İsveçrə təhsil sistemi ilə tanışlıq: görüşlər, müşahidələr, nəticələr

 

 

İsveçrə Konfederasiyası Orta Avropada Alp Dağlarında və dənizə sahili olan bir ölkədir. Şimalında Almaniya, qərbində Fransa, cənubunda İtaliya və şərqində Avstriya ilə Lixtenşteyn ilə qonşu olan və tarixi olaraq bir konfederasiya olan ölkə 1848-ci ildən bəri bir federasiyadır. Bankçılıq və maliyyə sektorlarında çox güclü bir iqtisadiyyata sahib olan İsveçrə uzun müddətdir siyasi və hərbi tərəfsizlik ənənəsinə malikdir. İsveçrədə ibtidai və orta məktəblər dövlət və özəl məktəblərə ayrılırlar. Burada 120-ə yaxın kollec var. Kolleclər peşəkar təhsil verirlər. İsveçrədə universitetlər əsasən dövlət universitetləridirlər. 7 kanton (inzibati ərazi bölgüsü) universitet – Bazel, Bern, Friburq, Cenevrə, Lozan, Nevşateli, Sürix və Sant-Qallendə, 2 kanton universitet statuslu ali məktəb isə Lüsern və Luqanoda yerləşir. Bu şəhərlərdə iki politexnik məktəbləri də var. Ən böyük ali məktəb 20 min tələbənin təhsil aldığı Sürix universitetidir. Burada xarici tələbələr 15-20% təşkil edir. Təhsil müddəti 4-6 ildir. İsveçrənin alman-dilli bölgələrindəki universitetlərdə tədris alman dilində, fransızdilli bölgədə isə fransız dilindədir. Lakin Friburq Universiteti istisnalıq təşkil edir. Belə ki, burada ikidilli tədris var. Fransız dilli universitetə daxil olmaq (yalnız orta məktəbi bitirmək haqqında şəhadətnamənin olması və xaricilər üçün təşkil olunmuş imtahanı vermək kifayət edir) alman-dilli universitetə daxil olmaqdan nisbətən asandır. İsveçrənin dil məktəbləri bir neçə xarici dil: fransız, alman, italyan və ingilis dil kursları təklif edirlər. Montredəki C&L Study Centre kimi bəzi məktəblərdə paralel olaraq iki dil öyrənmək mümkündür. İsveçrənin ali məktəb və universitetlərində tələbələrin sayı günbəgün artır. Buna görə də qəbul olmaq hər bir xarici vətəndaşa nəsib olmur. Burada tibbin hər sahəsini və farmakologiyanı oxumaq isə tamamilə qeyri-mümkündür. Səbəb boş yerin olmamasıdır. İsveçrədə 12 universitet və ali məktəb 10 kanton universitet, 2 federal politexnik məktəb – Ecole Federale Polytechnique (EPFL) və bir neçə bu tip ali məktəb fəaliyyət göstərir. Bazel, Bern, Sant-Qalen, Sürix, həmçinin Sürixin Federal Politexnik Universiteti və Lusernin ali məktəbi Universitare Hochschule Luzern İsveçrənin alman bölgəsində yerləşirlər.

Bu günlərdə sözügedən ölkədə rəsmi səfərdə olan təhsil naziri Misir Mərdanovun sözlərinə görə, səfəri çərçivəsində  ilk olaraq Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Əkrəm Zeynallı ilə görüşüb. Səfir İsveçrə-Azərbaycan əlaqələrinin inkişafı ilə bağlı görülmüş işlərdən söhbət açıb, qeyd edib ki, İsveçrə ali məktəblərində 100-ə yaxın azərbaycanlı tələbə təhsil alır.

Sonra nazir Lozanna Federal Politexnik Məktəbində, Qlion Ali Təhsil İnstitutunda Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunda, İsveçrənin Lüsern şəhərində yerləşən orta məktəbdə və Bern Universitetində olub. Görüşlər zamanı nazir universitetlərin nümayəndələrini Azərbaycan ali məktəbləri ilə tanış olmaq üçün ölkəmizə dəvət edib. Nazir bildirib ki, Azərbaycan universitetləri dünyanın qabaqcıl ali məktəbləri ilə əməkdaşlığa xüsusi maraq göstərir və müvafiq əlaqələrin genişləndirilməsini dəstəkləyir.

Sonra təhsil naziri Misir Mərdanov İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Cenevrə şəhərində keçirilən görüşdə İsveçrənin müxtəlif ali məktəblərində təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib. Səfəri çərçivəsində nazir Qlion Ali Təhsil İnstitutunda olub. Əvvəlcə universitetlə tanış olan nazir bu tədris ocağında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb, onların problemləri ilə maraqlanıb.

Təhsil naziri Qlion Ali Təhsil İnstitutunun baş direktoru Arye van der Spek ilə görüşüb. Arye van der Spek rəhbərlik etdiyi təhsil müəssisəsinin turizm sahəsində dünya üzrə aparıcı ali məktəblərdən biri olduğunu bildirib. Qlion Ali Təhsil İnstitutunda 20-dən çox azərbaycanlı tələbənin təhsil aldığını nəzərə çatdıran baş direktor onların təhsil göstəricilərindən razılığını ifadə edib. M. Mərdanov Prezident İlham Əliyevin sərəncamına əsasən 2015-ci ilədək 5000 nəfər azərbaycanlı gəncin dünyanın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsini nəzərdə tutan müvafiq proqramın qəbul edildiyini bildirib. Qlion Ali Təhsil İnstitutu da daxil olmaqla, İsveçrənin 12 ali məktəbinin bu proqram üzrə müvafiq siyahıya daxil edildiyini söyləyən M.Mərdanov Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alan gənclərin bütün xərclərinin dövlət tərəfindən ödənildiyini nəzərə çatdırıb. Nazir yüksək səviyyəli mütəxəssis hazırlayan bu ali təhsil müəssisəsində daha çox azərbaycanlı tələbənin təhsil almasında ölkəmizin maraqlı olduğunu vurğulayıb.

M. Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti Lüsern Mərkəzi İsveçrə Pedaqoji İnstitutunda da olub.

İnstitutun rektoru Hans-Rudolf Şerer bildirib ki, bu tədris ocağı ölkədə müəllim hazırlığı ilə məşğul olan 15 ali məktəb arasında öncül mövqedə qərarlaşıb. 2003-cü ildən fəaliyyət göstərən təhsil müəssisəsində 1500 tələbənin oxuduğunu söyləyən rektor, eyni zamanda institutda ildə 6 min müəllimin ixtisasartırmadan keçdiyini nəzərə çatdırıb. 450 müəllimin çalışdığı ali məktəbin beynəlxalq əlaqələrindən bəhs edən Hans-Rudolf Şerer institutun Avropada 36, dünyada 100-ə yaxın universitetlə əməkdaşlıq etdiyini, tələbə, müəllim və təcrübə mübadiləsi apardığını vurğulayıb.

Hans-Rudolf Şerer İsveçrədə müəllimlərin statusu, işə qəbul qaydaları, müəllimlərin ixtisasının artırılması, ali məktəblərə qəbul qaydaları və maraq doğuran digər məsələlər barədə məlumat verib. Müəllimlərin işə qəbulu prosesinin ölkənin hər bir kantonunda ümumi təhsil məktəblərindən vakansiyalarla bağlı daxil olan məlumatlar əsasında Təhsil Nazirliyi tərəfindən həyata keçirildiyini söyləyən rektor bildirib ki, İsveçrədə müəllimlər dövlət qulluqçusu hesab edilirlər.

İnstitutun rektoru ali məktəblərin bakalavr pilləsini bitirən məzunların ümumi təhsil müəssisələrinin yalnız ibtidai siniflərində, magistr pilləsini bitirənlərin isə yuxarı siniflərdə dərs demək hüququ qazandıqlarını nəzərə çatdırıb. M.Mərdanovun İsveçrənin Lüsern şəhərində yerləşən orta məktəbdə də olub. Orta təhsildə tətbiq olunan son yeniliklər, həyata keçirilən islahatlar haqqında nazirə məlumat verilib. Mütəxəssislər arasında fikir mübadiləsi aparılıb.

Nazir İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Cenevrə şəhərində keçirilən görüşdə İsveçrənin müxtəlif ali məktəblərində təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib. Sonra nazir tələbələrin problemləri ilə maraqlanıb, onları düşündürən çoxsaylı suallara cavab verib.

Daha sonra M. Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco ilə görüşüb.

Mauro Del Ambroco qonaqları salamlayaraq belə yüksək səviyyəli nümayəndə heyəti ilə görüşdən məmnunluğunu bildirib. Dövlət katibi Azərbaycanla İsveçrənin ikitərəfli təhsil əlaqələrinin əhəmiyyətindən bəhs edib, xeyli sayda azərbaycanlı gəncin İsveçrə Konfederasiyasının nüfuzlu ali məktəblərində təhsil almasını müsbət hal kimi dəyərləndirib.

M. Mərdanov səmimi sözlərə və Azərbaycanla təhsil sahəsindəki əlaqələrə verdiyi önəmə görə Mauro Del Ambrocoya təşəkkürünü bildirib. Nazir İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroconu Azərbaycana dəvət edərək təhsil sahəsində təşəkkül tapmış əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

Nazir İsveçrənin Bern Universitetində də olub. Görüşdə İsveçrə Konfederasiyasında fəaliyyət göstərən Rektorlar Şurasının baş katibi Tonas Baxoter rəhbərlik etdiyi qurum haqqında geniş təqdimat-məruzə ilə çıxış edib. Rektorlar Şurasına üzv olan ali məktəblərin fəaliyyəti barədə ətraflı məlumat verən T.Baxoter ali təhsil üzrə beynəlxalq reytinq təşkilatlarının siyahılarında İsveçrə universitetlərinin tutduğu yüksək yerlərdən söhbət açıb. Baş katib bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyətinin əsas qayəsi İsveçrənin ali məktəbləri arasında koordinasiya işinin təşkilindən ibarətdir.

 

Təhsil naziri görüşə görə minnətdarlığını bildirib, keçirilən müzakirələrin gələcək əməkdaşlığa töhfə verəcəyinə inamını ifadə edib.

 

Sonra hər iki tərəfdən olan mütəxəssislər arasında qarşılıqlı maraq doğuran müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Nazirin dediyinə görə, İsveçdə 1-5 yaş arasındakı uşaqlar üçün pulsuz bağçalar mövcuddur. Məktəbəqədər təhsil və məktəb yaşlı uşaqlar üçün qayğı sistemi isə həm 1-5 yaşlı, həm də 6-12 yaşlı uşaqları əhatə edir. İsveçdə icbari təhsilə başlamazdan öncə 6 yaşlı uşaqlar 1-illik məktəbəqədər hazırlıq siniflərinə gedə bilərlər. Uşaqlar məktəbəqədər siniflərdə daha erkən yaşlarında təhsil almaq imkanına da malikdir. Məktəbəqədər siniflərdə illik dərs yükü minimum 525 saat müəyyən olunub. Məktəbəqədər siniflər dövlət təhsil sistemi daxilində pulsuz və könüllü təhsil formasıdır. Ölkədə 6 yaşlı uşaqların təxminən 96 faizi məktəbəqədər sinfə cəlb olunub. Məktəbəqədər sinfin əsas məqsədi məktəbəqədər təhsil pilləsi ilə icbari təhsil pilləsi arasında əlaqəni təmin etməkdir. 2008-2009-cu tədris ilinin statistik məlumatlarına görə, 3843 məktəbəqədər sinifdə 97000-dən çox uşaq təhsil alıb. Məktəbəqədər siniflərə getmədən icbari məktəbə daxil olmaq da mümkündür. 7-16 yaş arasındakı uşaqlar 9-illik icbari təhsilə cəlb olunur. Ölkədə bəzən uşaqlar 6 yaşdan icbari məktəblərdə oxuyur. İcbari təhsili başa vuran gənclərin 90 faizdən çoxu 3 il davam edən orta təhsilin yuxarı pilləsində təhsil alırlar. Yuxarı siniflər gimnaziya adlandırılır. Gimnaziyanı bitirənlər həm işləmək imkanı qazanır, həm də ali təhsil almaq üçün müraciət hüququ əldə edirlər. Nazir bildirib ki, İsveçdə mövcud olan məktəbyaşlı uşaqlar üçün qayğı mərkəzləri bir sıra özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Ailə gündəlik qayğı evləri və məktəbdənkənar mərkəzləri adı ilə fəaliyyət göstərən bu qurumların əsas məqsədi uşaqlara asudə vaxtın mənalı təşkili imkanı yaratmaq və onların hərtərəfli inkişafına yardım etməkdir. M.Mərdanovun dediyinə görə, məktəbyaşlı uşaqlar üçün qayğı mərkəzlərinə məktəbəqədər siniflərdə və icbari məktəblərdə oxuyan 12 yaşa qədər uşaqlar cəlb edilir. Bu mərkəzlərin fəaliyyətinə bələdiyyələr nəzarət edir. Ölkə üzrə təxminən 330000 uşaq məktəbyaşlı uşaqlar üçün qayğı ilə əhatə olunub: “İsveçdə çoxsaylı universitet və kolleclər mövcuddur. Onlardan ən məşhurları Uppsala Universiteti, Göteborq Universiteti, Stokholm Universiteti, Lund Universiteti və Kral Texnologiya Universitetidir. Avropa Birliyi ölkələri və İsveçdən olan bütün tələbələr təhsil haqqından azaddır. Ölkədə yaşlıların təhsilinə xüsusi diqqət yetirilir. Hər il müvafiq yaş qrupundakı əhalinin təxminən yarıdan çoxu yaşlıların təhsili proqramlarına cəlb olunur”. Nazir deyir ki, məktəbəqədər təhsil 1 yaşdan 5 yaşa qədər olan dövrü əhatə edir. Məktəbəqədər təhsil məktəbəqədər və açıq məktəbəqədər təhsil müəssisələrində, eləcə də ailə gündəlik qayğı evlərində həyata keçirilir. Məktəbəqədər təhsilin məqsədi uşaqların hərtərəfli inkişafını və təlimini təmin etməkdən ibarətdir. Ölkə üzrə təxminən 800 mindən artıq uşaq məktəbəqədər təhsilə, asudə vaxtın təşkili mərkəzlərinə və məktəbyaşlı uşaqlar üçün qayğı sisteminə cəlb olunur. Onların 433 mindən çoxu məktəbəqədər təhsil müəssisələrində, 25 mini ailə gündəlik qayğı evlərində, 346 mini isə asudə vaxtın təşkili mərkəzlərində təhsil alırlar. Məktəbəqədər təhsil müəssisələrində təxminən 94 min işçi çalışır. 1998-ci ildən məktəbəqədər təhsil müəssisələrində yeni kurikulum əsasında tədris aparılır. Yeni kurikulum fasiləsiz təhsilin ilkin mərhələsi kimi məktəbəqədər təhsilin səviyyəsini yüksəltməyə xidmət edir. Məktəbəqədər təhsil kurikulumunda müxtəlif oyunların uşaqların təlim və inkişafındakı əhəmiyyəti, uşaqların fəal özünüifadə qabiliyyətinin artırılması məsələləri daha qabarıq əksini tapıb. 2010-cu ildə aparılan müəyyən təkmilləşdirmə nəticəsində məktəbəqədər təhsil kurikulumunda uşağın dil və riyazi, təbiət elmləri, texnologiya sahəsindəki bacarıqlarının inkişaf etdirilməsi məsələləri də nəzərə alınıb. Bununla da məktəbəqədər təhsil sahəsində çalışanların, müvafiq təhsil müəssisələri rəhbərlərinin qarşısında duran vəzifələr daha dəqiq müəyyən olunub: “İsveçdə icbari təhsil 9 il davam edir. Uşaqlar 7 yaşdan etibarən pulsuz icbari təhsil almağa başlayırlar. İcbari təhsilin əsas məqsədi bütün şagirdlərə ictimai həyatda fəal iştirak etmək və fasiləsiz təhsilə cəlb olunmaq üçün lazım olan bilik və bacarıqları verməkdir. Statistik məlumatlara görə, 2008-2009-cu tədris ilində icbari təhsilə cəlb olunmuş 900 min şagirdin təlim-tərbiyəsi ilə 88 min müəllim məşğul olub. Onların 90 faizi bələdiyyə məktəblərində oxuyub. Məktəbdə çətinlikləri olan şagirdlərə xüsusi diqqət verilir. Məktəb təhsili pulsuz olsa da, bəzən bir sıra xidmətlər üçün kiçik miqdarda haqq tələb oluna bilər. Məktəblərdə heç bir şagird müəllimin diqqətindən kənarda qalmır. Müntəzəm bilik testləri tətbiq edilməklə şagirdlərin müvəffəqiyyət göstəriciləri izlənilir. Təhsildə çətinliklə qarşılaşan şagirdlər qısa zamanda müəyyən edilir və onlarla müəllimlər əlavə məşğul olur, belə uşaqlara biliyin gücləndirilməsinə xidmət edən əlavə tapşırıqlar verilir. Təhsilin məzmunu kurikulum və fənn proqramları əsasında müəyyən olunur. Şagirdlərə 8-ci sinifdən başlayaraq qiymətlər verilir. Bələdiyyə (dövlət) məktəbləri ilə yanaşı, İsveçdə müstəqil məktəblər də fəaliyyət göstərir. Müstəqil məktəblərin fəaliyyətinə Təhsil üzrə Milli Agentlik tərəfindən icazə verilir. Müstəqil məktəblər bələdiyyə məktəbləri ilə eyni statusa malik olsa da, belə məktəblərdə əlavə fənlər də tədris edilə bilər. Fiziki qüsurlu uşaqların əksəriyyəti icbari məktəblərdə digər şagirdlərlə bərabər təhsil alırlar. Buna baxmayaraq, daha ciddi qüsuru olanlar xüsusi ehtiyaclı uşaqlar üçün məktəblərdə oxuyurlar. Xüsusi ehtiyaclı uşaqlar üçün məktəblərdə eşitmə, görmə, dil zəifliyi olan uşaqlara əlavə qayğı göstərilir. Belə məktəblərdə təhsil 10 il davam edir ki, bu da icbari məktəblərdə verilən təhsilə ekvivalent hesab olunur. Təlim çətinlikləri olan şagirdlər üçün məktəblərdə isə əqli qüsurlu uşaqlar təhsil alır. Təlim çətinlikləri olan şagirdlər üçün icbari təhsil 9 il müəyyən edilib”. M.Mərdanov vurğulayıb ki, İsveçdə icbari təhsili başa vuran şagirdlərin demək olar ki, hamısı orta təhsilin yuxarı pilləsində təhsilini davam etdirir. Könüllülük prinsipinə əsaslanan orta təhsilin yuxarı pilləsində də təhsil pulsuzdur. Müvafiq qaydalara əsasən, ölkədə icbari təhsili tamamlayan hər bir gənc 20 yaşının ilk 6 ayına qədər orta təhsilin yuxarı pilləsində oxuya bilər. Bu təhsil pilləsi 3 illik 17 milli proqrama bölünür. Onlardan 13-ü peşə təhsili proqramları, 4-ü isə ali təhsilə hazırlıq proqramlarıdır. Bütün proqramlar ali təhsil almağa imkan verir. Qeyd olunan proqramlardan 11-i orta təhsilin yuxarı pilləsinin ikinci ilindən başlayaraq ixtisaslaşmalara ayrılır. Pilot peşə təhsili proqramlarında tədris saatının yarısından çoxu istehsalat müəssisəsində keçirilən təcrübəyə əsaslanır. İsveç hökuməti orta təhsilin yuxarı pilləsini daha da təkmilləşdirmək məqsədilə davamlı islahatlar həyata keçirməkdədir. Bu islahatlar orta təhsilin yuxarı pilləsinin yeni strukturunun yaradılmasını, orta təhsilin yuxarı pilləsinə qəbul qaydalarını, yaşlıların orta təhsilin yuxarı pilləsində təhsil almasına dair məsələləri, peşə və ali təhsilə hazırlıq proqramlarını əhatə edir. Nazirin sözlərinə əsasən, İsveçin davamlı inkişafı, əhalinin məşğulluğunun təmin olunması, müasir texnologiyalardan istifadənin genişləndirilməsi ali təhsilin keyfiyyəti və elmi-tədqiqat işlərinin səmərəli təşkili ilə sıx bağlıdır. Ölkədə 36 dövlət və təxminən 10 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. Bütün bu ali məktəblərdə ümumilikdə, 400000-dən artıq tələbə təhsil alır, 63000-ə yaxın işçi çalışır. Ölkə üzrə orta məktəbi bitirənlərin 40 faizindən çoxu ali təhsilə yiyələnir. Ali təhsilə ayrılan illik vəsaitin ümumi məbləği 50 milyard kron təşkil edir. Bunun da 65 faizi dövlətin birbaşa ayırdığı vəsaitlərdən ibarətdir. İsveç ali təhsil müəssisələrində oxumaq üçün sənəd vermiş abituriyentlərin sayı yerlərin sayından artıq olduqda müvafiq seçim proseduru həyata keçirilir. Seçim abituriyentin orta təhsilin yuxarı pilləsi üzrə aldığı qiymətlərə, könüllü qabiliyyət testinə və ali təhsil müəssisəsinin müəyyən etdiyi meyarlara əsaslanır. Pulsuz ali təhsilin mövcudluğu İsveçi əcnəbilər üçün olduqca cəlbedici ölkə kimi şərtləndirir. Bu baxımdan yaradılmış olduqca əlverişli imkanlardan yalnız Avropa Birliyi ölkələri və İsveçdən olan tələbələr istifadə edə bilərlər. 2010-cu ilin iyun ayında İsveç parlamentində qəbul edilmiş qanuna görə digər ölkələrin vətəndaşları üçün ali təhsil pulludur. Bu dəyişikliyin əsas məqsədi ali təhsil müəssisələrinin beynəlxalq rəqabətə davamlılığını pulsuz təhsilə görə deyil, keyfiyyətə görə təmin etməkdir. İsveç əhalisinin sayına görə dövlət resurslarını elmi-tədqiqatlara ən çox yatıran ölkələrdən biridir. 2010-cu ildə elmi-tədqiqatlara 29,47 milyard İsveç kronu ayrılıb ki, bu da təxminən ölkənin ümumi daxili məhsulunun 1 faizinə yaxındır. İsveç elmi-tədqiqatlara və inkişafa ayırdığı vəsaitin həcminə görə dünyada yalnız İsraildən geri qalır: “İsveçdə tətbiq olunan modelə əsasən, elmi-tədqiqatlara yönəldilən dövlət vəsaitlərinin böyük əksəriyyəti universitetlərə verilir. İsveçdə dövlət tərəfindən maliyyələşdirilən elmi-tədqiqatların üçdə ikisi ali təhsil müəssisələrində həyata keçirilir. Mərkəzi hökumətin ayırdığı vəsaitlərlə bərabər, İsveç Tədqiqat Şurası, müxtəlif agentliklər, tədqiqat fondları, Avropa İttifaqı, bələdiyyələr, Dairə Şuraları da elmi-tədqiqat işlərini maliyyələşdirirlər. Böyük sənaye sahələrində tədqiqat və inkişafa mərkəzi hökumətdən daha çox vəsait ayrılır. 2009-cu ildə İsveçin biznes sektoru elmi-tədqiqatlara 78 milyard İsveç kronu həcmində vəsait yatırıb ki, bu da ümumi daxili məhsulun 2,6 faizini təşkil edir.

 Bir çox proqramlar, təqaüdlər vasitəsi ilə xaricdə təhsil alan İsveç vətəndaşlarının sayı ilbəil artmaqdadır. Xarici ölkə universitetlərinin verdiyi diplomlar kvalifikasiyaların tanınması üzrə qeydiyyatdan keçirildikdən sonra İsveçdə daimi işləmək mümkündür”. M.Mərdanov qeyd edib ki, İsveçdə yaşlıların təhsili əsasən, bələdiyyə əsaslı, təlim çətinliyi olanlar üçün yaşlıların təhsili və miqrantlar üçün İsveç dilindən təhsilə əsaslanır. Bələdiyyə əsaslı yaşlıların təhsilinin əsas məqsədi cəmiyyətdə və iş həyatında iştirak etmək üçün yaşlılara müvafiq bilik və bacarıqlar verməkdir.

 Təlim çətinliyi olanlar üçün yaşlıların təhsilinin əsas məqsədi əqli qüsura malik olan yaşlılara orta məktəblər səviyyəsində bilik və bacarıq aşılamaqdan ibarətdir. Miqrantlar üçün İsveç dilindən təhsilin əsas məqsədi isə yaşlı miqrantlara İsveç dili üzrə əsas bilikləri öyrətməkdir. Tamamlayıcı təhsil dövlət təhsil sistemi yaşlıların iş və peşə sahələri üzrə bilik və bacarıqlarının artırılmasına və ənənəvi peşə bacarıqlarının qorunmasına xidmət edir. Yaşlıların təhsilinin digər formalarından fərqli olaraq, bu təhsil fiziki şəxslər və ya təşkilatlar, özəl idarələr tərəfindən də təşkil oluna bilər.

Yaşlıların humanitar təhsili İsveç cəmiyyətində böyük bir ənənəyə malikdir. Bu təhsilə əhalinin öz həyat səviyyəsinə təsir etmək imkanlarının genişləndirilməsi və ayrı-ayrı fərdlərin cəmiyyətin inkişafındakı məsuliyyət hissinin artırılması daxildir. Demokratiyanın inkişafı, mədəni həyata olan marağın artırılması və ictimai həyatda iştirak səviyyəsinin yüksəldilməsi yaşlıların humanitar təhsilinin əsas məqsədlərindəndir. Yaşlıların humanitar təhsili xalq orta məktəbləri və tədris assosiasiyaları tərəfindən təşkil olunur.

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2012.- 15 dekabr.- S.14-15.