəsb edərdi? Həmçinin, belə sərhədlər prinsipi
azərbaycanlıların həyat
adası olan, lakin, Azərbaycandan tamamilə ayrılmış
və blokadaya alınmış, yenidən
birləşdirilməsinə isə ümidin qalmadığı Naxçıvan
regionuna da aid olunardı.
Cənab Prezident, Sizə alternativ təklif olaraq təqdim etməyə cəhd göstərdiyim bu idealist
ideyanın qəbul olunmadığı halda, Qarabağ münaqişəsi
ətrafında gedən
bütün bu laqqırtılar müharibədən
başqa heç nə vəd etmir...
Bu doğrudurmu ki, Azərbaycan
“Nabucco” {layihəsinin} iştirakçısı
kimi fəaliyyət göstərmir və bu ölkə həmin projeyə qatılmaq üçün
hətta dəvət almayıb? Həqiqətənmi,
Avropa bunu Azərbaycana təklif etməyib?
Hörmətlə
Vitautas
Landsbergis,
Avropa Parlamentinin üzvü
30 oktyabr 2008-ci il.
=====================================================================
Avropa Komissiyasının Prezidenti
Joze Manuel Bàrrozonun
Vitautas Landsbergisə cavab məktubu
Hörmətli
Landsbergis cənabları,
Dağlıq Qarabağ
münaqişəsilə bağlı
mənə oktyabrın
30-da göndərdiyiniz məktuba
görə Sizə təşəkkür edirəm.
Həmin uzunsürən
münaqişədə Avropa
Komissiyası sülhün
qorunmasını fəal
surətdə dəstəkləyir
və bu yolla Cənubi Qafqaz regionunda sülhün bərqərar
olmasına, tərəqqi
və sabitliyin genişlənməsinə töhfələr
verir.
Avropa Komissiyası
1994-cü ildə atəşkəsdən
sonra Avropa Təhlükəsizliyi və
Əməkdaşlığı Təşkilatının (ATƏT) təşəbbüsü ilə
aparılan sülh danışıqlarını dəstəkləyir
və biz, hələ
də belə düşünürük ki, ATƏT-in Minsk qrupu və ələlxüsus
onun həmsədrləri,
– Amerika Birləşmiş Ştatları, Rusiya Federasiyası və Fransa dövlətləri – münaqişəni
sülh yolu ilə həll etmək üçün münasib format rolunu oynayırlar. Son həftələr
ərzində gəlib
çatan ürəkləndirici
xəbərlər bizə
ümid verir ki, yaxın gələcəkdə
sülh əldə oluna bilər.
Mən, Ermənistan
və Azərbaycanın
Avropa Birliyinə üzv olaraq qoşulması perspektivi ilə əlaqədar və bununla da regionda sərhədləri
praktiki olaraq əhəmiyyətsiz etməklə
bağlı Sizin təklifinizə
diqqət yetirdim, amma,
bu dövlətlərin
Avropa Birliyinə üzv qəbul olunması perspektivi gündəmdə durmur. Ermənistan və Azərbaycan Avropanın
yeni qonşuluq siyasət
proqramında iştirak
edirlər. Bu proqram isə münasibətləri
gücləndirmək üçün
möhkəm əsas yaradır və həmin dövlətlərə
islahatlar həyata keçirmək sahəsində
yardım göstərməyə
imkan verir. Sözügedən proqram hazırda Şərq partnyorluğu təşəbbüsü
əsasında mahiyyət
etibarilə daha da dərinləşdirilir.
Komissiya əmindir
ki, Dağlıq Qarabağ
münaqişəsinin müsbət
həll olunması üçün ən yaxşı üsullardan biri hər iki
tərəfin qarşılıqlı
etibarın gücləndirilməsi
tədbirlərinə cəlb
olunmasına yardım
göstərməkdən, insanların
qarşılıqlı münasibətlərinə
konkret əməkdaşlıq
yönümündə yaşayış
yerlərində dəstək
verməkdən ibarətdir.
Komissiyanın bu cür fəaliyyəti
ATƏT-in Minsk qrupu məqsədlərinin
gerçəkləşdirilməsini yüngülləşdirə bilər.
Ermənistan və Azərbaycan 2006-cı ildə
Avropanın yeni qonşuluq
siyasət proqramı üzrə qəbul edilmiş beşillik plana uyğun olaraq bundan sonra da öz fəaliyyətlərini
davam etdirməlidirlər.
Daha demokratik, şəffaf
və əsil plüralist vətəndaş
cəmiyyətinin qurulması
isə münaqişənin
sülh yolu ilə həll olunması işinə şübhəsiz ki, töhfələr
verərdi.
Avropa Komissiyası
dekabr ayının 3-də
Avropa Şurasına və Avropa Parlamentinə Şərq partnyorluğunun qurulması
ilə bağlı təkliflərdən ibarət
kommunikat təqdim edib. Bu qurumlara Avropanın yeni qonşuluq
siyasəti proqramında
iştirak edən Şərq dövlətləri
ilə ikitərəfli
və çoxtərəfli
əməkdaşlıq münasibətləri
çərçivəsində əlaqələr yaratmaq təklif olunur ki, bu da Avropanın yeni qonşuluq siyasətinin gücləndirilməsinə və
daha uzaq addımların atılmasına
gətirib çıxarardı.
Avropa Şurası və Avropa Parlamentində bu kommunikat təsdiq edildikdən sonra, həmin təkliflər regionda vəziyyətin yaxşılaşdırılmasına xidmət edərdi və xüsusilə də, Cənubi Qafqazın ümumi inkişafına maneə törədən münaqişənin
aradan qaldırılmasına
dəstək verərdi.
Azərbaycanla energetika
əməkdaşlığı məsələsinə gələndə
isə mən Sizi əmin etmək istərdim ki, neft və qazın
Mərkəzi Asiyadan və Cənubi Qafqazdan Qərb bazarına alternativ yollarla nəql edilməsi ilə bağlı bizim irəli sürdüyümüz
təkliflər ətrafında
aparılan müzakirələrdə
Azərbaycan iştirak
edir.
Səmimiyyətlə,
Sizin Joze Manuel Bàrrozo
21 yanvar
2009-cu il.
Litva dilindən tərcümə
edən:
Mahir
HƏMZƏYEV
Litva
azərbaycanlıları cəmiyyətinin
sədri,
Azərbaycanın
əməkdar jurnalisti.
mahir.hemzeyev@post.skynet.lt
Vilnüs,
14-15 aprel 2012-ci il.