Fionanın arxasınca

 

Gənc Ədiblər Məktəbinin fəal üzvlərindən olan Pərvin “Qar yağacaq” adlı ilk kitabıyla oxucuların görüşünə gəlib. Keçən il bu kitabın (“Qar yağacaq”)  “Natəvan” klubunda təqdimatı da keçirildi və müəllif xeyli alqış və təriflər qazandı. Zənn edirəm ki, bu təriflər və alqışlar onu çaşdırmayacaq. Çünki Pərvin Böyük Yolun hələ başlanğıcındadır və qarşıda çox sınaqlar gözləyir onu...

İlk növbədə, Pərvinin hekayələrindəki özünəməxsus, özəl cəhətləri nəzərə çarpdırmaq lazımdır. Çünki ədəbiyyatı öz mənəvi dünyasının məna və mahiyyətinə, yaşamaq stimuluna çevirən bir gəncin elə ilk yazılarında o özəlliklər nəzərə çarpmırsa, onun gələcəyi barədə düşünmək sadəlövhlük olardı.

Pərvin nədən yazır və kitabına topladığı hekayələrin, həmçinin “Balerina” kinopovestinin məzmunu, ideya yönümü nədən ibarətdir? Bunun üçün müəllifin “Fiona” hekayəsinə diqqət yetirirəm.

“Qəfildən oyuncaq mağazasının vitrinində əksimi gördüm. Düşündüm, görəsən onun kimi yaşıl olsaydım, camaat mənə necə baxardı?! Yəqin ki, öz Şrekini tapmaq hər yaşıl dərili qadının qisməti deyil. Bu səadət ancaq Fionanın nəsibidir”.

Hekayədə Əsmər adlı bir qadının artıq normativləşmiş, uğursuz taleyinin davamı kimi səciyyələnən həyatından bir neçə fraqment təqdim edilir. Təhkiyəçi-qadın  Əsmər xanımla tanış olur, məlum olur ki, onun əri beş il əvvəl qəzaya düşüb ölüb, ondan yadigar qalan qız isə doğulanda travma alıb. Və qızına görə o, çox narahatdır.Onların arasında səmimi bir münasibət yaranır və Əsmər xanım deyir ki: “Xoşbəxtliyinin qədrini bil. Tale amansızdı.Bir göz qırpımında hər şeyi adamın əlindən elə alır ki,səsini çıxarmağa macal tapmırsan”.

Bu iki qadın bir-birinə məsləhət və təsəlli verə-verə ürəklərini boşaldır. Təhkiyəçi-qadın mağazadan bir multfilmin qəhrəmanının-Fionanın oyuncağını alır, onu Əsmər xanıma bağışlayır ki, qızına versin. Təsəvvürünə gətirir ki, “axşam Fiona balaca bir qıza böyüklük edəcək.  Əsmər xanım isə Fiona ilə oynaya-oynaya yuxuya gedən balacasına saatlarla tamaşa da edəcək”.

Uşaqlara tanış multfilmin qəhrəmanlarından olan Fiona hekayədə etibar, məhəbbət, sədaqət və inam rəmzi kimi dərk olunur. O, vitrindəki “sevgilisindən”-Şrekidən ayrı düşüb, ancaq başqa bir evdə, tamam başqa bir məkanda bir qəlbin təsəllisi olacaq.

Pərvinin təsvir etdiyi obrazların hamısı həyatda nəyi isə itirmiş, hardasa  xoşbəxtliyinə  qovuşmamış insanlardı. Daha doğrusu, onların xoşbəxtlik haqqında təsəvvürləri ilə real gerçəklik arasında təzadlar, nəzərə çarpacaq konfliktlər diqqəti cəlb edir. Ancaq çox maraqlıdır ki, Pərvinin qəhrəmanlarının heç birini pessimist, əlini həyatdan üzmüş, ölümə doğru sürüklənmiş kimi qəbul etmirik. Bu adamların içi işıqla və nikbinliklə doludur.Elə məsələ də burasındadır ki, xoşbəxtliyə qovuşmamış insanların içində, həyata baxışında nikbinlik yox olmasın, inam hissi yaşasın.Elə birinci hekayə- “Samir üçün..” bizi bu qənaətə gətirdi ki, Pərvin həyatın qaranlıq nöqtələrindəki işığı da görə bilir, sezə bilir. Hekayənin qəhrəmanı Samir həyatdan, gün-güzərandan narazıdır, dolana bilmir və qərara alıb ki, Avropanın hansı bir ölkəsinəsə getsin, işləsin və pul qazansın.  “5 il nədir ki? Tez gəlib keçəcək. Xaricdə işləyib heç olmasa özümə gün ağlayaram. Maddi vəziyyətimi yaxşılaşdıraram. Bu mühitdən də bir müddət uzaqlaşaram. Uşaqlar gedib anamgildə yaşayarlar...Heç kimi incitmək istəmirəm. Amma yorulmuşam. Uzaqlaşmaq istəyirəm burdan. İnsan nə qədər səviyyəsiz, axmaq adamlardan söz götürər?! Verdikləri maaş da qəpik-quruş”.

Samiri fikrindən daşındırmaq istəyən yazıçı xanım onunla belə bir “müqavilə” bağlayır. “Mən sənin yubileyinə kimi elə hekayə yazacam, anlayacaqsan ki, 5 il yox ey, 5 gün də burdan uzaqda yaşaya bilməzsən. Və heç yerə getməyəcəksən”. Yazıçı xanım Samirə anladır ki, ədəbiyyatla müharibələri durdurmaq olar, insanları birləşdirmək olar. Bu inam və qətiyyət yazıçı xanımın xarakterindən irəli gəlir. Amma hekayə yazılmır. Əvəzində yazıçı xanım Samirin oğlunun hekayətini dinləyir. Uşaq qəpik-quruş yığıb ki, atasına çatdırsın və o, xaricə getməsin. “..Ovcumdakı 19 qəpiyə baxıb nə edəcəyimi bilmirdim. Telefonu götürüb Samirə sms yazdım: “Oğlun səninçün 19 qəpik pul yığıb. Bəsindi. Bu da sənin HEKAYƏn..”

Bu hekayədə  diqqəti cəlb eləyən bir məqamı nəzərə çarpdırmaq istəyirəm: yazıçı xanım ədəbiyyatın böyük təsir gücünə malik olduğunu, hətta onunla müharibəni durdurmağın da mümkünlüyünü söyləyir və açığını deyim ki, bu fikir bir söz adamı kimi məni sevindirdi. Çox yaxşı bilirəm ki, ədəbiyyat indi belə bir gücə malik deyil, amma onu belə bir səviyyədə – bu mərtəbədə dərk eləmək mühüm əhəmiyyətə malikdir.

Pərvinin hekayələri tematika baxımından da özünəməxsusluğu ilə seçilir. Hadisə, əhvalat, vaqeə bu hekayələrdə sanki ikinci plandadır, əsas xətt hər bir hekayədə təhkiyəçi rolunu öhdəsinə götürən obrazın düşüncələri üzərində qurulur. Bu düşüncələr hekayələrdə psixoloji effekti artırır. İçəridə, daxili aləmdə baş verən proseslərlə gerçəkliyin hadisələri arasında yaranan bağlantılar bir-birini tamamlayır.

Pərvinin “Qar yağacaq” hekayəsi sırf psixoloji səpgidə yazılıb və buna sevinmək olar ki, cavan bir müəllif bir obrazın keçirdiyi hiss və həyəcanları necə də ustufca incələyə bilir. Deyərdim ki, Pərvin xanım bu hekayədə güclü görünür. Hekayədə zahirən gərgin situasiya və konfliktlə şərtlənən heç bir hadisə ilə üzləşmirik. Cavan, gözəl bir qız nevropatoloqun qəbuluna gəlir.

“Nevroz əmələ gəlir səndə,-başını qaldırıb mənə baxdı,-yuxusuzluğun, başağrıların da ondandı...Bax, cavan, gözəl qızsan. Hiss olunur, özünə də qulluq edənsən.Bəs nə üçün belə əsəbisən, niyə ürəyinlə bu qədər danışırsan? Məgər danışmağa adam tapmırsan?”

Hekayənin qəhrəmanı doğrudan da əsəbidir və nəyə görə əsəbi olmağının səbəbləri  hərtərəfli, təfərrüatı ilə açıqlanmasa da, hiss olunur ki, bu gərginlik qızın hər günkü halı ilə bağlıdır, yəni eyni hadisələrin, halların təkrarı, eyni vərdişlərin, idarəçiliyin həmişə eyni ahəngdə də davam etməsi qızı bıkdırır: “Hamı özünü ağıllı, istedadlı, səviyyəli hesab edir.  Bir idarənin qapıçısı özunü ağa kimi aparırsa, orda əsəblərini necə qoruyasan?  Adi bir katibəyə faks aparatını idarə etmək tapşırılırsa, sabahdan o özünü rəis kimi aparır.  Çünki ona cansız bir aparatı da olsa, idarə etmək tapşırılıb. ..Narazı, əsəbi olmayasan, neyləyəsən.Evdəkilər də hiss edir gərginliyimi. Gün ərzində içimdə yığılan mənfi enerji onlara qarşı münasibətimə də təsir edir”.

Əlbəttə, hekayənin qəhrəmanını (elə təhkiyəçi də odur) qınamaq da olar. Gündəlik yaşantılar zamanı bundan da gərgin hadisələr xatırlana bilərdi. Ancaq eyniyyət anormallıq yaradır və cavan qızı da əsəbilik çevrəsinə çəkən elə budur. Hekayənin sonu novellavari bir tərzdə başa çatır. Əsəbi qız 12-13 yaşlı  saçları islanmış bir rus qızıyla rastlaşır.  Bu qız disk mağazasından  şən əhval-ruhiyyəli, ritmik bir rus mahnısının ahənginə qoşulur, həmin mahnını oxuyur.”Tələsdiyimdən tez də yoluma davam etmək istədim. Amma soyuqdan göyərmiş balacanın bu şən mahnını oxumasında, oynaq yerişində elə bir rahatlıq, razılıq var idi ki...Nədənsə mənə elə gəldi ki, yağışın məhz onun üstünə düşən damcıları soyuq yox, istidi.  Sabah qar da yağsa belə olacaq. Məhz onun üstünə soyuq yox, ilıq qar dənələri qonacaq”.

Beləliklə, əsəbi qızın gərginliyi aradan qalxır və o, mahnı bitən kimi nevropatoloq həkimin yazdığı resepti cırıb atır.

Bu hekayəni ona görə Pərvinin ən yaxşı hekayəsi hesab edirəm ki, burada müəllifin yazı texnikası digər hekayələri ilə müqayisədə kamil nəzərə çarpır. Pərvinin təsvirləri real və inandırıcıdır, obrazın keçirdiyi ovqatı, əhvalı dəqiq ifadə edir, yəni içəridəki psixoloji durumla çöldəki ab-hava bir-birini tamamlayır. “Bu gün yağış da özünə bənzəmirdi elə bil.  Əlindən rahat yol getmək olmurdu. Demək olar, qaça-qaça gedirdim. Yağış damcıları da sanki iynələrə çevrilib sifətimə batırdı. Fikirləşdim, yəqin, yağış evə tələsdiyim üçün hirslənib mənə.  Çünki o, soyuq iynə terapiyası ilə məndən daha əsəbi görünürdü.  Bəlkə, hər dəfə ayağını şəhərə qoyanda mənim onu xüsusi qarşılamağımı, ayağının altına xalçalar sərməyimi istəyir?! Bəlkə, yağış heç hirslənmirdi də”.

Pərvinin hekayələrində şəhər təbiətinin özünəməxsus obrazını görmək olar. Hiss olunur ki, bu məqamlarda onun rəssamlıq duyğusu baş qaldırır, sözlərin rəngləri, naxışları yaranır.

“Səhərin işıqları yağışın altında islanıb, qəribə rəng almışdı. Sarı ilə narıncının arasında bir rəng..”

Bu təsvirdə poeziyanın işığı görünür.

Amma indi başqa bir təsvirə diqqət yetirək: “Yenə də mənasız, qeyri-estetik günəş doğdu..Sevmirəm də sarı rəngi. Ona görə günəş xoşuma gəlmir. Mavi səmaya yaraşmır. Heç olmasa qəhvəyi rəngdə olsaydı, çox zərif bir harmoniya yaradardı. Şüalarından “Gucci”nin qoxusu gəlsəydi, istisi adamın dərisini “Vichy”nin  kremləri kimi gözəlləşdirsəydi, saçlarını “Schvarzkorf” kimi parıldasaydı, deyərdim hə..Yoxsa ki..Bu da ən yüksəkdə dayanan ali bir səviyyəsizlik, uyğunsuzluq”. Təbii ki, Günəş haqqında bu tipli “postmodernist” düşüncə tərzi sırf subyektiv məqamı ifadə edir. Və qəhrəmanın harmoniya axtarışlarından doğur.

Burada Pərvinin qəhrəmanlarını səciyyələndirən bir xarakterik cizgi haqda söz açmaq olar. Harmoniya axtarışları, ailədən tutmuş kosmosa qədər bütün nəsnələrdə bir ahəngdarlıq və harmoniya axtarmaq... Deyərdim ki, bəlkə onun özü də hiss etmədən qəhrəmanlarını bu səmtə yönəldir. Həyat və gerçəklik isə çox zaman harmoniyasızlıq girdabındadır. “..Yenə yarıqaranlıq, natəmiz lift..palçıqlı küçə, ümumiyyətlə, mənasız, havasız boz şəhər və yamyaşıl avtobuslar. Axı mən bu şəhərin nəyini bəyənim?! Bax, palma ağacının yanında da küknar əkərlər? ..Yaxud da “Chane”lin firma mağazasının qabağına Şərq üslubunda naxışları olan metlax düzərlər?!”

“Gucci Fatoş” hekayəsi (monoloqdan fraqmentlər) başdan-ayağa həyatdakı, məişətdəki harmoniyasızlığın təsviriylə bağlı düşüncələri əks etdirir. Harmoniyasızlıq bəlası təkcə həyatın maddi tərəflərini deyil, mənəvi, intellektual qütbləri də əhatə edir. Hekayənin qəhrəmanı deyir ki, bir yol var-o da ölkədən getmək. Xaricə. Başqa millətlərdə,xüsusən Avropada harmoniya duyğusu bizdən güclüdür. Bəlkə oralarda özümə bir adam tapıb həyatımı quraram.

Pərvinin “Balerina” kinopovesti haqqında da xoş sözlər demək olar. Hiss olunur ki, o, kamera ilə də yaxşı işləyə bilir. Hərçənd ki, onun kamerası bir qədər sürrealist pozada qərar tutub. Real və gerçək olan nəsnələr, hadisə və məqamlar bəzən poetik dona bürünür.  Necə ki, balaca qız iri açılmış gözləriylə çarpayının üstündə uçuşan nağıllara baxır. Qız gülümsünərək əliylə nağılları tutmaq istəyir. Masmavi musiqi tam göyərib, soyuq dəniz rəngini alıb.

Təbii ki, bu tipli cümlələr povestə rəng qatır.

Povestdə musiqi müəllimi işləyən bir qadının arzu və xəyallarından söz açılır: “Bütün ömrümü də sərf edəcəyəm ki, peşəkar balerina kimi məşhurlaşsın, dünyaya çıxsın, minlərlə, milyonlarla fanatı alqışlasın onu, qapısının ağzında yatsınlar.Özümə qismət olmayan qızıma qismət olsun!”

Povestdə qızın anasının arzu və xəyalları o qədər təbii canlandırılır ki, bu arzunun gerçəkləşməsi yaxud baş tutmamasının fərqinə varmırsan. Musiqinin insan həyatında dəyişdirici faktora çevrilməsi, hətta insanın hisslərini idarə etməsi povestdə maraqlı detallarla əks etdirilir. Həm hekayələrində, həm də bu povestdə Pərvin detallara uğurla müraciət edir, təsvirin inandırıcılığı və konkretliyi belə detallarda daha bariz nəzərə çarpır. Məsələn, kinopovestdə  səhər və gecə detalları təsvirlərə xüsusi məna vermək baxımından uğurludur.

Əlbəttə, bu yazıda gənc müəllifin “Şərq şirniyyatı”, “Eee..dayan!”, “Mən..Yuxu..Cənnət..”,”Sevimli..Zərif..Mənim..”, “Professional” hekayələrindən də yan keçə bilmərəm.Bu hekayələrdə də cavan müəllifin həm uğurlu, həm də qüsurlu cəhətləri diqqəti cəlb edir. Uğurlu məqamlara sevinirəm və necə ki, haqqında söz açıram,mənə görə qüsurlu cəhətləri isə onun təcrübəsizliyi ilə bağlayıram.  Fikrimcə, “Şərq şirniyyatı” bir hekayə kimi digər hekayələrlə müqayisədə zəif nəzərə çarpır, ailə-məişət, dükan—bazar çərçivəsindən kənara çıxmır onun süjeti. “Eee..dayan!..” hekayəsində isə psixoloji aspekt qüvvətlidir. Bir insanın ölümqabağı düşüncələri necə də təbiidir. İnsan son anda da yaşamaq istəyir və bu AN, bu MƏQAM təzədən doğulmaq kimi bir şeydir və Pərvin onu sanki saniyəbəsaniyə canlandırır: “Eee..Dayan! Nə getmək? Dayanmaq lazımdır. Bu dünyadan iki yox, üçəlli yapışıb Dayanmaq!  Gələcəkdə bu əllərin sayını artırmaq! Sağalmaq lazımdır!”

“Mən..Yuxu..Cənnət..” hekayəsi də maraqlıdır. İnsan yuxudamı ya ölübmü, dəxli yox, mələklər onu Cənnətə apara bilər. Bunu kim görəcək özündən başqa..Sorğu-sualsız Cənnətə gedir. Dünyanın çirkablarından, insanların xəyanətkarlığından, yalanlardan və riyakarlıqdan yorulub bezən insanın üzünə Cənnətin qapıları açıqdır. İnsan baxıb görür ki, yerdəki gözəlliklər Cənnətin yanında bir qum zərrəsi də deyilmiş. Amma insan o Cənnətdən imtina edir. Çünki burda ana mehri, qadın məhəbbəti yoxdur. Göz oxşayan gözəlliklər var, amma bu gözəllikləri cana gətirən gözəllər yoxdu. “İlahi! İnana bilmirdim. Cənnətdə göz yaşı..Artıq gözlərimə yerləşməyən yaş sürətlə yanaqlarımdan axırdı.” Hekayənin ən dramatik məqamı bəlkə də elə bu cümlələrdə mərkəzləşib.  Mələk insanın göz yaşlarına dözə bilmir və deyir ki, qayıtmaq istəyirsən, sənə qadağa qoyulmayıb, istədiyin vaxt qayıda bilərsən. Və insan qayıdır. Qayıdır ki, sevgilisinə qovuşsun, hər kəsin arzuladığı Cənnəti tərk edib, Yer üzünün Cəhənnəmini öz sevgisiylə Cənnətə döndərsin.

Pərvinin təfəkkür tərzi XXI əsr modern Azərbaycan gəncinin idraki düşüncə tərzini əhatə edir. Onun hekayələrində nəzərə çarpan və Avropa xüsusunda olan sözlər, ifadələr, adlar, hadisələr onu göstərir ki, bu günkü Azərbaycan gənci  Pərvin Ələmdar qızı Nurəliyevanın timsalında qloballaşmaya meyl göstərir, Avropalaşmaq istəyir. Onun düşüncə tərzində də, insanlara münasibətində də, yazı manerasında da Avropa dəst-xətti özünü göstərir. Amma istər-istəməz, avropalaşmağa, qloballaşmağa nə qədər meylli olsa belə, Pərvinin təsvir etdiyi aləm, mikromühit onun yatıb-durduğu, gəzib-dolandığı Azərbaycan mühiti və cəmiyyətidir. Məncə, bu daha yaxşıdır. Çünki avropalaşmaq hələ milli dəyərləri itirmək demək deyil. Qoy Pərvinin hekayələrinin qəhrəmanları “Nike”nin cins kostyumunu geyinsinlər, “benetton”un saatını taxsınlar, hər gün, lap hər saat Maykl Ceksonu dinləsinlər. Əllərində “Blackberru” telefon, gözlərində “Oaclu” eynək, çəkdikləri “Camel” siqareti..olsun, bunlar zahiri əlamətlərdir. Təki içəridə, daxildə, mənəvi dünyada millilik itməsin, “Həbibim” mahnısı ruhunda gəzsin.

Pərvin hələ gəncdir və təbii ki, gənclik sözü istedad sözü ilə qovuşursa, çox gözəl! Amma gənclik sözü həm də təcrübəsizlik və səriştəsizlik sözləri ilə də tən gələ bilər. Pərvinin yazılarında birinci hal ikincisinə görə üstünlük təşkil edir və əlbəttə, buna ancaq sevinmək olar.

Daha nə demək olar? Qələm püxtələşir, istedadın səviyyəsi bariz nəzərə çarpır, amma bu kitabı Pərvinin gələcək uğurları üçün bir yaxşı məşq hesab edək və sözümüzü bitirək.

 

 

Vaqif YUSİFLİ

 

525-ci qəzet.- 2012.- 30 dekabr.- S.20-21.