Mətbuat tariximizin
öyrənilməmiş səhifəsi: Rəsulzadənin mühüm bir töhfəsi
haqqında
Müstəqillik, azadlıq və demokratiya uğrunda mübarizə həmişə
milli mətbuat orqanlarının nəşri
və yayımı ilə sıx bağlı olub. Məhəmməd Əmin Rəsulzadə siyasi proseslərə rəhbərlik edərkən
qəzet səhifələrində
ictimai və konseptual xarakterli məqalələrlə çıxış
etməyə böyük
önəm verib.
O, “Hümmət”, “Həyat”,
“Təkamül”, “İrşad”,
“İqbal” və bir çox başqa qəzetlərdə
əməkdaşlıq edib.
Onun hər bir məqaləsi böyük əks-səda doğurub, geniş müzakirələrə
səbəb olub. Siyasi hadisələrin inkişafı,
partiyanın qarşısında
duran vəzifələr
M.Ə.Rəsulzadəni ayrıca,
müstəqil qəzet
nəşr etməyə
sövq edib. Bu məqsədlə o, “Açıq söz” qəzetini nəşr etməyə başlayıb.
1917-ci ilin əvvəllərindən
başlayaraq Müsavat
Partiyası öz fəaliyyətində yeni
mərhələyə qədəm
qoymuşdu. Çünki həmin dövrdə öz tarixi buxovlarından azad ola bilməyən
Rus imperiyası Birinci Dünya müharibəsinin ağırlığına
tab gətirə bilmir,
böhran içində
çabalayırdı. Xalqın narazılığı
imperiyanın paytaxtında
Fevral inqilabı ilə nəticələnmişdi.
Yeni siyasi şəraitdə müstəmləkə və
istibdad altında olan xalqlar üçün
tarixi şans yaranmışdı. Mövcud
vəziyyəti düzgün
qiymətləndirərək M.Ə.Rəsulzadə xalqımız
üçün əvvəllər
əsas götürdüyü
milli-mədəni muxtariyyət
ideyasını inkişaf
etdirərək öz
hökuməti tərəfindən
idarə olunan milli dövlətin yaradılmasının vacibliyini
və mərkəzi dövlətlə federasiya
prinsipi əsasında
birləşməsini gündəmə
gətirmişdi. Bu məqsədə
nail olmaq üçün
Müsavat Partiyası
öz ətrafında
bütün milli və vətənpərvər
qüvvələri birləşdirməyə
çalışırdı. 1917-ci ilin aprel ayında
Bakıda keçirilən
Qafqaz müsəlmanları
qurultayından sonra Azərbaycanda söz sahibi olan Müsavat
Partiyası və böyük nüfuza malik olan, əsasən
Gəncədə fəaliyyət
göstərən Türk
Ədəmi-Mərkəziyyət Partiyası birləşməyə
müvəffəq olmuşlar.
Birləşmiş siyasi təşkilat,
onun liderləri – M.Ə.Rəsulzadə və
N.Yusifbəyli bütün
varlıqlarını milli
dövlətin yaradılması
ideyasına tabe etmişlər. Siyasi hadisələr
burulğanında Azərbaycan
əhalisini düzgün
istiqamətləndirmək, baş verən faktları hərtərəfli
təhlil edib insanlara çatdırmaq, milli dövlət ideyasını xalq arasında yaymaq və onun ətrafında
bütün qüvvələri
birləşdirmək M.Ə.Rəsulzadə
üçün başlıca
vəzifə idi.
Mətbuat orqanı olmadan
bu vəzifənin öhdəsindən gəlmək
son dərəcə mürəkkəb
məsələ idi.
Bu məqsədlə M.Ə.Rəsulzadə yeni
bir mətbuat orqanı nəşr etməyə başlamışdır.
Yeni yaradılmış mətbu
orqan “Müsavat” qəzeti idi.
Təəssüflər olsun ki, “Müsavat”
qəzetinin nəşri
tarixi və fəaliyyəti indiyədək
işıqlandırılmayıb. Çünki qəzetin nüsxələri
arxiv fondlarında tarixçi alimlərimizə
rast gəlməmişdir.
Arxiv materiallarının araşdırılması
zamanı bizə qəzetin yalnız birinci sayını əldə etmək müyəssər olmuşdur.
“Müsavat” qəzetinin
birinci sayı 10 sentyabr 1917-ci ildə işıq üzü görmüşdür. Dörd səhifəlik
qəzet A3 formatında
nəşr olunmuşdur.
“Müsavat” qəzetinin
başlığında “Türk
Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat”, “İnsanlara hürriyyət,
Millətlərə müsavat!”
“Yaşasın Cümhuriyyəti Ənam,
Var olsun milli-məhəlli muxtariyyət!”
sözləri yazılmışdır.
Səhifənin yuxarı hissəsində
qeyd olunurdu ki, qəzetin redaksiyası “İsmailiyyə”
binasında yerləşir,
ilk vaxtlar həftədə
bir dəfə nəşr olunacaq. İllik abunə haqqı – 7 manat,
satışda bir
nüsxəsi – 10 qəpik
nəzərdə tutulmuşdur.
Birinci səhifənin sağ hissəsində qəzetin
abunə dəftərinin
açılması haqqında
məlumat verilmişdir.
Qeyd olunurdu ki, “Müsavat”
qəzetinə firqənin
büro idarəsində,
“Açıq söz”
idarəsində, Ramana,
Keşlə, Əmircan,
Binəqədi Müsavat
şöbələrində abunə yazılmaq olar. Sonra isə oxuculara müraciət olunurdu: “Yoldaşlar və tərəfdaşlar qəzetimizin
nəşri Sizin
himayənizdən asılıdır!
Abunə yazılınız
və xalq arasında geniş bir şəkildə intişarına nail olunuz!”
Qəzetin birinci səhifəsində
M.Ə.Rəsulzadənin “Avazi
Müsavat” başlıqlı
geniş yazısı
dərc olunmuşdur. Məqalədə böyük öndər o
dövrün ictimai-siyasi
proseslərini təhlil
edir, Birinci Dünya müharibəsinin
millətlər üçün
yaratdığı böyük
fəsadlardan söz açır və “bəşəriyyətin böyük
bir təmir olunmaq fədakarlığında
bulunduğunu” vurğulayırdı.
O, qeyd edirdi ki, yaranmış vəziyyətdə Azərbaycanın
siyasi, milli qüvvələri qarşısında
yeni vəzifələr
durur və onların həyata keçirilməsi son dərəcədə
vacibdir. Məhz “belə bir zamanda
mətbuatın və
həm də müəyyən bir firqə qəzetəsinin yaranmasından daha ağır və ondan daha məsuliyyətli
bir vəzifə təsəvvür olunmaz.
İşdi belə bir məsuliyyətli zamanda “Müsavat” meydana giriyor və inqilab qəzetələri
ilə hamavar olur. Hürriyyət və milliyyət...
qüvvət gəldi
və insanlara hürriyyət, millətlərə
müsavat deyir”.
Həmin səhifədə redaksiya
heyəti adından “Yürüdüyümüz yol”
başlıqlı nəzəri
məqalə də çap olunmuşdur. Yanaşma tərzinə
və dil üslubuna diqqət yetirdikdə əminliklə
qeyd etmək olur ki, bu
yazı da M.Ə.Rəsulzadə tərəfindən
hazırlanıb.
“Müsavat” qəzeti həmin günlərdə
Bakıda keçirilmiş
partiya tədbiri haqqında geniş məlumat verir və M.Ə.Rəsulzadənin
məruzəsi əsasında
qəbul olunan qətnamənin əsas müddəalarını oxuculara
çatdırırdı. “Firqəmiz və irtıca” başlıqı
ilə verilən bu material qarşıdan gələn Müsavat Partiyasının birinci qurultayında müzakirəyə
çıxarılacaq məsələləri
də əks etdirirdi: “1. Proqram (üsuli-idarə, torpaq məsələsi, fəhlə
məsələsi, maarif
məsələsi və
s.), 2. Firqə təşkilatları, 3. Tərzi hərəkat əsasları
(hansı siniflərə
istinad etmək, mövcud siyasi cərəyanlara münasibət,
millətlərlə əlaqələr,
əhvalı hazırlıq,
müvəqqəti hökumətə
münasibət, əsgər
və fəhlə şuraları, milli-müsəlman
təşkilatları, müəssisən
məclisinə seçkilər
və s.)”. Xüsusi olaraq
vurğulanırdı ki,
yerli şöbələr
tərəfindən istənilən
məsələ müzakirəyə
çıxarıla bilər
və “məruzə ilə çıxış
etmək hər bir nümayəndənin haqqıdır”.
Bu məqalələrlə yanaşı “Müsavat” qəzetinin birinci sayında “Sosial-demokratizm və federalizm”, “Bizim istədiyimiz” və başqa maraqlı nəzəri yazılar verilmişdir. Qəzetin dördüncü səhifəsində Müsavat Partiyasının yerli şöbələri haqqında maraqlı xəbərlər yer almışdır. Qeyd olunurdu ki, Türkmənistanda partiyanın şöbəsi açılıb, Daşkənddə “Turan cəmiyyəti Türk Ədəmi Mərkəziyyət firqəsi ilə birləşib işləməkdədir”, artıq Müsavatın Daşkənd komitəsi Türkistanda çalışan şəhər nümayəndələrini özündə birləşdirib fəaliyyət göstərir. Bakıda firqənin Əmircan, Ramana şöbələri yaranmışdır. Qubada, Dəvəçidə partiyanın yerli şöbələri vardır. Vurğulanırdı ki, artıq Binəqədi, Keşlə kəndlərində, uzaq Petrovskda Müsavatın yerli təşkilatları fəaliyyət göstərir. “Qubada: Əmsar, Nüqədi, Rüstun, Buduq, İmanqulu kəndlərində şöbələr düzəldilmək üzrədir. Dəvəçiyə tabe olan Sədan..., Qaradağlı kəndlərində şöbələr təşkil olunub”.
Materialların təhlili onu göstərir ki, “Müsavat” qəzeti həmin dövrün nəbz döyüntülərini çox dəqiqliklə ifadə edir. O, başqa mətbuat orqanları ilə yanaşı istiqlal uğrunda mübarizənin həm kollektiv yaddaşı, həm də canlı salnaməsidir. 1917-ci ildə nəşr olunan “Müsavat” qəzetinin fəaliyyəti və onun naşiri M.Ə.Rəsulzadənin tarixi irsi bu gündə bizdən ardıcıl və prinsipial olmağı xüsusi olaraq tələb edir.
Sabir MƏMMƏDLİ
fəlsəfə doktoru
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.22.