Böyük ideala
söykənən kitab
Son illər Güney Azərbaycanda milli özünüdərk prosesi sürətlənib, milli və mədəni haqlar uğrunda hərəkata çevrilib. Bunu görməmək mümkün deyil. Tarix boyu Quzey Güneydəki hərəkata dəstək olub. Məsiağa Məhəmmədi bu ənənəni bu gün də davam etdirməyi vacib sayan ziyalılarımızdandır. Tanınmış şərqşünas-alim və tərcüməçi bu işə həm qəlbinin hökmü, həm də qələminin gücü ilə xidmət göstərir. Amma daha çox üzdə olmağı deyil, böyük türkçü Əli bəy Hüseynzadə sayağı, “pərdə arxasında” durmağı üstün tutur. Uzun illər elmi araşdırmaları, KİV-dəki yazıları, çıxışları onu İran və Güney Azərbaycan üzrə peşəkar mütəxəssis kimi tanıdıb.
Məsiağa Məhəmmədinin təqdim olunan “Güney Azərbaycan məsələləri” kitabı “Məqalələr”, “Müsahibələr” və ”Tərcümələr” bölümlərindən ibarətdir.
Kitabdakı “Bakı-Təbriz dayanıbdır üz-üzə” adlı ilk yazıda Azərbaycanın taleyüklü məsələsi – Qarabağ, bir də Güney Azərbaycanın durumundan ürək yanğısı ilə söz açılıb. Müəllifin bir fikri ilə də razılaşmamaq olmur ki, Güney Azərbaycan bizdə uzun müddət bədii ədəbiyyatın mövzusu olub. Və məsələnin daim gündəmdə qalmasında, onun ümumazərbaycan problemi kimi qavranmasında şair və yazıçılarımızın misilsiz rolu olduğunu da vurğulayır. Lakin bunu da qeyd etməyi lazım bilir ki, çağdaş şərtlər problemin həm də elmi şəkildə araşdırılmasını, real hadisə və proseslərin rasional təhlilini, məntiqi izahını tələb edir. Yalnız bu halda məsələnin ən müxtəlif aspektləri barədə adekvat təsəvvür yarana, çeşidli praktik təşəbbüslər səmərəli ola bilər. Elə kitabda toplanmış yazılarının əksəriyyəti də bu amala, bu ideyaya söykənir.
Bu gün Güney Azərbaycanda ziyalılar, özəlliklə gənclər bütün basqılara və təzyiqlərə rəğmən, bir araya gəlib öz fikirlərini kiçik ortamlarda paylaşırlar. Düşüncə və duyğularının məhsulu olan yazı və əsərlərini internet şəbəkələrində, kitablarda və getdikcə daha sərt zorakılıqla qapadılan media vasitələrində yayımlayırlar. Məsiağa Məhəmmədi onları birər-birər bizlərə tanıdır. Bu yazıların çoxunu o, mənim də böyük həvəslə izlədiyim sosial şəbəkələrdə, internetdə paylaşır. Çox sevindiricidir ki, Məsiağa Məhəmmədi əsrimizin texniki və informasiya imkanlarını mənimsəyib dəyərli yazılarını öz internet səhifəsində yerləşdirir. Onun yüksək bədii zövqünü, zəngin erudisiyasını, dünyagörüşünü əks etdirən və nəfis tərtibi ilə göz oxşayan bu elektron səhifələrdə geniş bilgilər almaq mümkündür.
Məsiağa müəllim “Məqalələr” bölümündəki yazılarında çoxlarına az məlum olan mətləblərdən danışır, oxucunu gizlinlərdən hali edir: İranda milliyyətcə fars olan Rza şahın hakimiyyətə gəlməsindən sonra Azərbaycan türklərinə qarşı zorakı assimlyasiya siyasəti yeridilməsindən, bunu dövlət siyasəti səviyyəsində aparılmasından və bunun “elmi əsaslar” üzərində sistemləşdirib bütöv bir strategiya halına salınmasından danışır; İranda Pəhləviləridən miras qalan gerçəklikdən – farsların Azərbaycan türklərinə qarşı qısqanclığından yaranmış (İranı əsrlər boyu türkəsilli şahlar idarə edib – P.M.) “Azərbaycan xofu”nun tarixini yada salır:
”Fars millətçiliyinin nəzəriyyəçisi, paniranizmin banilərindən biri Mahmud Əfşarın təklifləri konkret və radikal idi: türk dili qadağan olunsun, onun müstəqil dil olmadığı və Azərbaycanda əvvəllər işlənmədiyi “elmi şəkildə” sübut edilsin, Güney Azərbaycan ərazisi müxtəlif adlar altında parça-parça edilməklə, “Azərbaycan” adı unutdurulsun, əhali ölkənin farsdilli bölgələrinə köçürülüb assimilyasiya olunsun və s. Türklüyü “sarı təhlükə” kimi xarakterizə edən Əfşar yazırdı: “Sarı təhlükə müvəqqəti təhlükə deyil, bütün İran mənşəli millətlər və xalqlar (iranlılar, əfqanlar, kürdlər, tatlar və taciklər) üçün bir növ ümummilli və daimi bir təhlükədir”. Mahmud Əfşar tövsiyə edirdi ki, fars dilinin Azərbaycanda yayılması və möhkəmlənməsi üçün bütün vasitələrdən – radiodan, məktəbdən, qəzet, jurnal və kitablardan istifadə olunmalı, farsca çap məhsulları burada ucuz qiymətə satılmalı, hətta havayı paylanmalıdır. (Bu gün onun adını daşıyan fond həmin tövsiyəni “uğurla” yerinə yetirir – fondun nəşr etdiyi kitablar nəinki Cənubi, hətta Şimali Azərbaycanda da havayı paylanır)... O zamandan bəri Güney Azərbaycan ərazisi parça-parça edilib 11 yerə bölünmüşdür və bu proses indi də davam etməkdədir”.
Fars millətçiləri indinin özündə də Azərbaycanın yerli sakinlərinin kökcə türk olduqlarını danır, onların dilcə türkləşmiş farslar (azərilər) olduğunu söyləyirlər. Onu da qeyd etmək vacibdir ki, fars millətçilərinin işlətdiyi termin Quzey Azərbaycanda başa düşdüyümüz mənada olmayıb, Azərbaycanın fars köklü qədim sakinlərinin dili mənasındadır.
Məqalədə daha sonra Məsiağa Məhəmmədi “Azərbaycan xofu” sindromunun bu gün də davam etdiyini göstərərək yazır: ”SSRİ-nin süqutu və Quzey Azərbaycanın müstəqillik qazanması ilə “islamçı” şovinistlərin fəaliyyəti daha açıq və irimiqyaslı xarakter aldı. Artıq bu fəaliyyət təkcə Güney Azərbaycana deyil, həm də Azərbaycan Respublikasına qarşı yönəlmişdi. Müstəqil Azərbaycanı özləri üçün bir nömrəli təhlükə sayan panfarsistlər misli görünməmiş bir işə – Arazın iki sahilində yaşayanların vahid xalq olmadığını “sübut etməyə” girişdilər. Cəlal Mətini, İnayətullah Rza, Kavə Bayat kimi “ideoloqlar” bir vaxtlar Mahmud Əfşarların gördüyü işi yeni şəraitə uyğun şəkildə davam etdirməyə başladılar. 1918-ci ildə yaranmış Xalq Cümhuriyyətini “Azərbaycan Respublikası” adlandırdığı üçün Məmmədəmin Rəsulzadəni yamanlamaqdan yorulmayan bu şəxslər Quzey Azərbaycanın Azərbaycan olmadığını (məhz belə!) isbatlamaq üçün dəridən-qabıqdan çıxırlar”.
Göründüyü kimi, Azərbaycan xalqının etnik kimliyi, dili, soykökü barədə yalan və iftiraları təkcə İranda deyil, xaricdə yaşayan və yenə də Əhməd Kəsrəvi, Mahmud Əfşarın (təəssüflər olsun ki, mənşəcə azərbaycanlı olan bir çoxları öz qələmi ilə şovinist hakim dairələrin xidmətində dayanıb, onların siyasətini “əsaslandırmaq” üçün dəridən-qabıqdan çıxıb) sapı özümüzdən olan xələfləri hələ də davam etdirirlər və onların qarşısına elmi məxəz və faktlarla çıxmaq alimlərimizin qarşısında duran mühüm vəzifələrdəndir. Həmin vəzifəni yaxşı anlayan müəllif kitabdakı “Günəş hələ sönməyib”, ”Şimali İran gərək azad ola...”, ”Kuruş Babəkə qarşı” və bu qəbildən olan digər yazılarında qondarma millətçilik təəssübündən doğan qeyri-elmi iddiaları tarixi mənbələr əsasında qəti şəkildə rədd edir, İranın müxtəlif müsəlman xalqları arasında nifaq yaradanların xəyanətkar niyyətlərini ifşa edir, şovinistlərin kəskin hücumuna məruz qalmış Azərbaycan mədəniyyəti və tarixi üzərindəki qara yalan və iftira pərdəsini götürüb əsl həqiqəti oxuculara çatdırmağa nail olur.
Məsiağa Məhəmmədinin yüksək professionallıqla etdiyi tərcümələr də eyni məqsədə xidmət edir; arayıb tapdıqlarını, düşüncələrini bölüşür, oxucuların informasiya dairəsini daha geniş, bədii zövqünü daha təkmil etməyə çalışır. Tərcümələrindəki dəyərli şərhlər elm aləmində və ictimaiyyətdə maraq doğuracaq yeni faktları və bilgiləri nəzərə çatdırmağa imkan yaradır.
“Tərcümələr” bölümündə M.Məhəmmədi Cəlal Ale-Əhmədin “İran ziyalısı və türk dili problemi” adlı yazısına verdiyi ətraflı şərhdə görkəmli İran yazıçısını yaxından tanıdır. Və yazır ki, Cəlal İranda türk dili və mədəniyyətini məhv etməyə yönəlik siyasətin bütün aspektlərini heyrətamiz dəqiqliklə açıqlayır. Sonra qeyd edir ki, Cəlal Ale-Əhməd Pəhləvi rejiminin qılıncının dalı da, qabağı da kəsdiyi, ifrat fars şovinizminin tüğyan etdiyi bir zamanda Cəlal haqqında əsərlər yazdığı ziyalılığın həqiqi nümunəsini göstərib, İranda Azərbaycan türklərinə qarşı yürüdülən “mədəni müstəmləkəçilik” (ifadə yazıçının özünə məxsusdur) siyasəti barədə həqiqəti söyləməkdən və qələmə almaqdan çəkinməyib.
Bu maraqlı yazı ilə tanışlıqdan sonra Cəlal Ale-Əhmədin hələ ötən əsrin 60-cı illərində söylədiyi bir həqiqətlə razılaşmamaq mümkün deyil. O yazırdı ki, Cənubi Azərbaycanda baş verən bütün böhranlı vəziyyətlər dil məsələsindən doğmuşdur. O qeyd edirdi ki, mədəniyyətin, təhsilin, mətbuatın və kitab nəşrinin hələ yayılmadığı dövrdə İranda dil müxtəlifliyi elə bir problem doğurmurdu; 1920-ci illərin əvvəllərindən Tehran hökuməti bütün ölkədə əhalinin birdilli olmasına çalışdı, bütün səyini nəinki türk dilini məhdudlaşdırmağa, hətta onu məhv etməyə yönəltdi.
Məsiağa Məhəmmədinin ustalıqla seçib tərcümə etdiyi materiallar sırasında tanınmış güneyli araşdırmaçı Hüseyn Feyzullahi Vəhid, Mehran Bahari, Sirus Mədədi, Yalçın Qaradağlı, Əli Məhəmmədi və s. kimi müəlliflərin yazıları sərgilənib.
Bu fakt çox düşündürücüdür ki, Sərhədsiz Reportyorlar Birliyinin son 4 ildə yaydığı hesabatlarda İran internetin düşməni, jurnalistlərin həbsxanası adlandırılıb. Kitabda yer almış Səid Mətinpurun “Türk millətçiliyi: bir ittifaq arasında yol”, Abbas Lisaninin “İranda milli zülm məsələsi”, Şahnaz Qulaminin ”Bir çağırış barədə izahat”, Əkbər Paşayinin “Yolum aydın, alnım açıq” adlı yazılarını bu baxımdan həyəcansız oxumaq olmur. Yazıların müəllifləri Güney Azərbaycan Milli Hərəkatının tanınmış mədəni fəallarıdır. Onlar müxtəlif vaxtlarda milli-mədəni mücadilələrinə görə həbsxanalara düşmüşlər. Tək elə məqalələrin adına nəzər salanda, onların hansı hökmlə zindana salınmasını açıqlamağa ehtiyac duyulmur.
“Güney Azərbaycan məsələləri” kitabında o taylı-bu taylı vahid mədəniyyətimiz, ədəbiyyatımız haqqında yeni bilgilər əldə etmək, düşünmək üçün çox zəngin və maraqlı yazılar, materiallar toplanıb, təqdim olunub. Bu tipli yazılar Güneydə yaşayan soydaşlarımızın öz tarixi, milli kökünə qayıdışı və ona dərindən bağlanması üçün zəmin hazırlayır.
...”Söz bazarının ucuzlaşdığı, efirdən və mətbuat səhifələrindən mənasız ibarələrin üstümüzə axışdığı, mətləbsiz “kərpic”lərin stolumuz üstə qalaqlanıb rəflərimizə doluşduğu bir zamanda nə yaxşı ki, böyük ideallara söykənən, millətin yaddaşını korşalmağa qoymayan kitablar da işıq üzü görür” – bu fikri Məsiağa Məhəmmədi başqa kitab haqda söyləyib. Və düşünürəm ki, bu sözlər elə onun təqdim olunan kitabının boyuna biçilib.
Pərvanə
MƏMMƏDLİ
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.28.