Gəncliyimin ağsaqqalı

 

 

 

İsmayıl İsmayılovu (26.6.1947-21.4.2010) anarkən

Tələbə yoldaşım Südabə xanım zəng etdi. Əzizimiz İsmayıl haqqında yazı yazmağımı istəyirdi. Beş illik tələbə həyatımı gözlərim önünə gətirməyə çalışdım və heyrət etdim – demək olar ki, hər şey yadımdan çıxmaqdadır: tələbə yoldaşlarımın ad-soyadlarından, sifətlərindən tutmuş yaşadığımız ən önəmli hadisələrədək. Ancaq yadıma düşənlərin hamısından hökmən İsmayılın gülər üzü boylanır!..

 

lll

 

1969-cu ilin iyul ayıydı. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) jurnalistika fakültəsinin qiyabi şöbəsinə ədəbiyyatdan şifahi imtahan verirdik. İmtahanı professor Pənah Xəlilov və adlarını indi unutduğum bir neçə müəllim götürürdü. Pənah müəllim cavab verəcək növbəti abituriyenti çağırdı:

– İndi İsmayıl gəlsin.

İki oğlan eyni vaxtda ayağa qalxdı. Müəllim dedi:

– İsmayıl İsmayılov gəlsin.

Oğlanların ikisi də İsmayıl İsmayılov olduğunu bildirdi. Belə olanda Pənah müəllim siyahıya baxıb İsmayıl Yolçu oğlu İsmayılovu çağırdı.

Gənclərdən biri qabağa çıxdı və oturub cavab verməyə başladı. Bütün sualları əla cavablandırıb “5” aldı. O biri  İsmayıl İsmayılovun da qiyməti “əla” oldu. Mən də “5” alıb çıxdım. Gördüm ki, İsmayıllar dəhlizdə söhbət edirlər. Onlar da mənim qiymətimlə maraqlandılar. Bizimlə birlikdə bizdən yaşca çox böyük olan şair Tacəddin Şahdağlı (Məmmədov) da imtahan verirdi. O da “5” alanlardandı. Beləcə dördümüz tanış olaraq qalan imtahanlara birgə gedir, imtahanqabağı sorğu-sual edirdik.

Dördümüz də yüksək bal toplamışdıq. Ancaq təkcə Tacəddin Şahdağlı qəbul olundu. Sonralar doğruluğuna çoxlarını çətinliklə inandıra bildiyim bir hadisə baş vermişdi – jurnalistika fakültəsinin qiyabi şöbəsinə hətta dörd dənə “3”-lə yalnız redaksiya və nəşriyyatlarda işləyənləri qəbul etmiş (Tacəddin müəllim də Qəbələdəki “Qalibiyyət” qəzetinin əməkdaşıydı), bizim kimi yüksək ballı, ancaq ixtisas üzrə stajı olmayanları qıraqda qoymuşdular.

Ruhdan düşmədik. Bir ay sonra – avqustda sənədlərimizi artıq “küsdüyümüz” jurnalistikaya deyil, filologiya fakültəsinə verdik. Bu dəfə   iki  “5” və iki “4” alaraq qəbul olunduq. (O biri İsmayıl İsmayılov, yanılmıramsa, kitabxanaçılıq fakültəsinə girdi və sonradan onunla əlaqəmiz kəsildi).

Mən İsmayılla eyni qrupa düşdüm. Bir neçə gün sonra məni qrup başqanı qoydular və İsmayıl mənim “tabeliyimdə” oldu. Ancaq ikinci kursda hərbi dərslərə başlayarkən artıq əsgərliyini çəkmiş İsmayıl bölük komandiri seçildi və bu dərslərdə mən onun “tabeliyinə” keçdim.

Dərslərimiz ozamankı “Kommunist”, indiki “İstiqlaliyyət” küçəsində yerləşən bugünkü İqtisad Universitetinin binasında keçirilirdi. Bu binada çar dönəmində gimnaziya yerləşmiş, böyük maarifçi Həsən bəy Zərdabi onun səhnəsində Azərbaycan teatrının özülünü qoymuşdu. Sonralar Bakı Dövlət Universiteti bu binaya köçmüşdü. Sovet dönəmində Xalq Təsərrüfatı İnstitutunu – İqtidad Universitetinin sələfini də buraya gətirmişdilər və biz “Narxoz” uşaqlarıyla birgə oxuyurduq (girişimiz və mərtəbələrimiz ayrıydı). Əlbəttə, belə tarixi bir ocaqda təhsil almağın özü çox böyük şərəfdi.

Onu da deyim ki, biz – 1974-ün məzunları bu binada oxuyan sonuncu Universitet (o zaman Azərbaycanda bircə universitet vardı) tələbələri olduq. Həmin ilin sentyabrından filologiya fakültəsi Yasamaldakı indiki binaya köçdü.

O zaman Universitetin Yasamalda 6 yataqxanası vardı. Birincisində hərbi kafedra yerləşirdi, ikinci və üçüncüsündə oğlanlar, dördüncüsündə qızlar, beşinci və altıncısında  dünyanın hər yerindən, özəlliklə Vyetnam və Kubadan gələn əcnəbi tələbələr yaşayırdı. Biz üçüncü yataqxanada qalırdıq. Mən, İsmayıl İsmayılov və jurnalistika fakültəsinin iki tələbəsi: kürdəmirli  Ayatxan İsgəndərov, naxçıvanlı Əşrəf Hümmətov bir otağa düşmüşdük. İsmayılla Əşrəf “ağsaqqallar”dı – əsgərlik çəkib gəlmişdilər. Çox mehriban dolanırdıq. Ancaq yataqxana hədsiz səs-küylü olduğuna görə mən birinci kursu bitirər-bitirməz oranı tərk edib kirayədə yaşamağa başladım. Buna baxmayaraq, köhnə yataqxana yoldaşlarımla yenə sıx əlaqəm vardı.

Müəllimlərimiz Azərbaycan ziyalılarının qaymağıydı. Onlar xalqımızın yetişdirdiyi, Azərbaycan elminin bu gün də fəxr etdiyi böyük alimlər, azman şəxsiyyətlərdi. Məsələn, fonetikanı bizə dekanımız prof. Ağamusa Axundov, leksikologiyanı prof. Səlim Cəfərov, morfologiyanı prof. Muxtar Hüseynzadə, sintaksisi professorlar Əlövsət Abdullayev və Yusif Seyidov, dosent Ağaməli Həsənov, türkologiyanı prof. Fərhad Zeynalov, dil tarixini prof. Tofiq Hacıyev, dialektologiyanı prof. Abdulla Vəliyev, ümumi dilçiliyi prof. Musa Adilov... öyrədirdi. Ədəbiyyatşünaslığın müxtəlif qollarını və dövrlərini peyğəmbərcəsinə şəxsiyyətiylə bütün tələbələri ovsunlamış akademik Məmməd Cəfər, professorlar Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Mircəlal Paşayev, Əkbər Ağayev, Firidun Hüseynov, Qulu Xəlilov və başqa müəllimlər keçirdi, ancaq peşəcə həkim olan Əli Fəhminin Füzulidən keçdiyi xüsusi kursu unutmaq mümkün deyil. Bu kişilərin hər biri mütəxəssis və insan kimi yetişməyimizdə böyük rol oynayıb.

İsmayıl məndən bir neçə yaş böyükdü və onu gerçəkdən ağsaqqalım sayırdım. Bir çox məsələlərdə mənə müsbət təsir göstərmişdi. Bir-iki örnək. İlk kursda oxuduğumuz zaman küçədə onunla gəzərkən ara-sıra qızlara söz atardım. Bunun pis vərdiş olduğunu bildirən İsmayılın tələbiylə söz atmağı tərgitdim. Bir dəfə univermaqda özümə sapsarı rəngdə gödəkçə seçərkən özünə məxsus yumorla elə tənqid etdi ki, bir də həyatım boyunca o rəngdə paltar almadım. Sonrakı bütün təhsil illərində də ondan yalnız doğru və faydalı məsləhətlər eşitdim, dediklərinə qulaq asdım, heç zaman da peşman olmadım.

Bizim kursa (536 və 538-ci qruplar) 50 nəfər qəbul olunmuşdu, hamısı da yaxşı oxuyurdu. Rüşvət söhbəti müəllimlərin də, tələbələrin də heç ağlına gəlməzdi. İsmayılla mən də əlaçıydıq. İkimiz də fərqlənmə diplomuna namizəddik, buna görə də “3” ala bilməzdik. Ancaq mən kənd uşağı olduğuma görə rus dilini zəif bilirdim, bu üzdən də hərbi dərsdən axsayırdım, İsmayılınsa yaralı yeri dil üzrə bəzi fənlərdi. Biz bir-birimizə möhkəm arxaydıq. İki dəfə hərbi dərs imtahanlarında komandirlər mənə “3” yazmaq istəmişdilər, ancaq İsmayıl onları fikrindən daşındırıb “4” verdirmişdi (diplomuma düşən yeganə “4” budur) – xatirini çox istədiklərinə görə sözünü yerə salmamışdılar. İki dəfə də qrup başqanı nüfuzumu işə salaraq mən onu dil imtahanlarında “3”-dən xilas etmişdim. Beləliklə, ikimiz də Universiteti qırmızı diplomla bitirmişdik. (Ümumən iki qrupdan 7 nəfərimiz fərqlənmə diplomu almışdı – 536-dan: Jalə, Kəmalə, Qızılgül, İsmayıl və mən, 538-dən: Kamran və Tərlan).

Üçüncü kursda oxuduğumuz zaman ixtisaslara bölündük. İsmayıl ədəbiyyatçı, mənsə dilçi oldum. O, hədsiz mütaliəçiydi və inanılmaz sürətlə oxuyur, şeirləri asanlıqla yadda saxlayırdı. Füzulinin qəzəllərini əzbər bilirdi. Mirzə Cəlili, Əbdürrəhim bəy Haqverdiyevi, Sabiri son dərəcə sevir, tez-tez onlardan parçalar söyləyirdi. Xarici dillərdən almancanı yaxşı bilirdi. (Sonralar aspiranturaya girdiyim zaman elə İsmayıla güvənərək və onun yardımıyla alman dilindən imtahan verdim və aspiranturada da alman dili keçdim).

Biz – 536 və 538-ci qruplarda oxuyan bir neçə yoldaş: İsmayıl, Südabə, Giləxanım, Ramiz, balaca Qızılgül, Tofiq, Yaşar (bəzən onların qohumları da bizə qoşulurdu) və mən dövlət bayramlarında, boş vaxtlarda şəhərdə bir yerdə gəzir, dəniz qırağına, kinoya birgə gedirdik. Təxminən üçüncü kursdan İsmayıl Südabəni sevməyə başladı, ancaq daş qayaya rast gəldi – Südabəni yola gətirmək ona heç də asan olmadı. Yanılmıramsa, yalnız beşinci kursda o, qızın “həri”sini ala bildi. Südabəyə xüsusi bir dəftər ayırmış, burada ona həsr etdiyi çoxlu yazıları toplamışdı. Elə Universiteti bitirincə də evləndilər.

Mənim taleyimdə İsmayılın mühüm bir rolu da olmuşdu. Onun dostluğu olmasaydı həyatım bəlkə də başqa cür dəyişə bilərdi. Əhvalat belə baş vermişdi. Dördüncü kursda oxuduğumuz zaman yayda bizi Universitetdən Culfa rayonuna üç aylıq hərbi yığıma aparmışdılar. Komandirlərimiz Universitetin rus hərbi müəllimləriydi. Şəhərdəki əsgəri qışlada (kazarmada) qalırdıq.

Culfa dəhşətli isti yerdir. Biz tələbələr 45-50 dərəcə istidə bir-birimizi su şırnağıyla başdan-ayağa isladır, ancaq 15-20 dəqiqədən sonra yenidən qupquru olurduq. Culfa çöllərində bu cür istidə bizə hərbi təlim keçir, təpik döydürür, qaçırır, yer qazdırırdılar. Hərbi işə marağımız olmadığına görə bu təlimlərdən bezirdik. Çox vaxt bərk yorulduğumuza görə fasiləyə çıxan kimi gün təpəmizə döyə-döyə quru torpağın üstündə uzanır, elə toz-torpağın içində də şirin yuxuya gedirdik.

Mən hərbi geyim qaydalarına əməl etməyi xoşlamırdım. Çox vaxt panamamın ortasını yatırıb çökəldir, hərbi geyimi kombinezon şəklinə salırdım. Bir dəfə elə bu cür geyimdəykən oturduğum yerdə əlim dinc durmayıb tozlu çəkmələrimin ikisinin də üstündə çubuqla faşist svastikası çəkdim. Təbii ki, bu, sadəcə bir uşaq şıltaqlığıydı və arxasında heç bir qara düşüncə durmurdu. Birdən rus komandirimizin gözləri çəkmələrimə sataşdı və onu sanki ildırım vurdu. Tez qışqırdı: “Tahirzadə!”. Mən cəld ayağa durdum. O, “Sıradan çıx!” komandası verib məni yanına çağırdı. Hərbi yerişlə yanaşdım. Yüksək səslə əmr etdi :

– Təcili şəkildə hərbi hissəyə, əks-kəşfiyyat rəisinin yanına get!

Öncə mən də, uşaqlar da elə bildik ki, zarafat edir. Sonra gördük ki, yox, aşna, polkovnikin fikri qətidir və məni hökmən əks-kəşfiyyat rəisinə təslim etmək istəyir. Bir anlığa gözlərim qarşısından bunlar gəlib keçdi: əks-kəşfiyyat rəisinin yanındayam, o, “vətən xaini” olmağım haqqında Universitet rektoruna raport yazır və şübhəsiz ki, rektor da belə bir təqdimatdan sonra məni Universitetdən qovur. Hər şey oyana, atama nə cavab verəcəyimi düşündükdə dəhşətə gəldim. İsmayıla dedim ki, bax görək neyləyə bilərsən. O, vəziyyətin son dərəcə gərginliyini görüb şirin dilini işə saldı, məni ailəlikcə yaxşı tanıdığını, yeddi əmimin və dayımın müharibədən qayıtmadığını, babamın müharibə veteranı olduğunu  söylədi (bunları özündən uydurmuşdu), müharibəyə nifrət bəslədiyimi bildirdi, hərbi geyim qaydalarını pozmağımı və svastika çəkməyimi “yekəbaşlıq və qanmazlıq” adlandırdı, bu dəfə günahımdan keçərək məni kollektivin tərbiyəsinə verməyi xahiş etdi. Başqa uşaqlarımız da yerbəyerdən onun dediyinə qüvvət verdilər və bir saatlıq yalvar-yapışdan sonra, nəhayət, onu yumşalda, fikrindən daşındıra bildilər. Təbii ki, mən də tutduğum işdən bərk peşman olduğumu bildirdim, komandirdən üzr istədim və bir daha belə “qələt etməyəcəyimə” söz verdim. Bundan sonra,  gerçəkdən də, İsmayılın da danlağı altında nümunəvi əsgərə çevrildim...

İsmayıl təbiətcə çox nikbin və zarafatcıl adamdı. Bəzi adamlar içəndən sonra qəzəbli olur, dava-dalaş salır, ancaq İsmayılsa, əksinə, aramsız gülür, məclisi şənləndirirdi.

Yataqxanada hamı növbəylə xörək bişirirdi, ancaq onun aşpazlığına heç kim çatmazdı. Kartofu elə bişirirdi ki, qıpqırmızı olur və dən-dən dururdu. Əlində yeməklə dolu qab otağa girən kimi üçümüzdən birinə deyərdi ki, dur get, qəbiristanlıqdan bura bir ölü gətir, bu yeməkdən bircə qaşıq onun ağzına tökəcəyəm, dirilib ayağa duracaq.

Yataqxanada yaşayan oğlanlar, adətən, dəlləyə getməz, bir-birinin başını özləri qırxardılar. Bir dəfə İsmayıl da kiməsə dəlləklik edirdi. İşin qızğın yerində uşaqlardan biri içəri girib ondan borc pul istədi. İsmayıl əlini işdən saxlayıb dedi:

– A kişi, məndə pul nə gəzir? Görmürsən burada acından it qırxıram?

Oradakı tələbələrin hamısı, elə başı qırxılanın özü də, bu sözə gülməkdən uğunub getdi.

Onun maddi durumu, gerçəkdən, yaxşı deyildi. 5 illik təhsili yalnız aldığı əlaçı təqaüdüylə başa vurmuşdu. Ana yurdu Tovuz rayonunun Düzcırdaxan kəndindən yanına yalnız ara-sıra qardaşı Avtandil (Akan) gəlirdi. Buna baxmayaraq, qətiyyən ruhdan düşməyib yüksək savad qazandı və az keçmədən APİ-də (indiki Pedaqoji Universitetdə) işləməyə başladı, dil metodikası üzərində tədqiqatlar apardı.

1978-ci ildə mən aspiranturada oxuduğum zaman ailəmlə Bakıya gəldim və Abbasmirzə Şərifzadə küçəsi 33-də aspirantların ailəli yataqxanasında yaşamağa başladım. Onda İsmayılın ailəsi də Yasamalda bizə yaxın olurdu. Gediş-gəlişimiz vardı. Doğrudur, sonralar ikimiz də ev alıb şəhərin müxtəlif yerlərinə köçdük, ancaq əlaqələrimiz yenə qaldı.

Mən onun xətrini həmişə istəmiş, hörmətini saxlamışam. 1992-ci ildə təhsil nazirinin müavini kimi işə başladığım ilk gün kabinetimdən birinci zəng etdiyim adam İsmayıl oldu. Az sonra onu nazirliyin yaratdığı Fövqəladə Elmi-Metodik Şuraya cəlb etdim. Müstəqilliyimiz dönəmində ana dili üzrə ilk milli proqram və dərsliklərin yaradılmasında Pedaqoji Universitetin dosenti İsmayıl İsmayılovun böyük əməyi oldu. Onun özü bu sahədə səmərəli çalışmaqla qalmadı, proqram və dərslik işinə fayda verə biləcək bir sıra dəyərli mütəxəssislərin də cəlb edilməsinə yardımçı oldu. “Ədəbiyyat” dərsliklərindən birinin müəllifi Soltan Hüseynoğlu onun “kadr”larındandı.

Müzakirələrdə fəallığını və gərgin əməyini nəzərə alaraq dəfələrlə ona dərslik müəllifi olmağı təklif etsəm də buna qətiyyən razılıq vermədi. Ancaq o zaman yaradılan bütün ana dili dərsliklərimizdə İ.İsmayılovun ruhu yaşamaqdadır.

Həyatı boyunca kimsəni incitməyən, hamıya bacardıqca yaxşılıq etməyə çalışan İsmayıl İsmayılov çalışdığı Pedaqoji Universitet kollektivində də böyük hörmət sahibi, söz yiyəsiydi.

Mən Ali Diplomatiya Kollecinə – indiki Bakı Avrasiya Universitetinə getdikdən sonra  şəxsi əlaqələrimiz bir qədər səngidi. Ancaq onunla bir binada yaşayan fotoqraf dostum Elxan Kərimov vasitəsilə bir-birimizdən xəbər tuturduq.

İsmayıl həyatının ən məhsuldar dönəmində bu fani dünyanı tərk edərək əbədiliyə, ölümsüzlüyə qovuşdu. Qəlbimdə həmişə ən xoş duyğularla yaşadacağım dostuma Allahdan rəhmət və cənnət diləyirəm!

 

8 dekabr 2012-ci il.

 

 

Ədalət TAHİRZADƏ,

Bakı Avrasiya Universitetinin professoru.

525-ci qəzet.- 2012.- 22 dekabr.- S.24.