“Sonuncu fateh” – tarixi gerçəklik və bədii həqiqət

 

 

 

Yazıçı Hüseynbala Mirələmovun imzası Azərbaycan oxucusuna yaxşı tanışdır və əsərləri qonşu Rusiya və Türkiyədə də rəğbətlə qarşılanan ədibin yaradıcılıq uğurlarından, bir sənətkar olaraq özünəməxsus xüsusiyyətlərindən danışmaq niyyətindən büsbütün uzağam. Tarixi mövzuda, tarixi şəxsiyyət barədə bədii əsər yazmağın nə qədər çətin və məsuliyyətli olduğunu əsaslandırmaq üçün uzun-uzadı fikirlər yürütməyə də lüzum görmürəm. İki məqamı vurğulamaq istəyirəm. Əvvəla, haqqında yazdığın tarixi şəraiti və həmin şəraitin yetirməsi olan şəxsiyyəti mükəmməl şəkildə tanımalı, ikincisi, tarixi faktı ədəbi fakt kimi dəyərləndirib ümumiləşdirməyi bacarmalısan.

H. Mirələmov Nadir şahın yaşadığı mürəkkəb, qarmaqarışıq tarixi şəraiti və bir insan olaraq Nadirin və digər qəhrəmanlarının ziddiyyətli xarakterini fəhmli, faktları tutuşdurub əsl həqiqəti ortaya çıxarmağı bacaran tarixçi və cəmiyyətşünas kimi dərindən öyrənmiş, öyrəndiklərini yazıçı idealına uyğun olaraq zərgər səliqəsi ilə ümumiləşdirərək bədiiləşdirə bilmişdir. Məhz bu iki cəhət əsərin müvəffəqiyyətini təmin etmiş, oxucu uydurma tarixin və taleyi rəvayətlərə bürünmüş qəhrəmanların yox, həqiqiətə daha yaxın tarixi olayların və bu tarixin övladları olan qəhrəmanların biri digərinə bənzəməyən xarakterləri, uğrunda mübarizə apardıqları amallarla tanışlıq imkanı əldə edə bilmişdir.

Proloq, üç kitab, altı hissə və epiloqdan ibarət olan roman əvvəldən axıra qədər oxucunu arxası ilə aparmaq gücünə malik olan tarixi həqiqətlər, biri digərindən doğan ehtiras dolu əhvalatlar üzərində qurulmuş, əsərin baş qəhrəmanı Nadir bir obraz kimi dinamik inkişafda, digər qəhrəmanlar isə zamanın tələbinə uyğun olaraq müxtəlif vəziyyətlərdə oxunaqlı dil və mükəmməl bədii boyalarla oxuculara təqdim olunmuşdur. Azərbaycan da daxil olmaqla İranın 1700-1747-il illər arası ictimai və siyasi həyatı, son Səfəvi şahları və onların aqibəti, Nadir və onunla əlaqəli məsələlər tarixi faktlar əsasında ilk dəfə olaraq əhatəli şəkildə bədii ədəbiyyatda gətirilmiş, gərgin və üzücü əmək sayəsində böyük ustalıq və vətəndaş yanğısı ilə monumental bir sənət abidəsi yaradılmışdır.

Romanın adı “Sonuncu fateh” olsa da, əsəri sırf Nadir şah haqqında tarixi xronika, yaxud “Nadirnamə” kimi qəbul etmək, bizcə, doğru olmaz. Romanda təsvir olunan, bədii həllini tapan məsələlər qismən Nadirin ətrafında cərəyan etsə də, burada əsası Şah İsmayıl Xətayi tərəfindən qoyulmuş Qızılbaş Səfəfi dövlətinin çöküşü və tarix səhnəsindən silinməsi, yeni bir sülalənin – Əfşarların hakimiyyətə gəlişi və on bir illik səltənəti bədii predmet kimi seiçlmiş, çoxsaylı surətlər və oxucunu riqqətə gətirəcək hadisələr vasitəsi ilə yazıçı idealına uyğun olaraq bədiiləşdirilmişdir.

Mükəmməl struktura, bitkin süjet və kompozisiyaya malik romanın proloqunun iki cümlədən ibarət ilk abzasının son – “Ətəyində seyrək ağaclar görünən təpənin başında bayquş aram-aram ulamağa başladı” cümləsi ayıq oxucunu bəri başdan “Ölüm, ya olum” sualı üzərində qurulmuş bir əsərə şahidlik edəcəyindən xəbər verir. Oxucu fövrən düşünür ki, o, nə adi məişət səhnələrinin, nə sentimental hisslərin, nə də xəyal və əfsanələrlə süslənmiş cəzbedici hadisələrin şahidi olmayacaq.

Əsərin ilk hissələrini oxuduqca adamın gözləri qarşısında əvvəlki şöhrətini itirmiş, parça-parça olmuş bir məmləkət canlanır. Sahibsiz bir məmləkət – rəhbəri Şah Sultan Hüseyn kimi fərsiz bir məmləkət. Bu məmləkət xilaskarına hamilədir və onun gəlişini səbirsizliklə gözləməkdədir. Son Səfəvi şahlarının fərasətsizliyi və onları əhatə edən əyan-əşrəflərin şərəfsizliyi ucbatından hər bucağında mərkəzi hakimiyyətə asi olub özünü hakimi-mütləq elan edibən ölkəni ata malı kimi bülüşdürən dargözlərin, Vətəni kiçildə-kiçildə böyümək iddiasında olanların arzusunu gözündə qoymağa qadir olan bir gücə, xalqı arxasınca aparıb dağılmış məmləkəti yenidən qurmağa qadir olan bir qüvvəyə, H. Mirələmovun “Fateh” adlandırdığı bir xilaskara ehtiyacı var. Bu xilaskar isə müəllifin əsərinə baş qəhrəman seçdiyi Xorasan türkü, Əbivərdli Nadirdir.

H. Mirələmovun Nadiri uşaqlığından taleyin sərt sınaqları ilə üz-üzə gəlməli olub. Əvvəl kürktikən, qocalandan sonra isə ilxıçılıq edən İmamqulunun oğlu on iki yaşına qədər mədrəsə təhsili almasa da, müəllifin təbirincə desək: “heç əlifbeyi bilməsə” də həyat məktəbi ona çox şey öyrədib. Təbiətin qoynunda azad yaşadığından ilk gənclik illərindən onda azadlıq eşqi formalaşıb. Allah-taalanın seçilmiş bəndəsi kimi ona verdiyi fitri istedad sayəsində daim ucalığa, liderliyə can atıb. On iki yaşında ikən qəfil leysandan, aramsız göy gurultusundan vahimələnərək uçuruma yuvarlanmaqda olan ilxını xilas edəndə də, az sonra cavanları başına yığıb oymağın mal-qarasını talan edən türkmənlərlə savaşıb apardıqlarını geri alanda da, sehrkar kor Həsənəlinin xeyir-duasını, anasının öyüd-nəsihətini  dinləyəndə də, əsirlikdə Buxaralı Qəmbərin nökəri olanda da onu yalnız bir şey düşündürüb: Allahın nəzəri üstümdədir və mən rəbbimin köməyi ilə uca məqamlar sahibi olacağam.

Nadir bu daxili inam sayəsində ağlına və dözümünə arxalanaraq gələcək arzularına çatmaq üçün yollar axtarır. Anası Gövhərbəyimin dar gün üçün saxlamağı bacardığı və əsirlikdə axirət dünyasına köç edərkən oğluna təqdim etdiyi qızıllar Nadirin əsirlikdən qaçmaq, doğma el-obasına qovuşmaq arzusuna yardımçı olur. Buxaralı Qəmbərin gözəl qızı, Nadirə könül vermiş və sevgisinə axıra qədər sadiq qalmış Zəhranın həyatını təhlükəyə salıb ona, qardaşı İbrahimə və Əmirquluya köməyi sayəsində dörd illik məşəqqətli əsirlik həyatından qurtulub Xorasana, doğma ata-baba yurduna qayıtmağa müvəffəq olan Nadiri düşündürən ilk məsələ ağır günlərini yaşayan, fərsiz şahın – Sultan Hüseynin acizliyi, qorxaqlığı ucbatından sanki Allahın qəzəbinə gəlmiş Səfəvi-Qızılbaş dövlətinin bu günkü durumu və gələcək aqibəti olur.

 Təbii ki, Nadir dərəbəylik qanunları ilə idarə olunan ölkəni düşdüyu səfalət və rəzalətdən qurtarmaq iqtidarında deyil. Amma Nadir başa düşür və qətii şəkildə əmin olur ki, ölkəni, ən əvvəl tez-tez özbəklərin və əfqanların hücumlarına məruz qalan Xorasanı, Əbivərdi başıpozuq bir zümrədən təmizləmək üçün gücə və bu gücün ətrafında formalaşan ittifaqa ehtiyac var. Hələlik real güc sahibi olmayan Nadir çıxış yolunu Baba Əli bəy Əfşarın müdafiə dəstəsinə qoşulmaqda görür. İyirmi iki yaşında bu dəstəyə qoşulan Nadir tezliklə Baba Əli bəyin rəğbətini qazanır. Ən çətin tapşırıqlar ona etibar edilir və Nadirin sərkərdəlik bacarığı üzə çıxır. Baba Əli bəyin təklifi ilə onun qızı Fatimə ilə ailə quran Nadir minbaşı olmaqla yanaşı, həm də yeni bir titul – bəy titulu qazanır. Beləliklə, tarix onun boynuna təkcə özünü, ailəsini yox, dar mənada ətrafını, elini, geniş mənada isə məmləkətini qorumaq haqqını qoyur.

Nadirin həyatının ikinci – bəylik mərhələsi başlanır. Günü-güzəranı at belində, yerli araqarışdıranlara və qonşu işğalçılara qarşı mübarizədə keçən “Nadir bəylik məqamına çatandan sonra bir müddət öz mövqeyini möhkəmlətmək, döyüşçülərin sayını artırmaq üçün könüllülüər yığır”, siyasi, iqtisadi, hərbi gücünü cəmləşdirib bir araya gətirmək üçün etibarlı bir qərargaha sahib olmaq qərarına gəlir və qayınatası Baba Əli bəyin tövsiyəsi ilə Əbivərddən bir qədər uzaq olsa da, alınmaz, möhtəşəm bir istehkam kimi tanınan Kəlat qalasını tutmaq qərarına gəlir. Qalanın hakimi, Nadirə qohumluğu çatan Aşur bəyin taktiki səhvindən bacarıqla istifadə edən Nadir qansız-qadasız istəyinə çatır və gələcək planlarını həyata keçirmək üçün quldurluq, talançılıq və ümumiyyətlə hansı yolla olursa-olsun əldə etdiyi var-dövləti qalada yerləşdirir. Ordu saxlamaq gücünə malik sərvət sahibinə çevrilən Nadir gələcək – uşaqlıqdan beynində formalaşan “mən şah olacağam” arzusundan kimsənin xəbərdar olmaması üçün özünü Qızılbaş-Səfəvi hakimiyyətinə sadiq olan bir şəxs kimi göstərir. Nadir başa düşür ki, onun bu məqamda qəndəharlı Mir Mahmud, Məşhəd hakimi Məlik Mahmud və qeyriləri kimi birbaşa mütləq hakimiyyət arzusunda olması və döyüşlərini, yürüşlərini məhz bu məqsədlə həyata keçirməsini açıq şəkildə bəyan etməsi onun şəksiz fəlakətinə və tarix səhnəsindən silinməsinə səbəb olacaq.

Əsasən türkdilli tayfalardan ətrafına qüvvələr toplayıb bütün mübarizəsini Səfəvi hakimiyyətinin qorunmasına, parçalanmış qızılbaş dövlətinin birləşdirilməsinə həsr etdiyini və ətrafına cəmləşənləri də buna inandırmağı bacaran Nadir bəy ələ düşmüş fürsətdən istifadə edərək saraya yol tapmağa çalışır. Hakimiyyəti idarə etmək iqtidarında olmayan Şah Sultan Hüseyni taxtdan uzaqlaşdırmaq üçün yollar axtarır. Təbii ki, Şah Sultan Hüseyni taxt-tacdan əl çəkməyə vadar etmək o qədər də asan məsələ deyil. Ölkəni nə qədər idarəolunmaz hala gətirsə belə, o, sülalə hakimiyyətinə adət etmiş İran xalqlarının qanuni şahıdır. Onu ya cismən məhv etmək, ya da çevriliş  yolu ilə hakimiyyətdən uzaqlaşdırmaq olar. Tərəfdarlarının belə “Şah” yox, “Molla” adlandırdığı Şah Sultan Hüseynin İran taxtında oturması İran üçün itirilmiş və itiriləcək torpaqlar, bir yandan Rusiya, digər yandan Osmanlı əsarəti, ən əsası isə məmləkətin dağılmaq təhlükəsi deməkdir. Lakin o, şərəfsiz və aciz bir məxluq olsa da, qanuni şahdır və İranda yaşayan əhali özünü onun təbəəsi, onu Yer üzünün Allahı hesab edir.

Ölkəni bürümüş hərc-mərclik və xaosun məntiqi nəticəsi olaraq siyasət səhnəsinə gəlmiş Nadir ağıllı adamdır və həyatın qazanında bişə-bişə çox şeylər öyrənib. O başa düşür ki, çox şeylərin zorun vasitəsi ilə həll olunduğu zamanlarda da zorun qarşısında aciz qaldığı məqamlar var. Deməli, Nadir nə qədər güclənsə də, ətrafına yeni qüvvələr toplasa da, haqqında bir xilaskar, məğlubedilməzlik simvolu kimi əfsanələr formalaşsa da, hələ ki, o, şahı taxt-tacdan devirmək qüdrətində deyil. Bəs nə etməli?

Nadirin üstündə baş sındırdığı sualı Mir Mahmud xan 1722-ci ilin 24 oktyabrında min nəfərlik əfqan ordusunu Əmənullah xanın başçılığı ilə paytaxt İsfahana yeridib Şah Sultan Hüseyni həbs, xəzinəni qəsb etməklə cavablandırır. Əxlaq sahibi olan Nadirin etməyə cəsarəti çatmadığı, iddiası  bacarığına uyğun gəlməyən, dövləti qurmaq yox, dağıtmaq fərasətində olan Mir Mahmud həyata keçirir. Əfqanlar arasında o qədər də hörmət sahibi olmayan, iyirmi səkkiz yaşlı, dövlətçilik və siyasət sahəsində təcrübəsiz bu gənc az sonra xəyanətinin qurbanı olur və elə həmin il də öz əqrabalarından olan Əşrəf xan tərəfindən başı kəsilir.

Şöhrəti artıq İranın hər yerinə yayılan Nadir bəy indilik vəziyyətdən çıxış yolunu vəliəhd Təhmasib Mirzə ilə yaxınlaşmaqda görür. Düşünür ki, şahzadənin rəğbətini qazanıb qəsb olunmuş hakimiyyəti ona qaytarandan, onu hakimi-mütləq edəndən sonra arzularına bir addım da yaxınlaşacaqdır. Şahzadənin və onun ətrafının yenidən taxt-taca sahib olmağa qüdrəti olmadığını bildiyindən, Nadir bəy qanuni vəliəhdin varlığından istifadə etməklə həm əfqanları hakimiyyətdən uzaqlaşdırmaq, həm də gələcək planlarını həyata keçirmək üçün Təhmasib Mirzəni bir növ öz ovuna çevirmək üçün fəaliyyətə başlayır.

Nadirin hakimiyyət, taxt-tac uğrunda mübarizəsinin üçüncü dövrü başlanır. Artıq onun Təhmasib Mirzəyə və onun yaxın ətrafına yox, Təhmasib Mirzənin ona ehtiyacı var. Təhmasib Mirzə istəməsə belə, Nadirlə – öz fərmanı ilə “cəmi Xorasana öz canişini təyin etdiyi və xan məqamına yüksəltdiyi Nadir xanla ittifaq bağlamağa məcburdur. Babaları Şah İsmaylı, Şah Təhmasib, Şah Abbas kimi qüdrət sahibi olmasa da, cavan vəliəhd atası Şah Sultan Hüseyndən ağılı və cəsarətlidir. Yaxın ətrafından, zaman-zaman onunla birlikdə olmuşlardan ehtiyat eləsə də, Nadir xanın köməyindən istifadə etməyə məcburdur.

Nadir xan – bütün varlığı ilə Vətəninə bağlı olan bu türk oğlu şah sarayında yaşamasa da, saray intiriqalarından və şahların sabitqədəm olmayan xarakterlərindən kifayət qədər məlumatlıdır. O, qəti şəkildə bilir ki, şahların və həm də iradəsiz şahların ipi üstə odun yığmaq olmaz. Əmindir ki, Təhmasib Mirzə onun yardımı ilə qəsb olunmuş səltənətinə sahib durandan sonra onu özünə rəqib hesab edərək aradan götürməyə çalışacaqdır. Bəri başdan həyatını sığortalamaq, məhrumiyyətlər bahasına qazandığı məqamı qorumaq və hələlik yalnız özünə bəlli olan arzusuna çatmaq üçün o, şahı onunla saziş bağlamağa, şahı özündən asılı vəziyyətə salmağa çalışır. Ağlı və cəsarəti sayəsində rəqiblərini neytrallaşdırmağa, şahdan “Təhmasibqulu” ləqəbini almaqla İran ərazisində şahdan sonra ikinci şəxs statusuna müvəffəq olur. Bu zamandan etibarən ölkəni faktiki olaraq Təhmasib Mirzə yox, Nadir xan idarə etməyə başlayır.

İkinci Təhmasib şahın baş sərkərdəsi, günü-güzəranı dövlətin itirilmiş torpaqlarını qaytarmaq və əvvəlki şöhrətini bərpa etməklə keçən Nadir xanın xəbəri olmadan osmanlılarla və ruslarla imzaladığı, İranın xeyirinə olmayan müqavilələr bağlaması Nadiri qəti hərəkətə keçməyə vadar edir. İllər uzunu ətrafına topladığı, müxtəlif vilayətlərə və şah sarayına yüksək vəzifələrə təyin etdiyi sadiq adamlarının köməyinə və ordudakı nüfuzuna arxalanaraq Təhmasibi taxtdan salmağa və onun səkkiz aylıq oğlu Abbas Mirzəni Üçüncü Şah Abbas adı ilə taxta çıxarmağa müvəffəq olur.

Ağıl və zəhmət öz bəhrəsini verir. Özünü yeni şahın qəyyumu elan edən Nadir xan mütləq hakimə çevrilir. Gələcək arzusunun astanasında olan Nadir xan ağıllı strateq kimi məmləkətin hər yerini Səfəvi şahları dövründən qalan hakimlərdən təmizləmək qərarına gəlir. Qardaşını, oğlanlarını, qardaşı oğlanlarını, yaxın əqrabalarını və illər uzunu ona sədaqətlə xidmət etmiş silahdaşlarını ən ali vəzifələrə yerləşdirir. Rusiya və Osmanlı dövlətləri ilə münasibətləri tənzimləməyə çalışır. Ölkədə əmin-amanlıq yaradıb atacağı son addımın gərəkli olmasına zəmin yaratmağa səy göstərir.

“Təhmasibqulu” ləqəbindən imtina edən, “Vəkilüddövlə” və “Naibüssəltənə” vəzifələrini icra edən Nadir xanın şəxsi rəşadəti və ağıllı tədbirləri sayəsində ölkənin itirilmiş torpaqları və nüfuzu özünə qayıtmaqdadır. Artıq ölkə ərazisində və yaxın ətrafda Nadir xanla üz-üzə gəlməyə, onun qoyduğu qanunlara tabe olmamağa cəsarəti olan bir qüvvə yoxdur. İndi məscidlərdə xütbələr onun adına oxunur, zərbxanalarda sikkələr onun adına kəsilir. Nadir xan tacsız şahdır və tacın qanuni sahibi olmaq üçün elə bir addım atmaq istəyir ki, bu addım qansız-qadasız həyata keçsin, ölkədəki nisbi sakitlik pozulmasın. Nadir xan başa düşür ki, zor işlətməklə həyata keçirilən taca sahib olma nə ölkə daxilində, nə də ölkədən xaricdə səs-küysüz ötüşməyəcək.

Biz qeyd etdik ki, Nadir xan cəsarətli səkərdə olmaqla yanaşı, həm də müdrik və ağıllı siyasətçidir. Məhz ağıl və uzaqgörən siyasəti sayəsində o, Muğanda İranın hər yerindən nümayəndələr dəvət etməklə xalq qurultayı keçirir. Qurultay nümayəndələrinin təkidi ilə taxt-taca sahib olaraq şahlığını qanuniləşdirir və Əfşarlar sülaləsinin əsasını qoyur.

Səltənətin qanuni sahibinə çevrilən, illərdən bəri arzusunda olduğunu əldə edən Nadir şah demokratik yolla hakimiyyətə gəlsə də, hakimiyyəti demokratik yolla idarə etməyin mümkünsüz olduğunu çox yaxşı başa düşür. Hələ ölkə üçün görüləsi çox işlər var və bu işlərin bir çoxunu zor işlətmədən yerinə yetirmək mümkün deyil. Sonuncu Səfəvi şahları dövründə özlərini müstəqil hakim, bəzən şah elan edənlər – dişi qana batmış canavarlar açıq şəkildə meydan sulaya bilməsələr də məqam düşdümü, məmləkətin müxtəlif yerlərində ixtişaşlar törətməkdədirlər və Nadir şah bu ixtişaşları silah gücünə yatırmaq məcburiyyətindədir.

Qansız əldə etdiyi taxt-tacı qan bahasına qorumağa məcbur olan Nadir şahı ölkənin bütövlüyü məsələsi ilə yanaşı məzhəb ixtilaflarının aradan qaldırılması da çox düşündürür. Nadir şah İslam tarixində misli görünməmiş bir islahatı həyata keçirmək istəyir. Quran, Quranın göndərildiyi sonuncu peyğəmbər bir olduğu kimi, məzhəbin də bir olması ideyasını irəli sürən, şiə və sünni fəqihlərinə məktublar göndərib onları bir məzhəb ətrafında birləşməyə çağıran Nadir şah əsrlərdən bəri müsəlmanlar arasında təfriqə yaradan məzhəb ayrı-seçkiliyini aradan qaldıra bilmir və əslində, Nadir şahın qətlini tezləşdirən məsələlərdən biri də atdığı bu radikal addım olur.

Hər necə qiymətləndirilirsə qiymətləndirilsin, Nadir şahın hakimiyyət başına keçməsində onun Səfəvi xanədanına etdiyi xəyanətin də mühüm rolu olmuşdur. Təhmasib Mirzəni devirib onun südəmər körpəsini şah elan edəndə də, bu körpənin taleyini ümumxalq qurultayı ilə həll edəndə də, Nadir şahın hərəkətlərində xəyanət elementləri var. Ancaq bu xəyanətlər zamanın tələbi ilə meydana gələn, qaçılmaz xəyanətlərdir.

Nadir şah kimi güçlü bir şəxsiyyətin hakimiyyət başında olması bir çox əyanlara, hətta Nadir şahın yaxınlarına sərf etmir. İntriqa yuvası olan saraylarda hörülən torlar Nadir şahın oğul qatili olması ilə nəticələnir və Nadir Rzaqulunun gözlərinə mil çəkdirməklə, onu dünya işığından məhrum etməklə, əsində ozü öz həyatını baltalayır. Rzaqulu kimi bir cəngavər oğuldan məhrum olan Nadir şaha qarşı müxalif qüvvələrin baş qaldıracağı şəksizdir. Rəqibi uzaqda axtarmağa lüzum qalmır. Taleyin ironiyasına bax ki, dost-doğma qardaşı oğlu Əliqulu Mirzə əmisinə – əlinin üstündə əl olmayan fatehə asi olur.

Nadir şah qurduğu hakimiyyətin dayanıqlı olmasına nə qədər cəhd etsə də, zaman və Nadirin qurduğu dövlət quruluşu buna imkan vermir. Özünə, min cür məşəqqətlər bahısına bərpa etdiyi, qurduğu dövlətə qarşı yadlar bir tərəfə, doğmalarından gördüyü xəyanətlər Nadir şahı ölüm kürsüsünə tərəf sürükləyir. İnandığı, etibar etdiyi insanlar tərəfindən qətlə yetirilən Nadir şahın aqibəti, əslində, bir vaxtlar etdiyi xəyanətlərin bədəli kimi də düşünülə bilər.

“Sonuncu fateh” romanının məramı, məfkurəsi və burada bədiiləşdirilmiş hadisələrin gedişatı aşağıdakı qənaətlərə gəlməyə əsas verir:

– Əsər dövlətin bütövləşməsi, dağılmış məmləkəti necə bərpa etmək haqqında tarixi sənədlərə söykənən, həqiqətləri özündə əks etdirən, şövq və həvəslə ərsəyə gətirilmiş dəyərli sənət nümunəsidir;

– Hökmdarı, başçısı zəif olan dövlətlərin dağılması və özgürlüyünü itirib qonşu dövlətlərin köləsinə çevrilməyi tarixi zərurətdir;

– Milli birlik olmayan yerdə dirilikdən, dirçəlişdən danışmaq əbəsdir:

– İdeologiyası zəif olan, zora arxalanan dövlət başçısının  tarix səhnəsində uzun müddət qalıb yaratdığı səltənəti yaşatmağı mümkünsüzdür;

– Hakimiyyət şübhə, etimadsızlıq ilə yox, qarşılıqlı inam əsasında idarə olunmalıdır;

– Qurucusu Şah İsmayıl Xətai, Mustafa Kamal Atatürk, Heydər Əliyev kimi dahi şəxsiyyətlər olan dövlətlərdə, məmləkətlərdə Təhmasibqulu, Nadirqulu kimilərinin meydana çıxması müşkül məsələdir;

– Haqqa, ədalətə söykənməyən, özündən sonra ləyaqətli siyasi varisi olmayan liderlərin, rəhbərlərin qurduqları dövlətin ömrü onların öz ömründən ziyadə olmur;

– Əsərin tərbiyəvi əhəmiyyətini şərtləndirən aforizm belədir: – Heç bir xəyanət əvəzsiz, heç bir cinayət cəzasız qalmır;

– Nəhayət, “Sonuncu fateh” tarixi roman janrının tələblərinə cavab verən monumental bədii salnamə, XVIII əsrin tarixi gerçəkliklərini və bədii həqiqətlərini özündə təcəssüm etdirən sanballı epopeyadır. Bu epopeya istedadlı yazıçı Hüseynbala Mirələmovun parlaq uğuru, Azərbaycan bədii nəsrinin ədəbi hadisəsidir.

 

İslam Qəribli

filologiya üzrə fəlsəfə doktoru,

yazıçı-ədəbiyyatşünas

525-ci qəzet.- 2012.- 26 dekabr.- S.7.