Dünyanı dağıtmaq istəyən
kimlərdir?
Yer kürəsində həyatın sona çatması ilə bağlı yayılan informasiyalar nədən qaynaqlanır? Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü , “Akademik Yusif Məmmədəliyev adına mükafat”ın laureatı Arif Zəngişalı ilə (Arif Quliyev) söhbətimiz də bu barədədir.
– Arif müəllim, söhbətlərinizdə informasiyanın qeyri-adi gücə malik olmasından, onun həyatımızdakı rolundan tez-tez söhbət açırsınız. Oxucularımıza bu barədə nə deyə bilərsiniz?
– İnformasiya təkcə insanlar üçün deyil, bütün canlılar üçün həyati əhəmiyyətə malik bir amildir. İnformasiyasız həyat yoxdur.
Mən deyərdim ki, əksər informasiyalar özünümüdafiə instinktinə, həyatda qalmaq, yaşamaq instinktinə xidmət edir. Biz informasiyaların bolluğunda üzürük. Onları gözümüzlə, qulağımızla, hiss və lamisə üzvlərimizlə əldə edirik. İnsanın informasiya almağa ehtiyacı olduğu kimi, informasiya ötürməyə də təbii tələbatı var. Hər iki halda informasiya insanın həyatda qalmasına xidmət edir. İnsanlar qeybət etməyin pis əlamət olmasını, hətta günah olmasını bilə-bilə yenə də qeybətləşirlər. Çünki bu insanın xislətindən gələn xasiyyətdir. İnsan təbii halında özünü tərifləyib, başqalarını pisləməyə, başqa sözlə, qarşı tərəfi aşağılamaqla özünü yüksəltməyə meyllidir.
Odur ki, bütün insanlar tərifdən xoşlanır, tənqiddən hiddətlənirlər. Ümumiyyətlə, əksər ictimai, insani münasibətlərin təməlində özünü müdafiə, yaşamaq uğrunda mübarizə instinkti dayanır.
– Söylədiklərinizin dünynın sonu ilə bağlı yayılan informasiyalarla nə əlaqəsi var?
– Loru dildə desək, sizin bəhs etdiyiniz informasiya körüklənən informasiyadır. Elə onun dünya miqyasında böyük rezonansa səbəb olması da bundan irəli gəlir. Bu informasiynın həm üfiqi, həm vertikal yayılmasının səbəbi də budur. İnformasiyalar müəyyən enerjiyə malikdirlər. Həmin enerjinin həcmini şərtləndirən amillər isə kifayət qədərdir. İnformasiyanın faydalı, gərəkli, əhəmiyyətli olması, demokratiyanın inkişafı, əhalinin mentaliteti, intellektual səviyyəsi, sosial vəziyyəti, yaşı , cinsi və s. informasiyanın yeni məzmun kəsb etməsinə və beləliklə də enerjisinin dəyişməsinə təsir edən amillərdir.
Bir ölkədə böyük sensasiya doğuran bir informasiya başqa bir ölkədə heç bir reaksiyaya səbəb olmaya da bilər. Dünyada bəzi informasiya vasitələrinin iflasa uğramasının səbəbi də odur ki, həmin KİV sahibləri fəaliyyət göstərdikləri ərazidə hansı informasiyaların enerjiyə malik olmasını düzgün müəyyənləşdirə bilmirlər.
Eyni xəbər bir nəfərə bir cür, on nəfərə başqa cür, on min adama tamam başqa cür təsir göstərir. İnsanların sayı toplumda keyfiyyət dəyişkənliyinə səbəb olduğu kimi, informasiyanın enerjisini də dəyişir.
Bilirik ki, enerji itmir, o ancaq bir növdən başqa növə çevrilir. Bu çevrilmələr yeni hadisələrlə müşahidə olunur. Yeni hadisələrə rəvac verməyən, səbəb olmayan, dəyişikliklik yə zəmin yaratmayan informasiyalar yükü və kütləsi olmayan zərrəciklərə bənzəyirlər.
Dünyanın məhv olacağı barədə yayılan şayiələrə gəlincə isə onu deyə bilərəm ki, belə şayiələr dəfələrlə yayılıb. Bir vaxtlar uzaq qalaktikalar arasında “Qara dəlik” deyilən bir obyektin peyda olduğunu və bütün ulduzları udacağı barədə, “Ozon dəliyi”nin böyüyərək yerdə canlıları məhv edəcəyi, Halley kametinin Yerlə toqquşaraq onu parçalayacağı, Qırmızı tozlu qanadlı planetin Yerdə həyatı məhv edəcəyi, istilik effekti və s. barədə çox eşitmişik. Amma bütün bunlar bu qədər vahiməyə səbəb olmadı. Ona görə ki, həmin informasiyalara marağı olan, onu yayıb mənfəət əldə etmək istəyənlər çox deyildi.
Dekabrın 21-də dünyanın qaranlığa qərq olacağı, sonra havanın kəskin soyuyacağı və nəhayət, istilərin düşəcəyi və Yer üzünü su basacağı haqqındakı şayiələrin isə yayılmasında çoxları maraqlı idilər. İnformasiyanın tərkibinə diqqət yetirsək görərik ki, bu şayiələr bir neçə maraqlı tərəfin deyil, on minlərlə insanın sürətlə varlanmasına xidmət edən bir informasiyadır. Elə o qədər də adam həmin şayiələrin yayılmasına yardımçı olublar.
Şayiələrə görə dünya birdən-birə dağılmayacaq.
Əvvəlcə bir neçə gün zülmət çökəcək.
Qaranlıqda qalmamaq üçün
nə etmək lazımdır? Təbii ki insanlar şam,
çıraq, neft,
generator, akkumlyator, fanar
və s. almalıdırlar. Amma bununla iş bitmir. Deyirdilər ki, sonra kəskin soyuqlar düşəcək. Donmamaq üçün
qızdırıcılar, yanacaq,
şaxtaya davamlı örtüklər, ərzaq
və sair tədarük edilməlidir.
Bununla da iş bitmir. Şayiə yayılmışdı ki,
buzlaşmadan sonra güclü istilər düşəcək və
onun ardınca daşqınlar olacaq ... İstidən qorunmaq üçün, suda batmamaq üçün də nəsə eləmək, çoxlu pul xərcləmək tövsiyə olunurdu.
– Dünyanın bir çox ölkələrində
özü, ailəsi üçün qayıq-gəmi
düzəltdirənlər də, suda batmamaq
üçün dağlara
dırmaşanlar da oldu..
– Şayiələrə rəvac
verənlər gah mayalıların təqviminə
(b.e.ə.3114-b.e.2012)
əsaslandıqlarını bildirir, gah buddistlərin
dini lideri Dalay Lamanın sözlərini əsas gətirir, gah da planetlərin paradı zamanı dünyanın zülmətə
qərq olacağını
söyləyirdilər. Amma onlardan
soruşan olmurdu ki, mayalılar belə uzaqgörən idilərsə niyə özlərinin məhv olacaqları günü görməyiblər?
ABŞ-ın “NASA”-Kosmosu tədqiq eləyən, kainatı öyrənən,
yaxın-uzaq planetlərə
peyiklər-raketlər göndərən
nəhəng elmi- tədqiqat mərkəzi bu
şayiələrin əsassız
olduğunu bildirdi. Dalay Lama da
yaxasını kənara
çəkdi. Amma biz
yenə şam, suxarı və s. almaqda davam edirik . Niyə? Ona görə ki,
informasiyaların kütləsi olmasa da, “ətalət”ə malikdir. Əyləci basandan sonra
belə bir müddət “yol gedir”.
– Elə hesab edirəm ki, bu şayiənin yayılmasında KİV-lərin
də rolu az olmadı.
– Bazar iqtisadiyyatı tələb edir ki, oxucunun, tamaşaçının
tələbatını, istəyini
nəzərə alasan.
İnsanlar sensasiya axtarırlar.
Bu da sensasiya...
Bunun başqa bir səbəbi isə eşidilən informasiyanın təhrif olunmasıdır. Hər kəs aldığı informasiyanı özününküləşdirərək yayır. İnformasiyalar mahiyyət etibarilə amorf maddələrə bənzəyir. İnsanlar özlərinə xoş gəlməyən , zərərli informasiyaları qəbul edirlər, lakin heç zaman onları gözdən salan, aşağılayan, gücsüz , ağılsız və s. göstərən, onlara zərər verə biləcək informasiyaları yaymırlar. Bu, ümumdünya qanununun- özünü müdafiə və yaşamaq, instinktinin nəticəsidir.
Sevil
QULUBƏYOVA
525-ci qəzet.- 2012.- 21 dekabr.- S.8.