75 yaş nədir ki?...
Moskvadan
Professor Qəzənfər Paşayevə
açıq məktub
Əziz
Qəzənfər müəllim!
Bugünlərdə Azərbaycan Yazıçılar
Birliyində sizin 75 illik yubileyinizin qeyd olunduğunu eşitdim. Sizi uzun illər
tanıdığımdan, amma
Moskvada yaşadığım
üçün az-az
görüşdüyümdən, xətrinizi çox-çox
istədiyimdən, könlümdən
Sizə zəng eləmək keçdi.
Amma ürəyimdəkiləri telefonla
deyə bilməyəcəyimə
əmin olduğumdan fikrimdən vaz keçdim, Sizə bu məktubu yazıb, ürək sözlərimi bildirmək
qərarına gəldim.
İstər-istəməz ilk dəfə sizinlə tanışlığım yadıma
düşdü. 1976-cı il idi. O vaxt mən M. F. Axundov adına
Pedaqoji Rus dili və Ədəbiyyatı
inistutunda oxuyurdum. İnstitutda dahi şairimiz S. Vurğunun 70 illiyiylə
bağlı təbir oldu. Mən həmin günlərdə
həmyerlim, Kəlbəcərin
ən istedadlı şairi, gözəl ziyalısı, adlı-sanlı
alimi, yaradıcılığının
vurğunu olduğum Ənvər Rzayla və Sizinlə tanış oldum. O zaman sizin yaxın dost olduğunuzu bilmirdim, bir institutda, bir yerdə təhsil aldığınızı
da çox-çox sonralar öyrəndim. Elə o gündən də siz mənim gözümdə xeyirxah, böyük bir insan, bir ziyalı
kimi ucaldınız.
Sonralar mən nə vaxt, harada Sizi
görmüşəmsə vaxtsız itirdiyimiz, nakam şairimiz Ənvər Rzanı xatırlamışam.
Qəzənfər müəllim, indi
o ildən, ilk tanışlığımızdan
36 il keçir.
Bu illər ərzində
görüşlərimiz az olsa da,
həmin görüşlər
mənin həyatımda
dərin izlər qoymuş və şirin xatirələrə
çevrilmişdir. Yaddaşıma daimi həkk olunan görüşlərimizin
bir neçəsini xatırlayacağam.
Bir dəfə də
1985-ci ildə Moskvada görüşdük, mənim
“Çertanova” metrosunun
yaxınlığındakı kiçik mənzilimdə.
Mən sizi, şair Mustafa İskəndərzadəni və
üçümüzündə yaxın dostumuz olan, şair-tərcüməçi
Nikolay Alekseyeviç Qoroxovu qarşıladım.
Görüşümüz çox səmimi keçdi,vaxtın necə gəlib-keçdiyini
hiss etməmişdik. Sonra mən
sizi metroya qədər yola saldım, deyəsən Peredelkinoya gedəcəkdiniz.
Görüşümüz zamanı sizin
təmkinli söhbətləriniz,
məntiqli mülahizələriniz
hamımızı məftun
eləmişdi. Yeri
gəlmişkən, onu
da deyim ki, N. Qoroxov sizi həmişə soruşur, neçə il əvvəl
Bakıdakı görüşlərinizi
nostalji hisslərlə
xatırlayır.
Bir görüşümüz
də 1998-ci ildə Bakıda, “Gülüstan”
sarayında baş tutdu. Sonuncu görüşümüz
isə 2007 – ci ildə yenə Bakıda R. Behbudov adına Mahnı
Teatrında bənzərsiz
el sənətkarımız Dədə Şəmşirin
yubileyində oldu.Həmişə
olduğu kimi səmimi görüşdük,
yadigar qalsın deyə şəkillər
çəkdirdik.
Əziz Qəzənfər müəllim,
Sizin Azərbaycan dilçiliyində də,
ədəbiyyatşünaslığında
da, elmində də, öz yeriniz, öz çəkiniz var. Məsafədən
asılı olmayaraq sizə, sizin yaradıcılığınıza, gördüyünüz işlərə
haradan və neçə baxırıqsa
baxaq sizi yalnız və yalnız olduğunuz kimi, düz, saf, millətinə ləyaqətlə xidmət
edən bir ziyalı kimi görürük. XX əsr
Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin,
mədəniyyətinin, dilçiliyinin
inkişafında misilsiz
xidmətləriniz var. Siz
mənim yaddaşıma
xalqımıza canla-başla
xidmət göstərmiş
xeyirxah bir insan, görkəmli ziyalı , böyük bir alim,böyük pedaqoq kimi həkk
olunmusunuz.
Bu gün sizin adınız təkcə Azərbaycanda
deyil, onun sərhədlərindən kənarda
da bu böyük
şərəflə çəkilir,
sizin həyat və yaradıcılığınız,yaratdığınız əsərlər
internet vasitəsiylə maraqla
oxunur və öyrənilir. Artıq sizin adınız
böyük şəxsiyyət
kimi tarixləşib.
Əminliklə deyə
bilərəm ki,sizin əbədiyaşar
əsərləriniz, yaradıcılığınız
ədəbiyyatımızın, ədəbiyyatşünaslığımızın
zənginləşməsində müstəsna rol oynayıb.
Onu da bilirəm siz bu səviyyəyə
elə-belə nail olmamısınız. Siz çətin, ağır,məşəqqətli, keşməkeşli,
eyni zamanda olduqca şərəfli yol keçmisiniz. Bilirəm ki,əsl
yaradıcı insanların,
sənət adamlarının
yolu heç zaman hamar olmur,
siz Azərbaycan elminə, təhsilinə,
olduqca böyük dəyərlər verən
simaların öndə
gedənlərindən olmusunuz.
Mətbuatdan oxumuşdum ki,
Ənvər Rzanın
“Kəlbəcərə gedən
yollar” kitabının
təqdimat mərasimi
keçirilib. Və
o tədbirdə sizin də iştirak elədiyinizi bildim, maraqlı çıxış
etdiyinizi eşitdim.Sizin
Ənvər Rza şəxsiyyətinə və
yaradıcılığına həsr etdiyiniz “Gödək oldu ömrün sənin”məqalənizi
oxudun,ürəyim yandı.
Sizin səmimiyyətinizə, düzlüyünüzə,
dostluğunuza, sədaqətinizə
bir daha inandım. Siz bizim kəlbəcərliləri
heç zaman yalqız qoymamısınız.
Kəlbəcərlilərin sevincli günlərində
də, ağır günlərində də
onlarla bilikdə olmusunuz. İndi bildim ki, kəlbəcərli olmaq üçün heç də Kəlbəcərdə
dünyaya göz açmaq əsas şərt deyil.
Belə götürəndə 75 yaş
nədir ki, Qəzənfər müəllim. Biz hələ sizin yüz yaşınızı
keçirəcəyik. Hələ sizinlə birgə səfərimiz var. Hamımızın
candan artıq sevdiyimiz, bir torpaq gözləyir bizi.
O torpaq ki, 20 ilə
yaxındır ki, ermənilərin tapdağı
altında inləyir.
O torpaq ki, səbrsizliklə yolumuzu gözləyir, o torpaq ki, həsrətini çəkə-çəkə yaşayırıq.
O torpaq ki, vəhşiliklə
öldürülən nənə-babalarımızın,
tikə-tikə doğranılan,
yandırılan, odlara
çatılan balalarımızın,
qardaşlarımızın, zorlanan bacılarımızın,
namusunu qoruyub özlərini qayadan atan gəlinlərimizin, soyuqdan donan körpələrimizin ruhları
perikdir orda.
O torpaq ki, ixtiyar
yaşında didərgin
düşən anam ömrünün son nəfəsinə
kimi məni oraya apar deyirdi.Gözüm
görə-görə yumağa
döndü, şam kimi əridi, getdi.
Qüdrətli, möhtəşəm dağlarıyla,
əsrarəngiz gözəlliyi
ilə yaddaşımıza
hopan Kəlbəcər
mənəviyyatımızın, mədəniyyətimizin, folklorumuzun,
mərdliyimizin, tariximizin,
sazımızın-sözümüzün
beşiyidir axı. Kəlbəcər
heç kimə ögey-doğma demədən
hamımıza səxavətlə
qucaq açardı,basardı bağrına.
Kəlbəcərin naz-nemətləriylə
böyümüşdük,ərsəyə
çatmışdıq. Amma naxələf
çıxdıq. Bilirəm ki,
bizsiz qəribsəyir
o yurd, səbrsizliklə
yolumuzu gözləyir.
Bizsiz qəribsəyib, billəm
o dağlar,
Yad ayaq altında
qalmaqdan bezib.
Dəlidağ dumana bürünüb, bəlkə,
Dərin xəyallara dalmaqdan
bezib.
Elə pərişandır, elə
qəmlidir,
Doğma el səsinə qalıb
tamarzı.
Düz iyirmi ildir nalə
yağdırır,
Qəm üstə köhlənir
Şəmşirin sazı.
Qəzənfər müəllim 20 ildən
çoxdur ki, qəlbimdə od
qalamışam. İçin-için
odlanmışam,qovrulmuşam
Kəlbəcərdən ötəri.
Çoxlarımız külə döndü
bu 20 ildə. Şamil Əsgərov, Sücaət, Bəhmən
Vətənoğlu, Allahverdi
Qəmkeş, Dəmirçi
Abbas, neçə-neçə
el şairlərimizz Kəlbəcər
deyə-deyə dünyasını
dəyişdi. Kəlbəcərin dərdi ilə baş-başa qalıb ürək naləsini, qəlb fəryadını
kağızlara köçürən
qələm adamları
şeirlər, poemalar
yazdılar.
Əziz Qəzənfər müəllim,
dədə-baba torpaqlarımıza
sahib çıxmağın vaxtı çoxdan çatıb. Biz mütləq
Qarabağın, Kəlbəcərin
harayına, səsinə
səs verib qayıdacağıq. Biz qayıdanda neçə-neçə
ağsaqqalarımızın, ağbirçəklərimizin, el sənətkarlarımızın ruhları sevinəcək.
Ənvər Rzanın “Nə
yaxşı görüşdük,
nə yaxşı yenə” misrasını bir-birimizə ürəkdən
deyəcəyik və
onun narahat ruhu rahatlıq tapacaq.
Əziz Qəzənfər müəllim,
75 illik yubileyiniz münasibətilə səmimi
qəlbdən təbrik
edirəm, Sizə cansağlığı arzulayıram,
yeni-yeni yaradıcılıq
uğurları diləyirəm. Bu təbrikə
yaxından və uzaqdan sizi tanıyan
qələm dostlarımız
– Çingiz Hüseynov,
Əbdül Hüseynov,
Tofiq Məlikli, Ramiz Abutalıbov, Cəfər Sadıq, Alla Axundova, İlham Bədəlbəyli,
Nikolay Qoroxov da qoşulurlar.
Kəlbəcərdə görüşmək ümidiylə,
Nəsib
NƏBİOĞLU
Azərbaycan Yazıçılar Birliyinin Moskva bölməsinin katibi
Moskva, noyabr 2012-ci il
525-ci qəzet.-
2012.- 6 dekabr.- S.7.