“İctimai rəyə
təsir baxımından qəzetlərin indi də
özünəməxsus rolu var”
– Zöhrə xanım, bilirik ki, uzun müddət televiziya və radioda çalışmısınız. Sizin çalışdığınız illərlə müqayisədə yeni yaranmış televiziyalar və mətbuat sahəsi arasındakı mənfi və müsbət cəhətlər nədir?
– Bu əslində çox çətin sualdır. O
mənada çətindir
ki, mətbuat katibi olaraq bütün
televiziya kanalları və yazılı media ilə əməkdaşlıq
edirik və çalışırıq ki,
heç kim
inciməsin. Mən ilk dəfə Azərbaycan
radiosunda çalışmışam
və çalışdığım
8 ilin həyatımda çox əhəmiyyətli
rolu olub. 1985-ci ildən çox
məsuliyyətli bir şöbədə çalışdım.
O şöbədə ki,
orda məndən əvvəl Mövlud Süleymanlı, Mailə Muradxanlı, Gülbəniz
Hüseynova, Rafiq Səməndər, Vaqif Əlixanlı, Məmməd
Oruc, İntiqam Mehdizadə, Ağalar Mirzə, Şəfəq Əlixanlı, Əliheydər
Qasımov və başqa indi adları ədəbiyyatda
məşhur olan istedadlı adamlar, imzası bütün peşəkar Azərbaycan
jurnalistikasına məlum
olan adamlar çalışıb. Mən də
onların bir qismi ilə bərabər işlədim.
Onlardan çox şey öyrəndim o müddət
ərzində, amma onlar da məni
bir jurnalist, bir yazı adamı
kimi çox asanlıqla qəbul etdilər. Bu mənim üçün çox böyük bir fəxrdir. Çünki onlardan müsbət
rəy almaq asan məsələ deyildi. Mənim əsas ixtisasım jurnalistika deyil, filologiyadır.
İndi artıq həm də filologiya üzrə fəlsəfə
doktoruyam. O vaxt çalışdığım həmin şöbəyə
Azərbaycan mədəniyyətində-
ədəbiyyatında və
incəsənətində var
olan çox sanballı insanlar gəlib-gedirdilər və
bir müddət sonra mən özüm onların yazılarını radio üçün
redaktə etməyə
başladım. Bu çox çətin və məsuliyyətli məqamdır. Və hətta
bu sözləri indi deyərkən belə mən həyəcanlanıram. Mən ədəbiyyatçı
ailəsində böyümüşəm.
Uzun müddət bədii jurnalistikada çalışmışam, daha
sonra “Lider”də “Axşam çağı”
proqramımız bağlanandan
sonra mədəniyyət
redaktoru kimi işlədim, amma orda da mənim
xüsusi yerim var idi. Buna görə də mən “Lider” televiziyasının rəhbərliyinə
olduqca minnətdaram.
Hər kəsə bacarığına
görə qiymət vermək özü də bir bacarıqdır.
Radioda işləməzdən əvvəl
bir neçə müddət yerli mətbuatda da jurnalist kimi fəaliyyət göstərmişəm.
Şamaxıda dərc olunan
“Yeni Şirvan” qəzetində təyinatla
müxbir işləyirdim.
Müqayisəyə gəlincə. Mən Azərbaycan Televiziyasında
klassik və təmiz Azərbaycan dilində bədii informasiya ötürməyi
öyrəndim. Amma cəmiyyət
inkişaf edir. Bizim gözəl alimlərimizdən
olan Muxtar Qiyaslı (onunla uzun müddət Azərbaycan Dillər Universitetində bir kafedrada çalışmışıq)
həmişə deyirdi
ki, yeni jurnalistika Azərbaycan dilinə çox böyük zənginlik, yeni məzmun gətirib. Özəl
televiziyaların, çoxsaylı
qəzetlərin yaranmasının,
yeni jurnalistikanın meydana gəlməsinin cəmiyyətə həm
mənfi, həm də müsbət təsiri oldu. Çünki yazı tərzində,
dilimizdə həm müsbət, həm də mənfi tendensiyalar formalaşmağa
başladı. Azərbaycan
Televiziyasının özünün
yeni televiziyalara nisbətən mühafizəkar
qaydaları var idi, elə indi
də qalıb o qaydalar. Amma bəzi hallarda
mühafizəkar olmağın
da yeri var. Bu günün çox peşəkar jurnalistləri
məhz orda yetişib. Nəinki redaktorlar, aparıcılar,
həm də operatorlar, texniki işçilər... Ümumiyyətlə
düşünürəm ki, yetkin jurnalist
olmaq üçün
həm Azərbaycan Televiziyasında, həm özəl kanallarda çalışmağın çox
müsbət tərəfləri
var. Sonradan Azərbaycan
Televiziyasına gəlirsənsə,
sən orda yeni jurnalistikanın məqamlarını tətbiq
edə bilirsən, yaxud özəl kanallarda işləyirsənsə,
orda da klassik
təcrübəni tətbiq
edirsən. Bu çox gözəl bir cəhətdir, təbir caizsə, toplanan təcrübənin
inteqrasiyası da demək olar buna. Müqayisə edəndə hər
iki məktəbin bir –birinə təsir edən xüsusiyyətləri var. Əlbəttə
ki, sonradan yaranan tərəf daha çox öyrənilməlidir.
– Zöhrə xanım Mədəniyyət və
Turzim Nazirliyi mədəni həyatımıza
hansı töhfələri
verdi bu
il?
– Bizim fəaliyyət istiqamətlərimiz bilirsiniz
ki, müxtəlifdir. İncəsənət, musiqi,
kino, teatr və sairə sahələrdə bu il də
hər il olduğu kimi bir çox islahatlar həyata keçirildi və nailiyyətlər qazanıldı.
Bu il Qəbələ
Musiqi Festivalı, Üzeyir Hacıbəyov Beynəlxalq Musiqi Festivalı, Fikrət Əmirovun yubileyi çərçivəsində festivallar keçirildi. Bundan başqa hər ilin sonunda olduğu
kimi Rastropoviç festivalı oldu. Bu il də ölkəmizə
xarici orkestrlər,
məşhur dirijorlar
və artistlər gəldi. Bir çox beynəlxalq
tədbirlər keçirildi.
Bunun özü həm də turizmin inkişafına dəstəkdir.
Çünki bura gələn
qonaqlar burdan öz ölkələrinə
təəssürat aparırlar.
Beynəlxalq teatr festivalına
artıq neçənci
dəfədir ki, dünya teatr xadimlərini, tənqidçilərini
dəvət edirik.
Bu il də
Kan festivalında iştirak
etdik. Düşünürəm ki, hələ
gənc ölkəyik
və bu illər ərzində çox şeyə nail olmuşuq. Luvrda Şərq incəsənəti
zalı açılıb.
Biz həmişə şikayət edirdik ki, Azərbaycan xalçaları orda başqa adlarla tanıdılır.Artıq Azərbaycan
xalçalarının öz
adı ilə tanınması təmin olunacaq. Aşıq sənəti YUNESKO tərəfindən
qeyri-maddi mədəni
irs siyahısına
daxil edilib, dünyanın heç bir yerində belə sənət və sənətkarlar yoxdur. Aşıq sənətinə marağın artması üçün təntənəli
bir Aşıq festivalı keçirildi.
Bölgələrin inkişafı üçün
biz “2010-2014- cü illər
Xalq Yaradıcılığı
Paytaxtları” layihəsini
həyata keçiririk.
Bu layihənin regionların həyatına
necə təsir etdiyinin siz də
canlı şahidisiniz. Bundan başqa Azərbaycan
kitabını bütün
dünyada təbliğ
edirik. Turizm sərgilərində, bütün kitab fuarlarında iştirak edirik. Sonuncu dəfə biz Frankfurtda
kitab yarmarkasında olduq. Mən bütün getdiyim
ölkələrdə insanların
əlində kitab, qəzet, jurnal görürəm.Frankfurt kitab
sərgisində də
şahidi oldum ki, Avropada insanlar,
xüsusilə gənclər,
çox kitab oxuyur. Bu şəhərə çox romantik bir görkəm verir. Bütün səfərlərimizdə, beynəlxalq tədbirlərimizdə
çalışırıq ki, növbə ilə həm dövlət qurumlarını,
həm də özəl televiziyaların
komandalarını tədbirlərə
aparaq ki, bu hadisələr mədəniyyət tariximizin
yaddaşında qalsın.
– Peşəkar jurnalist kimi gənc jurnalistlərə tövsiyələriniz
nədir?
– Bilirsiniz, təbii ki, öz işini yaxşı bilən ağıllı adamla söhbət etmək, iş görmək daha asandır. Hərçənd ki, cəmiyətdə bəzən ağıllı adamlardan qorxurlar. Amma bu ayrı söhbətin mövzusudur. Mən ilk növbədə bu sahədə çalışan hər kəsə peşəkarlıq, ətrafdakı hadisələrdən xəbərdar və anlayışlı olmağı arzu edirəm. Həm həyatın, həm də jurnalistikanın yazılmış və yazılmamış qanunları var. Yazılmış qanunları öyrənmək asandır, oxuyarsan, öyrənərsən. Yeri gəlmişkən, bu məsələdə hər iki tərəfə daha diqqətli olmağı arzu edirəm, çünki bir çox fəsadlar elə bu qanunları bilməmək üzündən baş verir. Hər iki tərəfin hüquqları olduğu kimi, vəzifələri də var. Yazılmamış qanunlara gəlincə isə, onları həyat öyrədir. Bu məsələdə də səbrli olmaq şərtdir.
Günel MUSA
525-ci qəzet.-
2012.- 22 dekabr.- S.22.