Qara Qarayevin xatirə gecəsi keçirilib

 

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda Qara Qarayevin xatirə gecəsi təşkil edilib. İttifaqın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə böyük bəstəkarın həyat və yaradıcılığından, onun milli bəstəkarlıq məktəbinin inkişafındakı xidmətlərindən danışıb.

Daha sonra çıxış edən Xalq artistləri Tofiq Bakıxanov, Sevda İbrahimova, əməkdar incəsənət xadimi Azər Dadaşov öz sənət müəllimləri barədə xatirələrini tədbir iştirakçıları ilə bölüşüblər. Azərbaycan Dövlət Fortepiano Triosu – əməkdar artist Nərgiz Əliyarova (piano), əməkdar artist Töhfə Babayeva (violin), Səbinə İbrahimova (violonçel), beynəlxalq müsabiqələr laureatı Kəmalə Neymanovanın (piano) ifasında Qara QarayevinPiano üçün Prelüdlər” (3 prelüd), “7 gözəl” baletindən “Gözəllər gözəlinin rəqsi” və “İldırımlı yollarla” baletindən “Çılğın qızın rəqsi”nin fortepiano triosu üçün işlənmələri səsləndirilib.

 

525-ci qəzet.- 2012.- 15 fevral.- S. 7.