Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(Əvvəli ötən
şənbə saylarımızda)
Antonin kimi mənim üçün şəhər və
vətən Romadır, bir insan kimi isə – dünyadır.
Mark Avreli
Onun gözlənilməz uğuru, 1189-cu ildə səlibçilərin
işğallarının üç şəhərlə məhdudlaşmasına
gətirib çıxardı. Çox güman ki, Səlahəddin
onun Yerusəlimi işğal etməsinə Avropanın
reaksiyasını qiymətləndirməmişdi, ona görə
də xristianlar yeni səlib yürüşü
çağırışı ilə çıxış
etdilər. Üstəlik çox sayda
böyük kübarlar və məşhur rıtsarların
iştirak etdiyi bu səlib yürüşü həmçinin
üç ölkənin krallarını mübarizəyə
qoşdu. Bunlar Almaniya imperatoru Fridrix
Barbarossa, İngiltərə kralı I Riçard Şirürəkli
və Fransa kralı II Filip Avqust idi. Fridrix
Barbarossa kiçik bir çayda çiməndə batdı və
onun ordusu tezliklə parçalandı. Digərləri
quruda ərazinin içərilərinə girəndə bədbəxtliklə
üzləşdilər və nəticədə Filip vətənə
döndü, Riçard isə ümidini itirib axırda Səlahəddinlə
danışıb xristian zəvvarların üç il ərzində Yerusəlimə Sahibin qəbrinə
sərbəst ziyarət etmək razılığını
aldı.
Yerusəlimə
gəlməyə can atan bütün xristian zəvvarlara o,
imtiyazlar və toxunulmazlıq qarantiyası verdi.
Çünki Səlahəddinin
düşüncəsinə görə Yerusəlim həqiqətən
də Müqəddəs şəhər olduğundan, orada
zorakılığa və qəddarlığa yer olmamalı
idi.
Xristian cəhdlərinin ölçüsü və Səlahəddin
barədə müasirlərinin aldığı təəssürat,
nəcib və cəngavər bir düşmən kimi onun
şöhrətinin üstünə əlavə olundu. Bu, hətta
onun hərbi qələbələri ilə də heç vaxt
müqayisə oluna bilməzdi. Axı onun
qələbələri ilə yanaşı məğlubiyyətləri
də olurdu. Lakin Səlahəddinin igidliyi,
gücü və qəddarlığı barədə əfsanələr
dolaşırdı.
1191-ci ildə səlib ordusu Akranın divarları
qarşısında sahilə çıxdı. Bu Yerusəlimə
gedən yolda ən vacib qala idi. 1191-ci ilin
iyununda Riçard Şirürəkli Yerusəlimə gedən
yolda ən vacib qala olan Akra şəhərinin
yaxınlığına gəlib çıxdı. Şəhər səlibçilərin mühasirəsində
idi. O, mühasirədə olanlara kömək göstərməyə
tələsən Səlahəddinin ordusunu qovdu, bundan sonra
mühasirəni elə gücləndirdi ki, Akranın müsəlman
qarnizonu iyunun 12-də Səlahəddinin razılığı
olmadan təslim oldu.
Akranın işğalı Suriyada müharibəni
dayandıra bilərdi, lakin Səlahəddinin sülh şərtlərini
vaxtında yerinə yetirməməsi Riçardı qəzəbləndirdi. O, 200 əsir müsəlmanın
boynunun vurulmasını əmr etdi. Sonra
Riçard sahildəki digər qalaları da aldı və
Askelona və Yaffaya sahib oldu.
Riçardın
Askelona yürüşü vaxtı Arsufdakı böyük qələbədə
Səlahəddin qoşunları 7 min adam
itirdi, qalanları isə qaçmağa üz tutdu. Həmin hadisədən sonra Səlahəddin
Riçardla açıq döyüşə girməkdən
çəkinirdi.
Riçard taktikada çox güclü idi, strateq kimi isə
Səlahəddin ondan üstün idi. Səlahəddin geri
çəkiləndə yanmış torpaq taktikasını tətbiq
edirdi – əkinləri, otlaqları məhv edir, su
quyularını zəhərləyirdi. Suyun
qıtlığı, atlar üçün yemin olmaması və
səlibçilərin çox millətli ordusunun
sıralarında narazılığın artması
Riçardı belə bir nəticəyə gəlməyə
məcbur etdi ki, bütün qoşunlarının praktiki
olaraq məhvinə risq etmək istəmirsə, Yerusəlimi
mühasirəyə almaq iqtidarında olmayacaqdır. Ona görə də o, 1192-ci ildə Yerusəlimi
tutmaqdan imtina etdi və Askelonu idarə etməyə
başladı.
Sülh müharibəsi barədə
danışıqlar göstərdi ki, Səlahəddin
artıq vəziyyətin ağasıdır.
Askelon da dağıdıldı. Yerusəlim krallığının
məhvinin səbəbi isə, heç şübhəsiz, islam Şərqinin birliyi oldu.
Səlib yürüşü uzun çəkdi və taqətdən
salan oldu, yürüş əslində əsasən I
Riçard Şirürəklinin impulsiv hərbi
dühasına əsaslanmışdı. Lakin o, demək olar ki,
heç nəyə nail ola bilmədi. Feodalların
topladığı hazırlıqsız və
yorulmuş döyüşçülər hər il
yalnız məhdud mövsümdə vuruşurdular. Səlibçilər Levant sahilində azacıq əraziləri
tuta bildilər, 1192-ci ildə kral Riçard üzüb Şərqi
tərk etdikdə döyüş başa
çatmışdı. Səlahəddin
öz paytaxtı Dəməşqə qayıtdı və
fasiləsiz olaraq vaxtını yəhər üstündə
keçirməsi onu xəstələndirmişdi və 4 mart
1193-cü ildə o, vəfat etdi.
Qohumları
artıq imperiyanı hissələrə parçalamağa
hazır olanda, onun dostlarına məlum oldu ki, müsəlman
dünyasında ən qüdrətli və ən alicənab
hökmdar olan bu adam öz qəbrinin
haqqını ödəmək üçün kifayət qədər
pul qoymadan dünyadan köçmüşdür.
Böyük filosof Mark Avreli demişdi: “Ölüm bizim
hamımıza gülümsənirsə, yalnız ən igidlər
ona cavabında gülümsənə bilirlər”. Səlahəddini məhz belə igidlər
sırasına daxil etmək olardı, çünki o, həmişə
qarşıdakı ölümün üzünə dik baxırdı.
Qəhrəman olmaq, həm də hər şeydən
güclü olan taleyə qarşı vuruşmaq deməkdir. Məhz belə
dövrlərdə yüksək şəxsiyyətlər
yaranır və onlar dünyanın ən azı müəyyən
hissəsinin taleyini həll etməyə qadir olurlar. Onlar əbədi ulduzlar kimi unutqanlıq gecələrində
də daim işıq saçırlar.
Səlahəddin gözəl xarakterə malik idi,
xristianlar və müsəlmanlar arasında əsl cəngavər
kimi şöhrət tapmışdı. Onun alicənablığı
Riçarda etdiyi güzəştlərdə və əsirlərə
münasibətində öz əksini tapırdı. Səlahəddin qeyri-adi dərəcədə
xoş xasiyyətli insan idi, billur təmizliyə malik idi.
O, heç vaxt ruhdan düşmürdü, qadınlara,
bütün zəif insanlara münasibətində əsl
xeyirxahlıq nümunəsi göstərirdi, uşaqları
çox sevirdi.
Onun uğurlarının mənbəyi hər şeydən
əvvəl onun şəxsiyyətində qərar
tutmuşdu.
O, islam ölkələrini
işğalçı səlibçilərə qarşı
mübarizə üçün birləşdirmişdi. Lakin onun da zəif cəhətləri var idi, taktikada
güclü deyildi, həm də onun ordusu muzdlulardan ibarət
idi. Özü deyirdi ki, “mən onu öz
ardımca aparmasam və hər an ona nəzarət etməsəm,
mənim ordum heç nəyə yaramır”.
Səlahəddin Şərqin tarixində fateh kimi
qaldı, o, Qərbin müdaxiləsini dayandırdı və
islamın gücünü Qərbə qarşı yönəltdi. O, ram olmayan bu qüvvələri
bir andaca birləşdirməyi bacaran qəhrəman idi. Nəhayət, o, islamın yüksək
ideallarını və ləyaqətlərini öz şəxsiyyətində
təcəssüm etdirən bir müqəddəs idi.
Döyüşdə ilk “güc sınaqları”, həm
də məğlubiyyətlər Səlahəddinə göstərdi
ki, səlibçilərlə bacarmaq o qədər də asan
məsələ deyildir. Hərbi əməliyyatlarla qələbə
çalmaq mümkün olmayacaqdır. Bu
vaxt Sultana Səlahəddinin iqtisadi dühası köməyə
gəldi. O, səlibçilərə qarşı
iqtisadi müharibə aparmağı qət etdi. Həmin vaxtlarda Avropa rıtsarları ədviyyat
ticarətindən böyük fayda götürürdülər.
Ədviyyatın daşındığı yolun
baş mərhələsi olan Aralıq dənizi ilə
aparılan ticarətə bütünlüklə italyan şəhər-dövlətləri
nəzarət edirdi. Qırmızı dəniz
və karvanların getdiyi quru yollar isə Səlahəddinin əlinə
keçmişdi. Bundan sonra Avropa feodal qəsrləri
ədviyyat ticarətində demək olar ki, bütün gəlirlərini
itirdilər. İqtisadi müharibə hərbi
və diplomatik zəfərə də yol açdı və Səlahəddinin
müdrikliyini göstərdi.
Xristofor
Kolumb
Calamatias virtutis occasio (lat.) – Bədbəxtlik igidlik
üçün səbəb rolunu oynayır.
Seneka
Azad o adamdır ki, yalanı səmimi qaydada həqiqət
kimi qəbul edir.
Epiktet
Yeni Dünyanı kəşf edən
Xristofor Kolumb (ispan dilində Kristobal Kolon) bütün
dövrlərin ən böyük dənizçilərindən,
səyyahlarından biri olmuşdur, lakin İspaniyaya məxsus
olduğunu iddia etdiyi Qərbi İndiyalardakı despotik və
şıltaq inzibatçılığı özü
haqqındakı müsbət rəyin bir qədər dəyişilməsi
ilə nəticələndi. Kolumb dəqiq məlum
olan səyahətçilərdən biridir ki, Atlantik
okeanı şimal yarımkürəsində üzüb
keçmiş və ilk avropalıdır ki, Karib dənizinə
gedib çıxmışdır. O, Cənubi və Mərkəzi
Amerikanın başlanğıcını qoymuşdu. Çox sayda adaları kəşf etmişdi.
Onun qeyri-adi və yüksək təxəyyüllü
ağlı yüksək köklənmiş və avtokratik
xarakteri ilə birləşməklə, onu azmaq yoluna yönəltdi,
əvvəlcə ona şöhrət və var-dövlət gətirsə
də, lakin sonradan taleyinin faciəli qaydada dəyişilməsinə
səbəb oldu, onun Yeni Dünyaya axırıncı səfərindən
bu dəniz-okean dənizlərinin admiralı və
İndiyaların vitse-kralı qandalda qayıtdı. Ömrünün bir hissəsindəki şərəf
və böyük mülkiyyət qazanmaq üçün
ürək ağrıdan cəhdləri onu
çaşdırmışdı.
O, italyan
liman şəhəri olan Genuyada yaşayan toxucu kişinin
oğlu idi. Onun anadanolma tarixi dəqiq bilinmir,
güman edilir ki, 1451-ci ildə anadan olmuşdur. Belə hesab edilir ki, ilk olaraq atasının sənəti
üzrə işləmiş, 14 yaşı olanda dənizdə
üzməyə yollanmışdı. Yəqin ki, o,
1472-73-cü illərdə dəniz quldurunun xidmətində
olmuşdu, sonrakı ili isə yunan
adası Kosda yaşamışdı. Müqəddəs
Vinsent burnu döyüşündə iştirak etdikdə onun
olduğu gəmi yanmış, avarların köməyi ilə
o, üzüb Portuqaliya sahilinə
çıxmışdı. Genuyaya
qarşı Portuqaliyanın tərəfində
vuruşması onun vətənpərvər olmamasından xəbər
verir. O, bir daha heç vaxt Genuyaya qayıtmadı, hətta
qardaşlarına məktublarını da italyanca
yazmırdı, yalnız ispan dilində yazmağa
üstünlük verirdi. Qardaşları da özlərini
ispan dili qaydasında Kolon adlandırırdı (onun italyanca
soyadını bildirən colombo
sözü “göyərçin” deməkdir). Bu
faktlar göstərir ki, Kolumb Genuyada məskunlaşmış
ispan-yəhudi ailəsindən idi.
Kolumb Amerikanı astronomiyadan çox peyğəmbərə
möhkəm inanmağına görə kəşf
etmişdi. O,
1502-ci ildə kral Ferdinand və kraliça İzabellaya
yazırdı ki, (bu ər-arvad rüşeym halında olan mərkəzləşmiş
İspaniyanın – Araqon və Kastiliyanın həmhökmdarları
idilər), “İndiyalara səfəri icra edəndə nə
matematikadan, nə də xəritələrdən istifadə
etməmişdim. Yalnız İsayyanın
(peyğəmbər) sözlərini bütünlüklə
yerinə yetirmişdim”. O, Bibliyadakı İsayyaya aid
11:10-12 (ayələrində) abzaslarında ifadə olunan fikri
nəzərdə tuturdu. Axı onun həyatı
dramatik səhnələrlə zəngin idi. Gəmi qəzasından fövqəltəbii qaydada
xilas olub Portuqaliyaya gəlməsi də, sonra baş verən
hadisələr də qəribəlikdən xali deyildi.
Belə güman edirlər ki, hələ 1474-cü ildə
astronom və coğrafiyaşünas Paolo Toskanelli ona məktubunda
yazmışdı ki, onun rəyinə əməl edib, əgər
qərbə tərəf üzülsə, dəniz yolu ilə
Hindistana daha qısa müddətdə çatmaq
mümkündür. Elə o vaxtlar Kolumb Hindistana səyahət
etmək barədəki öz layihəsi barədə fikirləşməyə
başlamışdı.
Portuqaliya o vaxt məlum olan dünyanın qərb qurtaracağı idi, Lissabon isə (bu şəhər Odisseyin – Ulissin şərəfinə belə adlandırılmışdı, qədim yunan mifologiyasının macəraçı qəhrəmanının adını bütünlüklə doğruldurdu) yeni torpaqlar kəşf etməklə bağlı olan dənizçilərin mühüm görüş yeri idi. Portuqaliyalılar buradan üzüb Madeyranı kəşf etmişdilər, Afrikanın Atlantik okeanı sahillərinə gəlib çıxmışdılar. Şəhər həm də artıq incəsənət və elmlər üçün, xüsusən kosmoqrafiya və astronomiya üzrə mərkəz rolunu oynayırdı. Güman ki, Xristofor da kiçik qardaşı Bartolomey ilə bura gəlib çıxmışdı. O, dənizə görə vətənini tərk etmişdi və kartoqrafçı kimi fəaliyyət göstərirdi.
Şərqə çatmaq üçün qərb tərəfə üzmək, yuxarıda deyildiyi kimi, ilk dəfə florensiyalı bir kartoqrafın ağlına gəlmişdi. Portuqaliyada sahilə çıxdıqdan sonra Kolumb İspaniyaya üzmüşdü və bu səfəri vaxtı artıq Qərb yolu ilə “Kataya” (o vaxtlar Avropada Çini belə adlandırırdılar) üzmək barədə düşünmüşdü. Sonra o, Madeyra adalarında məskunlaşdıqda Cənubi Atlantikaya üzmək istəmişdi, bir ya iki dəfə Qızıl sahildəki Portuqaliya ticarət postuna səfər etmişdi. Burada o, şəkər qamışlarını və şam ağacının gövdəsini gördükdə qərb üfüqünün arxasında torpaqların mövcud olmasının bəzi işarələrinin mövcudluğunu güman etmişdi.
Lissabona geri döndükdən sonra o, şərq barədəki yazıları, Marko Polonun sərgüzəştlərini oxudu. Baxmayaraq ki, o, Ptolomeyi öyrənmişdi – onun Asiyanın ölçüsü barədə yanlış nəzəriyyəsi Xristoforda möhkəm bir inam yaratdı ki, qərb tərəfə səyahət etməklə Asiyaya gedib çıxmaq olar. Apokrif (dinə görə qeyri-dəqiq olan) Bibliyası peyğəmbəri Ezdraya görə yer dəyirmidir. Qərbin qurtaracağı (İspaniya ilə) Şərqin qurtaracağı (“Hindistan”, başqa sözlə Asiya) arasındakı məsafə çox uzaqdır, lakin İspaniya ilə “Hindistan” arasındakı dəniz yolunun məsafəsi çox qısadır. Kolumb buna uyğun olaraq hesablamalar apardı. Bu hesablamalara görə “Hindistan” Kanar adalarından 6,3 min kilometr məsafədə olacaqdı. Doğrudan da bir qədər çox və ya az, bu məsafədə Amerika yerləşirdi.
Bu sistem Kolumbun təxəyyülünü alovlandırdı və Qərb yolunun açılması üçün onu kəşflərə səslədi. O, yeni yolla köhnə torpaqlara çatmaq istəyirdi. Lakin onun cəhdləri əbəs idi.
(Ardı var)
Orucov Telman
525-ci qəzet.-
2012.- 1 dekabr.- S.18.