İki dilin məna dərinliklərinə dərindən bələdliyin bəhrəsi   

 

Sivilizasiyalar tarixində müxtəlif xalqların mədəniyyətləri arasında əlaqələrin genişlənməsi və dərinləşməsi prosesi lüğətlərin meydana gəlməsi ilə yeni bir keyfiyyət mərhələsinə keçir. Əgər insan cəmiyyətinin formalaşmasında yazını, onun ardınca isə kitabı inqilabi amillər sırasında nəzərdən keçirmək olarsa, kitab “tayfasının” da ən seçilmişi və elmi-mədəni inkişaf baxımından daha çox önəm daşıyanı – yəqin ki, lüğətlərdir. Bu baxımdan yanaşdıqda elmi-ədəbi həyatımızda hər bir lüğətin nəşrini xüsusi hadisə kimi qiymətləndirmək və həmin hadisəni dəyərləndirmək lazım gəlir. Gənc tədqiqatçı Nigar Babaxanovanın tərtib etdiyi “Fransızca-azərbaycanca frazeoloji lüğət” də bu yanaşma bucağından qətiyyən istisna təşkil etmir və bu sahəyə perspektivli bir lüğətçinin gəlməsi muştuluğunu verməklə bizi sevindirir.

Bu qiymətli nəşrə gözəl bir ön söz yazmış görkəmli dilçi alim, AMEA-nın müxbir üzvü, professor Nizami Cəfərov doğru olaraq qeyd edir ki: “Lüğətlərin arasında frazeoloji lüğətlərin həm tərtib və nəşr baxımından, həm də oxucu və mütəxəssis marağının obyekti olmaq baxımından xüsusi əhəmiyyəti vardır. Belə ki, hər bir xalqın milli-mənəvi psixologiyasına uyğun olan xüsusi frazeoloji vahidləri, idiomatik ifadələri vardır ki, çox zaman onların tamdəyərli ekvivalentini, xüsusən müxtəlif dünyagörüşünə malik olan xalqların daşıdığı müxtəlif sistemlərə məxsus olan dillər arasında tapmaq çətin olur. Bu cür ifadələri seçmək, onların qarşılığını tapmaqmüqabil dilin daşıyıcısına anlaşıqlı bir şəkildə çatdırmaq – lüğət tərtibçisindən çox zəngin erudisiya və hər iki dilin incəliklərinə dərindən bələd olmağı tələb edir. Tarix boyu uzun əsrlər qarşıdurma vəziyyətində yaşamış və fəaliyyət göstərmiş, dinimilli təəssübkeşlik nəticəsində bəzən aralarında keçilməz sədlər yaranmış Avropa və Şərq xalqlarının frazeoloji vahidlər lüğətini tərtib etmək isə, təbii ki, ikiqat çətindir və gənc bir mütəxəssisin bu işin öhdəsindən əsasən uğurla gəlməsi bizi sevindirməyə bilməz.”

Tərcümə sahəsində də az-çox qurdalanmış bir filoloq kimi bizNizami müəllimin sevincinə qoşularaq, xüsusən milli müstəqilliyimiz dövründə, artıq rus dilinin bizim üçün beynəlxalq ünsiyyət və tərcümə vasitəsi kimi get-gedə öz müstəsna funksiyalarını itirməyə başladığı bir zamanda, Azərbaycan dilinə bəşər mədəniyyəti incilərinin birbaşa orijinaldan çevrilməsinə böyük önəm verildiyi bir vaxtda ikidilli (o da olsun bəşər mədəniyətinə böyük töhfələr vermiş dillər!) frazeoloji lüğətlərin meydana gəlməsini mədəniyyətimizin Avropaya inteqrasiyası və qarşılıqlı zənginləşməsi yolunda mühüm vasitələrdən biri sayırıq.

Frazeoloji vahidlərin, paremilərin, ata sözlərinin əslində hər bir milli dilin kiçik bir möcüzəsi olması fikri ilə mübahisə edənlərin sayı yəqin ki, o qədər də çox olmaz. Bu möcüzəni başqa bir dildə bütün parlaqlığı və məna zənginliyi ilə verməyin nə qədər çətin və bir çox hallarda mümkünsüz olduğunu da qəbul edən – təkcə mən deyiləm. Buna görə də, qarşımızdakı lüğətə daxil edilmiş 1000-ə yaxın fransız frazeoloji vahidinin Azərbaycan dilindəki qarşılığının axtarılması, tapılması və bu nəşrdə öz əksini tapmasının, fransız orijinalından Azərbaycan dilinə tərcümə edənlər və başqa mütəxəssislər, eləcə də, sadəcə fransız dilinin incəliklərini öyrənənlər üçün qiymətli bir açar rolunu oynayacağı heç bir şübhə doğurmur (hərçənd, Nigar xanımın fransız dilinə seçmə şeirlərini böyük uğurla tərcümə etdiyi dahi şairimizdramaturqumuz Hüseyn Cavid deyirdi ki: “Şübhədir hər həqiqətin anası!” Görünür, bu iki “şübhənin” də frazeoloji çalarlarını nəzərə almaq lazımdır...)

Tematik prinsiplə tərtib edilmiş lüğət 24 bölmədən ibarətdir ki, hər bölmə də daha dar tematikanı və konkret mətləbləri əhatə edən bir neçə paraqrafa bölünür.

Aydındır ki, frazeoloji vahidlər daha çox insana aid hal-hərəkət, vəziyyət, psixoloji durum bildirdiyinə görə lüğətdəki bölmələr də buna uyğun müəyyən edilib. Məsələn, insanın fiziki göstəriciləri, gigiyenası, insan ömrü, qidalanması, işi və istirahəti, davranış və əxlaqı, uğuruuğursuzluğu, həyatdakı müxtəlif problemlər, insan münasibətləri, nitqi, intellektual qabiliyyətləri, mənəvi dünyası, maddi vəziyyəti və s. ilə bağlı frazeoloji vahidləri buna örnək gətirmək olar. Yalnız son üç bölmə insanı əhatə edən təbii mühitlə bağlı ifadələrə həsr olunub. Onu da nəzərə almaq lazımdır ki, insan həyatı ilə bağlı bəzi mövzular o qədər genişdir ki, onları bir neçə bölmədə qruplaşdırmaq lazım gəlmişdir. Məsələn, davranış və əxlaq normaları ilə bağlı frazeoloji vahidlərə 3, insan münasibətləri ilə bağlı frazeoloji vahidlərə isə tam 4 bölmə ayırmaq lazım gəlmişdir ki, bu da onların insan həyatında oynadığı müstəsna rol ilə əlaqədardır.

Əlbəttə, frazeoloji vahidlər lüğəti yazan bir adam üçün hər iki dildə geniş mütaliə sahibi olmaq vacib şərtlərdən biridir. Bunsuz nə qarşılığı verilən ifadələrin zəngin məna çalarlarına, nə də onların işlənmə sferasına dərindən bələd olmaq mümkündür. Hələ onu demirik ki, bədii və elmi ədəbiyyatı dərindən mütaliə etmədən frazeoloji vahidlərin məna çalarlarının zənginləşməsi dinamikasını, onların yeni-yeni mənalar kəsb etməsi yollarını da üzə çıxarmaq çətin olardı. Məhz bu baxımdan gənc lüğətçinin istər fransız, istərsə də Azərbaycan dilində zəngin mütaliəsi olduğunu etiraf etmək lazım gəlir. Əlbəttə, bununla bağlı bir qeydimizi də müəllifin nəzərinə çatdırmaq istərdik ki, özünün bu məziyyətindən yararlanaraq gələcəkdə lüğətin illüstrativ materialla təchiz edilməsini həyata keçirə bilər ki, bu da onun qiymətini qat-qat artırmış olar.

Ancaq təbii ki, hələlik bu mərhələdə bunsuz da lüğət kifayət qədər önəm kəsb edir və fransız ədəbi-mədəni fikri ilə Azərbaycan ədəbi-mədəni fikrinin daha da yaxınlaşmasında öz rolunu oynamaq əzmindədir.

Yuxarıda mötərizə içində ötəri də olsa qeyd etdik ki, Nigar xanım həm də Azərbaycan dilindən fransız dilinə poetik tərcümələr müəllifi kimi tanınır və onun çevirisində Hüseyn Caviddən seçmə şeirlərinin fransız dilində nəşr olunması mütəxəssislər və cavidsevərlər tərəfindən yüksək dəyərləndirilmişdir. Etiraf etsək ki, Azərbaycan dilindən Qərbi Avropa dillərinə birbaşa tərcümənin tarixi və təcrübəsi o qədər də zəngin deyil, onda Nigar Babaxanovanın bu istedadının da ədəbiyyatımızın şah əsərlərinin tərcüməsində necə böyük önəm daşıyacağını indidən inamla deyə bilərik.

İqtisadi inkişafımızın, siyasi mövqeyimizin, dünya dövlətləri birliyində nüfuzumuzun get-gedə möhkəmləndiyi indiki dövrdə dilimizin, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği və dünyada layiqincə tanıdılması daha kəskin aktuallıqla qarşımızda durur. Bu sahədə Nigar Babaxanovanın da lüğətləri və poetik tərcümələri ilə öz sanballı sözünü deyəcəyinə və yeni-yeni əsərlər ortaya qoyacağına dərindən inamımızı ifadə etməklə həm də bu yolda ona daha böyük uğurlar arzu edirik.

 

 

Teymur KƏRİMLİ,

AMEA-nın müxbir üzvü

 

525-ci qəzet.- 2012.- 11 avqust.- S.8.