Mətbuatımızda dəyərli imza –
Flora Xəlilzadə
VƏ YA YEDDİDƏN
BİRİNCİSİ: “YAZDIQLARIM”
Mənim mənsub olduğum nəslin sırasında
yaradıcılığını, ələlxüsus da
ictimai həyatın, eləcə də ədəbi
ömürlərin ifadəsini daha çox ədəbi
qaynaqların araşdırılması və bədii təxəyyülün
təsviri ilə işıqlandırmağa meydan açan
publisist yazılarını müntəzəm oxuduğum sənətkarlardan
biri Flora Xəlilzadədir. Otuz ildən
çoxdur ki, onun yazdıqlarını sadiq bir oxucu olaraq izləyirəm.
Ötən əsrin yetmişinci illərindən
üzü bəri yol gəldiyimiz ömür-sənət
qatarında düz sözün pərvanəsi olan Flora
xanımın bütün zamanlarda mətbuat aləminin
peşəkar adamı olaraq yazıdan-yazıya, kitabdan-kitaba
inkişafı prosesi gözlərimin qarşısında
baş verib. Bu böyük zaman
axınında o, ictimai-ədəbi mühitin panoramına
sözünün sanbalı, qüdrətilə silinməz
naxışlar salıb. Oxuduqlarımın
böyük bir hissəsinə, “Yazdıqlarım”ın Ədəbiyyat-əbədiyyət
bölümündə toplanmış məqalələrinə
təkrarən nəzər yetirməklə bu
yaradıcılıq yolunun içindən keçən
yazıçı-publisist ömrünü əlifbasından
vərəqləmək istəyindəyəm. Bu niyyətlə
də həmkarımın əsərlərini
gözümün önünə almaqla, qənaətlərimi
düşüncəmdə nizamlamaqla nə az-nə çox,
bir qərinədən də artıq zaman içində
özünün və sözünün dəyişməz
xarakteri, bütöv əqidəsi ilə mətbuatda olan fədakar
bir ömrün yollarına boylanıram...
lll
F.Xəlilzadənin mətbuat səhifələrində
düşüncədən-düşüncəyə
yetişib-püxtələşən jurnalist sənətkarlığına
bələd olduqca, sözün sirrinə, qüdrətinə
bunca bağlılığın hardan və nədən
yarandığına həmişə maraqlı olmuşam. Amma mənə gün kimi
aydındır ki, sıradan bir ali təhsil
diplomuna yiyələnmək ümidi yox, cəmiyyət həyatında
məhz Sözüylə olmaq arzusu Floranı 1972-ci ildə
BDU-nun jurnalistika fakültəsinə gətirib. Yadımdadır, o zaman yuxarı kursun uşaqları
fakültəyə yeni qəbul olunmuş tələbələrə
göz yetirir, burdan belə onlarla yoldaşlıq, dostluq
münasibətlərinin təməlini qoyurdular. İkinci kursun ilk dərs günlərində belə
bir maraq mənə də güc gəldi. Həmin
vaxtlar dərsarası tənəffüslərdə
böyük dəhlizin geniş pəncərələri
qarşısında baş-başa verib, deyən-gülən
qızların arasında nəzərlərimi gur, qara
saçlı, qara gözlü bir qız cəlb etdi. İfadəli və gülümsər çöhrəsinin
dağ havası onun təbiətin dilbər guşələrinin
adamı olmasını açıq-aşkar bildirirdi. Səsi,
danışığı məzmunlu olan bu qızla təzəcə
ünsiyyətdən doğmalaşa bildik. Tez-tez
dərsarası söhbətlərimizdə kitablardan,
mühazirələrdən bəhs açır, tələbə
həyatının şirinliyindən
danışırdıq. Yaxşı
yazılar yazmaq arzusuyla çırpınır, sərbəst
düşüncəmizlə mövzular axtarışına
çıxırdıq. Həm də
xırda-para yazılar yaza-yaza özümüzü
axtarırdıq. Eh, həyatımızın elə
maraqlı çağlarıydı o illər... O
çağlardan hiss edirdim ki, Tanrı bu dağlar
qızına böyük istedad, yaradıcı ruh bəxş
edib. Özü də bunlar Floraya əfsanələrdə,
nağıllarda olan təki bir gecənin içində verilməmişdi.
İndi yurd-yuvalarından pərən
düşmüş Vətən övladlarının xiffətini
çəkən, yad baxışlardan üşənən Zəngəzurun
yaşıllıqlar içində bir mədəni abidəsi
olan füsunkar Urudun illər boyunca canına-qanına
hopmuş təbiəti bəxş etmişdi. Onu jurnalistikaya gətirən istək elə
yaşıl donlu Urudun qoynunda pöhrə tutub, boy
atmış, sonralarsa Bakı mühitində, jurnalistika məktəbində
formalaşmışdı. İllər
içrə nəzəri-təcrübi biliklərlə yiyələndukcə,
arzuları çin olmuşdu. Flora hər
birinin öz dəsti-xətti olan müəllimlərimizin
elmi-nəzəri təcrübəsindən bəhrələnərək,
onlardan əxz etdiyi hazırlıqla milli mətbuatımızın
geniş mühitinə daxil oldu. Böyük
inamla deyərdim ki, bu gün Azərbaycan mətbuatda “Flora Xəlilzadə”
imzasıyla dərc olunan yazılar ən çox oxunan və
bəyənilən yazılar sırasındadır.
lll
“Yadıma uşaqlıq illərim düşür. Bir qarmonum da
var idi. Bütün günü
“çalırdım”. Bir də evdə adam
olmayanda səsimi başıma ataraq “oxuyardım”. Orta məktəb
illərində özfəaliyyət dərnəyinin
üzvü idim... Tamaşaçılar qarşısında
ilk oxuduğum nəğməm ”Kukla”, ilk
rolum Məngülüm olub. Sonralar
mahnıların da, tamaşaların da mövzuları dəyişib.
Hətta alman dilində “Arşın mal alan”ı
hazırlamışdıq. Mən də həmin
tamaşada bir neçə rol “yaratmışdım”.
İndi də hərdən almanca o obrazın sözlərini
yada salıram...”. Bilmirəm,
Flora nə zamansa qaraladığı uşaqlıq
çağlarının ün yetməz xatirələrinin əks-sədası
olan bu yaşantılarını hardasa dərc etdirib, ya yox?
Amma mən indicə sıraladığım bu
sətirləri yaxın aylarda özünün yanındaca, əlyazmalarının
içindən alıb oxumuşam. Və o xatirələr bəlkə
də yaddaşımdan silinməyən öz uşaqlıq
xatirələrimə ruhən yaxınlığına görəydi
ki, onlar da mənə görümlü təsir
bağışladı. Elə bu sətirləri yaza-yaza balaca
qızcığazın pişik cəldliyilə
bağlarındakı gilas ağacının başına
dırmaşıb, ən uca budaqda yellənərək qədim
yurdlarımızdan olan Urudun vəsfəgəlməz gözəlliklərini
seyr edə-edə şirin, yapışıqlı səsiylə
oxuduğu: “Bir evdə ki sən tək gözəl olmaya... ”
“Dağlar
qızı Reyhan, Reyhan... ” misraları ilə
başlayan mahnılarını eşidirəm.
Floranın hələ də sozalmayan, tükənməyən
yaradıcılıq eşqinin pərisi olan Gözəl
ananın gülüzlü-günüzlü yaz günlərində
yamyaşıl bağlarında, çöllərin bəyaz
dona büründüyü qarlı-boranlı qış
axşamlarında çırthaçırtla yanan sobanın
qırağında qucağına qısılmış
balasına danışdığı qorxulu əfsalərini,
şirin nağıllarını eşidir, saçlarına
sığal çəkən nəvazişli əllərini
görürəm... Onun Urudla bağlı şirin, çox
şirin xatirələrini gözlərimin qabağına
yığıram... Nə zamandı ağrılı ürəyinin
oduyla, bağlı olan vətən yollarına dikilmiş dolu
gözləriylə: “Urud hey!!!” deyə haray çəkən
yanğısını duyuram, haylamaqdan çilik-çilik
olmuş hönkürtüsünü eşidirəm,
köksüm sıxılır...
O zamandan özünü
bağların, qayaların qoynunda, çayların
şırıltısında, nəğmələrin sözlərində
arayan, kitabların arasında axtara-axtara böyüyən
Flora, nəhayət, Söz adlı sevdasıyla can
sirdaşı oldu. Özünü ondan ayrı
tutmadı. Bir dost kimi
taleyini ona etibar etdi. Sözə sidq-ürəkdən
bağlılığı illər sonra ona bu sətirləri
yazdıracaqdı: “Ömrüm boyu qələmimə
dönüklük etmədim. Bu sadiq dostum da əvəzində
məni sındırmadı. Ürəkdən
su içən sözlərimi həvəslə vərəqlərə
naxışladı. Ağ kağıza əyilsəm
də, ağızlara əyilmədim”. Zaman axar çay kimidir, insanın
ömründən bir an kimi ötüb
keçir. Bu axınıda insanın həyatda
və sənətində öz yerini tapması, qədərincə
dərk edib yaşaması, qayim-qədəm olması çox
çətindir. Bu bitkin, həm də dolğun ömrü qazanaraq
yaşamaq da hər kəsə nəsib olmur. Bu
bir tərəfdən taleyin işidirsə, başqa bir tərəfdən
də insanın öz zəhməti və istedadının təzahürü
ilə birgə ərsəyə gələn yazıdır.
Floranın sənətkar ömrünü Tanrının ona bəxş
etdiyi alın yazısı ilə yanaşı, həm də öz zəhməti
və istedadının hesabına qazandığı uğuru
hesab etmək doğru olardı. lll Qeyd
etdiyim kimi, F.Xəlilzadənin ədəbi-publisist
çalışmalarının, mətbuat
yaradıcılığının dördən bir payı:
Yeddidən biri – “Yazdıqlarım”da toplanıb. Kitabı vərəqləyirəm. Oxuyub təsirləndiyim yazılarda jurnalist cəsarəti,
publisist təhqi- qatları, ədəbi-bədii
araşdırmaları, ciddi və sərt polemik
düşüncələri, Floranın qələminə məxsus
olan yazı manerasının özünəməxsusluğu,
təzəliyi, rəngarəngliyi məni bir oxucu-həmkar
kimi razı salır.
Kitabdakı fəsillərin hər biri ayrı bir istiqamətdə
işlənmiş mövzuları əhatə etsə də
onlar bir kökdən rişə almış budaqları
xatırladır. Çünki Flora ictimai-ədəbi
mühitin çağlayışını davamlı
mövzular çərçivəsində, sistemli şəkildə
çoxbucaqdan işləməklə həyatın
özündə baş verən hadisələrə xalqın
həssaslıqla yanaşmasını, onlara obyektiv münasibət
bildirməsini istəyir. O, bir mövzunun kökünə
vararaq, onun cəmiyyət həyatına, ədəbi-mədəni
mühitinə təsirini araşdıraraq onun əsl mahiyyətini
üzə çıxarır.
“Yazdıqlarım”ın bölmələrinə nəzər
yetirəndə görürəm ki, F.Xəlilzadə ulu
öndərin ədəbiyyatımız, mədəniyyətimizlə,
görkəmli insanların Azərbaycan xalqının taleyindəki
yeri, mövqeyindəki cahanşümul xidmətlərindən
başlamış, ictimai-ədəbi mühitin bir çox
aktual problemlərinə, onların həlli yolundakı
araşdırmalarına dönə-dönə, təkrarən
qayıdır. Lakin bu təkrarlıq haqqında bəhs
açdığı məsələlərə yeni və
mükəmməl yanaşmaları ilə diqqəti cəlb edir. Başqa bir tərəfdən, Floranın
mövzularına təkrarən qayıtmağı
yazılarında təkrir əlvanlığı yaradır.
“Sözün və zamanın ucalığında” müəllif dilə münasibət məsələsinə müxtəlif rakusdan yanaşır. Müxtəlif istiqamətdən nəzər yetirilən bu yazılarda dilimizi korlayanlar, ona yabançı ifadələr qatanlar, sözümüzə soyuq ab-hava gətirənlər açıqcasına hədəfə alınır. Müəllif çoxumuzun diqqət yetirmədiyi məsələlərə ana dilimizin keşiyində bir müsəlləh əsgər kimi dayanan əsl vətəndaş həssaslığı ilə yanaşır. Axı, qəlbində odlu vətən sevgisi olmayan, öz ana dilinə dəlicəsinə vurulmayan aşiq bu cəbhədə qələmini ağır artilleriyaya çevirə bilməz. Görün, Floranın ürəyində ana dilimizə nə böyük sevgi çağlayır:
“Mənim ana dilim, mənim gözəl dilim! Yox, bu dəfə sənin nə şirinliyindən söz açmaq istəyirəm, nə də zənginliyindən, qüdrətindən danışmaq. Məqsədim sənin ahənginə, zərifliyinə, xəbərinə, mübtədana, şəddinə-şirənə yad tamlar calayanlara, şeirinə, laylana, halalca təmiz südünə su qatanlara bir-iki kəlmə deməkdir. Yaxud da sənin naminə bir həyəcan təbili çalmaqdır. Bəlkə də eşidən oldu”. Burdan belə publisistin dilimizi korlayanlarla, onun ruhunu öldürənlərlə savaşı başlayır. Bu savaşı onun bütün yazılarında görmək, duymaq mümkündür. O səbəbdən ki, Flora dilimizin saflığını qorumaq çağırışına hamılıqla səfərbər olmağımızı görməyincə rahatlıq tapa bilmir.
“Yazıçılar Birliyi və bölgələrin söz mühiti” bölməsində publisist həmkarımın tədqiqatçı araşdırmaları, ədəbi talelərin hər birinə öz dövrlərinin ictimai-siyasi, ədəbi mühitindən doğan baxışları ifadə olunub. Əzəl başdan, ədəbi məclislərdə, dərnəklərdə formalaşan yaradıcı mühitin iyirminci əsrin üçüncü onilliyindən bir birliyin fonunda bütöv şəkildə qurulması məsələsinə aydınlıq gətirilir. Yəni Azərbaycan Yazıçılar Birliyinin təşəkkülü dövründən başlayaraq günümüzədək bu quruma rəhbərlik edən sənətkarların ədəbi taleyinə, idarəçilik fəaliyyətinə nəzər salınır. Piblisist Azərbaycan Yazıçılar İttifaqının ilk sədri Məmməd Kazım Ələkbərlidən başlamış Xalq yazıçısı Anara qədər bu yaradıcı təşkilatın keçdiyi çətin və şərəfli yola işıq salır. Onların hər birinə özünün və əsərlərinin xarakterindən doğan özəlliklərinin varlığı fonunda münasibət bildirir. Bunlar peşəkar jurnalist araşdırması sayəsində, tarixi faktlara publisist baxışlarının əlvanlığı ilə işıqlandırılmışdır. Bu əsərlərdə çətin dövrün, repressiyanın ədəbi mühitə gətirdiyi faciələr, sürgünlər, qorxular, ölümlər xarakterizə olunur. Ədəbi şəxsiyyətlərə və onların irsinə münasibətlər prinsipial mövqedən nəzərə çatdırılır. “Yaşıl qələmdən başlanan yol”un günümüzəcən yol alan ədəbi örnəkləri, bölgələrin söz mühitinin ədəbi-bədii nümunələri jurnalist təhqiqatları sayəsində üzə çıxarılır. Hətta qaranlıq dövrlərin yaradıcı şəxsiyyətlərindən olan Məmməd Kazım Ələkbərli, Seyfulla Şamilov kimi başı ağrılar çəkmiş sənətkarların həyatına əmin-arxayın zamanlarda da maraq göstərməyən, onların fəaliyyətini tədqiq etməyən tədqiqatçılar qınağa tutulur.
F.Xəlilzadə “Azərbaycan poeziyasının əngin səmasında qartal kimi qanad çalan” Səməd Vurğun, “Düz danışan, məqamı gələndə susmağı bacarmayan” Rəsul Rza, “Milli kökə, adət-ənənəyə sadiq, qorxmaz, namuslu, cəngavər” Süleyman Rəhimov, “Dövrünün qara tufanları, eləcə də mülayim ruzigarları ilə üz-üzə dayanan” Mirzə İbrahimov, “Ədəbi tənqidimizin cəngavəri” Mehdi Hüseyn, “Özünəməxsus üslub və vasitələrdən, bədii detallardan ustalıqla istifadə edən” İmran Qasımov, “Yumşaq təbiətli, ağır taxtalı, ədəbiyyatımızın Cahandar ağası” İsmayıl Şıxlı, “Azərbaycan ədəbiyyatındakı mövqeyi və yeri silsilə dağlar kimi bir-birinə bənzəyən” Anar kimi ədəbi simaların ədəbiyyata, söz sənətinə mövqeyini açıqlamaqla bahəm, əsərlərinin məziyyətini, ictimai əhəmiyyətini saf-çürük edir.
(Ardı var)
Şəfəq
NASİR
525-ci qəzet.-
2012.- 25 dekabr.- S.6.