İlham Namiq Kamal olduğu kimi
Respublikamızın Xalq artisti, tanınmış teatr və
kino aktyoru İlham Namiq Kamalın Musiqili Komediya
Teatrının səhnəsində yaratdığı iki
tamaşada iki müxtəlif səpkili obrazı seyr etdim.
Haşiyə çıxıb qeyd etməliyəm ki,
görkəmli sənətkar həmişə mükəmməl
işləri ilə tamaşaçılarını heyran edə
bilir. Bu onun canında və qanındadır.
Birinci
tamaşa dahi Üzeyir Hacıbəylinin “Ər və arvad”,
ikinci tamaşa isə Emin Sabitoğlu ilə Cahangir Məmmədovun “www Fərzəli kef.kom” adlanır.
Dediyimiz kimi, hər iki tamaşada İlham Namiq
Kamal baş rolları ifa edir. İfa edir
yox, yaradır desək daha düz olar.
Deməliyik ki, Üzeyir Hacıbəylinin “Ər və
arvad” komediyasının liberettosu uzun illər idi ki, itmiş
hesab olunurdu.
Nə yaxşı ki, Ü.Hacıbəyli adına
ev muzeyinin direktoru istedadlı bəstəkar Sərdar Fərəcov
bu liberettonu tapıb, müasir dövrə uyğun redaktə
edərək, müasirlərinə hədiyyə edib.
Dediyimiz
kimi, hər iki tamaşada İlham Namiq Kamal mükəmməl obraz təqdim edir.
Ölməz
Üzeyir Hacıbəylinin “Ər və arvad” komediyası digər
əsərləri ilə birlikdə Musiqili Komediya Teatrının
repertuarını bəzəməlidir. Nə yaxşı ki,
istedadlı bəstəkar, Üzeyir Hacıbəylinin yorulmaz
tədqiqatçısı Sərdar Fərəcov bu çətin,
lakin şərəfli
işi öz üzərinə götürür. Nəticədə Üzeyir bəyin vaxtı
ilə tamaşaya qoyulmuş daha bir əsəri Musiqili Komediya
Teatrının repertuarına qayıdıb,
tamaşaçıların ixtiyarına verildi.
Əsərin adını müəllif “Ər və
arvad” adlandırıb. Əsər vodevil janrında yazılmış vəziyyət
komediyasıdır. Əsər məzmun etibarı ilə
ağılsız ərlə ağıllı arvad haqqında hekayətdir.
Əsərin sonunda isə, məlumdur ki,
ağıllı arvad ağılsız əri ifşa edib, bir
qədər yumoristik, bir qədər də satirik gülüş hədəfinə
çevirəcək.
İndi isə dahi Üzeyir bəyin liberettosu əsasında
hazırlanmış tamaşada İlham Namiq Kamalın yaratdığı
Mərcan bəy obrazının
araşdırılmasını aparaq.
Deməliyik ki, əsərin quruluşu teartın baş
rejissoru Yusif Əkbərova məxsusdur. Əsərə görə Mərcan
bəy əhlikef, lakin ziyalı bir bəydir. O, həyatının
mənasını kef məclislərində, qumarxanalarda
keçirməkdə görür. Deməli, obrazın xarici
görüntü cizgiləri ilə daxili dünyası
paradoks təşkil etməlidir.
Mərcan bəy tamaşaçıların
qarşısına çıxır, o nökərlərin
üstünə çığırır, kimisə
söyür, kiməsə təpik vurur.
Mərcan bəy – İlham Namiq Kamalın təqdimatında
gözəl, qəddi qamətli, hələ gənclik təravətini
itirməmiş, yüksək zövqlə geyinmiş bir bəydir. İlkin səhnədən
başlayaraq. Mərcan bəy öz həyatında, öz
arvadı Minnət xanımdan narazıdır. O, həyatını
dəyişmək, rahat və asudə yaşamaq, yenidən
ailə qurmaq arzusundadır. Lakin bütün bunlara çox
böyük maneçilik var. Birinci maneə onun arvadı,
ikincisi isə arvadı boşayacağı təqdirdə ona
verəcəyi beş min manat başlıq
parasıdır. Mərcan bəy – İlham Namiq
Kamal düşünməli, vəziyyətdən
çıxış yolu tapmalıdır.
İlham
Namiq Kamal həm “yaşama” həm də “göstərmə” məktəblərinin prinsiplərindən
istifadə edərək təqdim etdiyi personajın dəqiq
xarici təsvirini yaradaraq, hadisələrin inkişafı
boyunca daxilin təsvirinə keçir. Hadisələr
inkişaf etməkdə, Mərcan bəy vəziyyətdən
çıxış yolu axtarmaqdadır. Onun
hərəkətlərində tələskənlik var,
özünə yer tapa bilmir, üzündə
çaşqınlıq cizgiləri və gözlərində
qorxu görürük. Dramatik hadisələr
özünün surətli inkişafındadır. Elə bu ərəfədə Kəblə Qubad meydana
çıxır. Mərcan
bəy gözləri parıldayır.,
axtardığını tapmış insan kimi
üzünü sevinc bürüyür. Kəblə
Qubadla danışıqlar aparılmalıdır. Mərcan
bəy Kəblə Qubadla gizli söhbət aparmağa yer axtarır. Nökərləri qovur və yer axtara-axtara Kəblə
Qubadı da arxasınca sürüyür. Nökərlər
və qulluqçular isə Minnət xanımın
tapşırığı ilə onu güdürlər,
axır ki Mərcan bəy axtardığını tapır və
Kəblə Qubada qəlbini açır. Artıq
Mərcan bəy şəndir, kefi kökdür. O,
özünə lazım olan adamı tapıb. Bu
sevinc aktyorun xarici təsvirində, üz cizgilərində,
gözlərində və hərəkət toplusundadır. Aktyor xarici və
daxili təsəvvürlərin vəhdətində və
obraz bütövlüyünə malik olur, Mərcan bəy
obrazı rəngarəng çalarlarda, hadisələrin
gözlənilməz məqamlarında dəqiqliklə təsvir
edir. Ağılsız ər Mərcan bəy
öz planlarını həyata keçirəcəyi zaman,
ağıllı arvad –Minnət xanım da özünün əks
planlarını həyata keçirir və təbii ki ərini
aldadır. Mərcan bəy isə,
bütün bunlardan xəbərsizdir. Hadisələr
inkişaf edir, Kəblə Qubadla
razılaşan Mərcan bəy gözlənilmədən
onu sevən qızdan məktub alır. Əsrlər
boyu müxtəlif əsərlərdə özünü
büruzə verən “klassik fənd” bu əsərdə də öz
lazımi nəticəsini verir.
Mərcan bəy olan- qalan ağlını da itirir. Artıq bizim
gözümüz önündə görmədiyi sevgilisi
üçün başını itirmiş aşiq obrazı
canlanır. Xarici təsvirlə daxili təsvir
üst-üstə düşür. Artıq bu andan başlayaraq tamaşanın
bütün ideya yükü Mərcan bəy və
Minnət xanım tərəfindən növbəli şəkildə
aparılır.
Mərcan bəyin ağlına belə gəlmir ki, bütün bunlar onun boşanmaq istədiyi arvadı Minnət xanımın fırıldağıdır. Hadisələr inkişaf etməkdə, tələnin ipləri sürətlə yığılmaqdadır. Mərcan bəy öz sevincli günlərini yaşamaqdadır. Bütün bunlar aktyorun təqdim etdiyi obrazın təsvirində aydın sezilir. Hadisələr inkişaf etməkdədir. Artıq Mərcan bəy sevgilisi ilə görüşə hazırlaşır. Görüş baş tutur və gözünüz qarşısında, əl-ayağı əsən, ağzı söz tutmayan aşıq sevgili canlanır. Aktyor təsvir etdiyi obrazı dramatik mətnə uyğun dəqiqliklə təqdim edir. İfada ən xırda yalnışlığa belə yol verilmir. İfa rəngarəngliyinə, mükəmməlliyinə görə göz oxşayır. İlham Namiq Kamal ifasında hərəkətin forması və strukturası, dramatik mahiyyəti tam aydınlıqda sezilir. İstedadlı aktyor özünün yaradıcılıq prosesində obrazın tamlığına və mükəmməlliyinə nail ola bilir. Tamaşanın ümumi ansamblında çıxış edən aktyorun personajı bəzən mükəmməlliyi ilə əsərin ideya yükünü aparmalı olur. Obraz dediyimiz kimi həm “yaşama” həm də “göstərmə” prinsiplərinin vəhdətində təqdim edilir. Bizə elə gəlir ki, aktyor obrazın təqdimi və təsviri üçün tapdığı bu prinsip daha doğru hesab olunmalıdır. Xarici təsvir tək üz, gözlər və kostyum yox, həm də hərəkətlər toplusudur. İfada bütün bünlar vəhdətdə təqdim olunur. İlham Namiq Kamalın ifasında nümayiş etdirdiyi hərəkət toplusunun oyatdığı gülüş mənəviyyatında olan natamamlığı inkar etməklə, həm də insan gözəlliyini və mənəvi tamlığı təsdiq edilir. A.P.Çexov deyirdi ki, səhnədə hərəkət daxilən başlayan, daxilən fəaliyyətdə olan hərəkət kimi başa düşülməlidir. Hadisələr davam etməkdə, öz pik nöqtəsinə yaxınlaşmaqdadır.
Artıq toydur, Mərcan bəy toy qiyafəsindədir. Ağ kostyumdadır. Sevinc içindədir, üzündə, gözlərində şadlıq var. Hamı o cümlədən Mərcan bəy səbizrsizliklə təzə gəlini gözləyir. Gözlənilən an gəlib çıxır. Gəlin gələndə ancaq yenə üzünü açmır. Mərcan bəyin səbri –qərarı qalmır.
Yenə dəqiq ifa düzgün hərəkət toplusu tamlığı ilə diqqəti cəlb edir. İfada hadisələrin dinamika və dramatizminin, məna və məntiqini, o cümlədən lakonik və dəqiq hərəkət formasından məharətlə istifadə edir. Hadisələr özünün pik nöqtəsinə yaxınlaşmaqdadır. Axır ki, gəlin Minnət xanım üzünü açır. Mərcan bəy hərəkətin mahiyyətinin ifasına çalışır. O, özünü itirib, özünə və hərəkətlərinə nəzarət edə bilmir. Artıq Mərcan bəy az qala bayılmaq təhlükəsindədir. Ay aman, onun ağılsız bildiyi xanım onun özünü gülünc vəziyyətdə qoydu. Artıq hamı, həm toy adamları, həm də nökərləri onun gülünc vəziyyətinə gülürlər. Yenə ifa dəqiqliyi və mükəmməlliyi ilə göz oxşayır. Bu hal hələ bir qədər də davam edə bilərdi, lakin gözlənilmədən Kəblə Qubadın arvadının gəlişi ilə hadisələr məcrasını dəyişir. İlham Namiq Kamal həm bu, həm də sonrakı hadisələrin mahiyyətini təqdim edib, obraz mükəmməlliyi ilə tamaşaçını valeh edir. Onun ifası rəngarəng çalarları maraqla izlənilir.
Tamaşa sona çatır və İlham Namiq Kamalın çox böyük sənətkarlıqla yaratdığı Mərcan bəy obrazı tamaşaçıların yaddaşına həkk olunur.
İlham Namiq Kamalın yaratdığı ikinci obraz Emin Sabitoğlu və Cahangir Məmmədovun “www Fərzəli kef.com” musiqili komediyasındakı Fərzəli surətidir. Maraqlıdır ki, hər iki pyes daha çox vəziyyət komediyası hesab olunmalıdır. Hər iki tamaşada əsas obrazların ifaçısı İlham Namiq Kamaldır. Hər iki tamaşanın ideya yükünü daşımaq onun üzərinə düşür. Fərzəli adlı bir şəxs ömür boyu kənddə yaşayıb, günlərini ömrünü keflə, yeyib- içməklə keçirir. Onun yanına gələn qohumları, özlərinə pradakşın açmaq istəyirlər. Onlar bu məqsədlə həmişə kef çəkmək istəyən Fərzəlini xaric adıyla, heç vaxt olmadığı Bakıya gətirirlər. Bu əsərdə də Fərzəlini müflis olmaqdan qurtaran onun ağıllı arvadı Bağdagüldür. Fərzəli qohumlarını ətrafına toplayıb, onlara yemək-içmək məclisləri verir. Qırmızı köynək, üstdən geydiyi jilet və sərbəst hərəkətlər toplusu gözünüz qarşısında adi bir insanın cılızlığını əks etdirir. Fərzəli sadəcə olaraq, başqa bir həyat tərzi tanımır. Kənd evi, böyük bir yemək-içmək masası və qohumlar. Fərzəli qohumları ilə mehribanlıqla danışır, onların sağlığına badələr qaldırır. O, sevinir, şadlanır, sevincinin həddi-hüdudu yoxdur. Xarici portret cizgilər məhz belə olmalı və tədricən daxili portret cizgiləri ilə tamamlanmalıdır. Üzün cizgiləri, gözlərdəki sevinc parıltıları dəqiqliklə təsvir edilir. Hiss olunur ki, Fərzəli kimi insanlar həm sevinclərində, həm də kədərlərində səmimi olurlar. Fərzəli səmimi olduğu üçün qohumları onu asanlıqla aldadırlar. Fərzəli sidq-ürəkdən qəlbindəki arzusunu qohumlarına deyir. Yemək-içmək masası arxasında danışan Fərzəli olduqca səmimidir. Hərəkətlər toplusu, o cümlədən duruşu, üzünün, gözlərinin ifadəsi dəqiqliklə işlənilmişdir. Aktyor ifada ən xırda detallara belə diqqətlə yanaşmış, nəticədə obraz bütövlüyünə nail olmuşdur. Fərzəli ayaq üstgə dayanıb, əllərini ölçə-ölçə arzularını bildirir. Portret cizgiləri ilə səs tembiri üst-üstə düşür. O, danışır arzularını dilə gətirir, qohumları ona söz verir, arvadı Bağdagül- isə bütün bu hadisəni izləyərək, öz planlarını düşünür. Fərzəli bütün bunlardan xəbərsizdir. Axır ki, qohumlar Fərzəlinin sadəlövlüyündən istifadə edərək, guya xaricə, əslində isə Bakıya gətirməyə nail olurlar.
Qırmızı köynək, jilet, yəni xarici görüntü dəyişilməlidir. Elə də olur. Artıq bizim gözümüz önündə tam yeni bir Fərzəli canlanmalıdır. Qohumlar bunu da düşünüblər. 5 ulduzlu otel və Fərzəli gözümüz önündədir. Qızılı sarıya çalan pijama, razılıq ifadə edən hərəkətlər toplusu, üzdə, gözlərdə olan rahatlıq diqqətdən qaçmır. Xarici və daxili portret cizgiləri üst-üstə düşərək vəhdət yaradır.İlham Namiq Kamal dramatik mətnə uyğun hərəkət edərək, hətta bəzi məqamlarda improvizdən də istifadə edir. Aktyor zəngin baqajından istifadə etməklə obrazın rəngarəngliyinə nail olur. Fərzəli həm kef alan aludəliyi, həm də sadəlövhlüyü onun başına çox oyunlar aça bilərdi. Nə yaxşı ki Fərzəlinin Bağdagül kimi tədbirli arvadı var.
Artıq əsərin hadisələr axını ilə klassik əsərin hadisələr axını üst-üstə düşür. Aktyor tam yeni bir obraz, yeni bir ifa tərzi nümayiş etdirir. Fərzəli vəziyyət komediyasının tələblərinə uyğun olaraq mükəmməl oyun nümayiş etdirir. Oteldə Fərzəli qulluq edirlər, istədiyini dərhal yerinə yetirirlər. Aktyor ifasında dəyişiklik hökm sürür. O, yuxusunda belə görmədiyi xaricdə arzusunda olduğu kefini çəkir. Lakin dramatik mətnə görə hadisələr başqa məcraya yönəldilir. Elə də olur otelə gözlənilmədən Fərzəlinin arvadı tədbirli Bağdagül gəlir. Komiklik vəziyyətin mahiyyətindədir. Dramatik və daha çox komik hadisələrin axın xətti davam etməkdədir. Fərzəli xaricdə yox, Bakıda olduğunu, yəni aldandığını, pulunun isə oğurlandığını bilir. Vəziyyət komiklikdən daha çox dramatikdir. Aktyor artıq janrın tələblərinə uyğun oyun nümayiş etdirir. Xarici portret rəsmin cizgiləri üçün üz, göz və səs tembrləri ilə tamamlanır. Gözlər və səs obrazın mahiyyətini bizə çatdırır. Aktyor bizə ifa zənginliyini nümayiş etdirir. Dramaturq komik hadisələr axını davam etdirməkdədir. Hər şey aydınlaşır, məlum olur ki, Fərzəliyə qohumları tələ qurublar. O, artıq hər nəyi varsa itirib. Bu vəziyyət aktyor tərəfindən çox böyük dəqiqliklə ifa olunur.
Yenidən kənd və onun öz evi, öz yemək-içmək masası, hamı və o cümlədən Fərzəli yuxudan ayılır. Nə yaxşı ki, olmuşlar yuxu ilə gerçəkliyin vəhdətidir.
Maraqlı tamaşadan və İlham Namiq Kamalın mükəmməl ifasından ayrılırıq. Biz bu iki ifadan ayrıldıqda hər iki obraz daimi olaraq bizim yaddaşımızda qalır.
Çünki istər klassik nümunə olan Mərcan bəy, istərsə də müasir Fərzəli daim bizim yanımızda daha doğrusu, daim bizim içimizdədir.
Buna görə isə biz yüksək istedad sahibi mükəmməl obrazlar yaradıcısı İlham Namiq Kamala minnətdarıq. Yazımızı sona çatdırıb İlham Namiq Kamalı olduğu kimi göstərməyə çalışdıq.
Buna nə dərəcədə nail olduğumuzu isə, oxucular və tamaşaçılar bilər.
Çingiz Ələsgərli
Teatrşünas
525-ci qəzet.-
2012.- 11 dekabr.- S.8.