Moskvada Məmməd İsmayılla görüş keçirildi

 

Bu dəfə də yola Çanaqqaladan- o qürbətdən, Moskvaya- bu qürbətə tanınmış rus şairi və tərcüməçisi Yuriy Kuznetsovun xatirəsinə həsr olunmuş konfransda iştirak etmək üçün çıxdı. Hər dəfə bir səfərə hazırlaşanda : “gələn dəfə yolum...” və bu tamamlanmayan qırıq cümlə kimi qırıq qəlbindən qıraqdan baxdığı Vətənə düşəcəyini keçirib.

Moskvanın yanağını dalayan sazağına, soyuğuna baxıb:

 

Qış hayandan gəlirsən?

Unudulduğum yerdən.

Ötən ömrun yaşında

Quzey yaxasında mən.

Gün bulud arxasında

Qürbət arxasında mən.

Varmı verən bir soraq,

Nerdəyəm mən, nerdəyəm

Yaddaşına yaxşı bax,

 

Unutduğun yerdəyəm- deyə keçirdi qəlbindən bəlkə də.

Məmməd İsmayıl taleyinə, yaradıcılığına bir az bələd olan üçün bunu təxmin etmək o qədər də çətin deyil.

Amma... Amma unudulmadığı yerdə unudulmaz anlar yaşanacaq və yaşadacaqdı. Bunlar gözləyirdi kədər şairini.

Əvvəlcə Marina Svetayevanın ev muzeyində Rusiya Yazıçılar Birliyinin təşəbbüsü ilə təşkil olunmuşVmesto pisma” şeirlər kitabının təqdimatı oldu. Yuri Kuznetsov, Aleksandr KuşnerMixail Sinelnikovun tərcüməsində seçilmiş şeir və poemalarından ibarət kitabın təqdimatına tanınmış rus şairləri, ictimai xadimləri ilə yanaşı, Rusiyanın hər tərəfindən gələn, şairi görmək, onunla təmasda olmaq, öz dilindən seirlərini dinləmək istəyənlər vardı.

Çıxış edənlər –Milli Tədqiqatlar Universitetinin doktoru, Moskva hökuməti yanında milli məsələlər üzrə Şuranın üzvü Xurşuda Xamrakulova, tarix elmləri doktoru, Moskva Yazıçılar Birliyinin katibi Lola Zvanoreva, şair- tərcüməçilər G. Kalaşnikov, Sergey Karatov, İnquşetiyadan gəlmiş Məryəm Yandiyeva, Dərbəndli şair-jurnalist Bikəxanım və digərləri onun şeirlərinin cazibəsindən, rəngarəngliyindən, dilinin zənginliyi və xəlqiliyindən danışır və bütün fikirlər bir nöqtədə cəmləşirdi. “Azərbaycan ədəbiyyatının görkəmli şairləri ilə adı birgə çəkiləcək, öz cığırı, izi olan, cəsarət simvolu, həqiqəti, ədaləti əlində qılınc edən şair- Məmməd İsmayıl dühası var-qarşımızda”. Adının qarşısındasa titul və mükafatları olmayan şair!

Növbəti görüşü isə Moskva Millətlər evinin zalında “Ocaq” ictimai-ədəbi cəmiyyəti və Rusiya Yazıçılar Birliyinin Moskva şəbəsinin təşəbbüsü ilə təşkil olunmuşdu. Bu görüşdə Rusiya ziyalıları ilə bərabər, Azərbaycan ziyalıları, diaspor təşkilatlarının nümayəndələri, Rusiyada yazıb-yaradan şairlərimiz, teatr xadimlərimiz toplaşmışdı. Kitab təqdimatından daha çox Məmməd İsmayılın poeziya gecəsinə dönən tədbiri “Ocaq” cəmiyyətinin sədri Tofik Məlikli açdı. O, Mariya Svetayevanın ev muzeyində keçirilən tədbirin aparıcısı Mixalil Sinelnikova sataşaraq: Mişa, mən səndən daha demokrat olacam və çıxışlara sənin kimi 2 dəqiqə reqlament qoymayacağam- dedi. Tofik müəllimin yumorlu atmacasına M.Sinelnikov düzəliş edərək “2 dəqiqə 37 saniyə”- deyə cavab verdi.

Bu səmimi abu- havaya köklənən görüşdə “Şəhriyar” ədəbi-mədəni cəmiyyətinin üzvü, şairə Afaq Şıxlıya söz verildi. O, Məmməd İsmayıl yaradıcılığının və şəxsiyyətinin vurğunu olduğunu gizlətmədiyini, onun şeirlərindən ruhlanaraq əlinə qələm aldığını söylədi.

“Məmməd müəllim, indi hamı yazır və yazmaq istəyən üçün qələm çoxdur. Amma hər yazılan şeir deyil. Sizin kimi şeir yazmaq, şair olmaq üçün gərək əl o əl ola, ürək o ürək, ruh da o ruh. Siz Azərbaycan poeziyasının zirvəsində dayanan, o yeri haqq edən şairlərimizdənsiz və mən sizi çox sevirəm”.

Şair Nəsib Nəbioğlu isə, qardaş, mən səni 1977-ci ildən tanıyıram- dedi.

“Deyəsən bu Məmməd adlarında gizli bir sehr var, şairlik bunların adına biçilib. Məmməd Araz, Məmməd Aslan, Məmməd İsmayıl və sair. Bu gün görüşünə nə hədiyyə gətirə bilərdim? Varlı deyiləm ki, sənə maşın bağışlayım. Şairin şairə hədiyyəsi şeir olar”. Nəsib Nəbioğlu ona həsr elədiyi şeiri oxudu.

 

De kimlərin ahı tutubdu bizi,

Kimin qarğışına keçmişik, Məmməd?

Ağlımızmı çaşıb qərib ölkəni,

Özümüzə Vətən seçmişik, Məmməd?

 

Qapım yoxdu döyə ağacdələnlər,

O evi-eşiyi bada vermişəm.

Ana ocağını, ata yurdunu,

Özüm öz əlimlə yada vermişəm...

 

Nəsib Nəbioğlunun şeirindən təsirlənən Məmməd İsmayıl qalxaraq ona:

Mən şair deyiləm, atam-qardaşımşeiriylə cavab verdi.

 

Dilimdən çıxanlar təzə-tər deyil,

Kim aşiq olası qara qaşıma?!

Hər adı Məhəmməd peyğəmbər deyil,

Adıma aldanıb dönmə başıma

Dönmə, pir deyiləm, atam-qardaşım

Mən şair deyiləm, atam-qardaşım.

 

Zalı göz yaşlarına boğan, Tofik Məliklini qəhərdən danışmağa qoymayan bu durumda M. İsmayılindi mənı ağladacaqsınız”-dedi.

Sonra gecənin aparıcısı Tofik Məlikli Məmməd İsmayılın redaktoru olduğu 1988-ci ildə iki dildə çıxan “Gənclik” jurnalını yada saldı. Sözü jurnalist-publisist İlham Bədəlbəyliyə verdi.

“O dövrü yaxşı xatırlayıram. Biz Tofik müəllimlə belə bir dialoq –söhbət yazmaqMoskvadan o jurnalda göndərməyi qərara aldıq. Məmməd İsmayıla zəng etdik, o da, yazın göndərin, verərəm- demişdi. O zaman o dialoqun çap olunması yazanaonu nəşr etdirənə nələrə başa gələcəyini təxmin edə bilməzsiniz. Biz Tofik müəllimlə yazını jurnalda görəndə M.İsmayıldan narahat olmağa başladıq. Bu cəsarətin və qorxmazlığın qarşısında baş əyirəm, sən əvəzolunmaz şair, ziyalı, ictimai xadimsən!”

Tofik Məlikli adıçəkilən yazının mövzusuna aydınlıq gətirərək bildirdi ki, o zamanlar Bakı neftinin heç bir gəlir gətirmədiyini deyirdi Qorbaçov hökuməti. Biz də yazdıq ki, əgər Bakı nefti heç nəyə yaramırsa, o zaman istismarını dayandırsınlar, gələcək nəsilə lazım olaronlar istehsal edərlər. Onu da deyim ki, Məmməd İsmayılı başqalarından fərqləndirən onun ictimai mövqeyidir.

Şairin Ur¸fadan gələn şair dostu Baloğlan Cəlil deyilənlərə əlavə etməyəcəyini söyləyərək özünün yazdığı “Çəkmə” şeirini oxudu.

Saratovdan gələn texniki elmlər doktoru, şair-şeir sərrafı olduğunu dilə gətirən Rafail Qəribovsa, “M. İsmayıl izn versəydı mən də şair olacaqdım-dedi. O zamanlar mən Mühəndislər İnstitutunda oxuyurdum, şeirlərimi Məmməd İsmayıla göstərdim. O isə mənə məsləhət verdi ki, sən şair olsan xalqımız bir mühəndis itirəcək.

“Bu gün şair olmasam da, poeziya bilicisiyəm- deyə iddia edə bilərəm. O ki, qaldı Məmməd İsmayılın şeirlərinə, o, rəssam şairdir. Onun şeirlərini oxuduqca insanın gözü qarşısında dahi rəssam əli ilə çəkilmiş tablo yaranır. Budur, şair istedadı, ilahi vergisi.

Sonda “73 yaşımda olsam da, hələ ana həsrəti var içimdə məni şair doğan anam, analar üçün şeir demək istəyirəm”-dedi M.İsmayıl. Ata haqqında isə Ə.Kərimdən, sonra Məmməd Arazın, Xəlil Rzanın şeirlərilə onları andı. Xocalı faciəsini yada salıb ona həsr etdiyi “Bu qan yerdə qalan deyil” – şeirini oxudu.

Görüş boyu zaldakıları qəhərləndirən, Məmməd İsmayıl, səmimiyyəti, təpədən-dırnağa Vətəninə-elinə bağlılığı, qürbət divarları arasında doğma münasibətdən yaranan coşquyla şeirlər deyirdi.

Bunun günahkarı kimdir- deyib başqasında günah axtarmayaq. Balamızı, evimizi, ailəmizi sevən kimi sevək Qarabağı. Hər birimizin içində o sevgi yaşansa hər birimiz sevdiklərimizdən tək bir qurban vermək əzmində olsaq, erməni bu sevgimizdən qorxub, özü o torpaqlardan çıxıb gedər. İnanın buna! Bu gün mənə yaşatdığınız unudulmaz görüş üçün hər birinizə minnətdaram!”

 

Taleyi xeyirlə şər dəyişməsi

Vətənlə qürbətin yer dəyişməsi,

Bir qarış uzunu, bir qarış eni

Qəlbi qəribsəyən qürbət vətəni...

 

Göruş şairin kitabının imzalama mərasimi ilə başa çatdı.

 

Tünzalə VƏLİQIZI,

 Moskva

“Yeni səs” qəzetinin  baş redaktoru

525-ci qəzet.- 2012.- 21 fevral.- S.7.