Hüseyn Abbaszadəni unutmuruq...
Keçən noyabr ayında Xalq yazıçısı, Azərbaycanın Dövlət Mükafatı laureatı Hüseyn Abbaszadənin anadan olmasının 90 ili tamam oldu. Yəqin ki, gec də olsa, bu yubiley qeyd olunacaq. Çünki Hüseyn Abbaszadə sağlığında həm Azərbaycanda, həm də keçmiş SSRİ məkanında tanınmış bir yazıçı idi.Onun sağlığında doğma dilimizdə otuzdan çox kitabı çap olunmuşdu, Moskva nəşriyyatlarında da H.Abbaszadənin nəsr əsərləri dəfələrlə işıq üzü görmüşdü. Yazıçının məşhur “General” romanı Moskva və Sankt-Peterburq nəşriyyatlarında əlli min, yüz min tirajla çap olunmuşdu, Moskvanın “Drujba narodov” kitabxanası seriyasından çapdan çıxan “Qapını döyürlər” povestlər və hekayələr kitabının tirajı isə yüz yetmiş idi. “Pravda”, “İzvestiya” qəzetlərində, “Drujba narodov”, “Oqonyok”, “Smena” jurnallarında ən çox dərc olunan Azərbaycan yazıçılarından biri də Hüseyn Abbaszadə idi. Bir faktı da qeyd etməyə dəyər ki, o, bir neçə dəfə “İlin ən yaxşı əsəri” Ümumittifaq müsabiqəsinin qalibi olmuş, mərkəzi qəzet və jurnalların mükafatına layiq görülmüşdü. Bütün bu faktları nəzərə çarpdırmaqda məqsədim odur ki, deyim: Hüseyn Abbaszadə son altmış ilin Azərbaycan ədəbiyyatında özünəməxsus yeri, mövqeyi olan bir yazıçı olmuşdur və elə bu səbəbdən onu unutmaq olmaz...
Azərbaycan oxucularına Hüseyn Abbaszadə imzası, bu imzadan sıyrılan neçə-neçə roman, povest, hekayə yaxşı tanışdır. Neçə nəsil bu əsərləri sevə-sevə oxumuş, onların qəhrəmanlarına oxşamağa çalışmış, sözün əsl mənasında o əsərlərin aşıladığı nəcib hisslərlə yaşamışdır.
Sonralar da Hüseyn Abbaszadənin bir sıra hekayə və povestlərini oxudum və Hüseyn Abbaszadə mənim sevimli yazıçılarımdan birinə çevrildi. Bu sevgini doğuran yazıçının nəsr əsərlərindəki həyatilik, sadəlik, təbiilik və inandırıcılıq, dil səlisliyi, oxucunu ələ almaq bacarığı, ən başlıcası isə müasirlik duyğusu idi.
Hüseyn müəllimlə şəxsi tanışlığım da elə o illərdən-70-ci illərin axırlarından başlandı. “Azərbaycan” jurnalı redaksiyası indiki kimi o zaman da Yazıçılar Birliyinin binasında yerləşirdi (arada bizim redaksiyanı Kommunist küçəsində yerləşən bir binanın beşinci mərtəbəsinə köçürdülər). Günlərin bir günü tanış olduq və bunun səbəbkarı da Hüseyn müəllim oldu. Yuxarıya –redaksiyaya qalxanda hündür boylu, qədd-qamətli, təmkinli bir insan-Hüseyn Abbaszadə mənə yaxınlaşdı: “Azərbaycan” jurnalına işə götürülən Vaqif sənsənmi?” –deyə soruşdu. Bu tanışlığa çox sevindim. Hüseyn müəllimin sadəliyi çox xoşuma gəldi və hər dəfə onunla rastlaşanda bu səmimiyyəti hiss edirdim.
İlk tanışlığımız zamanı o, mənə təzəcə nəşr olunan “Burulğanlar” romanını avtoqrafla hədiyyə verdi. Sonrakı illərdə də bu səmimi münasibət davam etdi. Sevinirdim ki, Hüseyn müəllim mənim mətbuatda çap olunan bəzi yazılarımı oxuyur, bəzən rəy də bildirirdi. Cavan bir qələm sahibi üçün tanınmış bir yazıçının rəy söyləməsi xoş idi.. Bir tənqidçi kimi mən də Hüseyn Abbaszadənin yaradıcılığına biganə qalmadım. Onun 60 illiyi ilə əlaqədar “Ulduz” jurnalında “Həyat həqiqətləri və yazıçı duyumu” adlı bir məqalə çap etdirdim. “Bakı” qəzetində “Çəmbərəkənd balladası” kitabı haqqında resenziyam çıxdı. Nəsr haqqında icmal məqalələrimdə Hüseyn Abbaszadənin romanlarından da söz açdım.
Hüseyn Abbaszadə maraqlı şəxsiyyət idi. Mənim fikrimcə, hər hansı sənət adamının əsərlərindən onun şəxsçiyyəti də boylanır. Şəxsiyyəti bu və ya digər dərəcədə naqis olan yazıçı məncə, böyük sənət əsərləri yarada bilməz. Hüseyn müəllim də təmiz adam idi, çalışırdı ki, həmişə kiməsə yaxşılıq eləsin, kömək və qayğı göstərsin,mən bunu illər boyu müşahidə etmişəm.
Bakıda fəhlə ailəsində dünyaya göz açan (1922) Hüseyn Abbaszadə Böyük Vətən müharibəsi başlananda orta təhsili başa vurmuşdu, könüllü olaraq cəbhəyə yollandı.Şimali Qafqazda, Leninqrad və Ukrayna cəbhələrində kəşfiyyatçı-radist, topçu zabit kimi şərəfli döyüş yolu seçdi, ağır yaralanandan sonra tərxis olunub Bakıya qayıtdı. Beş il çəliklə gəzdi . Mirzağa Əliyev adına Teatr İnstitutunun teatrşünaslıq fakültəsini bitirəndən sonra bütün həyatını yazıb-yaratmağa, mətbuata həsr etdi. Uzun illər “Pioner” və “Göyərçin” jurnallarında, “Ədəbiyyat və incəsənət” qəzetində baş redaktor işlədi. Və bu illər ərzində Hüseyn müəllim o qədər xeyirxah işlər görüb ki, bunları sayıb-sadalamağa heç bir ehtiyac görmürəm. Həm də Hüseyn müəllim huşyar redaktor olub, heç bir intriqaya qoşulmayıb, mübahisəli məqamlarda isə haqq tərəfində durub. Cavan yazıçılar bu keyfiyyətlərinə görə onu çox sevirdilər. Gözüylə odlar-alovlar görən, müharibə ağrılarını yaşayan bir insan qeyri-təbii, süni və saxta ola bilməzdi!
H.Abbaszadə yaradıcılığa şeirlə başlayıb, ilk şeirləri müharibə illərində cəbhə qəzetlərində dərc edilib. “Sınaq illəri” (1949), “Yaşıl küçə” (1951), “Silah yoldaşları” (1954), “İlqar” (1955), “Yasəmən” (1956), “Ağarır yelkənimiz”, “Bacı və qardaş”, “Sən nə yaxşı nənəsən” (1960), “Yun corab” (1961) ...bu kitablarda toplanan şeirlərin və kiçik hekayələrin əksəriyyəti uşaqlar üçün qələmə alınıb. Ümumiyyətlə, H.Abbaszadə bir şair kimi yüksələ bilməyib.
Altmışıncı illərin əvvəllərində
H.Abbaszadə “Azərbaycan” jurnalında “General”
romanını çap etdirdi
və tezliklə bir yazıçı kimi məşhurlaşmağa başladı.
Romanın oxucular arasında uğur qazanmasının bir
neçə səbəbi var idi. Birincisi; ilk dəfə idi ki, Azərbaycanın igid oğlu Həzi Aslanov
haqqında, onun keçdiyi
döyüş yolu
barədə iri həcmli roman
yazılırdı. Həzi
Aslanov bu romanda geniş və əhatəli planda təsvir olunurdu. Müharibədə iştirak etdiyi
üçün romanda
müharibə ilə
bağlı səhnələrin
təbiiliyi və inandırıcılığı diqqəti cəlb edirdi. O zaman görkəmli tənqidçi
Məmməd Uəfər
“General” romanı ilə
bağlı bir məqalə çap etdirmiş, romanın uğurlu cəhətləri
ilə yanaşı, qüsurlarını da qeyd etmişdi. Başlıca qüsur bundan
ibarət idi ki, romanda təsvir
olunan obrazlar (xüsusilə döyüşçülər,
zabitlər) vuruşur,
mərdlik göstərir,
amma düşünmürlər.
Yəni romanda bu obrazların
mənəvi dünyası
işıqlandırılmır. Bu qüsurları yazıçı
romanın ikinci nəsrində aradan qaldırır...
“General” romanından sonra
Hüseyn Abbaszadə tamamilə nəsrə keçdi və bir sıra maraqlı
hekayələr, povestlər,
romanlar yazdı.
O, bir nasir kimi
özünəməxsus idi.
Eyni mövzuya başqa həmkarları kimi o da müraciət edir, lakin onlardan
seçilirdi. Çünki öz fərdi dəst-xətti, üslubu
vardı. O, bir yazıçı kimi həmişə onu düşündürən, cəlb
edən mövzulara sadiq idi. Bakıda doğulduğundan
neftçilərin həyatından
daha çox yazırdı. Müharibə mövzusu da təkcə “General”la bitmədi, başqa əsərlər də meydana gəldi.
Xatırlayıram onun “Qaradağ əhvalatı” povestini. Povestin fabulası belə bir hadisə üzərində qurulmuşdu:
beş nəfər
neftçi qasırğada
motoru xarab olmuş qayıqla dənizdə köməksiz
qalıb təbiətin
amansız qüvvəsinə
qarşı dəyanətlə
mübarizə aparır.
Lakin altıncısı-Nadir yoldaşlarını
qoyub qaçır. Nadirin nişanlısı Vəsilə
bu əhvalatı öyrənir və nişan üzüyünü
qaytarır. Əlbəttə, burada qeyri-adi
heç nə yoxdur. Yəni iş yoldaşlarını
qoyub qaçması Vəsiləni həyəcanlandırır,
bu qərarı qəbul edənə qədər o, xeyli iztirab keçirir. O istəmir ki, onu yoldaşlarını qoyub qaçan bir qorxaqın həyat yoldaşı kimi tanısınlar. Povest Nadirin ərizə verib işdən çıxması və başqa iş yerinə yollanması ilə bitir.Gözlənilən
sonluqdur, H.Abbaszadə
bu həyat həqiqətini maraqlı
lövhələrlə təqdim
edib.
Hüseyn Abbaszadənin yaradıcılığında
müasirlik hissi qüvvətli idi. Biz bunu
“Dörd bazar günü” povestində daha aydın hiss etdik. Əsərdə yaddaqalan xarakterlər
yaradılmışdı. Dörd il
eyni cəbhədə
döyüşən müharibə
dostları indi soraqlaşıb bir-birini axtarırlar. Yeri gəlmişkən qeyd edək ki, H.Abbaszadənin nəsrindən vətənpərvərlik
bir xətt kimi keçir. Bunu onun “Şokolad
paylayan qız”, “Hardansınız, müsyö
Abel”, “Uzaqdan gələn
qonaq” povestləri də sübut edir. “Şokolad paylayan qız” povestinin
qəhrəmanı Bəhruz müharibəni şərəflə
başa çatdırır,
amma onun döyüşdüyü hissə
hələ Berlindədir. “Döyüş
yatsa da, qulaqlarımızdan topların
gurultusu, bombaların dəhşətli partlayışlarının
səsi getməsmişdi”-bu əhval-ruhiyyə Bəhruzun sayıqlığını,
hadisələrə fəal
münasibətini artırır.
Müəllif ayrı-ayrı dillərdə
danışan, amma qəlbən bir-birini başa düşən insanları qarşılaşdırır,
onların baş verən bəşəri fəlakətə ümumi
nifrətini ön plana çəkir. Xalqların təkcə ruh, mənəviyyat yaxınlığını
deyil, mədəniyyət
doğmalığını da nəzərə çarpdırır. “Bayatı-İsfahan”
muğamı ilə Baxın “Tokkada”sı arasında oxşarlıq da bu mənada orijinal detaldır.
Hüseyn
Abbaszadənin
“Burulğanlar”, “Əlibalanın
ağır səfəri”,
“Qayıdanlardan biri” adlı romanları da var. “Burulğanlar”a görə yazıçı
Respublika Dövlət
mükafatına layiq görülmüşdü. Ayrı-ayrı mövzularda qələmə
alınsa da, bu romanlar qəhrəmanlarının
taleyi ilə bir-birinə çox oxşayır. Belə
ki, hər üç romanın qəhrəmanı-Həmid Xələfov,
Əlibala və Xanəli mənən təmiz insanlardır, bunlar o dövrün “müsbət qəhrəman”ları
sırasında layiqli
yer tutan obrazlardır.
Hüseyn Abbaszadə həm də gözəl hekayə ustası idi. Povestlərinə
və romanlarına xas olan həyatilik,
bədii ümumiləşdirmə
yazıçının “Zəmanət”,
“Xeybər əminin gülləri”, “Ana və oğul”, “Axşam şöbəsinin tələbəsi”,
“Çəmbərəkənd əhvalatı”, “Vəzifə”,
“Operasiya və hədiyyə əhvalatı”,
“Körpüdə bir
qadın dayanmışdı”,
“Əminə”,
“Çəhrayı mürəkkəbqabı
və yaşıl “Jiquli” “Köhnə məhəllədə”, “Toy, od,
teleqram”, “Qısa məzuniyyət” və s. hekayələrində də
bariz nəzərə
çarpır.Yazıçı bu hekayələrdə müasirlərinin həyatından
tipik lövhələr
seçir, yaddaqalan, bədii təsir gücünə malik obrazlar yaradırdı. Oxucu abşeronlu bir bağbanın-Xeybər əminin
nəcib əməllərinə
heyran qalır, hətta ölümündən
sonra da bu qocanı unutmur (“Xeybər əminin gülləri”).
Bir hekayə barədə ayrıca söz açmaq istəyirəm.
Çəmbərəkənd deyəndə gözlərimiz
önünə Bakının
hələ inqilabdan əvvəl tikilən köhnə, balaca, yöndəmsiz evlərdən
ibarət bir məhəlləsi gəlir.
İndi belə məhəllələrin
yerində uca, yaraşıqlı binalar tikilmişdir. Lakin belə məhəllələrin,
o cümlədən, Çəmbərəkəndin istisini,
soyuğunu, özünəməxsus
dünyasını yaşadanlar
hələ də durur. Çəmbərəkənd deyəndə bir
də adamın yadına köhnə kişilər düşür. İndi şəhərimizin küçələrində,
daha çox Dənizkənarı parkda belə kişilər demək olar ki, gözə
dəymir.Onlar H.Abbaszadənin
hekayələrində qalmışlar.
Çünki yazıçı bu qocalardan məhəbbətlə
söz açırdı.
Hüseyn Abbaszadə xoşbəxt yazıçı idi. Ona görə
yox ki, titulları,
fəxri adları vardı. Dövlət
Mükafatına layiq görülmüşdü, Xalq
yazıçısıydı,yetmiş
yaşına qədər
həmişə vəzifə
başında olmuşdu. Yaşı səksəni də,
səksən beşi də keçdi, (son illəri ağır xəstə olsa da). O, XX əsrin yetirməsiydi, sovet dövrünün, sovet ədəbiyyatının yetirməsiydi,
lakin əsl milli yazıçı idi, çünki əsərlərində azərbaycanlı
obrazları yaradırdı,
onların həyatını
qələmə alırdı,
mənəvi-əxlaqi problemlərdən
söz açırdı,
milli-mənəvi dəyərləri
təbliğ edirdi, təsvirlərində
yalana varmırdı, həqiqəti yazırdı.
Bax, buna görə də biz gərək Hüseyn Abbaszadə adlı yazıçını
unutmayaq!
Vaqif YUSİFLİ
525-ci qəzet.-
2012.- 22 dekabr.- S.20.