Məti OSMANOĞLU

 

Taleh Həmid 60

 

Taleh və tale.

Köhnə dostum Taleh Həmidin şeirləri, ümumən yaradıcılığı və həyat yolu haqqında fikirləşəndə düşüncəmdə yaranan ilk assosiasiya bu olur və içimdə bir təhrik yaranır: Talehin şeirlərini tale işığına tutmaq, yazılarında onun, eləcə də bizim dünyanın tozlu yolları boyunca yarım əsrdən artıq ayaq döyüb, yaşı 60-ı haqlamış nəslin bəxtinə düşən, qədərinə çevrilən taleyin izlərini axtarmaq, əks-sədasını soraqlamaq... Ancaq Talehin ömür yolu o qədər eniş-yoxuşlarla, sərt sınaqlarla, eləcə də işıqla və enerji ilə doludur ki, onun tale-qədər yazısını ümumiləşdirmək, başqaları ilə ortaqlaşdırmaq çox çətin görünür. Talehin ömür yoluna güzgü tutan yaradıcılığında, ədəbiyyatşünaslıq dili ilə desək, tipik obraz axtarıb tapmaq çox çətindir.

 

Ürəyim dolub gəlmişəm,

Yaman çağlamağım gəlir.

Yazın bu xoş vədəsində

Bir az ağlamağım gəlir,

Qulağını tut, bənövşə...

 

Həyatının uc nöqtəsində, ömrün başlanğıcında Talehin taleyinə düşən ağır yük onun şeirində belə çiçəkləmişdi. Bu şeir yazın bir xoş vədəsində ata məzarının üstündə bitmiş, kövrək qanadlı, zərif ləçəkli boynubükük bənövşə ilə səmimi ürək söhbəti, daxili monoloqdur. Əslində, bu mənzərə atasını çox erkən itirmiş Talehin öz uşaqlıq və ilkin gənclik obrazıdır: məzar daşının yanında bitən kövrək bənövşə... Həmin bənövşə xeyli sonra Talehin şeirində yenidən canlanacaqdı, Qardaşım Malikə ikinci məktub adlı şeirində:

 

O yaz ağzı, yaz vədəsi

Şimşək işıqları,

İldırım səsi

Bəlkə yadımızdan çıxıb gedərdi,

Atamın qəbrinə söykənib bitən,

Kolların gözündən yayınıb itən

Bənövşəni görməsəydik...

 

Daha sonra isə həmin bənövşə neçə-neçə ağır daş yanında bir daha açacaqdı: varlığı dadlıdan-dadlı, itkisi acıdan-acı övlad daşının, istəklidən-istəkli, həssas ürəyi tez yanıb kül olan qardaş daşının, əzizdən-əziz yaxınların, doğmaların daşının yanında...

Talehin ilk şeirlərində həm birbaşa ata xatirəsinə həsr olunmuş yazılarında, həm də ümumiyyətlə yaradıcılıq baxışında ən böyük tale izi ata itkisidir. Lakin Taleh bu itkini şeirlərində faciələşdirməmişdir: onun şeirlərinə (eləcə də bir insan kimi xarakterinə!) yetimlik psixologiyası yad olmuşdur. Heç şübhəsiz ki, bu onun bir şair kimi təyinatından, söz adamı kimliyindən irəli gəlir və burada hər hansı ideoloji səbəb axtarmaq mənasızlıq olardı. Diqqətlə nəzər salanda görürük ki, taleyin amansız sərtliyinə baxmayaraq, tragizm, bədbinlik Talehin yaradıcılığına nüfuz edə bilməyib. Taleh sanki ədəbiyyata həyatdan ilham almaq, həyatı sevmək və sevdirmək, həyatın gözəlliklərini tərənnüm etmək üçün gəlib və bu enerji indi, ömrün altmış ilini arxada qoyandan, zalım zamanın çox ağır yüklərinə çiyin verəndən sonra da onun yaradıcılığında lap aydın görünür, bütün cizgiləri və relyefləri ilə qabarıq nəzərə çarpır.

Talehin ilk şeirlərində atasızlığın ağrısı, yetimlik, çarəsizlik tragizmindən əsər-əlamət yoxdur. Böyük səmimiyyətlə yazılmış bu şeirlərdə ata sevgisinin ifadəsi daş yanında bitən zərif bənövşə, vaxtsız quruyan ağaclar, sərt əsən acı payız sazağı, kəndin üstünə ruh kimi enən qürub, üfüqlərdə ümid kimi baş qaldıran dan yeri, dan üzünün şehindən kövrəlib ağlayan daş şəklində sıraya düzülür, tale daşıyıcısına çevrilir və ən maraqlı cəhət də budur ki, oxucuda həyat sevgisi yaratmağa xidmət edir. Vaxtilə ata əlinin hərarəti ilə həyat tapmış, bu hərarət üstündən çəkiləndən sonra isə qurumuş ağaclar övladın qəlbində ata abidəsinə çevrilir:

 

Günlərimi, aylarımı ölçürlər

Yarpaq-yarpaq, budaq-budaq quruyub

Bu dünyadan köç etdikcə.

Gözlərimə köçürlər

Atamın özü kimi

Atam əkən ağaclar...

 

Taleh ərköyün sevgiyə əlvida deyəndə də, qırx yaşa çatmış ömrün günahlarını etiraf edəndə də, yaş artdıqca adamı özündən geri itələyən güzgü ilə xəyali söhbətində də... ayrı-ayrı detallarda, həyat lövhələrində müxtəlif duyğuları qələmə almış, dramatik əhval-ruhiyyə anlarını canlandırmış, lakin onların heç birində həyatı, dünyanı qaraya boyayıb faciələşdirməmişdir. Onun şeirlərində həyatı yaz qabağı yenidən dirçəlməyə hazırlaşan bir varlıq kimi görüb təqdim və tərənnüm etmək, eləcə də bəzən müvazinəti pozulan dünyanın nizam və ahəngini qoruyub saxlamaq duyğusu üstünlük təşkil edir:

 

Yaz qabağı budaqlara dəyməyin,

İlmələri, naxışları sökülər.

Qanı qalar əlinizdə güllərin

Günah olub ovcunuza tökülər.

 

Gül sevgisi ilə bəlkə lazım olduğundan da artıq yüklü olan Azərbaycan ədəbiyyatında Talehin bizə təqdim etdiyi üstü gül dolu budağın təravəti və kövrəkliyi böyük rəssam həssaslığı ilə rəsm olunur: Səttar Bəhlulzadənin heyva çiçəkləri natürmortuna bənzəyən çiçəkləmiş budağa ehtiyatsız toxunsan, onun üstündəki çiçəklər vaxtsız tökülə bilər. İnsanın əli ilə çiçəyin təbii nizamına müdaxilə etmək, gülün könlünə toxunmaq şairin nəzərində qana batmaq, qətl törətmək qədər ağır günahdır və şair o güllərin budaqdan qopmasına qıymır, şeirin insan qəlbinin dərinliklərinə işləyən sirli dili ilə haray salıb xəbərdarlıq edir. Ömrümüz boyu görüb gözəlliyinin və incəliyinin fərqinə varmadığımız bir detal şeirin dilində yeni görüntü və gözlənilməz məna qazanır. Onu da xatırlatmağın yeri var ki, dahi Füzuli Leylinin faciəsinin qönçə ikən içi qanla dolmuş, qanlı ağzını aça bilməyən, sözünü demək imkanından məhrum olan zərif gül qönçəsinə bənzətmişdi:

 

Qönçə kimiyəm məni-pərişan,

Ağzım tutulu, içim dolu qan...

 

Dahi kədər şairi Füzulinin bu beyti ilə müqayisədə Talehin şair təyinatı daha aydın görünməkdədir: Füzuli üçün açılmamış gül qönçəsi Leylinin taleyinin tragizmini əyaniləşdirir, gözlə görünən edir, Taleh isə insanları o gülə toxunmamağa çağırır, bununla poetik anlayışlar kontekstində qətlin törədilməsinin, faciənin baş verməsinin qarşısını almağa can atır.

Talehin şeirlərinə üstünlük gətirən, ona fərqli sənətkarlıq enerjisi verən mühüm cəhətlərdən biri şairin duyduqlarını görüntüyə əyani poetik lövhələrə çevirməyə çalışmasındadır. O, sözlə rəsm çəkməyin, duyğunun şəklini canlandırmağın mümkünlüyünün fərqindədir: Şairin fırçası misralarıdır, dərdimin şəklini çəkə bilmirəm, deyir. Şairliyin, yəqin ki, ən mühüm şərtlərindən biri də elə budur: duyğu haqqında informasiya vermək yox, duyğunun tamamlanmış obrazını təqdim etmək, şairin fərdi duyğular dünyası ilə oxucu dünyası arasında körpü yaratmaq. Bu körpünün üstündə dayanıb, onun altı ilə axan çayın şair ömrünün axışını seyr edəndə maraqlı bir mənzərənin şahidi oluruq. Şairin ürəyində duyğunu yaradan səbəbin necə ağır, nə qədər ölçüdən kənar olmasına baxmayaraq, onun sözlə çəkdiyi şəkil, oxucuya təqdim etdiyi bədii lövhə həyatla doludur. Çay öz axını boyunca ətrafına həyat verdiyi, məcrasının yaxası uzunu yaşıl vadi yaratdığı kimi, Talehin ömrünün şeirlərə çevrilmiş axını da içi müsbət enerji ilə dolu poetik rənglər aləmini yaradır. Talehin dünyanın gərdişindən küskünlük yarada biləcək mövzularda qələmə aldığı şeirləri belə insanı yurd sevgisi, torpaq eşqi ilə bir daha dünyaya, çay kimi durmadan axıb gedən zamanın yaratdığı yaşıl vadiyə bağlayır. Talehin yaradıcılığında həyatda itirdiyi doğmalar həyatdan biryolluq getmir, insanın içinə dolan qəfil bir şeir coşqusu kimi, çin çıxan və çin çıxmayan yuxu kimi, bir yerdə qərar tutmayan xəyal kimi daim yenidən qayıdır. Şair bunu şeiri dramatikləşdirmək naminə yazmır, bu, onun şeir dünyasının stixiyasından gəlir:

 

Ay aman, içimdə şeirlər ölür,

Ölür doğmalarım öldüyü kimi.

Ay aman, yuxuma şeirlər gəlir,

Gəlir doğmalarım gəldiyi kimi...

 

Talehin taleyində və şeirlərində, bir insan kimi qədərində dərin izi qalan daha bir hadisə övlad itkisi olmuşdur. Həyatla çox erkən vidalaşmış övlad xatirəsinə həsr olunmuş şeirlərdə də Talehin taledən uca dayandığını görürük və mən bunu şair dostumun daxili gücünün və ləyaqətinin təntənəsi kimi qiymətləndirirəm. Taleh şeirlərində dərdi dərdlə yumağa çalışmadı, öz övladının lap başlanğıcda bənövşə qanadı kimi qırılan kövrək ömrünün, arzularının davamını onun yaşıdlarında, həyata yeni qədəm qoyan gənclərdə görməyə çalışdı və gördü. Taleh dərdin önünə sevgi və ümid qoymağı bacardı. Çiçəklər də ölürlər adlı şeir şairin həyatdan nakam köçmüş qızının Sevincin sinif yoldaşlarının orta məktəbi qurtarmasına həsr olunub:

 

Bu gün sinif dostlarının

Son zəngidir,

Bu gün onlar uçurlar

Həyatın qucağına.

Hərə bir üz tutacaq

Hardasa ocağına

Ev-eşik olacaqlar.

Yurd-yuva quracaqlar.

İsti olsun deyirəm

İndidən bu yuvalar

Nə qasırğa, nə külək

Olmasın qismətləri...

 

Ölümlə üz-üzə gələndə, həyat uğrunda döyüşəndə belə, Taleh öz müdrikliyini və həyat sevgisini, həyatda qalan insanların taleyi sarıdan keçirdiyi nigaranlığını itirməmişdir. Taleh üçün hətta həyatın son ucu, axır nöqtəsi olan ölüm ayağında belə həyat şirin, ömür gözəl... olmuşdur. Şairin öz varlığının davamı olan oğlu Cəlala yazdığı məktublar, bu baxımdan, ibrətamiz məna daşıyır: Ölümdən qorxmurdum və indi də qorxmuram. Çünki ölüm də Tanrının məsləhətlərindən biridir. Amma sənin taleyindən nigaran idim. İndi də nigaranam. O vaxtlar sənin on beş yaşın tamam olurdu. Mən də nə qədər xəstə olsam da, özümdə güc tapıb sənə bir şeir yaza bilmişdim.

 

Həyat şirin, ömür gözəl əzəldən,

Bil qədrini ötüb keçən hər anın.

Yorulma arzudan, işdən, əməldən,

Tut nəbzini bəri başdan dünyanın...

Dünya mərdlik dünyasıdı, bilginən,

Ağac əkən öz barını görəcək.

Ağlayanın göz yaşını silginən,

Tanrı bir gün əvəzini verəcək.

 

Mən bu yubiley qeydlərini hazırlayarkən şairin dördcildlik əsərlərini vərəqləyirəm: bir hissəsi hələ gəncliyimizdən, tələbəlik illərimizdən və Ulduz jurnalı redaksiyasında birgə çalışdığımız vaxtdan 1980-ci illərin əvvəllərindən mənə yaxşı tanış olan əsərlərini bir daha nəzərdən keçirirəm. Poemalarını və onun yaradıcılığında (eləcə də Azərbaycan ədəbiyyatında) xüsusi yer tutan publisistik qeydlərini bir də oxuyuram. Məndə bir qənaət yaranır: Taleh hansı janrda yazır-yazsın, nəyi qələmə alır-alsın görüb yaşadıqlarını, təsəvvür etdiklərini bizə yaxşı tərəfdən təqdim etməyə üstünlük verir. Talehin publisistik yazıları həyatın işıqlı tərəflərini əks etdirir. (Yeri gəlmişkən, onun hələ gənc şair ikən publisistik üslubda qələmə aldığı ilk irihəcmli poeması da işığı yaradanlara həsr olunmuşdu: Şəmkir SES nəğmələri). Onun publisistik yazılarında və məqalələrində yaşadığımız cəmiyyətdə hər şeyi yüksək dəyərlərə malik bir harmoniya, ahəng, nizam içində görmək arzusu var. Talehin publisistika qəhrəmanlarının əksəriyyəti işıqlı insanlardır.

Mənə elə gəlir, şairlərin, ümumən söz adamlarının boynuna ədəbiyyatda və cəmiyyətdə iki işi yerinə yetirmək düşür: elə sənətkarlar var ki, onlar ədəbiyyat tarixinin yeni mərhələsini yaradır, ədəbiyyatın təkamül yoluna yeni yön verir, ədəbiyyatın taleyini müəyyənləşdirirlər Nəsimi kimi, Füzuli kimi, Vaqif kimi, Mirzə Fətəli Axundzadə kimi, Cəlil Məmmədquluzadə kimi, Mirzə Ələkbər Sabir kimi, Səməd Vurğun kimi... Elə şairlər də var ki, öz talelərini, mənsub olduqları zamanın və nəslin varlığını obrazlaşdırıb ədəbiyyatın yaddaşına çevirə bilirlər. Taleh Həmid bu cür şairlərdəndir.

Əlbəttə, subyektiv duyğuların təsiri altında qələmə aldığım bu qeydlərdə istisnalar da tapmaq mümkündür. Lakin istisnasız olan bir həqiqət var ki, Talehin insan kimi ömrü və ömrünü əks etdirən yaradıcılığı taledən çox-çox ucadır.

 

 

Osmanoğlu Məti

 

525-ci qəzet.- 2012.- 15 iyun.- S.24.