“Sonuncu
fateh” Milli Elmlər Akademiyasında təqdim olunub
Ötən gün Milli Elmlər Akademiyasının
Nizami adına
Ədəbiyyat İnstitutunda
millət vəkili, yazıçı Hüseynbala
Mirələmovun “Sonuncu
fateh” kitabının təqdimatı keçirilib.
Professor Teymur Kərimli Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü
ərəfəsində keçirilən
bu təqdimatı dəyərli hadisə kimi qiymətləndirib: “Sonuncu fateh” tarixi romandır, müəllif bu romanda Nadir şahı öz zəmanəsinin ən məşhur dövlət xadimi və sərkərdələrindən
biri kimi canlandırıb. Hüseynbala Mirələmov
tarixi faktlara söykənərək əsərdə
bir-birindən gərgin
döyüş səhnələri,
dolğun xarakterlər
yaratmağı və
bədii-fəlsəfi ümumiləşdirmələr
aparmağı bacarıb”.
Yazıçının çox
aktual mövzuya toxunduğunu deyən T.Kərimli tariximizin möhtəşəm səhifələrindən
birinin qələmə
alındığını təqdir edib: “Belə əsərləri
oxuduqca bir daha əl-ələ verməyin vacibliyinə əmin olursan. Bizim görkəmli tarixi şəxsiyyətlərimiz, güclü
dövlətçilik ənənələrimiz
olub və var. Bütün bunları nəzərə alaraq, milli birliyimiz vacibdir ki, problemlərimizin
öhdəsindən gələ
bilək. “Sonuncu
fateh” kimi əsərlərlə biz bir
daha tarixə ekskurs edirik, tarixi qələbələrimizdən və
məğlubiyyətlərimizdən nəticə çıxarırıq.
Bu baxımdan əsəri son dövr ədəbiyyatımızda əhəmiyyətli
hadisə hesab edirəm”.
Filologiya
üzrə fəlsəfə
doktoru İslam Qəribli “Sonuncu fateh”in müasir oxucuların tarixi dərslərdən ibrət
götürməsi niyyətilə
qələmə alındığını
deyib: “Mükəmməl
struktura, bitkin süjet xətti və kompozisiyaya malik əsər ədibin ilk tarixi romanı olsa da burada mövzuya
ciddi, məsuliyyətli
yanaşma var. Təbiidir
ki, tarixi əsər yaratmaq yazıçıdan ikiqat
ciddi yaradıcılıq
məsuliyyəti, tarixə
kompleks yanaşma və ümumiləşdirmə
tələb edir. Hüseynbala Mirələmov bütün
bu keyfiyyətlərə
əməl edərək
Nadir şahın dövrünü
hərtərəfli, tam dərindən
öyrənib, bunu bədii şəkildə,
oxunaqlı bir dillə oxucuya təqdim etməyi bacarıb. Əsəri yazana kimi yazıçı bir sıra mühüm tarixi mənbələri araşdırıb, arxivlərdə
işləyib, yazacağı
mövzunu dərindən
öyrənməyi qarşısına
məqsəd qoyub.
Roman elə ilk səhifələrdən oxucunu
özünə çəkir,
gərgin hadisələrin,
süjetlərin içərisinə
salır. Öz baş qəhrəmanının
həyatına hərtərəfli yanaşan
yazıçı onun
ömrünün ən
əhəmiyyətli məqamlarını
təsvir edib və bununla da oxucularda tariximizin
daha bir parlaq şəxsiyyətinin
surətini canlandıra
bilib”. İ.Qəribli bu epopeyanı
istedadlı yazıçı
Hüseynbala Mirələmovun
parlaq uğuru, Azərbaycan bədii nəsrinin ədəbi hadisəsi kimi qiymətləndirib.
Millət
vəkili Rəbiyyət
Aslanova tədbirdə
olmasından məmnunluq
hiss etdiyini bildirib: “Bir neçə il öncə, söz vaxtına çəkər, bir qış günü Hüseynbala müəllimin əlində
qalın bir əlyazmanı gördüm,
hansı əsərinin
olduğunu soruşanda
“Sonuncu fateh” cavabını aldım.
Kitabın əlyazmasını
oxumağa aldım, tarixçi olduğuma və mənim üçün çox maraqlı olan bir mövzunu əhatə elədiyinə
görə kitabı az vaxtda,
təxminən bir həftə içərisində
oxuyub bitirdim. Çox təsirləndim, mənim
üçün çox
xoş idi. Əsərlə bağlı fikirlərimi
Hüseynbala müəllimlə
bölüşmüşdüm, uzun müddət idi bu təqdimatı
gözləyirdim. Sevincimin səbəbi
odur ki, bu gün Azərbaycan
ədəbiyyatında, tarixşünaslığında
böyük şəxsiyyətlərin
həyatını, fəaliyyətini
əks etdirən əsərlər meydana gəlməkdədir. Hazırda ədəbiyyatımzda
bu və digər mövzulara aid saysız-hesabsız əsərlərin
olmasına baxmayaraq, tarixi şəxsiyyətlərin
öz xalqının tarixini dəyişən, istiqamətləndirən fəaliyyətinə
aid əsərlər demək
olar ki, yox dərəcəsindədir.
Akademik Ramiz Mehdiyevin Şah İsmayıl Xətai haqqında yazdığı çox
maraqlı, tutarlı yazıda Azərbaycan yazıçılarının, filosoflarının, tarixçilərinin
qarşısına qoyduğu
tələblərdən danışıb.
Bununla tamamilə razılaşmaq
olar. Əgər hansı tarixə
sahib olduğumuzu bilməsək,
əgər bu tarixi irsin Azərbaycan
vətəndaşı olaraq
formalaşmağımızdakı rolunu lazımınca qiymətləndirməsək, bizdə
milli kimlik məsələsi haqqında
düşüncə necə
formalaşar? Hüseynbala Mirələmov
əsl vətəndaşlıq
nümunəsi göstərərək,
“Sonuncu fateh”i yazıb bizə təqdim edib. Əsərin
adını bəlkə
də nisbi yaxud da simvolik
qiymətləndirmək olar.
Çünki türk
dünyasının fatehləri
sonuncu ola
bilməz və olmayacaq. Əgər keçmişdə fatehlik qılınc-qalxan vasitəsilə fəthlər
dövrü idisə,
bu gün artıq biz fatehliyi başqa cür qəbul edirik. Bu gün dünya
siyasətində, elmində
öz sözünü
demək bacarığı
fatehlik kimi dəyərləndirilir. Dünya siyasi xəritəsində
mövcud olmağımız,
beynəlxalq təşkilatların
bərabərhüquqlu üzvü
seçilməyimiz, millətlərin
dəsti-xətti içərisində
öz imzamızın
olmağı da bu gün fatehlikdir.
Bu baxımdan həmişə türk dünyasının, xalqımızın
fatehləri var və olacaq”.
“Sonuncu fateh”in bədii məziyyətlərindən danışan Rəbiyyət Aslanova tarixi şəxsiyyətlər haqqında əsər yazmağın böyük məsuliyyət tələb etdiyini deyib: “Tarixi əsər yazmaq istəyən həm həmin dövrü gözəl bilməli, həmin dövrün ictimai-siyasi, mədəni durumundan xəbərdar olmalı, həmin dövrdəki münasibətlərin özünəməxsusluğunu bilməli, beynəlxalq münasibətlərdəki yerini, mövqeyini dəqiq qiymətləndirməlidir. Bütün bunlar olduqca çətin məqamlardır. Hüseynbala müəllimin həmin dövrün- məhz 1722-1747-ci ilədək olan Azərbaycan tarixində olan hadisələri o cür diqqətlə qiymətləndirməsi çox böyük işdir. Əminəm ki, kitabı oxuyanlar bir daha bunun şahidi olacaqlar. Məşhur bir misalı xatırlatmaq istərdim ki, keçmişinə güllə atanı gələcək topa tutar. Keçmişimizi öyrənmək baxımından mütləq belə əsərləri oxumalıyıq”.
Milli məclisin deputatı Hadi Rəcəbli çıxışını kiçik xatirə, etiraf və böyük bir arzu üzərində qurub: “Kiçik xatirəm bundan ibarətdir ki, Lənkəranda maraqlı tarixi yerlər var. Biri də Bəzz qalası deyilən bir tikili idi. Tez-tez Hüseynbala müəllimlə o yerlərə gedib baxardıq, o hisslərlə yaşayardıq. Digər bir tikili Şeyx Zahid türbəsi idi. Sonralar bildik ki, Şeyx Zahid türbəsi Şah İsmayıl Xətainin nəslindən olan bir mötəbərin türbəsi imiş. Oralarda olanda maraqlı anlar yaşayardıq. Hüseynbala hələ o vaxtlar hekayələr yazırdı, ədəbi-bədii yaradıcılıqla məşğul olurdu. Onun “Xəcalət” əsərində də tarixə dönüş var. Etirafım isə ondan ibarətdir ki, Hüseynbala müəllim o qədər çox yazır ki, mən onları həmin vaxt çatdırıb oxuya bilmirəm. Sonralar hamısını oxuyuram. Etiraf edirəm ki, hələ “Sonuncu fateh”i oxumamışam. Amma o anları mən də onunla birgə yaşamışam. Biz dörd dost ailəvi istirahət edirdik. Amma Hüseynbala müəllim o istirahəti Nadir şah haqqında yazmağa həsr eləmişdi. Böyük arzum isə ondan ibarətdir ki, Hüseynbala müəllimə sağlam və uzun ömür arzulayıram ki, yaradıcılığına davam eləsin. Ona görə ki, mən onun qələminə bələdəm. O, təmənnasız yaradıcı adamdır, dövlətçiliyə xidmət eləmək baxımından da, Heydər Əliyev haqqında bu gün 21 dilə tərcümə olunmuş böyük bir əsəri yaratdığına və digər bədii yaradıcılığına görə də ona minnətdaram”.
Professor Qəzənfər Paşayev çıxışında yazıçının əsərləri ilə tanış olduğunu, “Gəncə qapıları” pyesinə tamaşa etdiyini və çox bəyəndiyini bildirib: “Tarixi əsərlərin öz məziyyəti, öz çətinlikləri var. Tarxi yaratmaq asandır, nəinki onu yazmaq. Tarixi yazmaq çox çətindir, burda gərək böyük obyektivlik, təfəkkür, bilik, ümumiləşdirmə qabiliyyəti olsun. Hüseynbala Mirələmov bütün bu meyarlara əməl edərək əsəri yazıb”.
Şair Ənvər Əhməd tarixi gerçəkliklərdən, baş verənlərdən nəticə çıxarılması baxımından əsəri yüksək qiymətləndirib və gənc nəslin belə tarixi ədəbiyyatı oxumağın vacibliyini dilə gətirib. Şair “Sonuncu fateh”i son illərdə tarixi qürurumuzu, ağrılarımızı əks etdirmək baxımından “ədəbi hadisə” adlandırıb.
Millət vəkili Eldar İbrahimov çıxışını yumorlu notlar üzərində qurub: “Bu əsərin yazılması mənə baha başa gəlib. Belə ki, ailəliklə istirahət etdiyimiz Yesentukidə digər dost ailələrlə birgə vaxtımızı keçirirdik. Tədbirlərin birinə Hüseynbala müəllimi də çağırdıq. O bizə çox gec qoşuldu. Gələndə soruşduq ki, niyə gec gəlmisən? Dedi ki, Nadir şah haqqında yazıram, fikirləşdim ki, vərəqi bitirim, sonra gedim. Elə hər onu çağırdıqca, deyirdi ki, vərəqi bitirim, gəlirəm. Bu baxımdan deyirəm ki, bu əsərin yazılması bizə istirahətimiz bahasına başa gəlib. Onda yarızarafat-yarıciddi dedim ki, a kişi, sən bura Nadir şahdan yazmağa gəlmisən, yoxsa istirahətə, müalicə olunmağa? Amma bu gün deyirəm ki, sən düz eləmisən, Hüseynbala müəllim, yaxşı ki, bu əsəri yazmısan”.
Tədqiqatçı Aydın Tağıyev deyib ki, tarixin Avşarlarla bağlı hissəsinə bələd biri kimi Hüseynbala Mirələmovun bu əsərində tarixin bədii şəkildə parlaq əksini tapdığının şahidi olub: “Əsər həm tarixi, həm də bədii baxımdan çox diqqətəlayiqdir”.
Sonda 190 saylı məktəbin təlim-tədris işləri üzrə direktor müavini Qənirə Əmircanova düşüncələrini bölüşüb. Həmin məktəbin şagirdi Samir tədbirdə Nadir şahın monoloqunu ifa edib. Tədbirdə H.Mirələmovun həyat və yaradıcılığını əks etdirən videoçarx da nümayiş etdirilib. Sonda çıxış edən müəllif qonaqlara təşəkkür edib və məhz Nadir şah haqqında yazmağının səbəbini açıqlayıb:”Nadir şah görkəmli tarixi şəxsiyyət kimi islami təfriqəni aradan qaldırmağı qarşısına məqsəd qoymuşdur.Məhz bu böyük amalına görə bu görkəmli şah haqqında yazmağı qərara aldım.Bu məqsədlə 5 il arxivlərdə işləməyimədə heyfislənmirəm,əksinə çox şadam”.AMEA-nın Azad Həmkarlar İttifaqı Rəyasət Heyətinin və Nizami adına Ədəbiyyat İnstitutu Həmkarlar İttifaqı İdarə heyətinin birgə qərarı ilə Hüseynbala Mirələmova “2012-ci ilin yazıçısı” fəxri diplomu və döş nişanı təqdim edilib.
Sevinc HƏMİDLİ
525-ci qəzet.-
2012.- 27 dekabr.- S.7.