“İdman”
– idman salnaməmiz, idman jurnalistikası məktəbidir
Ötən ilin söhbətidir. Mayın 31-də 33 idman şərhçisini
Mətbuat Şurasına
dəvət etmişdik.
“Dəyirmi masa”mız
Azərbaycan futbolunun
100 illik yubileyinə həsr olunsa da, sıradan bir tədbir deyildi. Eyni zamanda nəsillərin
görüşü idi.
Zalda ömür-gününün ən
azı 40 ilini idman jurnalistikasına bağlamış məşhur
imza sahibləri gənc həmkarları ilə üzbəüz əyləşmişdilər. Maraqlı vəziyyət yaranmışdı.
İkincilər birinciləri dinləməyə
daha çox üstünlük verirdi.
Bu, təkcə yaş və staj fərqinə ehtiramdan qaynaqlanmırdı.
Gənclər idman jurnalistikamızın
canlı salnamələrindən
həmişə, hər
yerdə öyrənmə
və faydalanma imkanını bu dəfə də əldən vermək istəmirdilər. Onlar sanki
sözü bir yerə qoyublarmış kimi hər dəfə
ahıl həmkarlarının
dinlənilməsinin vacibliyini
dilə gətirirdilər.
İştirakçıların kimliyinə, çıxışlarına
diqqətlə nəzər
salarkən mənə
elə gəldi ki, sanki “İdman”
qəzeti yazarlarının
görüşündəyəm.
Əksəriyyəti keçilən yolun təhlilini verərkən, orijinal epizodları xatırlayarkən,
xüsusi diqqəti çəkən yazılarından
danışarkən “İdman”
qəzetinin adını,
nə vaxtsa həmin nəşrin əməkdaşı olduğunu
böyük fərəh
hissilə vurğulayırdı.
Məşhur media təmsilçilərinin bizi ən azı
30-40 ilin dərinliklərinə
çəkib aparan xatirələrindən məntiqi
qənaətə gəlirdim
ki, bəli, vaxtilə “İdman”ı yaradanlar qəzeti ictimaiyyətə nəinki
sevdirməyi bacarmışdılar,
ona eyni zamanda idman jurnalistikamızın
bayraqdarı, məktəbi
imicini də qazandıra bilmişdilər.
Yaxşı yadımdadır ki, ötən əsrin
60-cı illərində boya-başa
çatdığım Gürcüstanın
Faxralı kəndinə
də qəzetin sayları müntəzəm
gəlirdi. Materiallarının hər biri sonuncu nöqtəsinədək
oxunurdu. Maraq ilk növbədə
ondan irəli gəlirdi ki, Azərbaycan futbolunun bayraqdarı “Neftçi” şöhrət zirvəsinə
doğru istiqamət götürmüşdü. Komandada, ümumiyyətlə Azərbaycan
idmanında nələr
baş verir, hansı uğurlara imza atılır – bütün bunlar barədə “İdman”dan dolğun məlumatlar alırdıq. Onda azərbaycanlı
idmançıların digər
növlərdə, xüsusilə
sərbəst və klassik güləşdə,
voleybolda, qılıncoynatmada...
əldə etdikləri
qələbələr barədə
oxumaq hamımızda iftixar hissi oyadırdı.
Sonradan Bakıda və respublikamızın digər
bölgələrində 120 min tiraja malik mətbu
nəşrin necə sevildiyinin, hər sayının sürətlə
satıldığının, diqqətlə mütaliə
edildiyinin şahidi oldum.
Qəzetçilikdə ictimai nüfuzu formalaşdırmağın başlıca
şərti istedadlı,
məsuliyyətli jurnalistləri
bir yerə cəmləşdirməkdən keçir. Lakin bu insanların
da bəxti o zaman gətirir ki, qabiliyyətlərinin nümayişi üçün
münbit şəraitə
düşsünlər. “İdman”, redaksiya
əməkdaşları bu
mənada daim qibtə ünvanı kimi barmaqla göstəriliblər.
Mən bunu qəzetin 1950-1987-ci illərdə redaktoru olmuş, təkrarsız təşkilatçılığı, səmimiyyəti, qayğıkeşliyi
və tələbkarlığı
ilə idman jurnalistlərimizin bütöv
bir nəslinin yetişməsində xidmətlər
göstərmiş Mirpaşa
Miriyevə həsr olunmuş “Bizim təmkinli əzizimiz” kitabının Mətbuat Şurasındakı təqdimat
mərasimində bir daha yəqin etdim. Övladı Ulduz xanım
təşəbbüs göstərib
atası ilə bağlı xatirələri
bir nəşrdə cəmləşdirmişdi. Dostları, tanışları M.Miriyevdən
bəhs edərkən
“İdman” qəzetinin
adı hər dəfə qoşa çəkilirdi. Tədbirdəki çıxışlarda birmənalı
surətdə vurğulanmış
fikrə mən də şərikəm ki, “İdman” idman jurnalistlərimizə
Mirpaşa müəllimin
və həmkarlarının
əmanət qoyub getdikləri çox qiymətli irsdir. Onun saylarından boylanan idman salnaməmizin yaradıcıları
sırasında Aqşin
Kazımzadə kimi haqq dünyasında olanlar, bu gün
də istedad və təcrübələrini
Kütləvi İnformasiya
Vasitələrində səxavətlə
bölüşən Oqtay
Bayramov, Məzahir Süleymanzadə və başqaları vardır.
On illərin ənənəsinin
müasir gəncliyin timsalında yaşadılması
“İdman”ın 100-ə doğru
qətiyyətli addımlarının
zəmanətçisidir. Yeni yubileylərinizi görək ,əziz dostlar.
Əflatun AMAŞOV
Azərbaycan Mətbuat Şurasının
sədri
525-ci qəzet.-
2012.- 21 dekabr.- S.4.