Nizami Cəfərov: “Yeməklərin
keyfiyyəti barədə Tahir
Əmiraslanov danışarkən adam heç toya getmək istəmir”
Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərovun Gün.Az-a müsahibəsi:
- Nizami müəllim, uzun müddətdən bəri cəmiyyətdə geniş müzakirələrə səbəb olmuş “Mədəniyyət haqqında” yeniləşdirilmiş qanun layihəsi nəhayət, bu günlərdə parlament tərəfindən qəbul olundu.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov mətbuata açıqlamasında bildirmişdi ki, qanun layihəsində milli yeməklərin yeyilmə qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfdən müəyyən edilməsi nəzərdə tutulacaq.
Həmçinin, milli kulinariya nümunələrinin siyahısı təsdiqlənəndən sonra bütün yemək nümunələrinin pasportlaşdırılması məsələsi burada öz əksini tapacaq. Bu baxımdan bilmək istərdik ki, son oxunuşda həmin məqamlar öz əksini tapdımı?
- Əvvəla, hesab edirəm ki, biz hələ o zaman çox düz etdik ki, Tahir Əmiralanovu da Milli Kulinariya Mərkəzinin rəhbəri kimi “Mədəniyyət haqqında” qanun layihəsinin komitəmizdə keçirilən ikinci oxunuşunun müzakirəsinə dəvət etdik.
Çünki Tahir Əmiraslanov o sahədə yaxşı mütəxəssisdir və həmin mərkəzin də dünyada Azərbaycan yeməklərinin təbliğində kifayət qədər böyük təcrübəsi var. Onlar həm də artıq Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə milli yeməklərin pasportlaşmasını aparırlar. Bu, əhəmiyyətli məsələdir. Amma həmin məqam bu qanunda əks olunmur.
Heç bu qanunda əks olunmağına da ehtiyac yoxdur. Amma biz kulinariya mədəniyyətini də bir mədəniyyət hadisəsi kimi, bir etnoqrafik hadisə kimi, bir xalq yaradıcılığı hadisəsi kimi “Mədəniyyət haqqında” qanuna daxil etdik.
Qanunda bu məsələ ilə bağlı sadəcə, ondan söhbət gedir ki, bu da mədəniyyətimizin tərkib hissəsidir. Bizim digər mədəniyyət abidələrimiz kimi, bu da qorunmalıdır. Ancaq bununla yanaşı, bizim komitədə hələ sözügedən qanun layihəsi üçüncü oxunuşda müzakirə edilən zaman komitəmizin üzvü Leyla Abdullayeva belə bir təklif irəli sürdü ki, “Kulinariya mədəniyyəti haqqında” ayrıca bir qanun qəbul olunsun və həmin sənədi də o özü hazırlaya bilər...
- Bir komitə sədri kimi siz bu barədə nə fikirdəsiniz?
- Əlbəttə, belə bir qanun layihəsi hazırlanarsa, biz bu məsələyə çox diqqətlə, ciddi yanaşacağıq və eyni zamanda qeyd edim ki, bu yöndə indi iş də gedir. Mənə elə gəlir ki, yaxın zamanlarda belə bir layihə olacaq. Bəs, bu qanun layihəsinin spesifikası, özünəməxsusluğu nədir,
nə ola bilər?
Burada ilk növbədə təsərrüfat əhəmiyyətli məsələlər var. Əslində mədəniyyətimizin elə sahələri var ki, təsərrüfat əhəmiyyətlidir. Məsələn, deyək, arxitektura. Həm incəsənətdir, həm də təsərrüfat əhəmiyyətli abidədir. Yeməklər də onunla müqayisə oluna bilər. Ona görə indi müəyyən qədər müştərəklik də ortaya çıxa bilər. Deyək ki, müxtəlif məsələlər əhatə olunsun, amma əsasən yemək mədəniyyət məzmunlu olsun.
İndi baxıram ki, mətbuatda, elə-belə söhbətlərdə, münasibətlərdə deyirlər ki, deyəsən, siz elə bir qanun hazırlayırsınız ki, yəni, çəngəli necə tutmalı, bıçağı necə tutmalı, qaşığı necə tutmalı və sair...
- Burada həqiqət payı varmı?
- Bilirsiniz, bunlar qanunla nizamlanacaq bir şey deyil.
Amma kulinariya mədəniyyətinin həqiqətən elə məqamları var ki, o qanunla tənzimlənə
bilər. İndi bu işin, belə deyək ki, məişət texnikasına, texnologiyasına
aid bir məsələdir.
Düzdür, o da mədəniyyətdir, amma daha o dərəcədə
mədəniyyət deyil
ki, onu gətirək
hər hansı qanuna salaq. Amma Kulinariya
Mərkəzinin işidir
ki, həm də o münasibətlər
barəsində heç
olmasa məlumat kitabçaları, filan buraxsınlar. Orada bir
o qədər böyük
günah yoxdur.
Amma bütövlükdə belə
bir qanun layihəsinin, mənə elə gəlir ki, hazırlanmasına ehtiyac var. Orada nələr olacaq məsələsinə gələndə
isə hesab edirəm ki, çox şeylər var. Bir vaxtlar insanlar ayda-ildə bir dəfə yeməkxanaya, restorana gedirdilər, indi bu artıq
ictimailəşib.
İndi elə insanlar var ki, ümumiyyətlə,
ancaq yeməyi restoranda yeyir və yaxud restoran,
yeməkxana yeməkləri
evlərə gətirilir. Ona görə bu yeməklərin keyfiyyəti,
tərkibi barədə hərdən
hörmətli Tahir Əmiraslanov danışarkən
adam heç toya getmək istəmir, yaxud da, gedib yemək
istəmir.
Çünki o düz deyir, içkilərdən başlamış
ta yeməklərə
qədər görürsən
ki, bir xeyli
problemlər var. Odur ki,
əlbəttə, onlar da işləyəcəklər,
onlar öz sahələrinə aid qanunyaradıcılığında
bizə kömək edəcəklər ki, belə bir qanun
hazırlansın. Biz özümüz
də bu məsələyə diqqəti
cəlb
etməliyik.
Çünki yemək, qida məsələsi dünyanın
inkişaf etmiş ölkələrində çox
ciddi məsələdir. Bizim televiziyalarımızda
da görürsən,
yeməklə bağlı
xeyli verilişlər aparılır, xeyli reseptlər təqdim olunur.
Bu, yaxşı şeydir,
amma bununla yanaşı, bəzən
elə reseptlər təqdim olunur ki, həddindən artıq eksperimentaldır. Və insanlar da ona
uyub, xüsusilə yağlı yeməklərə
meyllənib nəticə
etibarilə
bir sıra problemlərlə üzləşirlər,
xəstələnirlər və
sair. Ancaq bilmək lazımdır ki, bu məsələ
insanın sağlamlığı
ilə birbaşa bağlı olan məsələdir.
Ona görə təbii ki, Mədəniyyət komitəsi
olaraq, biz bu məsələni parlamentin Sosial siyasət komitəsi ilə də bir yerdə
müzakirə edib, müəyyən sualları
ümumiləşdirə, vahid
mövqeyə gələ
və müvafiq qanun layihəsi ortaya qoya bilərik.
Kamil Həmzəoğlu
525-ci qəzet.-
2012.- 26 dekabr.- S.5.