Milli mətbuat tariximizin dəyərli tədqiqatçısı – Turan Həsənzadə  

 

Yüz altı il bundan əvvəl Zaqafqaziyanın inzibati-mədəni mərkəzi sayılan Tiflisdə demokratik düşüncəli ziyalı, böyük mütəfəkkir, yazıçı-publisist Cəlil Məmmədquluzadənin redaktorluğu ilə nəşrə başlayan “Molla Nəsrəddin” satirik jurnalı nəinki Azərbaycanda, yüzillərlə qəflətdə qalan, cəhalətin girdabında boğulan qoca Şərqin taleyinə öz ziyasını saldı. Bu ədəbi-mədəni məcmuədə xalqın həyatında baş verən hadisələr cəsarətlə, həm də böyük fədakarlıqla işıqlandırılır, xalqın ictimai şüurunun formalaşmasına öz təsirini göstərirdi. Təbii ki, “Molla Nəsrəddin” savadsızlığa, mədəni geriliyə, bütün ictimai qüsurlara qarşı məsləkdaşları ilə birgə mübarizə aparırdı. Odur ki, M.Cəlil deyirdi: “Molla Nəsrəddin” tək bir nəfər müəllifin əsəri deyil. “Molla Nəsrəddin” bir neçə mənim əziz yoldaşlarımın qələmlərinin əsərinin məcmuəsidir ki, mən də onların ancaq ağsaqqal yoldaşıyam”.

Aydındır ki, “Molla Nəsrəddin”in fasilələrlə 25 il davam edən fəaliyyət  tarixi (1906-1931) zaman-zaman  öyrənilib tədqiq olunmuşdur. Bu daMolla Nəsrəddin”in ətrafında böyük bir tədqiqatçı nəslin yetişməsinə şərait yaratmışdır. F.Köçərlidən başlayaraq, Ə.Nazim, Ə.Şərif, M.Qasımov, M.Cəlal, M.Cəfərov, Ə.Mirəhmədov, N.Axundov, Q.Məmmədli, F.Hüseynov, N.Zeynalov, İ.Həbibbəyli və başqalarının elmi araşdırmaları sayəsində “Molla Nəsrəddin”in meydana gəlməsi, xalqın dərdlərini, ağrılarını güzgü kimi əks etdirməsi, ideya-sənətkarlıq xüsusiyyətləri ilə milli mətbuatın inkişafına təkan verməsi ilə bağlı onlarla tədqiqat əsəri, monoqrafiyalar, salnamələr yaranmışdır. Başqa sözlə, jurnalın, Tiflis, Təbriz, Bakı nəşrlərinə müxtəlif aspektdən baxışlar hər zaman elmi-nəzəri prinsiplərlə tədqiq olunmuşdur. Bu gün böyük cəsarətlə, əminliklə demək olar ki, indiyəqədərki tədqiqatlar sırasında jurnalın 1921-ci il Təbriz nəşri “Molla Nəsrəddin” jurnalının tədqiqatçılarından olan Turan Həsənzadənin adı ilə bağlıdır. Doğrudur, yuxarıda adlarını çəkdiyimiz görkəmli ədəbiyyatşünaslar, tədqiqatçılar öz araşdırmalarında jurnalın yaşam tarixinə, eləcə də onun Təbrizdəki fəaliyyətinə də nəzər yetirb, onun cənubi Azərbaycan həyatındakı mövqeyini müəyyən mənada işıqlandırıblar. Lakin M.Cəlilin Təbriz səfəri, jurnalın nəşri ilə bağlı qarşıya çıxan çətinliklərin, problemlərin aradan qaldırılmasına köməklik göstərən mütərəqqi fikirli, maarifpərvər ziyalıların dəstəyi sayəsində “Molla Nəsrəddin”in nəşrinə rəvac verilməsi, bütövlükdə “Molla Nəsrəddin”in Təbriz nəşrinin ictimai-ədəbi taleyi kompleks halda tədqiqatçı T.Həsənzadənin ciddi araşdırmaları sayəsində üzə çıxarılmış, ədəbiyyatşünaslıqda öz elmi təsdiqini tapmışdır.

Məlumdur ki, hər bir tədqiqatçını  müəyyən bir sahənin araşdırmalarına cəlb edən daxili bir istək, maraq olur. T.Həsənzadə də “Molla Nəsrəddin”lə hələ ilk gənclik illərindən tanış idi. O zamandan jurnalı böyük həvəslə mütaliə edir, onun həmin dövrdə və sonrakı zamanlarda da böyük təsir gücünə malik olduğunu duyurdu. Bütün bunlar gənc Turanı “Molla Nəsrəddin”in yaşam tarixini, onun yaratdığı ədəbi mühiti öyrənməyə sövq edirdi. Amma bu böyük, faydalı işlərə qədər qarşıda göz işlədikcə uzanan bir yol vardı. Bu yolun başlanğıcında dayanmış balaca Turanın göz açdığı ailəsində xəyallarına qol-qanad verən, düşüncələrini nizamlayan bir ziyalı mühitinin yaşantıları vardı...

Turan Həsənzadə 6 iyun 1926-cı ildə Ordubad rayonunun Əylis kəndində müəllim ailəsində doğulmuşdur. Atası Vahab müəllim ərəb, farstürk dillərini mükəmməl öyrəndiyindən “Quran”ı əzbər bilirmiş. Doğma Əylis kəndində açdığı məktəbə Mirzə Vahabın məktəbi deyirmişlər. O zaman  belə də deyirmişlər ki, Mirzə Vahabın məktəbi bir küp kimidir, ora uşaqları salıb, müəllim çıxarırlar. Balaca Turan da ərəb əlifbasını atasından öyrənmişdi. Vahab müəllimin yaşadığı Əylis kəndində zəngin bir kitabxanası olub. Turan müəllim xatırlayırdı ki, vaxtilə akademik Yusif Məmmədəliyev Ordubaddan piyada Əylis kəndinə gələr, Vahab müəllimin kitabxanasından hər gün bir kitab alıb oxuyar, ertəsi gün qaytarıb, yenisini götürərdi. Həmin dövrdə Naxçıvanda Ədəbiyyat dərnəyi fəaliyyət göstərirmiş. Mirzə Vahab da yazıçı Əyyub Abbasovla birgə həmin dərnəyin məşğələlərində iştirak edirmiş. Lakin Vahab müəllimin taleyi onu başqa sahəyə yönəldib. Sayılıb-seçilən bir ziyalı, maarifpərvər insan olduğuna görə onu Naxçıvanda Maarif komissarı vəzifəsinə təyin ediblər. Ömrünün Bakı dövründə isə bir müddət Akademiyanın Əlyazmalar Fondunda (indiki Əlyazmalar İnstitutunda) çalışıb. Belə bir maarifpərvər insanın tərbiyəsini görmüş Turanın dünyagörüşünün formalaşmasına təbii ki, ailə mühitinin güclü təsiri olmuşdur. Kitablara bağlılıq, oxuyub-öyrənmək, mənəvi zənginlik də elə uşaqlıq çağlarından qəlbində pöhrə tutub.

Turan müəllim ilk təhsilini 7 illik Əylis kənd məktəbində alsa da, ailəsi Bakı şəhərinə köçdüyündən  təhsilini şəhər 189 saylı orta məktəbdə davam etdirmişdir. 1941-ci ildə Böyük Vətən müharibəsinin başlanması ilə əlaqədar olaraq Vahab müəllimin ailəsi Ordubada qayıdır. Burada Pedaqoji texnikumun üçüncü kursuna daxil olan Turan təhsilini başa vurduqdan sonra Əylis kənd məktəbində fizika-riyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayır. O, həmin illərdə təhsilini davam etdirmək barədə düşünür, nəhayət, 1945-ci ildə böyük arzularla Bakıya qayıdır. Elə həmin il Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin fars şöbəsinə daxil olur. 1950-ci ildə universiteti müvəffəqiyyətlə bitirdikdən sonra Azərbaycan Maarif Komissarlığının əmri ilə Qubadakı Müəllimlər institutuna müəllim təyin olunur. Bir müddətdən sonra həmin institut bağlandığından Turan müəllim Quba şəhər 3 saylı orta məktəbdə direktor, müəllim vəzifələrində çalışır. Bu illərdə o, uşaqlıqdan vərdiş etdiyi mütaliəsini zənginləşdirir, vaxtının çox hissəsini səylə “Molla nəsrəddin” satirik jurnalını oxuyub-öyrənməyə həsr edirdi. Gizli imzalarla dərc olunmuş felyetonlarlı yeni düşüncəylə oxuduqca qarşısında təptəzə bir aləmin açıldığını duyur, onun cazibəsindən ayrıla bilmirdi. Jurnal gənc Turanın ictimai şüurunun formalaşmasına öz təsirini göstərirdi. Bu maraq gənci “Molla Nəsrəddin”i daha dərindən dərk etməyə, dövrün ictimai-siyasi hadisələrini dərindən öyrənməyə həvəsləndirirdi.

 T.Həsənzadə 1961-ci ildən bütün fəaliyyətini AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu ilə bağlayıb. Arada iki il (1962-1964) Əfqanıstanda  tərcüməçi işləyib. Bundan sonra Ədəbiyyat institutuna qayıdan Turan müəllim “Mətnşünaslıq” və “Yeni dövr Azərbaycan ədəbiyyatı” şöbələrində kiçik elmi işçi, böyük elmi işçi, aparıcı elmi işçi vəzifələrində çalışıb. Və burada elmi fəaliyyətini mətbuat tariximizin parlaq səhifəsi olanMolla Nəsrəddin” jurnalının tədqiqinə həsr edib. Bu tədqiqatların nəticəsi olaraq 1972-ci ildə “Molla Nəsrəddin” jurnalında İran və cənubi Azərbaycan həyatının inikası (1906-1921)” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək filologiya elmləri namizədi adını alıb. T.Həsənzadənin tədqiqatı həmin dövrdə böyük maraqla, rəğbətlə qarşılanıb, elmi dəyəri ədəbiyyatşünaslıqda yüksək qiymətləndirilib. T.Həsənzadə Ədəbiyyat institutunda işlədiyi müddətdə bir çox kitabların müəllifi, tərtibçisi olmuşdur. 50-dən artıq elmi, nəzəri, tədqiqat xarakterli məqalələrə imza atmışdır.

C.Məmmədquluzadənin əsərlərini 3 cilddə – tekstoloji tədqiqat işi kimi hazırlamışdır (1964-1967). Yenə də ədibin əsərlərini 6 cilddə tərtib edərək nəşrini həyata keçirmişdir. Həmçinin “Molla Nəsrəddin”in karikaturaları” kitabınının nəşri də onun zəhməti sayəsində işıq üzü görmüşdür. Jurnalın I, II, III, IV, VI cildlərin transfonoliterasiyası, nəşrinin başa çatdırılması T.Həsənzadənin  adıyla bağlıdır (VI cildi Əliheydər Hüseynovla bir yerdə işləmişdir). Turan müəllim sonrakı cildlərin redaktəsi və digər məsələlərdə də yaxından iştirak etmişdir.

T.Həsənzadə zəhmətkeş ziyalı, yorulmaz tədqiqatçı idi. O, “Molla Nəsrəddin”ə ruhən bağlılı olduğundan jurnalı böyük məsuliyyətlə, həm də fəxarət hissi ilə tədqiq edirdi. M.Cəlilin, eləcə də onun ən böyük əsəri olan  Molla Nəsrəddin”in  yubileylərində  mövzu ətrafında yeni yazılarla mətbuatda çıxışlar edirdi. T.Həsənzadənin elmi araşdırmaları “Molla Nəsrəddin”lə tamamlanmamışdır. O, milli mətbuatımızın banisi  H.Zərdabinin “Əkinçi” qəzetini yeni əlifbaya transfonoliterasiya edərək tərtib etmiş, həmçinin adlar göstəricisini də göstərməklə 1978-ci ildə nəşrini həyata keçirmişdir. Bundan sonra tədqiqatçı “Molla Nəsrəddin”in təsiri ilə çıxan bir sıra jurnaların tədqiqi, transfonoliterasiyasi işləri ilə də məşğul olmuşdur. Bütün bunlar tədqiqatçının milli mətbuatımızın təşəkkülü və inkişafı tarixinə böyük marağından qaynaqlanmışdı. Onun gördüyü işlər sırasında görkəmli nasir Mir Cəlal PaşayevinSeçilmiş əsərləri” də (2 cilddə) diqqəti cəlb edir. Turan müəllimin tərtib etdiyi bu kitablar 1986-1987-ci illərdə kütləvi tirajla nəşr olunmuşdur.

 

 

(Ardı var)

 

Şəfəq NASİR

 

525-ci qəzet.- 2012.- 26 iyun.- S.6.