Çil-çil toyuq
(hekayə)
(“Balaca həyətin həngamələri”
silsiləsindən)
Əsl mərəkəydi. Toyuq-cücənin
haray-həşiri həyəti başına götürməmişdimi,
götürmüşdü. Onlara baxıb çəpərə
qısılı pəyədə tənha qoyun mələyə-mələyə
özünü ora-bura çırpırdı, amma ona fikir verən yox idi.
Qaşları ciddi-cəhdlə düyünlənmiş
arıq, inadcıl oğlanın əlindən canını
götürüb həyəti qıy vura-vura neçənci
dəfə yanpörtü dövrələmə qaçan, bəzən
isə az qala qanad açıb uçan,
uçan zaman həyətin ortasındakı qocalmaqda olan alma
ağacının yerlə sürünən bir-iki
budağına tüklərini yolduran Çil-çil
toyuğun dəhşətli qaqqıltısı həyətdə
pərən-pərən düşən bütün o biri
toyuqların da canına vəlvələ salmışdı.
Hərəsi bir tərəfə dürtülüb bu
anlaşılmaz müsibətdən canını qurtarmaq istəyir,
başqa vaxt təşəxxüslə gəzib onlara gün-dirrik verməyən
xoruzlar isə indi hamıdan qabaq sivişib aradan
çıxırdılar. Amma xoruzlarla da
heç kimin işi yox idi. Oğlanın
gözünü qan tutmuşdu, nəydi, heç nə
gözünə görükmürdü bir Çil-çil
toyuqdan başqa. Niyə, niyəsini özü də bimirdi.
“Nıx” dediyini deyənlər kimi eləcənə
Çil-çil toyuğun dalınca belədən-belə, elədən-elə
şütüyürdü.
Bu dəfə toyuğun dalınca boş, qara çəlləyin
yanından yanakı qaçan yerdə müvazinətini
saxlaya bilməyib dizi üstə yerə yıxıldı. Çəllək
su çəlləyi idi və həyətin arxa, tikənli
çəpərinə sıxılmış quyunun
ağzınacan gedən, ora-burasına çay daşı
basılmış cığırın üstündə iki
gün idi ki, böyrü üstə çevrilib eləcənə
qalmışdı, götürüb kənara qoyanı yoxdu.
Çil-çil toyuq yenə bərkdən
qaqqıldayıb çəlləyin üstündən
“budurannı” quş kimi atılıb uçmadımı,
uçub getdi düz quyunun ağzında ancaq yerə dəydi.
Yerdən qalxıb qanadlarını
çırpdı, heç nə olmayıbmış kimi
sağa-sola əsl qəhrəmanlar kimi şəstlə gəzişməyə
başladı. Həyatına bir az
bundan əvvəl amansızcasına qəsd edilməsini bir
anın içində unutdu.
Vəliş yıxıldığı yerdən dikəlib
ufuldaya-ufuldaya çəlləyin üstünə oturdu,
özündən üç-dörd metrə o yanda, quyunun
yanında ondan gizlənməyi ağlına belə gətirməyən
Çil-çil toyuğa nifrətlə baxdı. Vəlişin
dizi bərk sıyrılmışdı, amma yara ki, hələ
isti idi, elə bərk göynətmirdi. Hirsindən
rəngi ağardı, dişini-dişinə sıxdı, “sən
ki, məni beləcənə xınc elədin, sən toyuq ol,
mən də mən, indi ölsəm də səni tutub
bıçaq altına verəcəm.” Vəliş
bu dəfə, guya ki, hiyləyə əl atdı,
ayağını çəkə-çəkə
Çil-çil toyuğa oğrun-oğrun, yavaş-yavaş
yaxınlaşmağa başladı.
— Fərasətin
yoxdu, a bala, sənin fərasətin yoxdu, sən elə
şeir dalınca şeir yaz. Bir ölüvay toyuğu tuta
bilmirsən...
Nənəsi evin həyətə açılan aynabəndində
Nuh əyyamından qalmış bir taxtda oturmuşdu. Bayaqdan onun
toyuqlarla əlləşməsinə deyinə-deyinə
tamaşa eləyir, hərdən başını “eh...
hayıf, hayıf...” deyə yırğalayırdı. Çil-çil toyuq onun sevimlisi idi. Vəlişin bu boyda toyuq-cücənin içində
məhz Çil-çil toyuğu seçməyi, onun
dalınca ora-bura qaçmağı Xeyransa arvadı xeyli pəjmürdə
eləmişdi. Vəliş yaşlanmış, amma hələ
canı sulu nənəsinin deyingən səsini
aynabənd tərəfə baxmasa da qulaqlarında apaydın
eşitdi və hikkəsindən bu dəfə
üzünün rəngi qapqara oldu. Aralıdan
onun halına baxan Xeyransa arvad daha dözmədi, yerindən dik
qalxıb evin içinə keçdi. Hava
sərinləyirdi.
Çil-çil toyuq Vəlişlə öz arasında
bəlli bir məsafə saxlayırdı, yanpörtü
baxıb Vəlişin hər hərəkətini izləyir,
imkan vermirdi ki, Vəliş ona tutula biləcəyi məsafədən
daha çox yaxınlaşa bilsin.
— Sən
mənnən zarafat elirsən?! Gəl, gəl
yanıma, səni tutub başını yavaş-yavaş kəsəcəm,
elə rahat olassan, elə rahat olassan, gəl, gəl... – Vəliş
çalışıb səsinin qorxulu çıxmaması
üçün bu sözləri hətta gülməli bir nəvazışlə
deyirdi. Çiyninə qara, yun şalını salıb
təzədən aynabəndə çıxan nənəsi
bu dəfə əli ağzında qalmışdı, yenə
hayıfsılana-hayıfsılana başını
yellədi.
Çil-çil toyuq Vəlişin bu hiyləsinə
uydumu, buna da uymadı. Vəliş nə qədər ehtiyatla ona
yaxınlaşmağa çalışsa da, toyuq bayaq “qıy” vurub yenə Vəlişin
ayaqlarının arasından sivişib çıxdı,
uça-uça gedib bu dəfə məğrurcasına
cigır üstdəki çəlləyin üstünə
qondu. Ancaq indi Vəliş dizinin tam gücüylə göynəməsini
hiss elədi, “uf” eləyib özünü quyunun
yanındakı kətilin üstünə verib oturdu,
ayağının sıyrılan yerinin ora-burasını diqqətlə
gözdən keçirməyə başladı.
— Nənə,
ay nənə, nolar, ordan məə yod gəti gə dəəə...
— Vəliş nənəsinə səs elədi.
Bir az keçdi, Xeyransa arvad əlində yod
qabıyla bir çimdik ağ pambıq yanını basa-basa və
deyinə-deyinə quyunun yanına gəlib yetişdi:
— Noldu, a
şair, bu bir dənə zavallı toyuğun əlində
girinc olub qaldınmı?! – Vəliş anlamadı, nənəsi
bu sözləri deyə-deyə onu ələ salır, yoxsa
onun əzvaylığına hayıfsılanıb belə
danışır.
—
Asandı? Bax bir nooldum... Yavaaaş!.. — Vəliş
dizini nənəsinə göstərəndə Xeyransa arvad ağ pambığı yod qabının
içinə batırıb ehtiyatla Vəlişin yarasına
basdı. Gədənin ufultusu göyə
çıxdı.
— Vay.
Vay... Erməni qan gördü. Sus, sus, sən Allahın, ayıbdı. Kərəmgil hasarın o tayından eşidər, sənə
qız verməz. Bir toyuğun əlində
qaldın, amma şeir yazıb qızları yoldan azdıra
bilirsən. Bə sabah mən
olmayım, toyuğunuzu kum tutacaq, ağzısüddü Sədaqət
tutacaq?!?!
— Görmürsən
yıxıldım?! Tutulası zibildi bu?!
—
Heç nə olmaz. Sən də qanını
qaraldıb eləmə. Gələllər,
bir istəkan çaylarını içəllər, gedəllər.
Məndən daha toyuq-plov istəmə. –
Xeyransa arvad hər ehtimal lağım atdı, “görən, bu
fərsiz indi nə deyəcək?!”
— Nənə...
— Bə nə
təhər olsun, yaxşı, sən tutdun, mən kəsib
bişirmədim, hıı?.. Bə nə təhər olsun bu?! —Xeyransa arvad
sözünü hirslə desə də, ürəyində
Çil-çil toyuğun tutulmamasına rahat-rahat sevinib
dururdu.
— Nənə,
axı mən bu adamlara söz verdim... Niyə sən
məni bunların yanında biyabır elirsən? Axı qızın böyük qardaşıdı.
Axı qonaq gəlib... Mənim ixtiyarım yoxdu
ki, onu bir-iki dostuyla evə yeməyə
çağırım?! Vallah, mən
başımı götürrəm, bu evdən
çıxıb gedərəm... — Vəliş bu sözləri
şeir kimi odlu-odlu deyərkən gözaltı Xeyransa
arvadı süzdü.
— Söz
verdim, söz verdim... Bunun fərasətinə bax, Bakıdan gələnlərə
söz verməyinə bax... Evə qonaq
çağıran olub...— Xeyransa arvad astaca, öz-özünə
mızıldandı, üzü-gözü qaraldı. –
“Evdən çıxıb gedərəm...”
Vəliş nənəsinin təhər-tövründən,
sözü deməyindən başa düşdü ki, məsələni
həll edə bilib, nənəsi özü toyuğu tutub
plovu bişirəcək. Nişanlısı Sədaqətin Bakıda həkimlik
oxuyan qardaşı Valehi və onunla bir yerdə kəndə
qonaq gəlmiş iki dostunu böyük kişilər kimi, ərklə
ki, sabaha evlərinə dəvət eləmişdi, Allah onun
qoca nənəsindən razı olsun, Vəliş evin
böyüyü kimi onlara toyuqlu plov qonaqlığını
verə biləcək. Bu dostlardan biri Vəliş
üçün göydəndüşmə idi. Bakıda hərdən-birdən şeirlər, hekayələr
çap eləyən məşhur “525-ci qəzet”də
işləyirdi. Bu gün səhər Valehgilin evində
tanışlıq əsnasında Valeh dostlarına
başını yelləyə-yelləyə
açıq-aşkar istehzayla belə demişdi:
— Bizim
yeznəmiz də ki... məktəb qızlarına cürbəcür
şeirlər yazır, baxma, yaxşı da yazır.
Özünü “qələm
adamı” kimi təqdim edən Sərtqaplanın — qonaq gələn
dostlardan birinin — bu sözləri eşidib gözləri bic-bic
qıyılmışdı. O, Vəlişin sədaqətli
baxışından xumarlanıb belə demişdi:
— Oxumaq
pis olmazdı... Nə verər, oxusaq?!
Elə bu zaman
qonaqların qabağına çayları qoyan Sədaqət
qardaşının sözlərini eşidib
pörtmüşdü. Valeh bunu görüb
dodağını dişləmiş, tez dediklərini zarafata
salmışdı:
— Amma day
elə şeirlər yazmır. Day vətənpərvər
mövzuda yazır. Elədi, Vəliş?
Qulaqları
çuğundur kimi qızaran Vəliş ürəyi ata-ata,
altdan-altdan Sədaqətə baxıb Valehin sözlərini
başı ilə təsdiq eləmişdi, “hə, elədi...”
Yadına isə bu zaman indi ona çay verən
Sədaqət yox, elə dünənləri uçuq çəpərin
o biri tərəfində duran Sədaqət düşmüşdü.
Çəpərin o tərəfində durub
qız onun dediklərini, elə bil, eşidirdi, amma
anlamırdı. O isə Sədaqətin məlul-məlul
baxan gözlərinin düz içinə tapança gülləsi
kimi bu misraları sıxırdı:
Ürəyində
saxlasan
Xatırlamayacaqsan.
Xatırlamaq
istəsən,
Ürəyindən
sil məni...
Misraların
arxasında isə qorxa-qorxa bu dikbaş sözlər gizlənmişdi:
“İstər nə illah edirsən et, mən
çıxıb şəhərə gedəcəyəm. Getməsəm, ürəyim partlar. Səni də
sonra gəlib özümlə aparmasam, mən heç
atamın oğlu deyiləm...”
Çox
qəribə bir iş oldu. Bir göz qırpımında
uçuq çəpərin yanından qayıdıb gələn
və indi onun qabağına çay qoyan Sədaqətin
vücudunda əriyən dünənki Sədaqət Vəlişin
gözünün içinə baxa-baxa o gün vermədiyi
cavabı öz balaca, kişmişi gözlərilə bu
gün verdi və belə dedi: “Xatırlamayacağam.
Ürəyimdə saxlayacağam. Heç
vədə səni mən xatırlamayacağam...” Və bu sözləri Sədaqətin gözlərindən
oxuyub özü də bilmədi ki, Vəliş ürəyi
niyə birdən-birə sıxıldı.
...Vəliş
nənəsi sarıdan lap arxayın olmaq üçün bu dəfə
səsinin “padxalim” yerinə saldı:
— Nənə, başına dönüm, nolar xoruz kəsmə, elə Çil-çil toyuğu kəs, nolar... Könnümə o düşüb.
— Sən bir buna baxırsan?! Yaxşı hələ, tərpətmə ayağını görüm...
Xeyransa arvad dodaqaltı söylənə-söylənə çöməlib “ah, uff ...” eləyən Vəlişin dizinə bayaqdan ki, ehtiyatla yod sürtürdü, bu dəfə var gücüylə yodlu pambığı necə basdısa gizildəyən təzə yaranın üstünə, gədənin cızdağı çıxdı, gözündən yaş gəldi. Amma nənəsinin xoşuna gəlməyə çalışdı, bu dəfə özünü nə təhər tutdusa, cınqırını çıxarmadı. Xeyransa arvad gözünə həqiqi yaş, dodağına isə yalançı və əyri təbəssüm gəlmiş Vəlişi tərs-tərs süzüb “evdən çıxıb gedənə bax...”, dərindən bir “Ya Allah!” dedi, sonra əllərini dizinə basaraq çöməldiyi yerdən ağır-ağır dikəldi, gözlərini ora-bura gəzdirdi. Çil-çil toyuğu axtarırdı. Çil-çil toyuq bu dəfə həyətin o biri başına, təndirəsərin yanına gedib çıxmışdı. Dimdiyilə torpaqda nəsə eşələyib qurddalayırdı. Amma bir gözü yanpörtü bunlarda idi. Xeyransa arvad kefinin kök vaxtlarında olan kimi Çil-çil toyuğu həlim, mehriban səslə əzizləməyə başlamadımı, başladı:
— Çil-çil gözəldi, Çil-çil qəşəngdi, Çil-çil toyuq deyil ki, Çil-çil əsl tovuz quşudu, Çil-çil mənim bir dənəmdi, mənim evimin-eşiyimin dirəyidi, umudumdu mənim, tənha günnərimin yaraşığıdı... Çil-çilim gəlsin, gəlsin, gəlsin yanıma, gəl nənəyin yanına, gəl...
Həqiqətən, Xeyransa arvadın Çil-çil toyuğu əzizləyən səsində ancaq toyuğun başa düşdüyü bir başqa cazibə vardı, bir məhrəm ahəng vardı, ya nəydisə, Çil-çil toyuq həmişə olduğu kimi bu dəfə də heç nədən çəkinmədən, qorxmadan ayaqlarını şəstlə, dik-dik ataraq doğma səsin iziylə Xeyransa arvadın uzun, qara donunun yerlə sürünən ətəklərinəcən gəlib bunlara yaxınlaşdı. Amma gərək yaxınlaşmayaydı. Bu, qəfildən, bir anın içində baş verdi. Toyuq “hıq” eləməyə də macal tapmadı. Nənəsinin gen tumanının arxasından Vəliş qəfildən elə sıçrayıb çıxdı ki, ən qatı düşmənin də bu məqamda ələ keçməkdən başqa bir yolu qalmazdı. Çil-çil toyuq heç nə başa düşmədi.
Vəlişin üzü-gözü sevincdən əyilmişdi. Çil-çil toyuğu hər iki əlində bərk-bərk tutub hərbi qənimət kimi başı üzərinə qaldırdı, sıyrılmış dizi hələ də sızıldasa da özünü zəfər paradında gedən qalib və qəhrəman əsgərlərə oxşadaraq ayaqlarını yuxarıdan aşağı çırpa-çırpa “ədəb-ərkanla” qabağa düşdü. Nənəsi köksünü ötürüb yanını basa-basa, şalını çiynində düzəldə-düzəldə onun arxasınca gedir və yavaşdan belə deyirdi:
— Ə, a gədə, a şair, ayıfdı, yenə meymunluq eləmə, qonşular görəllər. Heç olmasa bu yazığı belə dimdik, əlində baydaq kimi göyə qovzayıb getmə, vallah, ayıfdı... Kimə deyirsən?! Ə, sənə qız verənin...
Yanından keçib getdikləri alma ağacının aşağı budağına Çil-çil toyuğun xırdaca-xırdaca tükləri ki, ilişib qalmışdı, bu tüklərin bir-ikisi budaqdan ayrılıb havada ora-bura uçuşur, onların ətrafında tənbəl-tənbəl dövrə vururdu.
Kamal Abdulla
525-ci qəzet.-
2012.- 15 dekabr.- S.16.