“Beynəlxalq
jurnalistikadakı proseslər, tendensiyalar özünü Azərbaycan
mediasında da göstərir”
– İndi jurnalistika çox populyarlaşıb. Elə buna görə də mətbuata axın var. Qeyri-peşəkarlığın yaylımasının qarşısının alınmasında peşəkar jurnalistlərin üzərinə böyük bir iş düşür. Bununla bağlı bir sıra tədbirlər həyata keçirilməlidir. Öz şəxsi mənafeyi, qərəzli ambisiyaları naminə jurnalistikaya gələn təsadüfi insanlar mətbuatdan uzaqlaşdırılmalıdır.
– Belə bir uzaqlaşdırılma hansı yolla aparılmalıdır?
– Bu daha çox jurnalist təşkilatlarının üzərinə düşən bir işdir. Jurnalist etikası özünütənzimləmə mexanizmidir. Burada hüquqi tənzimləmədən söhbət getmir. Jurnalistlər problemi özləri öz aralarında həll eləməlidirlər. Həm də ciddi şəkildə. Bu həm də mənəvi məsələdir. Burada mənəvi təsir məsələsi də qabardılmalıdır. Bu gün bəzi qəzetlərdə işləyən jurnalistlər, xüsusilə də müxalifət mətbuatının jurnalistləri, haradansa bir informasiya alan kimi heç dəqiqləşdirməyə ehtiyac duymadan birbaşa təqdim edirlər. Əgər jurnalist təqdim olunan məlumatı heç olmasa özü üçün araşdırıb dəqiqləşdirmirsə, o necə özünə jurnalist deyə bilər? Bəziləri heç düşünmürlər ki, bəlkə elə bu informasiyanı mənim vasitəmlə cəmiyyətə ötürülməsində məndən istifadə edirlər? Bəli, çox zaman da bəzi jurnalistlərimizdən istifadə edirlər. Peşəkarlıq həm də informasiya mənbəyi ilə işləmək qabiliyyətidir. Mənbə ilə işləmək prinsiplərinə riayət eləmək hər bir jurnalist üçün vacibdir. Burada jurnalist qurumları tərəfindən monitorinqlər təşkil edilməlidir, araşdırmalar aparılmalıdır. Mətbuat Şurasının ildən-ilə uzanan “qara siyahısı” reketçiliyin artıq nə qədər inkişaf etdiyini göstərir. Jurnalistikadan şantaj vasitəsilə pul qazanmağa səy göstərmək tamamilə medianın fəlsəfəsinə ziddir. Bu, həm də təmiz işləyən, peşəkar jurnalistlərimizin adına da ləkədir. Hər nə qədər problemlər olsa da, jurnalistin qələmi pula satıla bilməz, jurnalist şantajçı, reket deyil ki? Jurnalist cəmiyyətdə baş verən hadisələri işıqlandıran, problemləri ictimailəşdirən bir institutdur. Burada yalnız şəxsi mənafeyini düşünüb hansısa əyri yollarla pul qazanmaq jurnalistikanın mahiyyətinə ziddir. Bəzən deyirlər ki, reketçiliylə məmurun düzgün işləməməsi zəmin yaradır. Razıyam, amma şəratmanı, böhtanı, qarayaxmanı da qeyd etmək lazımdır axı? Bu gün belə “jurnalist”lər yoxdurmu? Təəssüf ki, var. Halbuki beynəlxalq jurnalistikada şəxsi həyatın toxunulmazlığı, şərəf və ləyaqətin alçaldılmasının yolverilməzliyi əsas prinsiplərdən hesab olunur. Bu prinsiplərə ciddi şəkildə əməl olunmalıdır. Bütün beynəlxalq jurnalist qurumlarının hamısının peşə davranış kodekslərində birmənalı şəkildə adını çəkdiyim prinsiplərə əməl olunmasının vacibliyi vurğulanır. Bunlara sayğısızlıq ilk növbədə insanın yaşamaq hüququnun pozulmasıdır. Bundan önəmli nə ola bilər? Bütün bunlara görə təəssüf ki, bəzən bu gün jurnalis adı cəmiyyətdə şantajçı məfhumu ilə birgə assosiasiya olunur. Nəticədə bizim peşəmiz, təmiz işləyən, öz qələminə sadiq olan peşəkar həmkarlarımız gözdən düşür. Ona görə də bir daha vurğulamaq istəyirəm ki, burada daha çox mənəvi təsir gücündən istifadə edilməlidir. Əlbəttə, müəyyən qanunların qəbulu da vacibdir. Bu gün “Diffamasiya haqqında qanun”la bağlı söhbətlər aparılır. Amma qeyd edək ki, günahsızlıq prezumpsiyası da ən azı bu qanun qədər vacibdir. Peşə etikasında ən vacib detallardan biri də günahsızlıq prezumpsiyasıdır. Bir insan haqqında məhkəmə hökmü olmadan, rəsmi hökm çıxarılmadan onu günahkar elan eləmək olmaz. Bu beynəlxalq jurnalistikanın bir nömrəli standart qanunlarından biridir. Diffamasiya ilə bağlı qanun qəbul edilməmişdən qabaq düşünürəm ki, jurnalistlərin hüquqi maarifləndirlməsi məsələsinə də diqqət yetirilməlidir. Peşə davranışının istiqamətləndiriməsi iki formada gedir: özünütənzimləmə və hüquqi tənzimləmə prosesi əsasında. Bəzən bizdə jurnalistin fəaliyyətinin hüquqi tənzimlənməsini onun hansısa qəlibə salınması, yaxud söz və fikir azadlığının məhdudlaşdırılması kimi qəbul edirlər. Amma qətiyyən belə deyil. Bir misal deyim: Böyük Britaniyada tirajın müəyyən həddini keçdikdən sonra dövlətdən icazə almaq tələb olunur. İndi bunu belə qəbul edək ki, orada jurnalistikada məhdudlaşdırma aparılır? Bu gün çoxumuz Böyük Britaniyanı, onun jurnalistika məktəbini kanon kimi qəbul edirik. Bütün sivil ölkələrdə hüquqi tənzimləmələr mövcuddur. Hüquqi tənzimləmələrdən kənara çıxmaq olmaz, çıxılsa, böyük xaos, anarxiya yaranar. “Diffamasiya haqqında qanun”a gəlincə, bu barədə fikrim belədir ki, bu qanun istənilən halda qəbul edilməlidir. Amma bir məsələ var ki, zənnimcə, cəmiyyətdən daha çox jurnalistlərimiz bu qanunun qəbuluna hazır deyillər. Qanunun qəbulundan əvvəl həm cəmiyyətdə, həm də jurnalistlər arasında geniş maarifləndirmə işi aparılmalıdır. Problemə hərtərəfli yanaşmaq zəruridir. Qanunu qəbul eləmək asandır, lakin sonrasını da fikirləşmək lazımdır.
– Mətbuatımzda hazırki fikir, söz azadlığı, plüralizmin təmini sizi qane edirmi?
– Mətbuatımızdakı fikir, ifadə, söz azadlığının hazırki durumu məni qane edir. Bu gün mətbuatımızın istənilən istiqamətinə nəzər saldıqda rəngarəngliyi görmək mümkündür. Siyasi yönümdən asılı olmayaraq mətbuat orqanları çap edilir. Hər kəs istədiyi fikri, arzuladığı formada ifadə etmək imkanına malikdir. Mətbuat azadlığının bəzən iddia edildiyi kimi hər hansı bir basqıya uğramasının şahidi olmuruq. Bu gün Azərbaycan qanunvericiliyinə görə 18 yaşına çatan istənilən şəxs qəzet təsisi edə bilər, ən azından bloq açıb fəaliyyət göstərmək, orada istədiyini yazmaq imkanı var. Sosial media, bloq jurnalistikası bu gün çox inkişaf edib. Belə olan bir şəraitdə söz və ifadə azadlığının basqı altında olmasından şikayətlənənləri başa düşmürəm. Faktiki olaraq hər şey göz qabağındadır, belə bir basqıdan söhbət belə gedə bilməz.
– Sosial medianın inkişafından, bloq jurnalistikasından söz açdınız. Bu gün cəmiyyətimizin bu istiqamətlərə ehtiyacı hansı səviyyədədir?
– Bunlar artıq jurnalistikada janrların transformasiyasıdır. Texnologiyaların inkişafı, cəmiyyətin
yeniləşməsi ilə
bağlı jurnalistika
da yavaş-yavaş simasını dəyişir.
Jurnalistika həddindən artıq
dinamik bir sahə olduğu üçün cəmiyyətdə
gedən bütün dəyişmələrə çevik
reaksiya verir. Mətbuat hər gün inkişaf edir. Bu dəyişikliklər gedəcək və onları normal qəbul etmək lazımdır.
Lakin əlbəttə ki, maarifləndirmə işi
aparılmalı, ümumilikdə
onların doğru istiqamətləndirilməsi təşkil
olunmalıdır. Qloballaşan dünyanın tərkib hissəsi kimi bu dəyişikliklərə
adaptasiya olmalıyıq.
Bu gün beynəlxalq
jurnalistikanın daha ciddi problemləri var. Qlobal informasiya məkanında informasiyanın
tək əldə, monopoliyada cəmləşməsi
bu gün beynəlxalq jurnalistikanı
narahat edən əsas məsələdir.
Beynəlxalq Jurnalistlər Federasiyası
hələ 2001-ci ildə
Seulda bir konfrans keçirmişdi.
Onlar həmin vaxt SOS bəyanat yaydılar ki, hazırda qlobal informasiya məkanı
ABŞ və Qərbi
Avropaya aid olan bir ovuc media holdinqin nəzarəti altındadır. Bununla onlar beynəlxalq
jurnalist təşkilatlarının
diqqətini bu istiqamətə yönəltməyə
çalışdılar. Bu gün faktdır
ki, nəhəng media holdinqlər informasiyadan öz maraqları, öz dövlətlərinin
mənafeləri üçün
istifadə edirlər.
Suriyada baş verən hadisələri bu gün Rusiya, Türkiyə, İran, Qərbi Avropa və ABŞ mətbuatı
tam fərqli istiqamətlərdən
şərh edir.
Fərqli mövqelər ortaya
qoyulur, adi informasiya fərqli tonlarla, müxtəlif üslublarda təqdim olunur. Burada sözün seçilməsi
və təqdim olunması da böyük təsir gücünə malikdir.
Ümumiyyətlə, hansısa ölkənin
mətbuatını meyar
olaraq seçmək doğru deyil. Nəzərə alaq ki, azadlıq özü belə nisbi anlayışdır. Mütləq azadlıq yoxdur. Mətbuat azadlığı anlayışı
da həmçinin.
Mütləq azadlıq dağıdıcıdır,
sivil cəmiyyət də bunu qəbul
edə bilməz.
Bütün bunlar göstərir
ki, informasiya çox qiymətli əmtəədir, getdikcə
qiyməti daha da qalxacaq. Bu da mətbuatın
cəlbedicilyini artırır,
buraya kütləvi axını şərtləndirir.
– Bu gün media kuluarlarında
daha çox print mətbuatının sıradan
çıxacağı ilə
bağlı fikirlər
dolaşır...
– Ümumiyyətlə, hazırda
dünyada çap məhsullarının iqtisadi
problemi mövcuddur. Bu, dünyada baş
verən bir prosesdir. Bunu qəbul etmək
lazımdır. Bu gün bütün dünyada internet media çap
məhsullarını sıxışdırıb.
İngiltərə kimi
ənənəvi, klassik
mətbuata marağın
böyük olduğu
bir ölkədə ( demək olar,
elə bir ingilis yoxdur ki, səhər yeməyində qəzetləri
vərəqləməsin) mətbuat
orqanlarının tirajı
xeyli aşağı düşüb. Bununla bağlı bu
gün nəzəriyyəçilər
tərəfindən müzakirələr
aparılır. Onlayn media hazırda
mətbuatda üstünlüyü
ələ alıb.
Lakin bu, o demək deyil ki, internet jurnalistikası çap mətbuatını tamamilə
sıradan çıxaracaq.
Çünki internet mediada rəqabət,
operativlik var. Yeni dövrün insanı informasiyanı tez və zamanında almaq istəyir. Həyatımız, yaşam tərzimiz
sürətlənib, ümumiyyətlə,
ətrafımızda nə
varsa, sürətlənib.
XXI əsr sürət
əsridir. Çap mətbuatı
isə klassik formadır. Amma buna rəğmən
qəzetlərin tamamilə
sıradan çıxağına
inanmıram. Ola bilər
ki, forma və məzmunda dəyişikliklər
olsun, məncə, daha çox analitik formaya keçid baş versin. Reklam bazarının məhdud olması ilə bağlı deyilənlərə
gəlincə, bir sahibkar, yaxud biznesmen, 2 minlik tirajı olan bir qəzetdənsə, 15
minlik İP girişi olan hansısa internet portalında məhsulunun reklam olunmasını istəyəcək. Biznesmen öz
maraqlarını qorumaq
məcburiyyətindədir, bu, reallıqdır. Burada qeyri-adi heç nə yoxdur.
– Pedaqoq kimi jurnalist
hazırlığından, tələbələrin səviyyəsindən
razısınızmı?
– Tələbələrimdən razıyam.
Əgər bir müəllim
öz tələbələrindən
narazılıq edirsə,
yəqin burada artıq problem müəllimin
özündədir. Tələbədən narazılıq etmək düz deyil. Düzdür,
auditoriyada jurnalistikaya
marağı olmayanlar
da var. Elələri var ki, başqa
ixtisasları yazıblar,
balları çatmayıb
jurnalistikaya qəbul olunublar. Ona görə də
burada bir nüansı xüsusilə
qeyd etməliyəm.
Fikrimcə, jurnalistikaya qəbul
zamanı test imtahanından
əvvəl abituriyentlər
mütləq qabiliyyət,
yazı imtahanından
keçməlidirlər. Bu zaman məhz
jurnalistikaya lazım olan abituriyentlər seçiləcək. Amma
müəllim olaraq maksimum çalışırıq
ki, təhsil aldıqları dörd il ərzində
tələbələrin jurnalistikaya
marağını artıraq.
Bəzən bu, alınır.
Elə tələbə tanıyıram
ki, gələndə heç həvəsi yox idi, peşmançılıq
hissi keçirirdi.
Amma müəllimlərin bəziləri
ilə ünsiyyətdən
sonra, bəzi dərslərdən sonra jurnalistikaya marağı artır, yazmağa başlayır, özünü
sınayır və uturlu nəticələr əldə edir. Ancaq təbii, elələri də var ki,
yazmır, yazmaq istəmir, həvəsi yoxdur. Beləsində
nə qədər həvəs yaratmağa çalışsaq da, iş
aparsaq da alınmır ki, alınmır. İnsanın daxilində yazmağa,
mətbuata maraq, həvəs, fəhm yoxdursa, nə isə eləmək əbəsdir. Aşağı kurslarda oxuyan elə istedadlı, aktiv gənclərimiz var ki, özləri
informasiya portalları
yaradırlar, bloqları
var, bir yerə toplaşıb qəzet çıxarmaq fikrinə düşürlər.
Belə tələbələrimizlə fəxr edirik. Ancaq başqa bir ümidverici faktı qeyd edim. İldən-ilə jurnalistika fakültəsinə
qəbul olunanların
arasında sırf mətbuata olan marağına, jurnalistikaya
sevgisinə görə
bu ixtisası seçənlərin sayı
sürətlə artır.
Bu tendensiya son 2-3 ildə
aydın hiss olunur. Bu da mətbuatımızın
işıqlı gələcəyinə,
inkişafına böyük
ümid yaradır.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2012.- 28 dekabr.- S.6.