Mətbuatımızda dəyərli imzaFlora Xəlilzadə

 

Flora Xəlilzadə mövzularını seçəndə bilir ki, ona hansı prizmadan yanaşacaq: Publisist nəzərləri ilə, yaxud yazıçı baxışları ilə. Belə yazıların təqdimatında fərqlilik özünü göstərir. O, ədəbi şəxsiyyətlər haqqında söylədiyi fikirləri həmişə sənətkarların həyata baxışları üstə kökləyir.

PublisistSöz şimşəkləri”ndəki məqalələrində klassik irsimizin yadigarları, öz zamanlarının söz sərrafları, şifahi xalq ədəbiyyatının, aşıq sənətinin zirvəsində qərar tutan sənətkarların, kədərin, nakamlığın içində müdrikləşən, dövrlərin qasırğasında məhv olan ədəbi şəxsiyyətlərin portretlərini yaradıb. Əsərlərinin ictimai mötivini, əsas xüsusiyyətlərini araşdırıb. O, Vidadi haqqında yazır: “Onun lirikası yüksək bədii sənətkarlıq nümunəsidir. Amma poeziyasının əsas sarı simi Vətən həsrətidir”. O, Vidadi yaradıcılığının özəlliklərindən, bədii siqlətindən danışarkən onu Vaqiflə, onun yaradıcılığı ilə müqayisəli şəkildə  təhlil etmişdir. Floranın fikirləridir: “Əgər Vaqif yurdumuzun gözəllərini vəsf edərək onların hüsnünə, füsunkarlığına, cazibədarlığına saysız-hesabsız qoşmalar ithaf edirdisə və bu şeirlərdə də həddən ziyadə həyat eşqi, yaşamaq həvəsi duyulurdusa da, Vidadidə bunların əksinədir. Vidadinin poeziyasında əbədi lövbər salan dərin bir kədər var. Bu kədərin əsas motivi də vətən həsrəti və qəribçilik iztirablarından ibarətdir”. Bəzən də Vidadi yaradıcılığının xarakterini açan amillərə münasibətini bildirən ədəbiyyatşünasların fikirlərinə qarşı özünün polemik münasibətini bildirərək qeyd edir ki, “bəzi tədqiqatçıların fikrincə, o, şah saraylarına dəvət edildiyindən müəyyən müddət doğmalarından ayrı düşüb. Bu da inandırıcı görünmür. Çünki Vidadi kədərinin naləsində bəşərilik var. Onun ruhunda ictimai bəlaların ağrı-acıları duyulur”. Müəllif Vaqifin özünün yaradıcılığına, ictimai-siyasi fəaliyyətinə də publisist araşdırması prizmasından nəzər salmışdır. Eləcə də Azərbaycan mətbuatının təşəkkülü və inkişafı mərhələsinə çiyin verən qüdrətli söz xiridarlarının yaradıcılıq dünyasına nüfuz edən müəllif onların şəxsində zamanların ictimai-ədəbi mühitinə aydınlıq gətirmişdir.

Söz uğrunda döyüşənlər” bölməsindəki yazılar bütünlükdə ədəbiyyatımızın tarixində öz dövrünün ədəbiyyatını yaradan yazıçıların həyatına, yaradıcılıq yollarına həsr olunub. Bu yaradıcılıq nümunələrində mübarizliyi, yüksək əxlaqı, xarakteri, saflığı ilə yadda qalan obrazlar təhlilə cəlb olunub. Bu yazılar ciddi araşdırmaların, yaradıcılıq yollarının izlənilməsini şərtləndirən davamlı mütaliənin nəticəsində, həm də hər birinə sistemli bir ardıcıllıqla yanaşmanın təzahürüdür, desək doğru olar.

“Sözlə fəth edilən zirvələr”, “Sözlərə süzülən işıqlar – müsahibələr”, “Qələmlə söz göyərdənlər”, “Böyükdür sözün gücü”, “Söz seçimində itən meyarlar” başlığı altında sıralanmış məqalələr də yuxarıda ümumi səciyyəsi ifadə olunan yazılar kimi, hər biri ayrı-ayrı ünvanlardan söz açsa da bütövlükdə yazıçı-publisistin Azərbaycan mətbuatında ədəbiyyatımızın, mədəniyyətimizin böyük zaman çərçivəsində  sözlə naxışlanmış möhtəşəm mənzərəsinin əksidir.

 

lll

 

F.Xəlilzadənin mövzuları rəngarəngdir, cəlbedicidir, tükənməzdir. Bunlar mənəvi-əxlaqi dəyərlərimizlə bağlı zəruri olan məsələlərdi. Xalqın mədəniyyətinin,  incəsənətinin və ədəbiyyatının böyük anlamda öz çəkisində, sanbalında mənzə- rəsini yaratmağa çalışan F.Xəlilzadə uzun illərdir ki, böyük Azərbaycan sevgisinin işığında maraqlı, dəyəri yazılarıyla ədəbiyyat və mətbuatın inkişafı tarixinə öz töhfəsini verir. O, dilimizin  təmizliyi, saflığı yolunda həyəcan təbilini əlindən-dilindən yerə qoymadan mübarizə aparır. Bir azərbaycanlı olaraq dilimizin qüsurlardan, təhriflərdən təmizlənməsini istəyir. Dilə duzsuzluq qatılanda, şit, mənasız söz yığnağı işlədəndə, xalq mahnılarımıza, ədəbiyyatımıza, dərsliklərimizə qüsurlu ifadələr, sönük mətnlər pərçim edəndə dözmürbunlara qarşı üsyan edir. İctimai həyatımızda rastlaşdığı əyriliyin naqisliyin, mənəviyyatsızlığın üstünə sözdən yonduğu xəncərlə gedərək, bu qüsurları kimlərin törətdiyindən asılı olmayaraq onları kəsib-doğrayır. O, cəsarətli qələm sahibidir.

 OnunSöz seçimində itən meyarlar”ı bu sahədəki ağrılarımızdan bəhs edir. Oxuduğu yazılarda, radio-televiziya verilişlərində, mətbuat səhifələrində, dərsliklərdə belə pozuntuları, təhrifləri eşidəndə sarsılır. Məqamındaca Sos qaldırır. Sözü urvatdan salanlara qarşı qəzəbini bildirir, onları qınayır. Ümummilli lider H.Əliyevin ana dilimizə vurğunluğunu onun dövlət başçısı olduğu zamanlardan izləyən publisist böyük sərkərdənin məşhur fikrini səsləndirir: “Millətin milliliyini saxlayan onun dilidir. Şübhəsiz ki, musiqi də, ədəbiyyat da, ayrı-ayrı tarixi abidələr də millətin milliliyini təsdiq edir. Amma millətin milliliyini ən birinci təsdiq edən onun dilidir. Əgər Azərbaycan dili olmasa, Azərbaycan dilində ədəbiyyat da olmaz, musiqi olmaz. Bunların hamısı bir-birinə bağlıdır”. Onu ağrıdan daha çox ziyalıların, qəzet-jurnal, radio-televiziya əməkdaşlarının dili kələ-kötür, eybəcər hala salaraq, bayağılaşdırmalarıdır. Dilə münasibətin Vətən, ana sevgisindən qaynaqlandığını yada salan müəllif, dilə həssaslıqla yanaşılmasını istəyir, onu təhriflərdən, təqiblərdən, əzilməkdən qorumağa çağırır.

Sənətdə düz yol seçmək, ona həmişəlik sədaqətli olmaq, yaradıcılıqda öz xarakterini ifadə etmək, “düzlüyə zaval yoxdur”, həqiqətinə bütünlükdə bağlanmaq, sözlə həmdərd olmağı bacarmaq Floraya xas olan xüsusiyyətlərdir. Çünki o sevmədiyi, bilmədiyi, dərindən bələd olmadığı bir mövzuya da müraciət etmir. Jurnalist ustalığı və təcrübəsi çox zaman ona mövzularını birnəfəsə işləməyə yol açır. Təkan Yazılara çox maraqlı və sanballı giriş verməyi, o fikirləri yazının ruhu ilə bağlamağın ustasıdır Flora. Abdulla Şaiqin yaradıcılığından vəcdə gələn publisist bu mövzudan bəhs edən çoxlarından qaynar, təravətli bir ovqatla söz açır. Və onun sözü A.Şaiq yaradıcılığına olan böyük sevgilərin işığı kimi qəlbimizi alovlandırır.

Ömür itmir, bitmir, davam edir” məqaləsində Əbdürrəhim bəy Haqverdiyevin bədii yaradıcılığını, jurnalistik fəaliyyətini onun həyatı və ictimai-siyasi mühiti içində araşdıran yazıçı-publisist onun nəsli, şəcərəsi haqqında maraqlı məlumatlara işıq salır. Bu məsələdə yazıçının qardaşı oğlu Teymur Hacıyev ona bələdçilik etsə də qaranlıqlara işıq salmaq, bunları ürəyinin odu, həssaslığı ilə qələmə almaq müəllifin zəhmətidir. F.Xəlilzadə yazır: “Rus ədəbiyyatında A.P.Çexov kimdirsə, Azərbaycan nəsrində də Əbdürrəhim bəy Haqverdiyev o zirvədə dayanıb. Adi hadisələri bədii təfəkkürdən keçirərək mənalandıran, şirin bir üslubda, təsirli bir formada oxucuya çatdıran müəllifin “Mirzə Səfər” hekayəsində qələmə aldığı məşhur mükalimə bu gün də dillər əzbəridir”. 

 

lll

 

Bu gün Azərbaycan ədəbiyyatı və mədəniyyətinin elə bir sahəsi yoxdur ki, Flora Xəlilzadə özünün jurnalist baxışları ilə ora nəzər salmasın. Məlumdur ki, günün vacib hadisələrindən bəhs edən xəbərlərdə operativlik gözlənilir, jurnalist çevikliyi tələb olunur. Əks təqdirdə məqamı ötmüş yazılar oxucu diqqətini cəlb etmir. Ölkəmizdə keçirilən yubiley tədbirlərinə, mədəniyyət, incəsənət hadisələrinə, bütünlükdə ədəbi-mədəni mühitə xəbərlərdə olduğu kimi, operativ şəkildə, özü də hər mövzuya mütəxəssis yanaşması, bədii-publisist səriştəsilə nəzər salmaq, müntəzəm olaraq əsasən dövlət qəzetində bir-birindən maraqlı yazılarla çıxış etmək Floranın operativliyi ilə yanaşı həm də böyük hünəridir. Bu gün ictimai-ədəbi mühitin elə bir sahəsi və bu sahənin elə bir hadisəsi yoxdur ki, Flora ona münasibət bildirməsin, publisist sözünü deməmiş olsun. Odur ki, mayası sözün işığından və hikmətindən tutulmuş bu sənətkar xanımı sözün cazibəsindən ayrı təsəvvür etmək, sadəcə mümkün deyil.

Hər gün onun bir-birindən fərqli yazılarını oxuyanda düşünürəm: Flora Xəlilzadə bu qədər yazını ərsəyə gətirməyə, görəsən, necə vaxt tapır? Axı o da bütün analar kimi ailə-məişət qayğılarının, yurd-torpaq itkisinin acı göynərtisinin, qəlb ağrılarının acısıyla yaşayan bir insandır. Zaman-zaman onun mətbuat yaradıcılığı ilə tanış olduqca görürdüm ki, Floranı bunca öz cazibəsində saxlayan, yazıb-yaratmağa aşiq edən sözə, mətbuata qəlbən bağlı olmasıdır. Bu məqamda xanım sənətkarın Sözə sözdən saldığı naxışların gözəlliyinə, saflığına biganə ola bilmədim: Bütün kəlmələrimə ürəyimin odunu sıxdım. Çalışdım ki, həmişə doğru sözün əlindən yapışım. Çalışdım ki, qəlbimin dediyi və qələmimin naxışladığı yazılarda çiy sözə təsadüf edilməsin. Sənət mülkündə kərpic-kərpic hördüyüm Sözün ürəkdən gəlməsinə, həqiqətdən don geyməsinə can atdım. Bizdən sonra bizi yaşadacaq sözün həmişə qürurlu, uca olmasına çalışdım”.

Floranın “kərpic-kərpic hördüyüSözün Azərbaycan mətbuatının inkişafında özünəməxsus xidmətini onun çoxçeşidli mövzularının ictimai xarakterində, mənəvi-əxlaqi dəyərlərində, bir-birindən maraqlı, sanballı  əsərlərində görmək mümkündür.

Flora Xəlilzadə elə bir qələm sahibidir ki, ondan həm ədəbiyyatımızın, həm də mətbuatımızın inkişafındakı xidmətindən ayrıca söz açmağına dəyər. Çünki o, bəhs etdiyi sahələrin və ədəbi şəxsiyyətlərin haqqında bir tədqiqatçı jurnalist kimi araşdırma aparır. O, mövzu seçməkdə, yazı tərzində nə qədər azaddırsa, bütün bunları araya-ərsəyə gətirmək təcrübəsində bir o qədər daxili intizama, mətbuat tariximizdə qazanılan ənənələrə, təcrübəyə sadiq qalan Söz adamıdır. O, bunlara təkcə bu günümüzün yox, yaşadığımız böyük zamanların içindən keçərək ruhunu duyması, məlumatlılığı, daxili zənginliyi sayəsində nail olub. Bütün bunları onun yazılarında ifadə etdiyi mənəvi-əxlaqi dəyərlərin məzmununda, poetikasında aşkar görmək mümkündür. Cəsarətlə demək olar ki, bu gün F.Xəlilzadə mətbuat tariximizin inkişafı prosesini zaman-zaman izləmiş, H.Zərdabinin, Ü.Hacıbəyovun, C.Məmmədquluzadənin, Ə.Haqvrdiyevin, Ə.Hüseynzadənin qəzetçilik sahəsində, publisistikada qazandıqları təcrübəsindən bəhrələnmiş qələm sahiblərindəndir.

Onun publisistika yaradıcılığının özünü iki qrupa ayırmaq olar: 1. Qəzetin dilinə, qəzetçilik ənənsinə xas olan məsələlərin, ictimai-mədəni həyatımızın problemlərini və onların həlli yollarını arayan çoxçeşidli, çoxfaktlı yazılar. 2. Ədəbi portretlər, tarixi-etnoqrafik bədii əsərlər, elmi-ədəbi tədqiqatlar. Bu gün onun ədəbiyyat və mətbuat tariximizə töhfəsi olanRuhumun ehtiyacı”, “Bənövşə ətirli səs”, “Aysel adını itirib”, “Analar”, “Bu mənim tale yolum”, “Ürəyim aldatdı məni”, “Taleyimdən keçən adamlar”, “İgidliyin son zirvəsi”, “Məmməd Araza məktub”, “Yuxular”, “Yolum düşə Zəngəzura”, “Dağları tərpədən fəryad”, “Yazıçılar İttifaqının rəhbərləri” kimi kitabları bu yaradıcılıq növlərinin cazibədar təhkiyə dilinə, yazı mədəniyyətinə, yüksək inntellektinə malikliyi ilə zamanında ictimai fikrin diqqətini çəkib və bu əsərlərdən yeri düşdükcə bəhs olunub. Onun yaradıcılıq yolunu izləyən bir oxucu kimi belə qənaətdəyəm ki, Floranı özünəməxsus bir qələm sahibi kimi yetişdirən jurnalistika məktəbində qazandığı böyük təcrübəsidir. 

 

lll

 

F.Xəlilzadənin bütün yaradıcılığı, publisistik əsərləri eyni nəfəsin, çırpıntıların, cəfaların odundan qor alıb. Bununla belə eyni nəfəsdən gələn bu əsərlər özlüyündə iki istiqamətdə inkişaf edir. Qəzetçilik fəaliyyətində uzun illər çalışdığından mən onu jurnalistikanın bu qolunda peşəkar bir sənət adamı kimi görürəm və bu yerdə əminliklə deyərdim ki, F.Xəlilzadə jurnalistikada öz məktəbini yaratmış ziyalılarımızın sırasındadır. İkinci bir tərəfdən, Floranın ədəbi talelərin fonunda qələmə aldığı şəxsiyyətlər və onların hər birinin xarakteri, həzin, kövrək, kədər, yanğı notlarında bütün ədəbi ölçülərə cavab verən şeirləri bədii təxəyyül süzgəcindən keçən sənət nümunələridir. Bu hər şeydən əvvəl, Floranın ədəbiyyata, şeirə, sənətə bir ədəbiyyat adamı kimi güclü duyum hissinə, bədii düşüncəyə malik olması, sənət əsərlərini ədəbi mühakimələri ilə saf-çürük edə bilməsi onun özünün də ictimai-ədəbi mühitin dəyərli mətbuat adamı olmasını göstərir. O, portret yazılarında öz fikirlərini haqqında bəhs etdiyi sənətkarın baxışları üstündə kökləyir. Eləcə də bu fikirlərin davamı olaraq öz qənaətlərini ortaya qoyur.  Bilmirəm, bu da təsadüfdümü, taleyin yazısıdımı, F.Xəlilzadənin yerlərinin adı Azərbaycan kəlməsi ilə başlayır: “Azərbaycan təbiəti”, “Azərbaycan müəllimi”, “Azərbaycan” qəzeti, “Azərbaycan qadını”. Hal-hazırda yenə də “Azərbaycan” qəzeti. Və göründüyü kimi, bütün ömrünü, taleyini Azərbaycanın ədəbi-mədəni mühitinin, mətbuatının mükəmməl bir formada inkişafına həsr edib. Əsl mətbuat adamı olub. Onun çoxçeşidli yazıları ilə yenidən və bütövlükdə tanış olanda heyrət məni bürüdü. Fikirləşdim ki, görəsən yaşadığımız indiki çağlarda ədəbiyyatın, mədəniyyətin, incəsənətin elə bir sahəsi varmı ki, Flora ondan günümüzün reallığı prizmasında mətbuatda bəhs etməsin? Çətin ola. Folklorumuzdan başlamış, ədəbiyyatın və mətbuatın problemləri, ədəbi şəxsiyyətlər və onların əsərləri, bu əsərlərin bədii dəyəri, ictimai xarakteri, respublika əhəmiyyətli tədbirlər, mənəvi-əxlaqi dəyərlərimizə yeni ictimai baxışlar və bu sahədə yaranmış problemlərin həlli yolları Floranın davamlı, axarlı olaraq müraciət etdiyi mövzulardı.

Bu bir həqiqətdir ki, doğulduğu yerə, yurduna-yuvasına bağlı olmayan bir kəs vətən anlayışını dərk edə bilməz, yurdunun vətəninin qara daşı, vətən daşı ola bilməz. Bunu hələ bir neçə il əvvəl onunYolum düşə Zəngəzura” sənədli, bədii, ensiklopedik əsərini oxuyanda Floraya məxsus fvətən məhəbbətinin,  sevgisinin qədərsizliyini görəndə bir daha əmin oldum. Bu kitabını, ürək-göz yaddaşına yazılan Zəngəzurun etnoqrafiyasını, sözün əlvan rənglərilə bir rəssam kimi, zərgər incəliyi ilə təsvir edib. Uruddakı ata yurdu, bağ-bağatları, kəndin qayalıqları, bir sözlə bu diyarın hüsnünü yazıçı, təsvirləri, şair duyğusu, kəsərli publisist qələmi ilə təsvir edib.

Flora güclü duyum hissinə, yüksək zövqə malik olan sənətkardır. O, poezi- yanı da gözəl duyur, oxuduğu poetik nümunələrin məna dəyərini, siqlətini şair nəzərləri ilə saf-çürük edir. Eyni fəhmlə nəsri də böyük səriştəylə, ustalıqla təhlil edir.

Ədəbi mühit onu həm də incə ruhlu, həssas duyumlu şair kimi tanıyır. F.Xəlilzadə “Ruhumun ehtiyacı”, “Ürəyim aldatdı məni”, “Yuxularkimi şeir kitablarının müəllifidir. Mən onun poetik yaradıcılığını publisistikasından nəinki ayırmıram, əksinə, sənətkar düşüncələrinin bu iki qanadda bir-birini tamamlanması kimi görürəm. Onun şeirlərinin ruhunda, yanğısında publisist nəfəsi, düşüncəsi var. Publisist yaradıcılığına da bədii-poetik təsvirləri hakimdir. Bu yazı növlərində özünüifadənin axtarışları sadəcə, müəllifin mövzularını hər iki qanadda ifadə etmək ehtiyacıdır. Yəni Flora yaradıcılığın imkan verdiyi bir çox sahələrdə – şeirdə, jurnalistikanın bütün janrlarında, elmi-ədəbi üslubda, ədəbi portret, ədəbi tədqiqatlarda dəyərli nümunələr yaradan məhsuldar qələm sahibidir. Amma bu gün mənim nəzərimdə əsl mətbuat adamı olan F.Xəlilzadə böyük bir dövrün, ictimai-ədəbi mühitin mənzərəsini bütün ştrixləri ilə təsvir edən publisistdir.

Kitab var, ondan öyrənirsən. Kitab var ondan zövq alırsan, uzun zaman təsirindən qopa bilmirsən. Kitab da var böyük araşdırmalarda, tədqiqat axtarışlarında mötəbər mənbədir. Floranın “Yazdıqlarım”ı klassik ədəbiyyatımızın bir sıra nümunələrinin, son 30 ilin tarixi faktlarla zəngin olan ədəbi-mədəni mühitinin, sənət hadisələrinin, görkəmli şəxsiyyətlərinin, ədəbiyyatımızın taleyinin, mənəvi-əxlaqi dəyərlərimizin öyrənilməsi, tədqiq olunması, mətbuatımızın yeni inkişafı mərhələsinin araşdırılması işində xalqımıza əvəzsiz töhfədir. Müəllifin özününqeyd etdiyi kimi, bu gərəkli işin davamı olacaq 6 cildin də yaxın gələcəkdə nəşri bu sahədə biliyimizi, məlumatımızı daha da zənginləşdirəcəkdir. Yeddidən birincisi – “Yazdıqlarım” böyük zəhmətin göstəricisidir. Sənə yeni yaradıcılıq uğurları diləyirəm, Flora.

P.S. Bilirəm ki, özünün əsla xəbəri olmadan qələmə aldığım bu yazını görəndə Flora qətiyyən təəccüblənməyəcək. O səbəbdən ki, yazılarını mətbuat səhifələrində oxuyan kimi əksər vaxtlarda təəəssüratım kürədən təzəcə çıxan çörək təki qaynarlığından düşməmiş, ətrini itirməmiş, dərhal telefon açıb fikirlərimi özüylə bölüşmüşəm. Yəqin bir gün o fikirlərimi mətbuata çıxacağımı gözləyirdi. Bu da onun mətbuat yaradıcılığı ilə bağlı demək istədiklərimin hamısı olmadı. Sağlıq olsun..

 

 

 

Şəfəq NASİR

525-ci qəzet.- 2012.- 26 dekabr.- S.6.