Müdrik kəlamlar aləmi...
Hikmət
sirdaş olub qala biləydi,
Zəngli
saat kimi çala biləydi,
Gen gündə gün kimi aydın olanı
Məqamda yadıma sala biləydi.
Əbu Turxan
Müdrik
kəlamlar müdriklərə
məxsusdur: xalqın
içindən çıxan,
xalqın adından danışan, xalqlaşan
müdriklərə. Hikmətlərilə
insanları heyrətləndirən,
möcüzələr aləminə
uğurlayan müdriklər!
Dünya
fikir tarixində qoyulmuş belə əbədi izlər sırasında Əbu Turxan hikmətinin də əvəzsiz yeri vardır.
“Əbu Turxanın hikmət dünyası:
Prof. Dr. Səlahəddin Xəlilovun
təqdimatında” kitabı
min illərdən gələn,
“gen gündə gün
kimi aydın olan” hikmətləri səs-küydən rahatlıq
tapmayan, ağız deyəni qulaq eşitməyən bu narahat dünyamızın
yadına salır. Səlahəddin Xəlilov türk-islam
dünyasının fikir
xəzinəsi olan Əbu Turxan hikmətlərini zamanın
dərinliyindən, ruhun
sakitliyindən bugünümüzə
ərməğan gətirir,
nəsihətə, hikmətə
ehtiyacı olan müasir dünyanın diqqətinə çatdırır.
Biz Əbu Turxanın tarixi şəxsiyyət kimi varlığı, yaşadığı dövr
və milli mənsubiyyəti məsələsinə
qarışmadan, bu məsələdə Səlahəddin
Xəlilova etibar edir və “fikrin
məkanı və zamanı olmur” hikmətinə tabe oluruq. Əsas odur ki, Səlahəddin Xəlilov
Əbu Turxan hikmətlərini Azərbaycan
dilinin bütün zənginliyindən bəhrələnərək
çox gözəl çatdırır, ruhən,
mənən bu hikmətlərin müəllifinə
çevrilir. Belə də
olmalıdır. Çünki Əbu Turxanın fəlsəfi ruhu XXI əsrin azərbaycanlı
filosofu – Səlahəddin
Xəlilova doğmadır,
onun ruhunun dilində danışır,
onun kimi düşünür, onun
qəlbinin bir parçasıdır. Bəlkə də
bu türk-islam fəlsəfə məktəbində
bir varisliyin, kəsilməzliyin və keçmişdən gələcəyə
əbədi fikir köçünün və
körpüsünün bariz
sübutu, əyani nümunəsidir. Necə
deyərlər:
Ruhu ruhumdandı, dili dilimdən,
Sanki qonaq gəlib
qədimliyimdən.
Səlahəddin Xəlilovun fəlsəfəyə
yeni yanaşması “Əbu Turxanın hikmət dünyası” kitabında geniş oxucu kütləsinə təqdim olunur. Əbu Turxanın
hikmət dünyasına,
onun aforizmlərinə
səyahətdən başlayan
müəllif yazır
ki, aforizmlər hikmətlə doğmalaşan
fəlsəfi təlimlərin
təməlindən daha
çox, nəticələri,
xülasəsi kimi ortaya çıxır və yaddaşlara həkk olunur. Yığcam
aforizmlər geniş əhali təbəqəsinin
yaddaşında yaşayır,
kütləviləşir, dillər
əzbəri olur.
Yəqin
bunun nəticəsidir
ki, atalar sözləri, zərb-məsəllər,
aforizmlər nəsildən-nəslə
keçərək indiyədək
yaşayır və ötən əsrlərin
ruhu bu aforizmlərin
qanadlarında günümüzə
gəlib çıxır.
Gəlir
və bizi də öz keçmişimizə, babalarımızın
min illər ərzində
ucaltdığı möhtəşəm
fikir səltənətinə,
ruhun seyrangahına dəvət edir. Ruhumuz nəsillərin təmasından
yeni qida alır, özünə qayıdır, milli varlığımızın itməsi
təhlükəsinin aradan
qalxmasına xidmət
edir.
Mən Səlahəddin Xəlilovu
çoxdan tanıyıram:
yaxşı bir alim, Universitet rektoru, Milli Məclisin deputatı,
AMEA-nın müxbir üzvü və bir həmkar kimi. Amma indi görürəm
ki, əsl Səlahəddini mən tanımırammış. Bizlərdən biri saydığımız
bu sadə insanın necə böyük bir hikmət potensialına malik olduğunu, Şərqin böyük mütəfəkkirlərinin, müdriklərin
varisi olduğunu mən indi başa
düşdüm. Sadəlikdə gizlənmiş bu dərinliyi adi gözlə görmək mümkün olmur. Bunu görə bilmək üçün gərək
onunla hikmət dünyasına səyahətə
çıxasan. Bu səyahətin bələdçisi
isə “Əbu Turxanın hikmət dünyası”dır.
Səlahəddin Xəlilov bu kitabında əsrlərin
sınağından çıxmış
və həqiqət yolunu nişan
verən, düzü əyridən, haqqı nahaqdan seçən müdrik fikirləri toplamışdır. Kitabın bir
üstünlüyü də
odur ki, müəllif insan həyatının müxtəlif
sahələrinə aid olan
hər bir fəslə giriş mətni yazmış, mövzuları sadəcə
aforizmlər vasitəsilə
deyil, həm də fəlsəfi təhlil səviyyəsində
işıqlandırmışdır.
Görünür məhz buna
görədir ki, biz bu kitabı oxuyanda aforizmlərlə çağdaş fəlsəfi
fikir arasında, Əbu Turxanla Səlahəddin Xəlilov
arasında aparılan
dialoqun, müzakirənin
şahidi oluruq. Bu iki mütəfəkkirin
müzakirəsi, söhbəti
əsasında ötən
əsrlərin hikmətlərinə
müasir dünyanın
reallıqlarında, həqiqətlərində
baxılır. Şərqdə
və Qərbdə indiyədək bəlli olan fəlsəfi sistemlərin hamısından
fərqli, hər iki təfəkkür üsulunu özündə
ehtiva edən universal bir təlimin müəllifi kimi təqdim olunan Əbu Turxan yaradıcılığı Səlahəddin
Xəlilovun kitabında
yenidən canlanır və müasirləşir,
yeni nəslin ixtiyarına verilir.
Səlahəddin Xəlilov yazır ki, “hər hansı
bir aforizm nə qədər gözəl olsa da, fikir kontekstindən
ayrılmış, məcrasından
çıxmış haldadır. Onun gözəlliyi
ancaq dərilmiş bir qönçənin gözəlliyi ilə müqayisə oluna bilər. Bu qönçənin
açması üçün
onu suya qoyurlar. Fikir də ancaq yenidən münbit mühitə qaytarıldıqda
bəhrə verə bilər”. Müəllif Əbu Turxanın
əsrlərin süzgəcindən
keçib gələn
fikirlərini başqa
fikirlərlə ünsiyyətə
qovuşdurur, canlandırır,
yeni fikirlərin yaranmasına nail olur, fəlsəfə və hikməti görüşdürür.
Bəzən oxucu bu görüşdə zaman
və məkanı unudur. Əbu Turxan hikməti
oxucunu özünə
tanıdır, mənəviyyatına,
düşüncəsinə ayna olur. Oxucu da Səlahəddin Xəlilov kimi Əbu Turxanla eyni bir zamanı
və məkanı bölüşür.
“Dünyanın mənalandırılması”,
“İnsan və dünya”, “Dünyanın mənası və həyatın mənası”,
“İnsan”, “Mənəviyyat”,
“Din, inam, iman” və s. başlıqlarda toplanan müdrik kəlamlar fəlsəfi şərhlərlə müşayiət
olunur. Səlahəddin Xəlilov sanki
ötən əsrlərin
fəlsəfə dünyasının
tərcümanı rolunda
çıxış edir,
dərk olunmuş hikməti – fəlsəfəni
oxucuya çox sadə, anlaşıqlı
şəkildə təqdim
edir. Müəllif qeyd edir ki, hər bir
problemin açılışını
insanın maraq dairəsinə qədər
yaxınlaşdıra bilən
fəlsəfə hikmətlə
eyniləşir. Əbu Turxanın
təlimində fəlsəfədən
hikmətə, hikmətdən
də fəlsəfəyə
keçid yollarının
açıq olduğu
üzə çıxır,
bu iki təfəkkür
səviyyəsinin əlaqə
və vəhdəti aşkarlanmış olur.
İnsanın “iç dünyasına
səyahət” edən
Əbu Turxan fəlsəfəsi müasir
filosofun şərhində
daha işıqlı,
daha aydın olur, sanki hikmət
fəlsəfəsi özünün
böyüklüyünü, hələ də canlı olduğunu dərk edir. Özünüdərklə dünyanı dərk
arasında körpü
qurulur, insan öz daxili aləminə səyahətə
çıxır. Səlahəddin
Xəlilov yazır ki, insan özünü
olduğu kimi dərk etməyə çalışsa da, bu elə də
asan məsələ deyil, çünki iç dünyasını
göstərən ayna
tapmaq çətindir,
üstəlik özünü
tanımaq heç də hamıya sərf etmir.
Səlahəddin Xəlilov deyir: “İnsan özünü qapalı olduğu vaxtda, tənhalıqda, ayrılıqda deyil, ancaq dünya ilə münasibətdə dərk edə bilər. Dünya iki fərqli vəziyyətdə öyrənilir: insanın müdaxiləsi olmadan, obyektiv şəkildə; bu –elmin funksiyasıdır. Bir də İnsanın, “Mən”in iştirakı ilə yaşanan, yəni insanlaşmış, “mən”ləşmiş dünya, – bunu öyrənmək ədəbiyyatın, sənətin funksiyasıdır”.
“Fəlsəfə və hikmətin görüş məqamı”ndan aydın olur ki, Əbu Turxan fəlsəfi təlimi “mən” anlayışının təhlilindən keçir. Əbu Turxan təlimi “Yer-göy, zaman-məkan”, “Tale-həyat, ölüm”, “Gözəllik, məhəbbət”, “Ailə, qadın, kişi”, “Dostluq”, “Tarix, cəmiyyət, şəxsiyyət”, “Dövlət, millət, vətən”, “İdeya, hikmət, fəlsəfə”, “Ziyalılıq, müdriklik, dahilik”, “Zəka, ağıl, hiss”, “Dil, nitq, söz”, “Ədəbiyyat və incəsənət”, “Azadlıq, haqq, ədalət”, “Həqiqət və bilik”, “Elm, təhsil, kitab”, “İş və əməl”, “Güclü-zəif, aqil-cahil”, “Ruh və bədən”, “Var-dövlət” mövzularının hər birində fərqli məzmun və formada üzə çıxır.
Kitabın ən mühüm xüsusiyyətlərindən biri hikmətli fəlsəfənin qısa, lakonik, eyni zamanda aydın təqdim olunmasıdır. Filosof Səlahəddin Xəlilov klassik Şərq fəlsəfəsi və Şərq hikmətinin fikir yükünü müasir dövr insanının başa düşdüyü dildə təqdim edir, əsrlər arasında, düşüncə tərzində sərhəd götürülür. Müəllif folkloru, etnoqrafiyanı üslubda yaşadır, Azərbaycana məxsus qədim fəlsəfi fikir ənənəsini XXI əsrdə dünya fəlsəfə incisinə çevirməyə nail olur, dünyaya, elmə, fəlsəfəyə yeni yanaşma ortaya qoyur. Əsrlərdən gələn fəlsəfəni bugünkü həyatımızın gerçəkliyi prizmasından keçirərək müasir oxucunun başa düşdüyü anlayışlarla çatdırır: “Xaosun da görə bilmədiyimiz bir ahəngi var, daha doğrusu, Allah tək təbiətdə, insanlarda deyil, həm də sonsuz kainatda, əbədiyyətdə, qaranlığın dərinliklərində təzahür edir. O hansı isə bir nizamın təzahüründə, xaosun artıq xaos olmadığı üzə çıxanda özünü biruzə vermiş olur”. Səlahəddin Xəlilov yazır: “Başqa sözlə desək, bizə qaranlıq kimi, qarışıqlıq kimi, yarımçıqlıq və naqislik kimi görünənlərin də bətnində bir işıq, bir xalislik, bütövlük, kamillik gizlənmiş ola bilər. Sadəcə onlar adi gözlə görünmür və real həyatda asanlıqla üzə çıxmır. Daha dərin qatda gizlənmiş bu proqramın aşkarlanması üçün daha parlaq işıq lazımdır”. İnsanın “xarici aləmi əqllə, daxili aləmi imanla işıqlanır”.
Səlahəddin Xəlilovun təqdimatında “Əbu Turxanın hikmət dünyası kitabı” elə bir dəryaya bənzəyir ki, bura baş vuranda çıxmaq çətindir, bu kitab bir şüşə kimidir, – dünyanı oxucuya göstərir, bu kitab ayna kimidir, oxucunu özünə göstərir.
Mən bir tarixçi kimi Səlahəddin Xəlilovun bizə təqdim etdiyi “Əbu Turxanın hikmət dünyası” kitabına hər dəfə diqqətlə nəzər saldıqda, burada fikirlərin qədimliyi ilə dilin doğmalığı və müasirliyi arasında bir ülfət, ittifaq görürəm və hər dəfə də belə qənaətə gəlirəm ki, bu aforizmlər nə vaxt və harada yazılmış olursa olsun, sanki bu gün yazılmışdır və sanki içimizdəki qədimliyi üzə çıxarmağa xidmət edir. Lakin bugünkü adamın fikrin qədimliyinə və dərinliyinə bu dərəcədə rahat səyahət etməsi məni heyrətləndirir. Məndən yaşda xeyli kiçik olan Səlahəddin Xəlilovun özü də nəzərimdə qədimləşir və mən onu neçə min illərin fikir tarixindən bizim zəmanəmizə təşrif gətirmiş elçi kimi görürəm. Onun bu əsəri milli ruhun canlı təcəssümü, fəlsəfi fikir potensialımızın baharı və hikmət çələngidir.
Akademik Teymur Bünyadov
525-ci qəzet.-
2012.- 20 dekabr.- S.4.