“Şair, hökmdarın hüzurundasan...”

 (Atatürk və Əhməd Ağaoğlu)

 

(Əvvəli ötən şənbə saylarımızda)

Məktubda diqqəti çəkən başqa bir mühüm cəhət Türkiyənin gələcək inkişafının təmin olunması baxımından siyasi və iqtisadi sahələrdə rəqabət mühiti ilə bağlı irəli sürülən təkliflər idi. Diqqətəlayiq haldır ki, bütünlükdə qələbə eyforiyasının yaşanmasına baxmayaraq 1920-ci illərdə Atatürk hələ özünü tam hakimi-mütləq kimi aparmırdı. Əksinə, xalqa, insanlara yaxın olmağa çalışırdı. Mətbuatın və siyasi institutların fəaliyyəti bəlli dərəcədə təşviq edilir, ölkədə ciddi dəyişikliklərin yer almasına,  yeni münasibətlər sisteminin qurulmasına diqqət yetirilirdi.

Amma bununla belə şəxsi hakimiyyət və təkpartiyalı sisteminin bir sıra fəsadları artıq özünü göstərirdi. Bunları Türkiyə kimi müsəlman Şərqi ölkəsində siyasi liderlərin, habelə xalqın və cəmiyyətin diqqətinə çatdırmaq, müzakirə obyektinə çevirmək yetərincə riskli addım idi. Eyni zamanda Atatürkün “məmləkətin xilaskarı” kimi ilahiləşdirildiyi, haqlı olaraq ümumilli şöhrətin zirvəsinə yüksəldiyi dövrdə belə bir məktubun meydana çıxması təkcə Əhməd Ağaoğlunun cəsarətinin bəhrəsi deyildi. Bu bəlkə də daha çox Atatürkün liberal baxışlarının, fərqli fikrə və sağlam polemikaya açıq olmasının nəticəsi idi. O, hətta sənədin mətbuata yol tapmasını da əngəlləməmişdi. 1930-cu ildə, ölkə cameəsində Türkiyənin siyasi həyatında həqiqi çoxpartiyalılığın bərqərar olması ilə bağlı qızğın mübahisələr getdiyi  dövrdə  məktubun tam mətni “Son posta” qəzetində dərc edilmişdi.

Məhz Atatürkün etimadına bel bağladığına görə Əhməd Ağaoğlu “Qüvvətli hökumət nə deməkdir? Qüvvətli hökumət rəqabətdən azad, istədiyini edən hökumətdirmi?” –deyə yeni Türkiyənin qurucusundan sual edir   özü də sualını cavablandırırdı: “Əgər belə olsaydı, şəxsi hökumət üsulunu ən mükəmməl, ən qüvvətli hökumət kimi qəbul etmək lazım gələrdi. Halbuki bunun tam əksinin həqiqət olduğu bəllidir. Bütün millətlərin, ilk növbədə də İngiltərənin təcrübəsi sübut etmişdir ki, xeyirxah niyyətə və “qızıl orta” hissinə dayanan rəqabət qüvvətli hökumətin əsasıdır. Şəxsə dayanan hökumətlərin zəifliyi isə hər şeydən əvvəl ictimai nəzarəti aradan qaldırılması ilə bağlıdır. Bu yola düşmüş hər hansı hökumətin sui-istemal hallarından qaçması mümkünsüzdür. Başda dayanan şəxslər nə qədər müqtədir, nə qədər fəzilət sahibi olsalar da, minlərlə məmurun iş və əməlini nəzarətdə saxlaya bilməzlər. Onlar isə özlərini ictimai nəzarətdən kənarda gördükdə çox asanlıqla mənfəət və şəxsi məsələlərinin həlli yolunu tutarlar”.

Əhməd bəyin nəzərində siyasi liderin nüfuz və qüdrətindən asılı olmayaraq istənilən  hökumət üçün ən böyük uğursuzluq, ən ciddi zəiflik xalqın etibarını, etimadını itirmək idi. O, insanların susmasını hökumətin siyasətinə dözümlülük  kimi qəbul etməyin illüziya olduğunu da, hazırda Türkiyədə belə bir illüziya yaşandığını da Atatürkün diqqətinə çatdırmağı unutmamışdı: “Susmaq daim hər şeyi qəbul etmək və razılaşmaq mənasında anlaşıla bilməz. Xüsusən də Şərq mühiti kimi hissiyyatlı, hər şeyi içində çəkən və gözlənilməz hərəkətlərə meyl edən bir camaatdan bunun əksini gözləmək lazımdır”. “Ərəb baharı” Şərqi dərindən bilən Əhməd Ağaoğlunun 85 il əvvəlki xəbərdarlığında nə qədər haqlı olduğunu bir daha üzə çıxardı...

Bəs çıxış yolu nədə idi? Əhməd bəy bunu da göstərirdi. İstər siyasi, istərsə də iqtisadi sahədə insanlara azad rəqabət haqqı tanınmalı idi. Müxalifətin fəaliyyətinə imkan verilməli idi. İctimai nəzarət gücləndirilməli, hakimiyyətlə xalq arasındakı gözəgörünməz maneələr aradan qaldırılmalı idi. Respublika quruluşunun ayrılmaz atributlarından olan fikir sərbəstliyi və demokratiya türk cəmiyyətinə yol tapmalı idi. Xalqın hökumətin fəaliyyətindən məlumat almaq imkanları artırılmalı idi.

Aşağıda da görəcəyimiz kimi, Sərbəst Firqənin təşəkkülü zamanı Atatürklə aralarında yaşanan fikir ayrılıqları və dramatik məqamlar, Qazinin həmin mübahisələr zamanı bir sıra hallarda mövqeyindən faydalanaraq təzyiq dili, hətta aşağılayıcı tonla danışması da Əhməd bəyi fikirlərindən daşındırmamışdı. O, Atatürkün böyüklüyünü, Türkiyə qarşısında cahanşümul xidmətlərini dərin minnətdarlıq hissi ilə etiraf etməklə bir sırada onu dilsiz kütlənin deyil, haqlarından yararlanmağı bacaran, demokratik dəyərlərə söykənən millətin lideri kimi görmək istəyini heç zaman gizlətməmişdi. Ən başlıcası isə bu istəyinin ifadəsi baxımından prinsipiallıq göstərməyi bacarmışdı. “Son Posta”nın  11 oktyabr 1930-cu il tarixli sayında çap olunan “İkinci firqəyə lüzum varmı?” adlı məqaləsində Əhməd bəy Türkiyə Cümhuriyyətindəki idarəçilik şəkli ilə bağlı fikirlərini daha kəskin ifadə edərək yazırdı: “Hökumət üçün əsl şərəf düşünən və fikirlərini sərbəst deməyi bacaran bir milləti idarə etməkdir. İdarəçilik sənətinin incəliyi, kamilliyi də əslində özünü burada göstərir. Yoxsa ağzı qapalı, əli bağlı bir sürünü hamı idarə edə bilər. Fransanı idarə etmək Zululandı (Afrikada zulus tayfalarının yaşadığı ərazilər nəzərdə tutulur – V.Q.) idarəyə bənzəməz. Biri nə qədər şərəflidirsə, digəri o dərəcədə dəyərdən uzaqdır”.

Əhməd bəyin siyasi görüşlərindəki və xarakterindəki bu cəhətləri nəzərə alan müasir türk tədqiqatçısı Üfüq Özcan 1994-cü ildə yazırdı: “Ağaoğlu Cümhuriyyət ideologiyasının biçimlənməsində olduğu qədər həm də az qala bir əfsanə halına gələn tək partiya  tək adam kultunun dağıdılması (ən azı bu məsələ ilə bağlı xof hissinin aradan qaldırılması) cəhdi ilə də fikir adamlarının önündə getməsi anlamında diqqəti çəkmişdir. Bu mənada o, çoxpartiyalı cümhuriyyətin ilk müjdəçisi adlandırıla bilər. Ağaoğlunun Cümhuriyyətin ilk 20-30 ilinə öz damğasını vuran seçkin tipinin bəlli bir ölçüdə meydana çıxan özünəməxsusluqları onun cümhuriyyət ideyasına yenidən və daha əsaslı şəkildə bağlanmasına təkan vermişdir”.

 

 

Atatürkdən partiya dəvəti

 

 

1930-cu ilin avqustunda Atatürk Əhməd Ağaoğlunu yeni Türkiyənin siyasi fikir tarixində mühüm iz buraxan eksperimentlərindən birinə cəlb etdi. Dövlət başçısının iradəsi ilə o, hakim Cümhuriyyət Xalq Firqəsi ilə  əməkdaşlıq şəraitində ölkədə həqiqi demokratiya və çoxpartiyalılıq ab-havası yaratmağa xidmət edən Sərbəst (Liberal) Cümhuriyyət Firqəsinin qurucu üzvləri sırasında yer aldı. Başqa sözlə desək, təmsil olunduğu hakimiyyət partiyasından ayrılaraq onunla rəqabət aparacaq siyasi qüvvəyə qoşuldu. Təbii ki, Atatürkün razılığı ilə!

Hər şey gözlənilmədən baş vermişdi. Qızı Tezerlə İstanbula gələn Əhməd bəy “İttihad və Tərəqqi” zamanından yaxşı tanıdığı köhnə dostu, Malta sürgünündəki əsarət yoldaşı, həmin dövrdə Türkiyənin Paris səfiri vəzifəsində çalışan Fəthi Okyarın burada olduğunu eşitmiş, onu görmək üçün Yalovaya getmişdi. Həmin gün Atatürk də bu liman qəsəbəsində idi. Dəniz Yolları İdarəsinin  yeni otelinin açılış mərasiminə gəlmişdi. Bu münasibətlə bal da təşkil olunmuşdu.

Oteldə yerləşmələri üçün Atatürkün baş yavərinə üz tutan Əhməd bəy əvəzində tapşırıq almışdı: “Qazi həzrətləri baloya gəlməyinizi əmr edir”. “Vaxt  qəzetinin sahibi Əhməd Asim bəyin yanında yer tutdum və salonu seyr etməyə başladım” – deyə o həyatının sonrakı gedişini dəyişən həmin günü “Sərbəst firqə xatirələri” əsərində göz önündə canlandıraraq yazırdı: – Salonun ortasında Qazi, İsmət və Kazım ( Kazım Özalp –o dövrdə Türkiyə Böyük Millət Məclisinin sədri –V.Q.)  Paşalar Fəthi bəylə söhbət edirdilər. Qazi ətrafa baxarkən gözləri mənə sataşdı və əli ilə onlara yaxınlaşmağımı işarə etdi”.

Bunun ardınca isə Atatürk yəqin ki, mizanlarını daha əvvəldən düşündüyü teatral bir əda ilə Fəthi Okyarı təqdim edərək “Sərbəst Firqə rəisi Fəthi bəy” – demiş və birgə çalışacaqlarını bildirmişdi. Əhməd bəy bu gözlənilməz təklifə cavab verməyə imkan tapmamış rəqs başlanmışdı. Bu dəfə gənc bir xanımla rəqs edən Atatürk sürətlə dövrə vuraraq onun yanından keçərkən “Səni təbrik edirəm. Fəthi bəylə anlaşmısan”- söyləmişdi. Əhməd bəyin “Hələ danışa bilməmişəm” cavabının müqabilində “Canım, siz çoxdan anlaşmısınız. İndi gedib Fəthi bəyi də səni öz yanına  aldığı üçün təbrik edəcəyəm” – demiş və həqiqətən gələcək partiya sədrinə Ağaoğlu ilə birgə işləyəcəyinə görə gözaydınlığı vermişdi.

Təbii ki, bu zahiri teatrallığa baxmayaraq Atatürk yeni partiya və onun başında dayanacaq şəxslərlə bağlı qərarını bir gün içərisində, Yalovadakı açılış mərasimində verməmişdi. Əksinə, bu ən azı son bir ilin düşüncələrinin, fikir mübadilələrinin nəticəsi idi. Əhməd bəy özü də Fəthi Okyarla söhbətində ölkədə yeni siyasi qüvvənin yaranacağı ilə bağlı gümanlarının olduğunu, hətta bu barədə üstüörtülü şəkildə Atatürkdən eşitdiyini də etiraf etmişdi: “Bir ildən bəri belə bir fikrə yaxın göründüyündən  xəbərim vardı. Bir neçə dəfə mənə də partiyalar haqqında suallar vermiş, imtahan eləmişdi. Amma qəti qərara gəldiyini bilmirdim. Arada bir gün daxili işlər naziri Şükrü Qayadan ikinci firqə qurulacağını eşitdim. Firqənin mahiyyətini soruşdim. Hələ bəlli deyilmiş. Qazi daha mühafizəkar firqə qurulmasını istəyirmiş. Şükri Qaya bunun təhlükəli olduğunu, ölkədə mühafizəkarların çoxluq təşkil etdiyini, ona görə də məmləkətdə dərin kök salmayan və asanlıqla dil tapıla biləcək sosialist tipli bir partiyanın qurulmasını daha məqsədəuyğun sayırmış”.

İnandığı adamlarla şəxsi söhbətlərində təkpartiyalı cümhuriyyətin “bir şeyə yaramadığını” etiraf edən Atatürk uzun tərəddüdlərdən sonra  yeni siyasi qüvvənin meydana çıxmasına xeyir-dua vermişdi. Rəhbərliyinə isə şəxsi sədaqət və işgüzar qabiliyyətlərinə yaxşı bələd  olduğu şəxsləri gətirməyi qərara almışdı.  Rəhbər üçlüyə Fəthi Okyar, Mehmet Nuri Conker və Əhməd Ağaoğlu daxil idi.

Əli Fəthi Okyar (1880-1943) Atatürkün gənclik dostu idi. İndiki Makedoniya ərazisində doğulmuşdu. Hərbi təhsil almışdı. Şəxsi tanışlıqları 1911-ci ildə başlanmışdı. 1913-cü ildə onun Sofiya böyük elçisi, Mustafa Kamalın isə hərbi attaşe kimi birlikdə çalışmaları aralarındakı münasibəti daha da möhkəmləndirmişdi. “İttihad və Tərəqqi” partiyasının üzvləri sırasında Əhməd bəylə Malta sürgünündə olmuşdu. İstiqlal Savaşına qoşulduqdan sonra 1921-1925-ci illərdə TBMM üzvü, TBMM hökumətinin daxili işlər naziri və baş nazir, Türkiyə Böyük Millət Məclisinin sədri, yenidən baş nazir vəzifələrində çalışmışdı. Yerini daha sərt idarəçilik tərəfdarı kimi tanınan İnönüyə vermək məcburiyyətində qaldıqdan sonra Türkiyənin Fransa səfiri olmuşdu. 1930-cu ilin yayında Atatürk etibarlı silahdaşı kimi onu Parisdən geri çağıraraq yeni siyasi təşkilat yaratmaq əmri vermişdi.

Mehmet Nuri Conker (1882-1937) Atatürk kimi Salonikdə doğulmuşdu. Onun uşaqlıq dostu və silah yoldaşı idi. Hərb Akademiyasında birlikdə təhsil almışdılar. Balkan savaşında, habelə Birinci Dünya müharibəsində müxtəlif cəbhələrdə vuruşmuşdu. 1920-ci ildə Qurtuluş Savaşına qoşulmuşdu. Ankara və Adana valisi olmuş, iki dəfə TBMM-nə seçilmişdi. Daim Atatürkün yanında olan, ona “sən” deyə müraciət edən iki-üç nəfərdən biri idi. Qazinin etirafına görə anasının ölümündən sonra onu ən çox yandıran Mehmet Nurinin itkisi olmuşdu.

Yeni partiyaya qoşulanlar sırasında Mustafa Kamalın doğma bacısı Məqbulə xanım (1885-1956) da vardı. Təbii ki, bu addımı qardaşının istəyi ilə cəmiyyətdə Sərbəst Firqəyə  inam yaratmaq məqsədi ilə atmışdı. Yeri gəlmişkən, ölkə başçısının ani və şıltaq arzusu ilə mövqelərini dəyişən bəzi siyasətçilərdən fərqli olaraq Məqbulə xanım sona qədər partiyanın sadiq üzvü kimi qalmışdı.

Sadalanan adlar Əhməd Ağaoğlunun Atatürkə yaxınlıq dərəcəsi, habelə yeni Türkiyənin qurucusunun ona bəslədiyi etimad haqqında təsəvvür yaradır. Ən inanılmış adamlarla birlikdə Sərbəst Firqə rəhbərliyinə gətirilməsi də bunu sübut etməkdədir. Amma istənilən halda Əhməd bəy Türkiyə Cümhuriyyətinin qurucusuna doğma  bacısından, yaxud ilk gənclik çağlarından tanıdığı silah dostlarından yaxın ola bilməzdi. İstənilən halda münasibətlərdə bəlli bir  ayrı-seçkilik vardı. Əhməd bəyin daim prinsipial mövqe tutması, zəruri məqamlarda gözləniləni deyil, düşündüklərini deməsi bu ayrı-seçkiliyi qüvvətləndirirdi.

Əhməd Ağaoğlunun  partiya rəhbərliyində yer almasında şəxsi sədaqət amili ilə yanaşı onun iki imperiya dövrünü əhatə edən zəngin siyasi təcrübəsinin və həmin dövrdə Türkiyənin tanınmış hüquqşünaslarından biri olmasının da mühüm rolu vardı. Bioqrafiyasından da bildiyimiz kimi o, Sorbonnada mükəmməl hüquq təhsili görmüşdü, yeni qurulan Ankara universitetində siyasi və konstitusiya hüququ professoru idi. Digər tərəfdən, cəsarətli publisist, mahir polemika ustası kimi həm parlament dairələrində, həm də mətbuatda kifayət qədər yaxşı tanınırdı.

Yeni partiyanın qurulduğunu eşidən diplomatlar və xarici müxbirlər sanki Atatürkün mətbuat katibi imiş kimi ilk növbədə Əhməd bəyə üz tutmuşdular. Amma özünün də etiraf etdiyi kimi, onun optimizmini bölüşməmişdilər. Çoxpartiyalı sistemin respublika üsuli-idarəsinin əsası olması, ideyaya ölkə başçısının tərəfdar çıxması ilə bağlı gətirdiyi dəlillər də xariciləri inandırmamışdı. 

Ondan müsahibə alan bir fransız jurnalisti demişdi: “Belə düşünürəm ki, sizin firqə yaşamayacaq. Bir məmləkətdə müxtəlif fikirlərin və müxtəlif cərəyanların yaşaya bilməsi üçün o məmləkətdə ədalət hissinin inkişaf etməsi lazımdır. Sizin ölkədə belə bir hissin mövcudluğuna inanmıram. Mən küçədə vətəndaşlarınızın polis nəfəri tərəfindən döyüldüyünü və buna qarşı digər vətəndaşların seyrçi qaldıqlarını gördüm. Belə məmləkətdə iki firqə yan-yana yaşaya bilməz !”

Əhməd bəy Ankaradakı ingilis səfiri ser Klarka qurduqları partiyanın ən yüksək səviyyədə xeyir-dua aldığını  eynən Britaniyadakı kimi “Opposition of His Majesty” (“Əlahəzrətin müxalifəti”) olduğunu xatırladanda diplomatdan belə cavab eşitmişdi: “Unutmayın ki, bu müəssisələrin bizdə yeddi yüz illik tarixi var”.

Necə deyərlər, başı daşdan-daşa dəyəndən sonra o özü də xarici müsahiblərin fikrinə dəstək verərək “Sərbəst Firqə xatirələri”ndə yazırdı: “Bəli, ədalət hissi olmayan, yəni qarşısındakının haqlarına hörmət etməyi, onun fikirlərinə və hisslərinə dözməyi bacarmayan bir mühitdə hürriyyət, firqə və s. bu kimi şeylər mümkün deyil. Belə mühitlərdə hər şey oyuna, hiyləyə, qarşılıqlı ittihamlara, iftiralara çevrilir, nəhayət bir tərəf tapdanaraq o birinə istədiyi kimi hərəkət etmək imkanı verilir”.

Bütün bunlar partiya mövcudluğunun ilk yüz gününü qeyd etməyə macal tapmadan bağlanandan sonra xatırlananlardır. 1930-cu ilin avqustunda, ölkə həyatının demokratikləşməsi ilə bağlı eyforiya yaşandığı, Sərbəst Firqənin təşəkkülü ərəfəsində   çoxpartiyalılıq, yeni partiyanın məqsəd və vəzifələri, mövcud iqtidar partiyası ilə münasibətlər, seçkilərdə iştirak, mətbu orqanın təsisi və s. barəsində əsas mübahisələr Atatürklə Əhməd Ağaoğlu arasında gedirdi. Bir sıra prinsipial məsələlərdə Fəthi bəy, yaxud Mehmet Nuri deyil, məhz o, Qazinin sorğu-sualı altına düşür, yerli və yersiz ittihamlara cavab verməli olurdu.

 

     

 

Atatürkə ilk etiraz

 

 

Yalovadakı bal başa çatdıqdan sonra yeni partiyanın rəhbərləri Atatürk və İsmət İnönü ilə ilk müzakirələr aparmışdılar. Ölkə həyatında yer alacaq ciddi siyasi dəyişikliklərlə bağlı Fəthi bəyin Qaziyə, sonuncunun isə ona cavabları oxunmuşdu. Atatürkün diqtəsi ilə İsmət İnönünün qələmə aldığı və mətbuatda çapı nəzərdə tutulan bu məktublar Sərbəst Firqənin gələcəkdəki maneəsiz və bərabər hüquqlu fəaliyyəti üçün təminat sənədi mahiyyəti daşıyırdı.

“Kağızların oxunmasının ardından Qazi məclisdəkilərə “Nə deyirsiniz?” sualını verdi, – deyə Əhməd bəy xatirələrində yazırdı. – Başlar aşağı endi, kimsədən səs çıxmadı. Bir müddət çəkən sükutdan sonra Qazi üzünü mənə tutdu, “Professor bəy, sən nə deyirsən?” – sualını soruşdu. Mən əvvəllər də heç olmazsa iki partiyanın olmasını istəyirdim. Hətta 1926-cı ildə verdiyim raporda tək firqənin zərərlərindən, rəqabətsizlik şəraitinin doğuracağı acı nəticələrdən bəhs açmışdım. Amma firqələrin bu cür razılaşma əsasında yaranmasına təsadüf etməmişdim. Ona görə tərəddüd içində idim. Qaziyə münasibətdə icrasını daim bir namus və şərəf borcu, türklük və vətənpərvərlik vəzifəsi kimi qəbul etdiyim doğruluq və açıqlıqdan heç zaman ayrılmamaq qərarım bir daha qətiləşdi”.

Məhz həmin “açıqlıq və doğruluq” prinsipinin tələbi ilə hamının susqunluğu fonunda yalnız Əhməd bəy bu şəkildə qurulan partiyanın süni göründüyünü, adamları  ardınca apara bilməyəcəyini, habelə özünün də Sərbəst Firqəyə üzvlüyü ilə bağlı tərəddüd keçirdiyini demişdi. Atatürkün “Sən gedərsən!”hökmü qarşısında da susub geri çəkilməmişdi. Atatürk ideyalarına bağlı olduğunu, hətta əmr alsa belə bu ideyalardan üz çevirərək saxta müxalifətçilik yolu tutmayacağını bildirmişdi. Əsəbiləşmiş Atatürk Əhməd bəyi “araqarışdıranlıqda” ittiham etmişdi. Fəthi bəyin öz partiyasının üzvünün tərəfini saxlamaq niyyəti də uğurla nəticələnməmişdi.

“Əhməd bəyi yaxşı tanıyıram, – deyə Atatürk əvvəlki əsəbi tərzdə sözünə davam etmişdi. – Onun bütün əndişəsi özünü hər tərəfdən əmniyyət içərisində görməkdən ibarətdir. İndiyə qədər orada-burada, Məclis koridorlarında, qəzet sütunlarında özünü yeyib-tökürdü. İşlərin yaxşı getmədiyindən şikayət edirdi. İndi ona açıq danışmaq, qüsurları göstərmək, səhvləri düzəltmək imkanı verilir. Bəs nə üçün tərəddüd edir?” – soruşan Atatürk daha sonra üzünü Əhməd bəyin məclisdə olan qızı Tezere (əsl adı Təzəxanım idi, 1907-ci ildə Şuşada doğulmuş, 1979-cu ildə İstanbulda vəfat etmişdi. Məntiqə, etikaya, qadın hüququna dair bir sıra əsərlərin müəllifidir. 1942-1946 –cı illərdə Kastamonu, 1946-1954-cü illərdə Qars millət vəkili seçilmişdi)  tutaraq atasının “başının İran fəlsəfəsi ilə dolu olduğunu” demiş və onun “təsiri altına düşməməyi məsləhət” görmüşdü.

Tezer xanım isə sonralar Əhməd bəyin də qürur hissi ilə xatırladığı kimi “hörmətkaranə tərzdə, lakin mətin bir əda ilə “Atamız bizim üçün həmişə doğru yol göstərən müəllim olub” – cavabını vermişdi. Zahirən hirsli görünsə də, gənc xanımın sözlərindən məmnun qalan Atatürk valı dəyişmişdi: “Bu nə işdir? Ən çox güvəndiyimiz, etibar etdiyimiz dostları vətən və millətə xidmətə dəvət edirik. Əvəzində tərəddüd və şübhə ilə qarşılaşırıq. Bundan sonra hansı həvəslə, hansı ümidlə çalışmaq olar?” – deyə sarı simə toxunmuşdu. Fəthi bəy onu başladıqları işdə heç bir tərəddüd və şübhənin olmadığına inandırmağa çalışmışdı.

Əhməd bəy də bu arada Atatürkün sözlərindən mütəəssir olaraq  mübahisəni kəsmək qərarına gəlmiş, hətta gözə çarpmamaq üçün kreslosunu arxaya çəkmişdi. Lakin Atatürk “Daha nə düşünürsən?” – sualı ilə onu yenidən dialoqa çağırmışdı.

“Paşam, bəndəyə müraciət etməklə məni şərəfləndirirsiniz, – deyə Əhməd bəy cavab vermişdi. – Mənim prinsipim isə düşündüklərimi hər zaman açıq söyləməkdir. Bu da sizi əsəbiləşdirir. İndi mən nə edim?” Atatürkdən əsəbiləşməyəcəyi ilə bağlı vəd aldıqdan sonra sözünə davam etmişdi: “Firqə qurulmasının çox təbii və hazır bir yolu var. Zati-dövlətlərinizə də məlumdur ki, firqəmizdə bu gün bir-biri ilə qaynayıb-qarışmayan, anlaşa bilməyən, ilk fürsətdə çarpışmağa hazır olan iki qanad var. Bunlar tərəqqipərvərlər və mühafizəkarlardır. Onlar indi eyni firqənin bayrağı altındadırlar, yan-yana otururlar. Firqə və Məclis daxilində bunlara sərbəst düşünmək, sərbəst danışmaq və sərbəst hərəkət etmək imkanı verilsə, firqə (Atatürkün qurucusu olduğu Cümhuriyyət Xalq Partiyası nəzərdə tutulur – V.Q.) öz-özlüyündə iki cəbhəyə ayrılar və həmin cəbhələr də tədricən iki partiya halını alar”.

Əslində Atatürk də bu fikirlə razı idi. Lakin CXP-nə faktiki rəhbərliyi öz əlində saxlayan İsmət İnönü tərəfdarlarını gözünün önündən kənara buraxmaq, onlara hər hansı sərbəst seçim haqqı tanımaq istəmirdi. Çox güman ki, bu yanaşma tərzi dövlət başçısını da təmin edirdi. Atatürk yeni partiyaya 50-60 millət vəkili yeri verəcəyini deyəndə yenidən Əhməd bəyin haqlı, məntiqi sualları ilə qarşılaşmışdı: o, öz partiyasından olmayan, fərqli, hətta müxalif mövqedə dayanan siyasi qüvvənin təmsilçilərini Türkiyə Böyük Millət Məclisinə necə gətirə bilər? Bəs xalqın seçim hüququ? Bəs partiyanın münasibət və prinsipləri? Digər tərəfdən, əgər bu adamlar millət vəkili mandatını dövlət başçısından alırlarsa, onlar necə “sərbəst” olacaqlar? Necə müxalif mövqe tutacaqlar? Artıq Atatürkün əllərinin əsdiyini, qaşının tüklərinin qabardığını görən Əhməd bəy mübahisəni dayandırmışdı.

Təbii ki, inzibati yolla qatıldığı partiya məsələsi elə ilk dəqiqələrdən ürəyincə olmamışdı. Lakin dövlət başçısının bu məsələdəki ardıcıllıq və qətiyyətini gördükdən sonra onda müəyyən ümid hissləri yaranmışdı. Sərbəst Firqəyə ayrılacaq millət vəkillərindən Atatürk ideyalarınn daha rasional və demokratik yolla həyata keçirilməsini təmin edən sağlam müxalifət mövqeli  deputat qrupunun yaradılması, bu yolla fərqli fikirlərin gündəliyə gətirilməsi, məsuliyyət bölgüsü və qarşılıqlı nəzarətin həyata keçirilməsi barəsində düşünməyə başlamışdı.

Amma az sonra hər iki tərəfin əslində ssenarisi əvvəlcədən bəlli olan oyun oynadıqlarını gördükdə əvvəlki nikbinliyindən əsər-əlamət qalmamışdı. Nə Atatürkün yeni partiyaya hansısa hüquqlar vermək niyyətini, nə də həmfikirlərinin bu hüquqları uğrunda mübarizə əzmini görə bilmişdi. Vəziyyətin tragikomikliyini anlayaraq dərin ruhi sarsıntı içərisində aşağıdakı sətirləri yazmışdı:

“Həqiqətən və məmləkətin şərtlərinə görə bu hərəkət verən və alan üçün sadəcə bir göstəridən ibarətdir. Necə ki, biri verilən haqların hamısının hava (burada boş şey mənasında – V.Q.) olduğunu bilir, digər tərəf də xalq deyilən şeyi sabun köpüyündən başqa bir şey saymır.  Ona görə də aldatma və aldanma qarşılıqlıdır. Biri necə verirsə, digəri də elə alır. Hər ikisi də içəridən gülür, lakin zahirdə özlərini guya həqiqətən də ciddi bir şeylər olurmuş kimi aparırlar və bundan da hər ikisi məmnun qalır”.

 

(Ardı var)

 

 

Vilayət QULİYEV

525-ci qəzet.- 2012.- 1 dekabr.- S.20-21.