Xalqa təmənnasız xidmət nümunəsi

 

Həsən Seyidov 80

 

Tarixən dönə-dönə təsdiq olunmuş fikirdir: son hökmü zaman verir. Yaxşının yaxşı, dahinin dahi, müdrikin müdrik qiymətini yalnız zaman verə bilir və bu hökm həmişə son və qəti olur. Bəzən bu hökm vaxtında verilir və tarixi şəxsiyyət, yaxud hər hansı tarixi hadisə zamanında özünün layiq olduğu qiyməti alır. Bəzən isə hökm gecikir və elə olur ki, son və qəti qərarın verilməsini 50 il, hətta 100 il gözlənilir. Ancaq bütün bunlara baxmayaraq zamanın süzgəcindən keçib seçilmək, dövrünün yüksək zirvələrinə qalxmaq, millət və xalq qarşısında yaddaqalan xidmətlər göstərmək və bu xidmətlərinə görə xalqın tarixinə öz adını qızıl hərflərlə yazmaq böyük xoşbəxtlikdir. Hətta insan özü dünyasını dəyişəndən sonra da unudulmursa, uzun zaman xalqının hafizəsində yaşayırsa və zaman-zaman xoş xatirələrlə yad edilirsə, bunun özü də bir xoşbəxtlikdir. Belə xoşbəxt taleli insanlardan biri də sovet Azərbaycanı dövründə yetişmiş görkəmli dövlət və ictimai-siyasi xadim, ulu öndər Heydər Əliyevin xeyir-duası ilə uzun müddət Azərbaycan KP MK-nın katibi və Nazirlər Sovetinin sədri olmuş Həsən Seyidovdur. Bu il avqustun 16-da Həsən Nemət oğlu Seyidovun anadan olmasının 80 illiyi tamam olur.

Bu gün öz dövrünün vicdanlı və təmiz kadrlarından olmuş, xalqı arasında bütün həyatı boyu müsbət imic sahibi olmuş Həsən Seyidovun xoş duyğularla xatırlanmağa tam haqqı çatır. Bu haqqı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin rəhbərliyində xalqı üçün böyük işlər görmüş, nəhayət, özünün gərəkli ictimai-siyasi fəaliyyəti ilə Heydər Əliyevin sınanılmış silahdaşları arasında özünə layiqli yer tutmuş Həsən Nemət oğlunun özü qazanmışdı, özünün təmənnasız, yaddaqalan xidmətləri ilə, təmiz kommunist vicdanı, nurlu çöhrəsi, düz sözü, düzgün əməli ilə qazanmışdı. Həsən Seyidovun adı çəkiləndə bu gün də onu məhz bu xüsusiyyətlərinə görə yada salır, hamının yaddaşında o, belə nurlu bir insan olaraq qalır.

Təbii ki, bu gün Həsən müəllimin 80 illik yubileyi günlərində biz onun Azərbaycan xalqı qarşısındakı layiqli xidmətlərini bir daha xatırlamalıyıq. Amma məsələ bundadır ki, onun bütün şüurlu fəaliyyəti ulu Heydər Əliyevin rəhbərliyi dövrünə təsadüf edir və əsasən, 1969-1982-ci illəri əhatə edən bu dövrün necə qaynar bir zaman kəsiyi olduğu çoxlarının yadındadır. Ona görə də o dövrdə görülmüş hər hansı bir iş, yaxud rəhbər vəzifəyə seçilmiş hər hansı şəxsiyyət haqqında danışarkən mütləq Heydər Əliyevi xatırlamalısan. Bütün işlər məhz onun xeyir-duası və rəhbərliyi ilə görülür, bu işi görən kadrlar da məhz Heydər Əliyev tərəfindən seçilib bu və ya digər vəzifədə yerləşdirilirdi. Həsən Seyidovu da Heydər Əliyev seçib irəli çəkmiş, ona Azərbaycan KP MK-nın şöbə müdiri, çox keçmədən katibi vəzifələrini etibar etmişdi. 1981-ci ildə isə ulu öndər onu respublika Nazirlər Sovetinin sədri vəzifəsinə irəli çəkmişdi.

Vaxtilə Türkiyə Cümhuriyyətinin qurucusu və banisi Mustafa Kamal Atatürkə Zəki adlı gənc bir həkim belə demişdi: Siz komandan olaraq başarılı, dövlət adamı olaraq böyük, lider olaraq bulunmaz bir insansınız! Doğruların içindən ən doğru olanı seçir, seçdiyiniz doğrularla milləti inandırırsınız! Ona görə biz sizə güvənirik! Bəli, doğruların içindən ən doğru olan seçmək və milləti inandırmaq bacarığı dahi şəxsiyyətlərin ən nadir qabiliyyətlərindən biridir. Şübhəsiz ki, belə olmasa, insan lider səviyyəsinə yüksələ bilməz. Liderlik zirvəsi ancaq və ancaq işlə, əməllə fəth oluna bilir. Açıq etiraf etməliyik ki, bu fikri cəsarətlə Heydər Əliyevə də aid etmək olar. O, heç vaxt seçimində yanılmamışdı: istər hər hansı siyasi addımı atanda, istərsə də hər hansı kadrı seçəndə. Tarix sübut etdi ki, ulu öndər Həsən Seyidov seçimində də yanılmayıb...

Həsən Nemət oğlu 1971-ci ildə Heydər Əliyevin diqqətini cəlb edənə qədər Azərbaycan sənayesi sahəsində böyük bir yol keçmiş, təcrübə toplamışdı. 1932-cı il avqustun 16-da ulu Borçalının Qaçağan kəndində dünyaya göz açmış, 1951-1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda (indiki Texniki Universitet) ali təhsil almış gənc Həsən 1956-1965-ci illərdə o dövrün məşhur sənaye müəssisələrindən olan Leytenant Şmidt (indiki Səttarxan) adına zavodda usta köməkçisi, texnoloq, növbə rəisi, sahə rəisi, sex rəisinin müavini, sex rəisi, baş mühəndisin müavini vəzifələrində çalışmışdı. Nəhayət, 1965-ci ildə o, kollektiv üçün gördüyü böyük işlər nəzərə alınaraq zavodun direktoru vəzifəsinə təyin olunub. Həmin zavodda keçən 15 illik dövrü həyatının ən əlamətdar illəri hesab edən Həsən Seyidov sonralar xatırlayırdı: Mən o adamlara minnətdaram ki, mənə qayğı göstərir, yetişdirir, irəli çəkir, ictimai işlərə cəlb edir, dünyagörüşümü artırmağıma kömək edirdilər. Onlar mənim işə münasibətimi, bir yerdə, bir kollektivdə çalışdığım insanlara qarşı xoş rəftarımı, eləcə də mənim bacarığımı görüb qiymətləndirirdilər. Mən böyük bir kollektivə, nəhəng bir istehsalat sahəsinə yenicə düşmüş gənc kadr kimi bütün bacarığımla, var qüvvəmlə çalışdığım kimi, zavod kollektivi də mənim bu işimə, sevdiyim kollektivə münasibətimə çox yüksək qiymət verdi, uzaq Borçalıdan gəlmiş, bu boyda şəhərdə heç kəsi olmayan bir gənci irəli çəkdi...

O illərdə Şmidt zavodunda Həsən Seyidovla çiyin-çiyinə işləmiş insanlar xatırlayırlar ki, onun gərgin əməyi, işgüzarlığı sayəsində müəssisədə nəhəng yenidənqurma işləri görülüb, yeni istehsal sahələri yaradılıb, ən müasir texnologiya və avadanlıqlar alınıb, direktor özü yeni səmərələşdirici təklifləri ilə ad qazanıb. İttifaq əhəmiyyətli müəssisə olan zavodun ən aktual problemləri ilə bağlı mütəmadi olaraq Moskva qarşısında məsələlər qaldırılıb. Eyni zamanda, əməkçilərin sosial problemlərinin həllinə, xüsusən onların mənzillə təminatı məsələsinə xüsusi diqqət yetirilib. Beləliklə, zavod təkcə respublikada deyil, bütün ittifaq miqyasında məşhurlaşıb, böyük nüfuz qazanıb. Yorulmadan çalışan gənc direktorun şöhrəti də respublikanın hüdudlarını aşıb.

Nəhayət, 1971-ci ilin əvvəllərində hələ 39 yaşı tamam olmamış Həsən Seyidov Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevin məsləhəti ilə MK-ya sənaye şöbəsinin müdiri vəzifəsinə irəli çəkilir. O vaxt Heydər Əliyevin rəhbərliyi ilə respublikada böyük dəyişikliklər, yeniləşmələr dövrü başlamışdı. Gənc və enerjili birinci katib qarşısına qoyduğu böyük perspektiv planların reallaşmasına ən əvvəl ciddi kadr siyasəti ilə başlamışdı. Ayrı-ayrı sahələrdə çalışan bacarıqlı, savadlı, lakin diqqətdən kənarda qalmış kadrların seçilib vacib dövlət vəzifələrinə irəli çəkilməsi üçün ardıcıl tədbirlər görülürdü. Heydər Əliyevin etimad göstərərək irəli çəkdiyi kadrlardan biri və bəlkə də birincisi zavod direktoru vəzifəsində özünü müsbət rəhbərlik və insanlıq keyfiyyətləri ilə büruzə vermiş Həsən Seyidov oldu. Həsən Nemət oğlu əvvəlcə təxminən bir ay müddətində MK-nın sənaye şöbəsinin müdiri vəzifəsində çalışdı. 1971-ci ilin martında isə Azərbaycan KP MK-nın sənaye məsələləri üzrə katibi seçildi. 1981-ci ilə qədər tam 10 il müddətində o, həmin vəzifədə çalışdı. 1981-1989-cu illərdə isə ona Azərbaycan SSR Nazirlər Sovetinin sədri kimi məsul bir vəzifə etibar olundu.

Həmin illərdə həyata keçirilən geniş planlar haqqında Azərbaycanın sabiq baş naziri Həsən Həsənovun xatırlamalarında oxuyuruq: Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəyə yeni ab-hava, yeni dəst-xətt, yeni iş üslubu gətirdi. Heydər Əliyev ölkənin sənaye və kənd təsərrüfatının inkişafına aid yeni konsepsiya irəli sürdü. Bu ondan ibarət idi ki, sənayemiz neftin, kənd təsərrüfatımız isə pambığın monopoliyasından çıxarılmalı idi. Azərbaycanda elektronika, elektrotexnika, radiotexnika, neft emalı, kimya, maşınqayırma sahəsində yeni zavodlar, fabriklər, energetika müəssisələri, təhsil, səhiyyə, mədəniyyət ocaqları tikilməli və işə salınmalı idi... Belə bir vaxtda KP MK-nın sənaye üzrə katibi vəzifəsinə məhz Heydər Əliyevin təşəbbüsü ilə və gözlənilmədən dövlət dairələrində az tanınan, bütün fəaliyyəti əsasən bir zavod çərçivəsində keçən, partiya işində elə də böyük təcrübə toplamayan, ixtisasca neftçi olmayan, yaşca çox gənc olan Həsən Seyidov seçildi. Beləliklə, Həsən Seyidov Heydər Əliyevin yeni komandasının, demək olar ki, ən ilk üzvlərindən biri oldu.

Sonra Həsən Seyidovun iş metodları haqqında söhbət açan Həsən Əziz oğlu qeyd edir ki, sənaye müəssisəsində qazandığı təcrübəni, işgüzarlığı, yüksək iş tempini Həsən Seyidov Mərkəzi Komitəyə gələndə özü ilə gətirdi. Elə Azərbaycan KP və respublika Nazirlər Sovetində sonrakı 20 illik fəaliyyəti də sübut etdi ki, Həsən Seyidov irimiqyaslı dövlət xidmətinə tam layiq olan bir şəxsiyyətdir. Azərbaycan KP MK-nın katibi və Nazirlər Sovetinin sədri vəzifələrində işləyərkən Həsən Seyidovun fəaliyyətini yaxından izləmək mənə də nəsib olub. Onun ilk günlərdən müşahidə etdiyim ən əlamətdar keyfiyyəti bu idi ki, ilk növbədə özünə qarşı amansız, sonra isə ətrafdakılara qarşı tələbkar idi. Onun işgüzarlığı adamı heyrətləndirirdi. Heydər Əliyevin tələb etdiyi yeni iş üslubu, yəni özünə və tabeçiliyində olanlara qarşı qayğıkeş və tələbkar olmaq, şəxsi nizam-intizamla seçilmək kimi keyfiyyətlər Həsən Seyidovu səciyyələndirən əsas cəhətlər idi... Azərbaycan iqtisadiyyatının inkişafında Həsən Seyidovun böyük xidmətləri var. İyirminci əsrin 20 ilə yaxın bir dövrü (1971-1989-cu illər) ərzində o, çox yüksək vəzifələrdə çalışmış olsa da, həmişə sadəlik, təvazökarlıq və səmimiyyət kimi insani keyfiyyətləri ilə fərqlənib, şəxsi nizam-intizam nümunəsi olub və hamımızın qəlbimizdə belə bir Həsən Seyidov yaşayır...

Uzun illər Həsən Nemət oğlu ilə çiyin-çiyinə işləmiş dövlət xadimlərindən AMEA-nın həqiqi üzvü, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət Mükafatı laureatı, Azərbaycan Uşaq Fondunun sədri İsmayıl İbrahimovun Həsən Seyidov haqqında yığcam fikirləri özünün orijinallığı ilə seçilir: O dövrdə bu qədər böyük işlərin görülməsi, şübhəsiz ki, Heydər Əliyevin rəhbərliyi ilə Həsən Seyidovun, eləcə də o dövrdə çalışmış başqa rəhbər kadrların gərgin əməyi, böyük zəhməti nəticəsində mümkün olmuşdur. Bu mənada Həsən Seyidov Azərbaycanın iyirminci əsr tarixində ən yaxşı direktor, ən yaxşı katib, ən yaxşı baş nazir kimi tanınmış, özünün vətənpərvərliyi, zəhmətkeşliyi, yüksək intellekti ilə respublika ictimaiyyətinin böyük hörmətini qazanmışdır. Həsən Seyidov Azərbaycan tarixində özünə məxsus yer tutmuş dövlət xadimlərindəndir. O, Azərbaycan xalqı üçün çox böyük işlər görmüşdür. Bunu xalqımız görüb layiqincə qiymətləndirmişdir.

Həsən Seyidovun Azərbaycan hökumətinə rəhbərlik etdiyi illər ölkənin sosial-iqtisadi inkişafında olduqca əhəmiyyətli bir dövr oldu. Elmi-texniki tərəqqinin son nailiyyətlərinin tətbiqi hesabına respublika iqtisadiyyatının inkişafına yeni dinamizm verildi, maşınqayırmanın yeni istiqamətlərinin inkişafı üçün şərait yaradıldı. İstehsalın səmərəliliyi artdı, əhalinin məşğulluğu sahəsində ciddi uğurlar qazanıldı, insanların maddi rifahı yüksəlməyə başladı. Elektronika, radiotexnika, hesablama texnikası istehsalı inkişaf tapdı, dəzgahqayırma və avtomobilqayırma sahələrinin əsası qoyuldu. Bakı şəhərində iri sənaye müəssisələri tikilib istifadəyə verildi. Respublikada 200-ə qədər yeni iri müəssisə tikildi. İnsanların sosial problemlərinin həlli üçün böyük işlər görüldü. Ümumiyyətlə, ölkədə Azərbaycan Respublikasının mövcud olduğu bütün dövr ərzindəkinə bərabər böyük bir istehsal potensialı yaradılmasına nail olundu.

Həsən Seyidovun Azərbaycan xalqı və dövləti qarşısındakı şərəfli xidməti görkəmli ziyalımız, mərhum millət vəkili Şamil Qurbanovun Nəriman Nərimanov dünyası kitabında da öz layiqli qiymətini alıb: Borçalıdan böyük yazıçılar, dövlət xadimləri, görkəmli ziyalılar yetişmişdir. 1918-ci ildən 1990-cı ilə qədərki təxminən 70 ildə Borçalı Azərbaycana dörd dövlət rəhbəri vermişdir. Onlar son dərəcə möhkəm əqidəli, beynəlmiləlçi, alovlu vətənpərvər idilər. Bunlar Əlimərdanbəy Topçubaşov, Nəriman Nərimanov, Həsən Seyidov, Həsən Həsənov kimi xas poladdan tökülmüş insanlardır... Xalqına, vətəninə min bir tellə bağlı olan şəxsiyyətlərdir.

Həsən Nemət oğlunun əməyi Azərbaycan və keçmiş SSRİ dövləti tərəfindən layiqincə qiymətləndirilib. O, müxtəlif illərdə o dövrün yüksək dövlət mükafatları sayılan Lenin ordeni, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni və müxtəlif medallarla təltif edilib. Bir neçə dəfə Azərbaycan SSR və SSRİ ali sovetlərinə deputat seçilib.

Həsən Seyidov 2004-cü il dekabrın 9-da 72 yaşında dünyasını dəyişib. O, artıq 8 ildir ki, aramızda yoxdur. Amma son hökmü verən zaman onu hələ uzun illər xalqımızın yaddaşında yaşadacaqdır...

 

 

Paşa BABAKƏRLİ

 

525-ci qəzet.- 2012.- 16 avqust.- S.4.