"Səhər görüşü"
hekayə
Marqaret NORRİS
XX əsrin sonları “kütləvi sənət”in (yaxud “kutlə üçün sənət”in) artıq sabitləşmiş janrlarını yaratdı: film-dəhşət, roman-kataklizm, triller, vuruş-film (“boyevik”), yaxud vuruş-roman, komiks, fentezi və s.
Oxucudan gizlətmirəm, mən hələ özum üçün müəyyən etməmişəm ki, bu janrları nəzərdə tutub “kütləvi sənət” deyəndə, biz “sənət” sözünü yerində işlədirik, yoxsa, yox? Yəni söhbət həqiqətənmi sənətdən gedir?
Bilmirəm, amma burası da mənim üçün aydındır ki, həmin bu “kütləvi sənət”in də maraqlı nümunələri yaranır.
Mənim əlim dinc durmadı və məşhur Marqaret Norrisin bir triller-hekayəsini – məncə, xalis “kiç” nümunəsini – müəllifin üslubunu saxlamağa çalışaraq tərcümə etdim.
Əvvəlcə ona heç fikir vermirdim. Bu
qadın ilə mən Ceyems-stritin kəsişdiyi tində,
saatın altında dayanmışdıq, çərşənbə
axşamı səhər saat beş idi və biz bomboş
küçənin gah o başına, gah da bu başına
baxırdıq. Mən Redi gözləyirdim,
dostumu. Soyuq idi, Red də ki, gəlib cıxmırdı.
Özümü saxlaya bilməyib əlimi çiynimdən
asdığım qolf çantasına vurdum və Redin
qarasına yavaşcadan bir-iki yağlı söz dedim.
–Əsəblərinizi
qoruyun, cavan oğlan! – deyə
qadının bir az istehzalı, bir az da mehribansayaq səsi
eşidildi.
Yaxşıdı
də, səhər saat beşdə adamın fikrini oxuyan
tapılıb mənimçün! Sərt hərəkətlə
çevrilib onu əməlli-başlı süzdüm.
Bu
qadının qəribə görkəmi vardı: orta
yaşlarındaydı, özü də pota, tviddən balaxon
palto geymişdi, köhnə ayaqqabılarının qısa dabanları
yeyilmişdi, bütün bunları da cidd-cəhdlə
yığdığı dalğavari saçları, səliqə-səhmanla
da kirşanlanmış sifəti tamamlayırdı və
doğrusu, belə bir səliqə-sahmandan, bu cidd-cəhddən
sonra, bu cürə geyinməkdə bir tələm-tələsiklik
varıydı. Çox
güman ki, qonaq getmək istəyirmiş, amma birdən nəsə
bu qadına mane olub və o da əlinə düşəni əyninə
keçirib, tələm-tələsik də küçəyə
çıxıb.
Mənim onunla çərənləməyə həvəsim
yox idi. Lənətə
gələsən səni, Red! Harda
itib-batmısan?
–Adam gərək
səbrli olsun, onda hər şey düzəlir,-deyə
qadın nəsihət verməyə başladı və onun səsində
yenə bir balaca rişxənd var idi.
Yaxşı də.
Bəlkə doğrudan da mən səfehin birinə
oxşayıram, səhər saat beşdə qolf
çantasıyla burda dayanmışam? Qoy
olsun, amma o kimdi ki, mənə rişxənd edir?
Mən küçənin o biri başına gedə
bilmirdim, qorxurdum ki, ora getsəm Red məni görməz. Çantanı
çiynimdən çıxarıb telefon
köşkünün yanına qoydum və bankın giriş
qapısına tərəf getdim ki, orda divardan
asılmış səhər qəzetlərinin
başlıqlarına baxım.
Bu qadın da gəlib yanımda dayandı.
–Televiziyanın
axşam xəbərlərində dedilər! Karnovendən
qaçıb. Manyak qatildir!
Belələri gərək hospitalda istirahətlə məşğul
olmasınlar! Onları dəmir qəfəsə salmaq
lazımdı, ordadı onların yeri, həbsxanada!
–Karnoverdə
də dəmir qəfəs var,-deyə etiraz etdim və
qadın mənə baxanda: – Yanından keçəndə də
görmək olur.- dedim.-Pəncərələrin
hamısında dəmir barmaqlıqdı.
–Deməli
möhkəm deyil də! Yoxsa ordan qaçmaq
olardı? Özü də, məncə, manyakı xəstə
adlandırmaq
axmaqlıqdı. Qatil!-bax budu onun əsl adı!
Biz yanaşı dayanıb xəstəxanadan
qaçanın fotosuna baxırdıq. Yağış fotonun
üzünü elə yuyub aparmışdı ki, əməlli-başlı
bir şey görünmürdü. Elə
pırpızaqlı saçları vardı ki, elə bil
arvaddı. Cibimdə heç olmasa, beş sent olsaydı, qəzet
alıb bütün məqaləni oxuyardım...
İşə bax də! Qatili tutub
elə yerə aparırlar ki, oradan qaçır, bizim də
canımıza vəlvələ salır!
Amma belə
baxanda, heç qorxan qadına oxşamır... Beləsinin mən
cikinə də, bikinə də bələdəm: sən nə
deyirsən, de, vecinə deyil, dayanmaq bilmir, elə hey çərənləyir.
Özündən də müştəbeh.
Məni həmişə cin atına mindirən
də elə belələridir.
Başıma gələnlərdən bilirəm ki, bu
cür görüşlərin axırı nəyə gətirib
çıxarır, ona görə də telefon
köşkünə tərəf geri qayıtdım və yenə
o tərəf- bu tərəfə baxdım. Səbrim tamam
tükənmişdi. Bir maşın ötdü, sonra da biri. Hələ yuxudan yaxşı oyanmamış bir
işçi də qoltuğunda günorta yeməyi
qabağımdan keçib getdi.
Red isə görünmürdü ki,
görünmürdü.
Əvvəlcə saata baxdım, sonra da o qadına. Eləcə
bankın qapısı yanında dayanıb gözlərini qəzet
başlıqlarına zilləmişdi.
Bəlkə
onun da cibində beş senti yox idi ki, gedib
qəzet alsın?
Çox boz bir səhər açılırdı və
ürəkoxşayan heç bir şey
görünmürdü. Yenə bankın qapısına yaxınlaşdım və
qəzetdə bugün üçün hava haqqında məlumatı oxudum. “Hava tutulacaq və ara-sıra yağış
yağacaq.”
Bilirdim
ki, belə olacaq...
Axı bu Red harda qaldı?
–Darıxmağın
mənası yoxdu, cavan oğlan. Birinci avtobus ancaq beş otuzda gələcək.
Elə istəyirdim ağzımı açıb deyim
ki, mən avtobus-zad gözləmirəm, amma yaxşı ki,
vaxtında özümü ələ aldım və susdum.
Yoxsa ki, başlayacaqdı höcətləşməyə,
məni də cıxaracaqdı özümdən.
Bu
qadın xalamı yadıma salırdı, xalamın işıldayan o
özündənrazı gözlərini görürdüm və
kin məni boğurdu.
Mənə
baxa-baxa:
–Mənə
elə gəlir ki, biz sizinlə haradasa
görüşmüşük. Sifətiniz mənə tanış gəlir...- dedi.
Deyəsən
nə olursa- olsun, mənimlə tanış
olmaq istəyir. Qorxdum. Səhəri
hirslə, qəzəblə açmaq istəmirdim.
–Siz yəqin
hərdən “Bir fincan qəhvə”yə dəyirsiz.-deyə
diqqətlə mənə baxdı.-Yüz faiz, sizi hardasa
görmüşəm!
İndi başa düşdüm ki, bu qadın niyə
belə geyinib – şübhəsiz ki, xörəkpaylayan
işləyir.
“Bir fincan qəhvə” kafesinə girən kimi, paltosunu,
hay-hayı gedib, vay-vayı qalmış çəkmələrini
çıxarıb atacaq bir kənara, iş formasını,
ağ tuflilərini geyəcək
və o saat da girişəcək işə.
Mən o kafeni tanıyırdım, Ceyms-stritin
axırında idi. Hətta bir- iki dəfə orda olmuşdum da, amma xeyli vaxt
bundan qabaq.
–Hə,-dedim,-orda
oluram.
Bunu ki,
belə görürdüm, maraqlanmadığı bir şey
yoxdu, cavab verdim ki, bəlkə məndən əl çəkdi...
–Yaxşı
ki, dediz, yoxsa bütün günü fikirləşəcəydim
ki, sizi harda görmüşəm.
Tində
bir adam göründü və bu qadın
nəzərlərini indi də ona zillədi. Gözləri bərəldi,
ağzı da təəccübdən bir az
açıldı, elə bil ki, balaca, məzəli “o” hərfi
idi.
Həmin adamın çox gülməli görkəmi
var idi. Uzun, lap uzundraz idi, özü də arıq, qəribə
də paltar geyinmişdi, elə bil ki, yarmarka artisti idi.
Paltosu əyninə gödək idi, qolu az
qala dirsəyinə qalxmışdı, gödək
şalvarının balaqları ilə uzunboğaz
ayaqqabılarının arasından da qıpqırmızı
yun corabı görünürdü. Sifəti
uzunsov idi, dərin qırışları gözlərindən
düz ağzınacan uzanırdı. Ağzını
açıb üzümüzə gülürdü.
–Sabahınız
xeyir, əziz dostlar! Necə bilirsiz, sizdən
birinizin ürəyini yumşaldıb bir fincan qəhvə
üçün on şillinq almaq mənə müyəssər
olacaq, ya yox?
Qadın dodaqlarını bir-birinə sıxdı və
onun sifətinin ifadəsindən başa düşdüm ki,
bu adama acı cavab vermək istəyir. Yadıma düşdü ki, depressiya
vaxtı qapımızı döyən avaraları
başından eləmək istəyəndə xalamın
da sifətində belə bir
ifadə yaranırdı.
–Niyə
o bir fincan qəhvənin pulunu özünüz
qazanmırsınız, hə?- deyə
qadın buz kimi bir səslə dilləndi.
Artistə
oxşayan o adam ciddi bir görkəmlə
təzim etdi:
–Özüm?
Madam, mən bunu lap axıra saxlamışam.
İnsanların əliaçıqlığı,
xeyirxahlığı birdəfəlik itib-batandan sonra, mən
sizin bu təklifiniz haqda fikirləşərəm. Hələlik
isə...-O mənə tərəf çöndü.- Dostum, bəs
siz, mənə bir balaca yardım edə biləcəksizmi?
–Mən
verərdim, amma hayıf ki,
hec bir sentim də yoxdur...
–Nə
etmək olar?- deyə filosof kimi, təəssüf
etdi.- Belə hesab edək ki, bu səhər bizim bəxtimiz gətirmədi.
Belə bir sübhçağı gərək
yorğan-döşəkdən qalxmayaydım... Əlbəttə
yorğan-döşək olsaydı!..-Yenə
gülümsədi.
Ona bir
şey verə bilmədiyim üçün, ürəyim hayıl-mayıl olmuşdu.
–Sizin
kimilərdir bizi biabır eləyən!-
deyə qadın böyük-böyük dilləndi.-Sizə
heç nə vermək
lazım deyil. Sizi qovmaq lazımdı! Sizin kimilərdir şəhəri
pis günə qoyan!
–Madam,- deyə o adam qadını başdan ayağa
qədər süzdü.-Bu saat fikrimdə o qədər
küçə sözləri var ki, gəl görəsən,
amma mən ağzımı açmayacağam.- Və mənə
göz vurub çıxıb getdi.
Bundan sonra, qadın özünü elə təhqir
olunmuş saydı, elə coçub-daşdi ki, elə bil birdən-birə
tvid balaxonu əyninə daraldı. Arvad, elə bil, bu saat
partlayacaqdı.
Mən
ürəyimi bürümüş qüssə içində
o bomboş küçəyə baxırdım və hiss
edirdim ki, bu saat coşub-qaynayacağam və orasını da
bilirdim ki, bunun axırı mənim üçün nəylə
qurtaracaq...
“Kaş
Red tez gələydi!.. – deyə ürəyimdə Allaha yalvarırdım.-Tez
elə, gəl, Red!.. Yəni tapa bilməyəcəksən
ki, mən səni harda gözləyirəm?”
Qadın birdən-birə yenə bankın qapısı
ağzında asılmış qəzetlərə tərəf
qaçdı.
–Bəlkə
elə odu... Çirkli, qoca avara... Gör kim
mənim kimi təmiz qadınla necə danışır?! Mənimlə,
bir tikə çörəyini əlinin zəhmətiylə qazanan adamla! Nə
deyirsiz deyin, bu elə Karnovendən qaçan həmin o
manyakdı ki, var!
Özümü saxlamağa
çalışırdım.
–Məncə
elə deyil...
–Sən
hardan bilirsən?!
Aman Allah,
mənim o xalam da, bax, o vaxt mənim üstümə belə
bir səslə çığırırdı...
O səs
indiyəcən qulağımdadı: “Axı sən kimsən
belə, misgin yetim, sən özünü kim
hesab edirsən?!”
Anam öləndən sonra axı niyə məni onun
yanına göndərdilər? Niyə göndərdilər
ki, onunla yaşayım?
Qadın telefon köşkü tərəfə getdi.
–Bu saat
polisə zəng edəcəyəm! Görər, onun
başına nə oyun açacağam!
– Yox, belə
eləmək olmaz!- dedim.
– Sənə
nə dəxli var? Sən niyə mənim işimə
qarışırsan?-deyə çığırdı. ––Mən
ona göstərəcəyəm! Mənimlə elə
danışmaq olmaz!-Sonra da əlini çantasına soxdu ki,
xırda pul çıxarıb polisə zəng eləsin.
lll
Mən az qala tamam ümidsiz halda yarmarka artistinə oxşayan o adamın ardınca boylandım. Eləcə addımlayırdı, elə bil, bütün dünya vecinə deyildi. Yox, mən imkan verə bilməzdim ki, ona nəsə bir pislik eləsinlər. Bayaq mənə elə bir məhrəmliklə göz vurdu ki, elə bil, bu qadın kimi özündən müştəbeh, küt, vücudundan zəhrimar yağan adamlara qarşı mənimlə ittifaq yaradırdı.
Və birdən küçənin axırında hospitalın furqonu göründü.
Mən bilirdim ki, bu Reddir, mənə kömək eləməyə gəlir. Bu arvadı bir neçə dəqiqə yubandıra bilsəydim... Əlimi onun çiyninə toxundurdum.
O isə:
–Tərbiyəsiz!- deyə çımxırdı, sonra da səsini qaldırdı.- Lənətə gələsən səni! Sən özünü kim hesab edirsən, misgin gədə?!
Gördüz ki?! Heç bir sözə qulaq asmaq istəmirdi. Mənim xalam da belə idi, o vaxt boğazımı yırtırdım onu başa salım ki, çantasından pulu mən oğurlamamışam, amma bax, beləcə qışqırırdı, bu arvad kimi.
Redə deyirdim ki, əgər mənə qolf ağacları gətirsələr, hospitalda tamam xoşbəxt bir adam olacağam...
Qolf ağacını dartıb çantadan çıxartdım və zərbə ilə arvadın təpəsinə vurdum...
Sonra bir də...
Bir də...
ELÇİN
525-ci qəzet.-
2012.- 15 dekabr.- S.21.