Azəristan ölkəsi  

Vintsas Kreve – 130

 

 

Vintsas Kreve-Mitskəviçyus (1882-1954) XX əsrin birinci yarısı Litva ədəbiyyatının ən məşhur klassik yazıçılarındandır, eyni zamanda görkəmli alim və ictimai-mədəni xadim olaraq tanınmışdır. Litva Elmlər Akademiyasının ilk prezidenti olmuşdur.

Vintsas Kreve 1882-ci ilin oktyabrın 19-da Litvanın indiki Varena rayonu Merkine senyuniyasının (senyuniya Litvada bələdiyyəyə aid olan inzabati ərazi bölümüdür: – tərcüməçi) Subartonis kəndində dünyaya gəlmişdir. Kreve onun ədəbi təxəllüsüdür, əsl familiyası isə Mitskəviçyusdur.

V. Kreve Litva-Azərbaycan çoxəsrlik ədəbi-mədəni əlaqələri tarixində və ictimai-siyasi münasibətləri salnaməsində müstəsna xidmətlər göstərmiş şəxsiyyətlərdəndir. Onun həyat və yaradıcılığının, elmi-pedaqoji, mədəni-maarif və ictimai-siyasi fəaliyyətinin on bir ilə yaxın dövrü sıx şəkildə Azərbaycanla bağlı olmuşdur.

Litvalı yazıçı 1908-ci ildə müqəddəs Vladimir adına Kiyev İmperator universitetini bitirdikdən sonra – 1909-1920-ci illərdə Bakı 1-ci realnı məktəbində rus dili və ədəbiyyatı müəllimi olaraq çalışmışdır. Bakıda gözəl pedaqoq kimi ad qazanmış V. Kreve azərbaycanlı şagirdlərinin mütərəqqi dünya görüşlərinin formalaşması, ədəbi-estetik və elmi-nəzəri baxışlarının rasional istiqamətdə inkişaf etməsi və beləliklə, yüksək səviyyəli Azərbaycan ziyalılar dəstəsinin yetişdirilməsi işinə mühüm töhfələr vermişdir. Onun yetişdirmələri sırasında sonralar Azərbaycanda yazıçı, jurnalist, həkim, iqtisadçı, pedaqoq və ictimai-mədəni xadimlər kimi tanınmış Tağı Şahbazi Simurğ, Ruhulla Axundov, Abdulla Şıxlinski, Abdulla Şahbazov, Həbib Talışinski, Qulaməli Həsənov, Hadı Əliyev, Səməndər Axundov və bir sıra digər şəxslər olmuşlar. V. Kreve realnı məktəbində o vaxt onunla birgə müəllim işləmiş klassik yazıçı Abdulla Şaiqlə (1881-1959) yaxın dostluq və yaradıcılıq əlaqələri saxlamışdır. A. Şaiq 1957-ci ildə V. Kreve haqqında yazdığı xatirələrində minnətdarlıqla qeyd etmişdir ki, Litva yazıçısı onun “...ədəbi görüş dairəsinin genişləndirilməsində və dünya ədəbiyyatı xəzinəsini öyrənməkdə böyük əmək sərf etmiş və çox mühüm rol oynamışdır”.

V. Kreve 1917-1918-ci illərdə Bakı şəhər Dumasının deputatı olaraq fəaliyyət göstərmişdir. O, 1918-1920-ci illərdə müstəqil Litva-Azərbaycan dövlətlərarası münasibətləri təməlinin qoyulmasında və bu ölkələrin beynəlxalq aləmdə de facto tanınmasında bir sıra faydalı işlər görmüşdür. V. Kreve 1919-1920-ci illərdə Litva dövlətinin Azərbaycan Xalq Cümhuriyyətindəki konsulu vəzifəsində çalışmışdır.   V. Kreve həmin illərdə Bakıda Vikentiy İosifoviç Mitskeviç kimi tanınmışdı.

V. Krevenin həyat və fəaliyyətinin Bakı dövrü bir yazıçı və dramaturq kimi onun yaradıcılığında ən məhsuldar və qiymətli illər hesab olunur. Belə ki, o, Litva ədəbiyyatının “qızıl fonduna” daxil olmuş bir sıra məşhur əsərlərini – “Şarunas” dramını, “Skirgayla” və “Kürəkən” pyeslərini, “Daynava diyarı qocalarının rəvayətləri”ni və “Küləşlə örtülmüş dam altında” adlı hekayələr toplusunu, “Səma və Yer oğlu” roman epopeyasının böyük hissəsini və digər klassik nəsr əsərlərini məhz Bakıda yaratmışdır.

Şərq fəlsəfəsi, eləcə də Azərbaycan ədəbiyyatı və mədəniyyəti, Bakının ictimai-siyasi mühiti və o dövrdə burada baş vermiş coşqun hadisələr V. Krevenin ədəbi, elmi və publisistik yaradıcılığına güclü təsir göstərmişdir. Xüsusilə qeyd etmək lazımdır ki, V. Krevenin Bakıda Şərq mövzusunda yaratdığı əsərlər onun ədəbi irsində müstəsna bir yer tutur və nüfuzlu kreveşünas alimlərin fikrincə sənətkarın bütün yaradıcılığının ideya-fəlsəfi açarı hesab olunur. Bunu litvalı yazarın Azərbaycan mövzusunda yaratdığı əsərlər (“Azəristan ölkəsi”, “Qartal haqqında nəğmə”, “Çarpışan qüvvələr”, “Bolşeviklər” və b.) barədə də demək mümkündür. Həmin əsərlər Litva ədəbiyyatına əvəzsiz bədii incilər, bənzərsiz surətlər, yeni məzmunlu bədii təsvir və ifadə vasitələri, əsrarəngsiz təşbeh və metaforalar sistemi, lirik-fəlsəfi duyğular dünyası və xüsusi bir Şərq zənginliyi gətirmişdir.

   V. Krevenin Şərq mövzusunda yaratdığı əsərlərin bir qismi onun məşhur “Şərq hekayətləri” adlı kitabında toplanmışdır. Bu kitaba Baltik xalqları ədəbiyyatı tarixində ilk dəfə olaraq İslam, buddizm, zərdüşt və yəhudi dinləri mövzusunda yazılmış 5 dini-fəlsəfi əsər – “Pratyekabudda”, “Kralın ən yaxşı şərabını saxladığı qab”, “Azəristan ölkəsi”, “Çarpışan qüvvələr” və “Qadın” adlı hekayətlər daxildir.

“Azəristan ölkəsi” hekayəti V. Krevenin Azərbaycan tarixi və milli-mənəvi dəyərləri, adət-ənənələri və dini ayinləri, məişəti və təbiəti mövzusunda yaratdığı mühüm əsərlərdən biridir. Əsərdə digər ümumiləşdirmələrlə yanaşı, XIX əsrdə Qafqazda aparılmış məcburi miqrasiya prosesləri, ermənilərin Azərbaycana köçürülməsi, tarix boyu onların yerli əhalini doğma yurdundan necə sıxışdırıb çıxartmaları, erməni köçkünləri tərəfindən yerli xalqın var-dövlətinin hansı hiyləgərliklərlə ələ keçirilməsilə bağlı inandırıcı bədii boyalarla işlənmiş səhnələr də yer almışdır. Həmin səhnələr rəvayət janrında yaradılmasına baxmayaraq, zənnimizcə, onlar real hadisələrin bədii inikası olaraq bir sıra Rusiya müəlliflərinin (A.Qriboyedov, S.Qlinka,  V.Mayevski, A.Frenkel, V.Veliçko, N.Şavrov, İ. K. Kanadpev və b.) XIX əsrdə və XX əsrin əvvəllərində çapdan çıxmış və Qarabağın tarixinə bu və ya başqa şəkildə aidiyyəti olan əsərləri ilə müəyyən mövzu yaxınlığı təşkil edir.

Tədqiqatçıların fikrincə “Azəristan ölkəsi” hekayəti Azərbaycanda 1920-ci il aprel çevrilişindən sonra yazılmış əsərdir. Hekayətin əlyazmasının fraqmentləri Vilnüsdə Litva Ədəbiyyatı və Folkloru İnstitutu kitabxanasının fondunda saxlanılır. “Azəristan ölkəsi” əsəri ilk dəfə 1921-ci ildə Kaunasda Litva Maarif Nazirliyinin nəşri olaraq buraxılan “Skaitymai” (“Bədii qiraət”) adlı aylıq ədəbi jurnalın 3-cü sayında dərc edilmişdir, daha sonra isə V. Krevenin əsərlərinin 1921-1930-cu illərdə Kaunasda çapdan çıxmış külliyatının 10-cu cildində (1930-cu ildə) nəşr olunmuşdur.

“Azəristan ölkəsi” hekayəti 1940-cı ildən etibarən V.Krevenin bir neçə başqa romanları, povest və siyasi oçerkləri ilə bərabər (“Dumanda” romanı, “Tovlama” povesti, “Qadın”, “Çarpışan qüvvələr” adlı hekayətlər, “Bolşeviklər” siyasi oçerki və s.) Sovet Litvasında qadağan olunmuş əsərlər siyahısına salınmışdı.

1944-cü ilin yayında Qırmızı Ordu Kaunasa yaxınlaşarkən V. Kreve ailəsi ilə birgə Qərbə mühacirət etməyə məcbur olmuşdur. 1947-ci ildə isə Amerika Birləşmiş Ştatlarına köçmüş və ömrünün sonuna qədər buradakı Pensilvaniya universitetində professor olaraq slavyan dilləri və dünya ədəbiyyatı kursu üzrə mühazirələr oxumuşdur. V. Kreve 1954-cü ilin iyulun 7-də ABŞ-ın Pensilvaniya ştatının Sprinqfild (Filadelfiya yaxınlığında) şəhərində vəfat etmiş və orada dəfn olunmuşdu. 1992-ci ilin oktyabr ayında isə V. Krevenin və onun bakılı həyat yoldaşı Rebeka Karak-Mitskəviçienenin cənazələri Amerikadan müstəqil Litvaya gətirildi və yazıçının vəsiyyətinə uyğun olaraq anadan olduğu yerdə – Subartonis kəndinin qəbristanlığında doğma torpağa tapşırıldı.

“Azəristan ölkəsi” sovetlər dönəmində yalnız xaricdə – V. Krevenin 1954-cü ildə Çikaqoda “Terra” nəşriyyatında çapdan çıxmış “Şərq hekayətləri” kitabında, daha sonra isə yazıçının 1956-1961-ci illərdə Bostonda “Ümumdünya Litva ensiklopediyası” nəşriyyatı tərəfindən litvaca buraxılmış əsərlərinin 5-ci cildində təkrarən işıq üzü görmüşdür.

11 mart 1990-cı ildə Litvada dövlət müstəqilliyinin bərpa edilməsindən sonra “Şərq hekayətləri” kitabı (o cümlədən “Azəristan ölkəsi” əsəri) ilk dəfə olaraq 2008-ci ildə Vilnüsdə “Petro ofsetas” nəşriyyat-poliqrafiya şirkəti tərəfindən çap edilmişdir.

2012-ci ildə V. Krevenin anadan olmasının 130 illik yubileyi münasibətilə Litvada bir sıra tədbirlər təşkil olunur. Həmin tədbirlər çərçivəsində Litva azərbaycanlıları cəmiyyətinin təşəbbüsü ilə bu ilin oktyabr ayında Litva Respublikası Seyminin Konstitusiya zalında “Vilnüs-Bakı: mədəniyyət körpüləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilmişdir.

V. Krevenin “Azəristan ölkəsi” hekayətini biz bir neçə il bundan qabaq tərcümə edib Bakıda çap etdirmişdik. Bununla bağlı qeyd etmək istərdik ki, əsər indiyədək Azərbaycan dilindən savayı başqa dillərə tərcümə edilərək işıq üzü görməmişdir. Bu il Azərbaycanın böyük və səmimi dostu V. Krevenin yubiley tədbirləri işığında “Azəristan ölkəsi” hekayətinin azərbaycancaya tərcüməsi üzərində yenidən işlədik. Əsərin tərcüməsinin redaktə olunmuş və dəqiqləşdirilmiş yeni variantını oxuculara təqdim edirik.

 

 

AZƏRİSTAN ÖLKƏSİ

 Vintsas KREVE-MİTSKƏVİÇYUS

 

 

And olsun atamın qəbrinə və anamın canı haqqı ki, indi eşidəcəyin bu hekayəti Allaha inanan əsl müsəlmanın ağzından bir gavur qulağı hələ indiyədək eşitməyib. İndi sənə deyəcəklərim həqiqətən olmuş hekayətdir. Bilirsən, keçmiş zamanlar bizim üçün yaxşı zamanlar idi. Onda ölkəmizin nə dağları və vadiləri, nə də düzənləri gavur ayağının nə olduğunu bilmirdi, o vaxtlar hələ heç kəs urusun kim olduğunu tanımırdı. Kefi hər vaxt yüz vuran, həmişə sərxoş gəzən əhlikef gürcü o zamanlar burada yaşamırdı, erməni hələ torpağımızı murdarlamamışdı, torpağın verdiyi nemətlərdən isə yalnız Allaha inanan və Məhəmməd peyğəmbərin Tanrıdan qorxan əsl dindar bəndələri istifadə edirdilər. Onda məhsul da bol idi, özü də daha tez yetişirdi, çünki günəş daha şəffaf və daha parlaq şölə saçırdı, torpaqsa daha münbit və insanlar üçün səxavətli idi.

“La ilahə illəllah, əşhədü ənnə Məhəmmədən rəsulallah!” Qoy hər ikisinə həmid və şükürlər olsun, pənahı və mərhəməti əsrlər boyu yaşasın, onların adına hörmət etməyən hər kəs isə yox olsun.

İndi burada, özlərini Allaha inanan əsl müsəlman sayanlar da daxil olmaqla, yaramaz adamlar yaşayırlar. Vicdanları yox və abır-həyanı da unudublar; daha nə Allahdan qorxur, nə də Onun müqəddəs adına hörmət edirlər.

Amma qədim zamanlarda Azəristan ölkəsinin insanlari belə deyildilər. Abid idilər və müqəddəs Quranın bütün tələblərini yerinə yetirirdilər, Allah da onlara səxavətli əlini uzadırdı, hər cür nemət verir və bol-bol bərəkət göndərirdi. Allah əlinin mərhəməti, sanki susamış torpağı oyadan həyat yağışı kimi hər kimin üzərinə düşürdüsə, onun bütün işlərdə bəxti gətirirdi, hər niyyətinə çatır və nə arzulayırdısa ona da nail olurdu.

Onda Azəristan düzənlərində çovdar və arpa zəmiləri dəniz suları tək dalğalanır, sarı budaqlı, qızıl saçaqlı buğda sünbülləri günəşin şəfəqlərində parıldayıb çalxalanır, dağ ətəklərində dolmuş qarğıdalı qıçaları xışıldayır, yamaclarda yetişmiş ağsaçlı darı əkinləri pıçıldayır, xırmanlarda düyü təpələri göz oxşayıb ürək sevindirir, bağlarda ağaclar barın ağırlığından yerə əyilirdi; insanlar közyanaq almanın, sap-sarı və uzunboğaz armudun, susuzluq atəşini söndürən şaftalının nə sayını və qədərini bilir, nə də ki, o barlı-məhsullu bağları hasarlayıb insanlardan ayırmaq barədə düşünürdülər. Onda, bağı olmayanlar özgə bağına girərdilər və Allahın icazəsiylə meyvələrdən doyunca yeyərdilər.

O vaxtlar üzüm salxımları da indiki kimi belə balaca deyildi. Yaqut rəngli bardağa oxşayan iri salxımlar dirəklərdən, şaxlardan və talvarlardan ağır-ağır sallanardı, yerə yaxın bitən və torpağa toxunan salxımlar isə nə xarab olardı, nə də ki, çürüyərdü.

O vaxtlar burada hamı şad və xoşbəxt həyat sürürdü, heç kəs kin-küdurət və qəzəb-qərəzin nə olduğunu bilməzdi. Allaha inanan əsl müsəlmanlar bır-biri ilə qardaş kimi davranırdılar, hörmət və izzətlə, ülfətlə yaşayardılar, ona görə də onların güzəranı getdikcə yaxşılaşır, rifahı və sərvətləri günbəgün artırdı. Heç nəyi olmayan yoxsullar varlanır, varlılar isə daha da var-dövlətli olurdular.

Onda torpaq da insan əməyini az tələb edirdi, adamlar işləməkdən yox, istidən və bürküdən tərləyirdilər. Çünki torpaq insanların yaxşı güzəranı üçün və Allahın şərəfi naminə özü məhsul cücərdir, günəş məhsulu yetişdirir, buludlar isə məhsul solub qurumasın deyə onu sulayırdı. Onda bağlar burada ildə üç dəfə çiçək açırdı, üç dəfə bar gətirirdi; insanlar ildə üç dəfə dənli bitkilər əkirdilər və üç dəfə taxıl biçib anbarlara doldururdular.

Bunu, Allah belə istəyirdi. Onun müqəddəs hökmü və buyruğu yer üzündə xəlq olunaraq dünyaya göz açan və böyüyüb boy atan hər nə varsa, – istər ölkə, istər insan, istərsə də quş olsun – onların hamısının alnına həkk olunur və taleyini təyin edir. Qoy, Allahın müqəddəs adına əbədi alqış, hörmət və izzət olsun, Onun hörmətini saxlamayan və Məhəmməd peyğəmbərin adını dilinə gətirməkdən qorxan hər kəs isə qoy məhv olsun.

Onda, Azəristan indiki kimi əzab-əziyyət ölkəsi deyildi, xoşbəxtlik diyarı idi, çaylarında su yerinə bal-süd axırdı. O vaxtlar burada nə iztirab çəkənlər, nə də baş əyərək bel bükənlər var idi, azar-bezar insanlardan yan keçərdi, bəlalar ölkəyə toxunmazdı, çunki ölkədə xudapərvər, doğrudan da Allaha inanaraq ibadət edən insanlar yaşayırdılar.

Onda, Azəristan ölkəsində nə erməni, nə urus, nə də ki, digər bir nanəcib və kafir varlıq yox idi, onlar burada Allahın gözlərinə görünüb onu qəzəbləndirmirdi, üz-gözundən kin yağan acıqlı kafir səsi burada səslənmirdi və əbədi Varlığın qulağına çataraq Onu əsəbləşdirmirdi.

Hər kəs ki, burada doğulurdu və böyüyürdü, ağrının və xəstəliyin nə olduğunu bilmirdi, sağlam və rahat yaşayırdı. Həyatının son günləri yaxınlaşanda isə dünyaya təzə göz açanlara yer olsun deyə, zərrəcə qorxu duymadan əbədi yuxuya gedirdi, bu yolla dünyada öz yerini boşaldaraq rahatca əbədiyyət dünyasına köçürdü; çunki bilirdi ki, onun əbədi ruhu Ədəm bağlarının qapısına uçacaq, qapıdan içərdəsə onu doğrudan da Allaha ibadət edən hər kəs üçün çox-çox əsrlər bundan əvvəl hazırlanmış şən cənnət həyatı, – hətta, Tanrının yer üzündəki kölgəsi sayılan, hamının ehtiram etdiyi möhtərəm İstanbul xəlifəsinin bu dünyada görmədiyi bol və məsud ruzgar gözləyir. O cənnət şənsliyi, Allaha inanıb dualar edən, hər gün üzünü qibləyə tutaraq səhər, günorta və axşam namazını qılan və bu zaman “La ilahə illəllah, Məhəmmədən rəsulallah!” deyən ağzıdualı hər bir müsəlman üçün Allahın elçisi Məhəmməd peyğəmbər tərəfindən buyurulubdur.

İllər beləcə sakit və rahat ötüb keçirdi, torpaq getdikcə daha çox məhsul verirdi, insanlar isə bol məhsulu daha hara yığacaqlarını bilmirdilər. Əvvəllər insanlar qayğısız ömür sürürdülərsə, indi əməklə məşğul olmadan və zəhmət çəkmədən yaşamağa başlamışdılar; daha hər il əkin əkərək məhsul yığmırdılar. Korluq çəkmədən uzun illər yaşamaq üçün bəs edəcək növbənöv azuqə yığdıqlarına görə insanlar işləmək istəmirdilər və tənbəlləşmişdilər.

İndi kafirlər Azəristana yad ölkələrdən qızıl, gümüş və digər qiymətli şeylər gətirməyə başlamışdılar, həmin şeyləri indiyədək burada heç kəs görməmişdi və nə olduğunu da bilmirdilər.

Bütun bunları – Azəristan ölkəsi insanlarının belə xoşbəxt həyatını – Allahın rəqibi olmağa çalışan və insanların düşməni olan kinli və qoluzorlu divlər də görürdülər. Görürdülər və uzun zaman fikirləşirdilər ki, hansı yolla insanların ürəyinə vəsvəsə salaraq yoldan çıxarsınlar ki, onlar daha Allahdan qorxmasınlar, vicdan əzabını unutsunlar və qardaşın qardaşı görməyə gözü olmasın.

Amma doğrudan da Allaha inanıb ibadət edən, hər gün səhər, günorta və axşam namazını qılan, müqəddəs Quranın bütün tələblərini yerinə yetirən iman sahiblərini şirnikdirib düzgün yoldan çıxarmaq heç də asan iş deyildi. Odur ki, divlər uzun zaman baş sındıraraq çox götür-qoy edirdilər, amma fikirləşib bir yol tapa bilmirdilər. Fəqət, bu məqamda Şeytan adlı bir varlıq peyda olur. Dünyada onun olmadığı yer qalmamışdı, çoxgörmüş və çoxbilmiş idi. Şeytan insanların qəlbinə vəsvəsə salaraq onları doğru yoldan azdırmaq və insanlıq simalarını dəyişmək fikrinə duşür.

Amma hər bir işin görulməsi üçün Allahın hökmü və buyruğu yoxdursa, onda nə bir insan, nə nurlu bir ruh, nə də ki, kinli bir div hər nə fikirləşib həyata keçirmək istəsə də, onu edə bilməz, ona heç çür qüdrəti çatmaz. Allahın qüdrəti yenilməzdir!

Ancaq Allah həm bağışlayan, həm də şiddətli cəza verəndir. Odur ki, Şeytanın Azəristan ölkəsinin insanlarına verdiyi olmazın əzab-əziyyətlərdən, çəkdirdiyi ağır məhkumiyyətlərdən və onun indiyədək burada davam edən kələkli əməllərindən görünür ki, bunu Allah belə buyurubdur, hökmü bu cür olubdur. Qoy Onun mərhəmətli adına əsrlər boyu pərəstiş olunsun!

Şeytan Azəristan ölkəsinə yad və uzaq bir ölkənin böyuk taciri sifətində gəlir, özu ilə cürbəcür parçalar, müxtəlif mebel, qızıldan, gümüşdən və başqa daş-qaşdan hazırlanmış çoxlu ev avadanlığı gətirir. Bütün bunlar o qədər gözəl və gözoxşayan idi ki, Azəristan ölkəsinin oğulları hələ bu vaxta qədər belə qəşəng mallar və maraqlı ev əşyaları görməmişdilər.

Maraqlanan insanlar bu cah-calala tamaşa etmək üçün kənd və şəhərlərdən axışıb tacir Şeytanın ziyarətinə gəldilər. Onlar burada gördukləri gözəllikdən vəcdə gəlir və belə əşyaları olmadıqları üçün paxıllıq hisslərini yaşamağa başlayırdılar.

Onda Şeytan üzünü yığılan camaata tutub belə deyir:

– Sizin ölkəniz xoşbəxtlik ölkəsidir. Hamınız indi xoşbəxt yaşayırsız, lakin, əgər istəsəniz daha da xoşbəxt ola bilərsiniz. Belə ki, çoxunuzun başqa ölkələrdə bitməyən, amma, sizin torpaqda yetişən məhsulu vardır. O ölkələrdə isə mənim sizə gətirdiyim yaraşıqlı və lazımlı şeylər vardır. Onları nə istehsal etməyi, nə də ki, işlətməyi siz bacarmırsınız. Amma, o şeylər həyatı gözəlləşdirən və yaşayış üçun lazım olan şeylərdir. Hər kəsin ki, o cür şeyləri olacaq və onlardan istifadə etməyi bacaracaq, o, firəvanlıq içində həyat sürəcək. O zaman hamı ona qibtə edəcəkdir və qibtə edə-edə ona daha ehtiramla yanaşacaqdır. O adam isə bu cür münasibəti görərək özünü daha xoşbəxt hiss edəcəkdir.

Tacir Şeytan belə dilxoşluqla və ağızdolusu danışdıqca, yığılanlar ona mehriban-mehriban qulaq asırdılar. Onların arasında özünü daha əxlaqlı sayan, əslində isə şəhvət və ehtiras düşkünü olan və ürəyi yamanlıq etməyə daha çox meyl edən əyyaşın birisi köks ötürərək dillənir:

– Düz danışırsan, sözlərində zərrə qədər də yalan yoxdur. Amma de görüm, dediyin şeylərin gözəlliyi bizi necə fərəhləndirə bilər? Axı, biz həmin şeyləri istehsal edə bilmirik, qadınlarımız da o cür parçaları toxumağı bacarmırlar!

Onda tacir Şeytan dedi:

– Hər kəsin nə qədər varıdır və nə qədər daşıya bilirsə, qoy, torpağının məhsulunu mənə gətirsin, əvəzində bu gözəl şeyləri alsın. Kim nə istəyirsə və nə qədər istəyirsə qoy seçsin, hər şeyi qiymətinə baxıb məhsula dəyişəcəyəm ki, arvadlarınız və uşaqlarınızla birgə gözəl geyinə biləsiniz və bundan sevinəsiniz. Kim mənə hamıdan çox məhsul gətirəcəksə, daha böyük miqdarda və daha gözəl şeylər alacaq, az gətirən isə az da alacaq.

Şeytan bu sözləri deyərək özü ilə gətirdiyi şeyləri tamaşa üçün gəlmiş camaata göstərdi. Şeytan şirin danışığı ilə yığılanların böyük bir qisminin qəlbinə girə bilmişdi. Camaat nə qədər məhsulu vardısa hamısını Şeytana daşıdılar, əvəzində isə onları məhv etmək üçün düşünülmüş, adamları ölüm girdabına sürükləyən, insanları fəlakətə yuvarlamaq məqsədilə bura gətirilmiş şeylər almağa başladılar.

Həmin adamlar yad ölkələrdə toxunmuş paltarları geyindilər, zinət əşyaları ilə bəzəndilər, parıldayan və işıltı verən hər nə vardısa əyinlərinin üstündən asıb eşiyə çıxdılar, küçələrdə və yolun kənarındakı səkilərlə, geniş xiyabanlarda və dolanbac cığırlarla lovğa-lovğa gəzib dolaşmağa və özlərini təkəbbürlə göstərməyə başladılar. Onlara baxan və həmin geyimlərin, bəzək-düzək şeylərinin çox yaraşıqlı olduğu barədə fikirləşən hər kəs isə paxıllıq çəkməyə başlayırdı.

Özgə ölkələrdən gətirilmiş mebel və ev avadanlığı alan insanlar görürdülər ki, bu əşyalar yalnız yaraşıqlı deyildir, eyni zamanda həm də münasibdir və rahatdır, onlar bundan sevinərək öyünməyə başlayırdılar. Kimin ki, belə şeyləri yox idi, paxıllıq edirdi və onları almaq ehtirasına düşürdü. Beləliklə, insanlarda onları yoldan çıxaran şirnikləşdirmə əmələ gəldi, başyaran tamah hissi doğuldu və onlar nəfslərinin qulu olmağa başladılar.

İndi hamı sabahkı gün barədə düsünmədən, nə qədər məhsulu vardısa, hamısını gətirib Şeytana verirdi. Kimin ki, məhsulu az idi, başqasının məhsulunu qamarlayırdı, qüvvətli qüvvətsizin malını zorla əlindən alırdı, zəif özündən zəifini incidirdi, lap gücsüzü isə xəlvətcə özgə məhsulunu oğurlayır və öz malı kimi gətirib Şeytana təhvil verirdi. Tamah, həsəd və şirnik insanlar arasında artıq dağıdıcı işini görürdü.

Azəristan ölkəsinin insanları məhz o zaman zorakılığın, təhqirin və ədalətsizliyin nə olduğunu bildilər, artıq onların çoxusu Allahın gözü görə-görə bir-birinə qarşı yamanlıq edir və ədavətli işlərlə məşğul olurdular.

Adamlar arasında səpdiyi mərdiməzarlıq toxumlarının cücərib boy atdığını görən Şeytan isə sevinirdi. Amma bu, onu hələ qane etmirdi və o, doğrudan da Allaha ibadət edən insanları getməli olduqları Tanrı yolundan tamam üz döndərdib daha pozğun yollara salmağı qərara aldı.

 

(Ardı var)

 

Mahir Həmzəyev

525-ci qəzet.- 2012.- 15 dekabr.- S.26-27.