Yavər Rzayevə həsr olunmuş
“Könlüm keçir
Qarabağdan” sərgisi
Dünən Xəzər Universiteti
Dünya Məktəbində
ABŞ-da yaşayan azərbaycanlı memar, rəssam Yavər Rzayevin yaradıcılığına
həsr olunan “Könlüm keçir Qarabağdan” adlı sərgi və ədəbi-bədii gecə
təşkil olunub.
525.az-ın məlumatına görə, tədbirin əvvəlində Yavər
Rzayevin həyat və fəaliyyətinə həsr olunan sujet tamaşaçılara
təqdim olunub.
Görüşdə rəssamın yaxın dostu, jurnalist Şəfəq Mehrəliyeva çıxış
edərək onunla bağlı fikirlərini bölüşüb: “2002-ci ildə
Vaşinqtonda müxbir
kimi fəaliyyət göstərərkən Yavərin
sərgisinin açılışında
oldum. O zaman Yavər Meksika təəssüratlarından yaranan
ideyaları, bu ölkənin mənzərələrini
fırçası ilə
öz əsərlərində
əks etdirməyə
çalışmışdı. İlk tanışlığımızda onun Meksika haqda
çəkdiyi mənzərələr
məndə elə də müsbət təəssürat oyatmamışdı. “Niyə Azərbaycanın əsrarəngiz
yerlərinə yox, Meksika
mədəniyyətinə üstünlük
verib?” sualı ətrafında düşünürdüm.
Növbəti görüşümüzdə
onunla daha yaxından tanış olduqdan sonra Yavərin yaratdığı
hər bir əsərdə azərbaycançılığın
öz əksini tapdığını gördüm.
O, xalqına, vətəninə
bağlı olan rəssamdı. O, hətta
Leninin obrazını yaradarkən də azərbaycançılığı unutmayıb. Almaniyada hərbi xidmətdə
olarkən onun əsgər yoldaşları
“sən Leninin gözündə də azərbaycançılığı əks etdirmisən” deyirdi”.
Daha sonra çıxış
edən Yavər Rzayev yaradıcılığı,
xarici ölkələrdəki
fəaliyyəti haqda məlumat verib: “Mən “Könlüm keçir Qarabağdan” adlı sərgimi açanda da əsas məqsədim Azərbaycan həqiqətlərini
tanıtmaqdan ibarət
olub. ABŞ-ın
7 şəhərində açılan
bu sərgi vasitəsilə Azərbaycanla
bağlı heç bir məlumatı olmayan ABŞ vətəndaşları
bu haqda bizdən məlumat alıblar”.
Ş.Mehrəliyeva daha sonra Y. Rzayevlə maraqlı diskussiya quraraq rəssamın arzuları haqda danışıb: “İlk tanışlığımızda
“Azərbaycanla bağlı
hansı arzuların var?” sualını verdikdə sən “ən böyük arzum Qarabağın azad olunması ilə Ağdama qayıdaraq burada quruculuq işləri görməkdi” dedin. Daha sonra çox böyük rəssam və memar olmaq
istədiyini qeyd edərək “istəyirəm
ki, mənə hansısa binanın layihəsi üçün
müraciət edən
şəxslər 6 ay öncədən
növbədə gözləsinlər”
deməklə çox
böyük yaradıcı
xadim ola
biləcəyini söyləmişdin.
Bu gün sən
həqiqətən də
ABŞ-da istədiyin pilləyə qalxa bilən yaradıcı şəxslərdən birisən”.
Rəssam
Ağdamın işğaldan
azad olunmasından sonra göz açdığı torpaqda
bir sıra quruculuq işləri görəcəyinə də
söz verib: “Ağdamı düşmən
tapdağından azad etdikdən sonra şəxsən mən burada quruculuq işləri görərək
doğma torpağımızı
işğaldan öncəki
görkəminə qaytarmağa
çalışacam”.
Rəssamın həyat və fəaliyyəti haqda danışan millət vəkili, tanınmış
yazıçı Aqil
Abbas Y.Rzayevin ölkə xaricində Azərbaycan həqiqətlərini yaymaq,
incəsənətini təbliğ
etməklə mühüm
addımlardan birini atdığını söyləyib:
“Sən bizə Azərbaycanda deyil, xaricdə daha çox lazımsan”.
Xəzər Universitetinin təsisçisi,
Direktorlar və Qəyyumlar Şurasının
sədri olan Hamlet İsaxanlı çıxışında
ölkəmizi xaricdə
tanıdan azərbaycanlıların
sayının günü-gündən
artdığını vurğulayaraq
bugünkü sərginin
və görüşün
təşkilində Xəzər
Universiteti Dünya Məktəbinə təşəkkürünü
bildirib: “Sovet dövründə xaricdə
yaşayan azərbaycanlıların
sayı barmaqla sayılası qədər
idi. Bu gün isə Azərbaycan gəncləri dünaynın
4 tərəfində ölkə
mədəniyyəti, incəsənəti
və tarixinin təbliği ilə məşğuldu. Artıq bütün
dünya bizim səsimizi duya biləcək. Yavərin ölkə
xaricində gördüyü
işlər bir daha dediklərimizi sübut edir”.
H.İsaxanlı ölkəmizin ən böyük yarası olan Qarabağ haqda danışaraq işğal altında olan torpaqlarımızın
bugünkü gənclər
tərəfindən xilas
ediləcəyinə ümid
bəslədiyini qeyd edib.
Tədbirin bədii hissəsində tanınmış müğənnilər
və rəqs qurupları çıxış
edib.
Qeyd edək ki, bir
sıra xarici ölkələrə səfər
edən, 6 il Meksikada, 2001-ci ildən etibarən
ABŞ-da yaşayan Yavər Rzayev ölkə mədəniyyəti,
incəsənəti və
tarixinin təbliği
istiqamətində mühüm
işlər görüb.
Y.Rzayev əsərlərində maraqlı
ifadə vasitələrindən
istifadə edərək
Azərbaycanın, o cümlədən
də ölkəmizin
dilbər guşələrindən
biri olan Ağdamın gəzməli-görməli
yerlərini öz fırçası ilə
əks etdirməyə
çalışıb. Yaradıcılığında “Qarabağ” mövzusuna
xüsusilə toxunan rəssam 2010-cu ildə
ABŞ-da “Könlüm
keçir Qarabağdan”
adlanan sərgini açıb. Azərbaycan səfirliyi
və diosporu ilə yaxın əlaqələr quran rəssam ABŞ-da milli bayramlarımızın
yüksək səviyyədə
təşkil olunmasında,
təbliğində də
xüsusi rola malikdi. Qeyd edək ki,
Y. Rzayev ABŞ-da tikilən bir sıra proyektlərin də müəllifi hesab edilir.
Nigar MƏHƏRRƏM
525-ci qəzet.-
2012.- 22 dekabr.- S.8.