Oralarda kimlər var:
İsrafil Məmmədov
ORALARDA
KİMLƏR VAR: İSRAFİL MƏMMƏDOV (1)
SƏHİFƏNİN
QONAĞI YAZAR AZƏR
ABDULLA
DAYIMIN ƏTRİ
Tarix elmləri
namizədi, tarixçi- yazar İsrafil Məmmədovun
1990-cı ildən sonra yazdığı kitablar
:
1. “İrəvan
dəftəri –2,
sətirlənmiş duyğuların qəribsəyən
sədası” 2004
2. “İrəvan
dəftəri –1, ictimai fikir tariximizin qəribsəyən
üfüqləri”
2007
3. “Ob
istorii, iskonnıy zemle i qorkoy sudbe azerbaydjantsev, izqnannıx iz
nıneşney respubliki Armeniya” 2009
4. “İrəvan
dəftəri –3,
teatr tariximizdən səhifələr” 2009
5.
“Rus-Türk müharibələrində ermənilərin
iştirakı” 2011
6. “Erməni
kilsəsi və Türk-Azərbaycan torpaqlarında
dolaşmaqda olan “böyük ermənistan” kabusu” 2011
İrəvanda
oxuyarkən üçillik tələbəlik həyatımın
iki ilini “Şiləçi” adlanan ərazidə (ermənilər
Şiləçinin türk sözü olduğundan xəbərsiz
idilər) dayımın kirələdiyi iki mərtəbəli erməni evinin ikinci qatının
bir gözündə, bir ilini isə dövlətdən
aldığı üç otaqlı mənzilində
qaldım. Ürəyincə olan bir cümləni yazanacan qəzetçi
və yazıçı dayımın ağ vərəqlərin
qarşısında saatlarla əsəbi və gərgin anlar
keçirdiyini, yazdığı neçə-neçə
cümləni xətləyib pozduğunu, çəkdiyi siqaret
kötükləri ilə külqabını doldurduğunu
görəndə yazıçılığın nə qədər
çətin, məşəqqətli bir sənət
olduğunu elə o vaxtlar anladım. Əslində
buna anlamaq da demək olmaz. Əgər gərəyincə
dərk eləsəydim, dayım işdən çox vaxt
yorğun-arğın gəlib dincəlmək
üçün çarpayısına uzananda yaşca ondan
böyük dayımın rus- alman savaşından gətirdiyi
üç registrli-səsli, yumurta sarısı klavişləri-dilləri
olan şirin səsli akkordeonun qayışlarını dərhal
çiynimdən sıyırıb qabına (futliarına)
qoyardım. Kənddə mənə o qədər
“ağıllı, dərrakəli, mədəni
oğlandı” demişdilər, mən də ağıllı
olduğuma inanmışdım. Ancaq ağıllı, mədənilikdən
çox, məndə keylik, lap qanacaqsızlıq
varmış. Allah mənə musiqiyə səxavətlə
bol-bol həvəs, sevgi, deyərdim ehtiras vermişdi, ancaq gələcəkdə
edəcəyim hansı günahıma görəsə (bəlkə
də hansısa bir xataya düçar olmamaq
üçün) o sevginin, ehtirasın müqabilində musiqi
qavrayışı verməmişdi. Hər gün dərsdən
qayıtcaq tələm-tələsik yeməyimi yeyib akkordeonu
sinəmə basıb, ara vermədən
beş-altı saat çalardım. Bu
beş-altı saat zırıltının iki-üç
saatını o vaxt dayım da eşitməyə məhkum idi.
Tələbəliyimin son bir ilinisə dayımın
üçotaqlı mənzilində qaldım. Bir gün
dostum rəhmətlik Qambay Məmioğlu bizə gəlmişdi.Yaşımızın
çöpəgülən vaxtıydı. Axşamüstü Qambayla məni dəli bir gülmək
tutdu. Dayıma son dərəcə
ehtiramımız olduğundan, həm də aramızda incə
həya pərdəsi olduğundan gülməyimizin şiti
çıxmasın deyə özümüzü gah balkona,
gah hamama, gah da boş otaqların birinə verib gülür,
dayım olan otağa qayıtcaq bizi yenə gülmək
tuturdu.
Yatmaq vaxtı Qambayla mən
parket döşəmənin üstünə
saldığımız yorğan döşəkdə yanbayan
uzanmışdıq. Gecə yarısınacan,
gah əlimizlə bir-birimizin ağzını bağlayır,
gah başımızı yorğanın altında gizlədir,
gah da tualetə getmək bəhanəsi ilə aradan
çıxırdıq. Nə qədər
çalışsaq da gülməyimizi saxlayammır, bədənimiz
titrəyir, arabir cürbəcür boğuq səslər,
hıçqırıqlar, pıqqıltılar eşidilirdi.
Dayımın hərdən çarpayıda o yana,
bu yana çevrilib yata bilmədiyini duysaq da,
özümüzü günahkar saysaq da gülməyimizi
saxlaya bilmirdik ki, bilmirdik. Gecənin bir aləmi dayımın
mehriban, doğma, məxmər kimi yumşaq səsini eşitdik –Özünüzü
sıxmayın, bərkdən, rahat gülün, gülün
ki, boşalasınız...
Uzun illər sonra dayımın o gecəki səsinin
tonunu Qambayla dönə-dönə müzakirə elədik. Hər dəfə
də onun səbrli, mehriban və doğmalığını
heyranlıqla xatırladıq. Dayımın səbrindən,
təmkinli olmasından söz düşmüşkən... Ev uşağı olduğumdan dərsdən
çıxcaq bir qayda olaraq birbaşa evə qayıdardım.
Bir gün necə oldusa, bir tələbə
dostumla dərsdən çıxıb kinoya getdik, filmə
baxandan sonra gözəl yaz günü bizi ovsunladığından
küçələrdə gözəl qızların
dalısınca düşüb süründük, parklarda
oturub dondurma, qoğal yeyə-yeyə saatlarla gəlib gedənə
baxdıq. Həmin gün saat beşdəmi,
altıdamı evə dönüb qapını açanda
dayımı içəridə geyinmiş, qanı qara vəziyyətdə
görəndə yerimdə donub qaldım. Demiyəsən həmin tezdən tələsdiyimdən
öz açarım cibimdə ola-ola masanın üstündən
dayımın açarını da götürərək
qapını bağlayıb getmişəm. Dayımın gecə yarısınacan yazıb
hazırladığı məqalə saat on birdə əməkdaşı
olduğu Ermənistan Kommunist Partiyasının orqanı olan
“Sovet Ermənistanı” qəzeti baş redaktorunun masası
üstündə olmalıymış. Tərslikdən
həmin gün dayım həm də qəzetdə növbətçiymiş.
Redaksiyadan dəfələrlə evə zəng
edib dayımı danlayır, məqaləni yazmamaqda ondan
şübhələnirlər. Dayımın
xahişi ilə redaktorun sürücüsü gəlib
beşinci mərtəbənin balkonundan dayımın
atdığı yazı materialını götürüb
aparır. Həmin gün mən qapını açanda
gün ərzində ac-susuz qalan, redaktorun danlağına,
qınağına düçar olan, onun yanında
etibarını itirən, açarı tapmaq ümidiylə ciblərini,
gümanı gəldiyi yerləri dönə-dönə
axtaran, anbaan, saatlarla canına yığılmış
hirsini, stresini bədəninin harasındasa gizlədərək
sakitcə, ancaq üzümə baxmadan (bəlkə də
qaşqabağını gizlətmək məqsədiylə)
–Sən məni
dustaq eləmisən...-deyib tələsik çixıb getdi.
Xeyli müddət donub yerimdə qaldım. Həmin gecə
dayım növbətçi olub evə gec gəldiyindən, səhərisi
mən tez durub dərsə getdiyimdən bir-birimizi görə
bilmədik. Növbəti gün elədiyim günahdan
sarsılaraq lal olduğumu işdən qayıdan dayım
duyaraq heç nə olmayıbmış kimi gülə-gülə
–Elə gözəl havadı, adam evə gəlmək
istəmir...Köynəyimi ütüləsəydin,
çıxıb bir az gəzərdik...Dayımın bu
sözlərindən sonra donum, qırışığım
açıldı, xoşbəxt anlar yaşadım. Həmin gün şəhərin bəzi yerlərini
dolaşandan sonra dayım məni restorana apardı,
bütün sıxıntılarımı unutdum.
Bir yazımda (“Məzələnmə”də)
yazıçı Anar bəydən, onun yüksək mədəniyyətindən,
kübarlığından, həssaslığından, incə
qəlbli olduğundan yazanda dayım İsrafil Məmmədovu
xatırlamışdım. İndi dayımın mədəniyyəti,
həssaslığı, kübarlığından danışanda da sevimli
yazıçımız Anar yadıma düşür.
Qərbi
Azərbaycanın Zəngəzur mahalının
Mığrı rayonunda
iyirmi-iyirmi beş evi olan Əmrəkar kəndində
doğulan, dərslərini çıraq, bəzənsə Ay
işığında oxuyub orta məktəbi əlaçı
bitirən, rayonda komsomol komitəsinin ikinci, sonrasa birinci katib vəzifəsində
çalışan, Bakıda Pedoqoji İnstitutu, İrəvanda
ali partiya məktəbini bitirən, “Sovet Ermənistanı” qəzetində
ədəbi işçi vəzifəsindən həmin qəzetin baş redaktoru, Ermənistan təhsil
nazirinin birinci müavini vəzifəsinəcən yüksələn
dayım İsrafil Süleyman oğlu Məmmədov özəl
səbr, təmkin, iradə, qapalı inad, güclü
yaddaşı, sadəliyi, mehribanlığı və özəl
zəhmətkeşliyi (!) ilə başqalarından
seçilir.
Ermənilərin türklərə qarşı bəzən
açıq, bəzənsə gizli təzyiqləri
ucbatından qərb Azərbaycandakı aydınlar və
sıravi insanların bəzisi tez, bəzilərisə nisbətən
gec də olsa öz ata-baba yurdlarını zaman-zaman tərk
etmək məcburiyyətində qalıblar. Ancaq İsrafil Süleymanoğlu
son erməni-azərbaycanlı münaqişəsində
İrəvanı sonuncu tərk edən türk olub. Burda “sonuncu” söz təsadüfən işlədilmir.
İsrafil Məmmədov İrəvanda tanınan, üzdə
olan bir insan olduğundan onun çoxlu erməni dostu olduğu
kimi, həddindən çox gözü götürməyənləri,
düşmənləri də vardı.Ermənilər hər
dəfə “erməni xəstəliyi”nə tutularaq qan təzyiqləri
yüksələndə dayımgilin evlərinə hədə-hərbə,
aşağılayıcı, təhqirlərlə dolu
arasıkəsilməz telefon zəngləri olub. 1968-ci ildə dayımgilin yataq otağının
divarına qoyularaq partladılan amunalın səsi Bakıda da
eşidildi. Divardan tökülən daşlar,
çınqıllar ətrafa sıçradığından
divara söykəli
çarpayıda yatmış dayımgil xəsarətdən
sovuşdu.“Ədalətli və obyektiv” erməni
müstəntiqinin araşdırmasından bəlli oldu ki,
demiyəsən, dayımın divar qonşusu qızını
bir erməni gəncinə vermədiyinə görə həmin
gənc bu işi törədibmiş. Erməni müstəntiqinin
gətirdiyi “aydınlığa” inanmaq olardı, əgər...
Əgər dayımın on səkkiz yaşlı, anam
demişkən, qələbürcü kimi oğlu İlqar bir
ay İrəvan xəstəxanasında erməni həkimlərinin
müalicəsindən sonra Moskvaya aparılmasaydı, Moskva həkimləri
başını bulayaraq “müalicə tamamilə
yanlış aparılıb” deməsəydilər, Moskvadan əziz
və yaraşıqlı, göz yaşı kimi dupduru,
günahsız İlqarın cənazəsi ilə
qayıtmasaydıq (1984), dayımgilin yataq otağının
divarını partladan erməni gəncinin gerçəkdən
öz məhəbbəti naminə bu olayı törətdiyinə
inanmaq olardı...
ONLAR
NƏ DEYİBLƏR:
Saday
Budaqlı: (yazar, Dövlət mükafatı laureatı): Vaxt yaman tez keçir.
Gözünü açıb yumursan ki, bir il
də geridə qalıb. Ancaq sonra dönüb arxaya baxanda,
olanları yada salanda görürsən, heç də az
yaşamamısan, xatırlanası nə qədər günlər
var, adamlar, hadisələr var. Yaddaşına əziyyət
versən, hətta bir anın belə sıxıb şirəsini
çıxarmaq olar.
Bəxtdi, qismətdi, ya nədisə, mənim qarşıma həmişə yaxşı adamlar çıxıb (bəlkə də əl-ayağa dolaşmasınlar deyə, pisləri yaddaşımın hansısa qaranlıq küncündə basdırmışam). İsrafil müəllimi çoxdan tanıyıram, amma bir xeyli müddətdi görüşmürük. Gözümün qabağında o vaxtlardakı kimi qalıb: cüssəli, qamətli, bir az düşüncəli... Yaxşı insanları xatırlayanda adamın içi böyüyür, ürəyindən xoş duyğular keçir. İndi də həmin hissləri yaşayıram. İsrafil müəllimə yalnız yaxşı bir insan demək onu kiçiltmək olardı, çünki İsrafil müəllim şəxsiyyətdi, böyük ziyalı, böyük kişidi. Həmişə məsul vəzifələrdə işləyib. Kənardan baxan onun qayğısız, firavan bir ömür yaşadığını düşünər. Ancaq elə deyil. İsrafil müəllim ağrılı bir həyat yaşayıb. Axı hansı ləyaqətli insanın həyatı asan olub ki!.. Görəsən, eşidəsən, anlayasan və rahat yaşayasan – çoxumuz bu yolu seçdik. Ancaq kimlər isə xalqı üçün, Vətəni üçün, bu xalqın övladları üçün heç kimdən təşəkkür gözləmədən, canına cəfa verib daşı daş üstə qoydu. İsrafil müəllim elə insanlardandı. Və elə insanların işığından sənə də pay düşür,sən də bir baş böyüyürsən, sən də yaxşı olmağa, nəsə eləməyə çalışırsan.
Mən təmtəraqlı sözləri xoşlamıram. Ancaq sizə yaraşdığından bu sözlərdən qaça bilmədim. Allah sizi var eləsin, İsrafil müəllim!
( Hər iki hissə davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.-
2012.- 15 dekabr.- S.23.