İlyas Əfəndiyev yaradıcılığı müasirlikperspektiv baxışlar müstəvisində   

 

Azərbaycan nəsrinin və dramaturgiyasının inkişafında əvəsiz xidmətləri olan İlyas Əfəndiyev yaradıcılığını daha dərinləşdirilmiş çevrədə öyrənmək bu gün də müasir tənqidimizin aktual problemləri olaraq qalmaqdadır. Yəqin C.Cəfər, M.Cəfər, C.Xəndan, Ə.Sultanlı, M.Məmmədov, B.Vahabzadə, İ.Şıxlı, B.Nəbiyev, Ə.Cəfərzadə, Y.Qarayev, A.Səfiyev, V.Quliyev, Y.Seyidov, A.Hüseynov kimi tanınmış fəlsəfi-estetik fikir sahibləri ilə yanaşı, H.Qasımov, Ə.Əfəndiyev, A.Tahirli, İ.Rəhimli, N.Şəmsizadə, V.Yusifli, T.Salamoğlu, Kəbutər, M.Mükkərrəmoğlu, S.Ağabalayeva və onlarca başqalarının İ.Əfəndiyevə müxtəlif aspektlərdən müraciəti bu sənətkarın yaradıcılığının kifayət qədər gündəmdə olduğundan xəbər verir. İ.Əfəndiyev yaradıcılığının Türkiyə ədəbiyyatşünaslığında S.Adgözəl tərəfindən öyrənilməsi də dediklərimizi bir daha təsdiqləyir.

Yeri gəlmişkən qeyd edək ki, İlyas Əfəndiyevin dünyaya gəlişi xalqımızın milli müstəqilliyə qovuşduğu 28 may gününə  təsadüf edir. Ədibin  yubileyləri, xüsusən 90, 95-illiyi Azərbaycanda sənət bayramı kimi keçirilmişdir. İki il bundan sonra (2014-cü il) keçiriləcək yüz illik yubiley fikrimizcə daha geniş dairədə – nəsrin, dramaturgiyanın, tetrın, bir sözlə, böyük sənətin bayramı olacaqdır. Çünki İ.Əfəndiyev nəsri, dramaturgiyası, teatrı neçə yeni nasirin, dramaturqun, teatrşünasın  (rejissor, aktyor, teatr estetləri və s.) inkişafında böyük rol oynamışdır.

Böyük ədibin müxtəlif illərdə tarixi-sosial, mədəni-kultroloji, mənəvi-əxlaqi, vətənpərvərlik və müasirlik mövzularında qələmə aldığı “Bahar suları”, “Atayevlər ailəsi”, “Sən həmişə mənimləsən”, “Unuda bilmirəm”, “Məhv olmuş gündəliklər”, “Mahnı dağlarda qaldı”, “Büllur sarayda”, “Xurşidbanu Natavan”, “Şeyx Xiyabani”, “Sevgililərin cəhənnəmdə vüsalı”, “Ağıllılar və dəlilər”, “Hökmdar və qızı” və digər dram əsərləri onun yaradıcılığının kifayət qədər rəngarəng , çoxaspektliictimai xarakteli olduğunu sübut edir.

İ.Əfəndiyevin pyesləri bəlkə də  XX əsrin son onilliklərində Azərbaycan teatrları səhnəsində ardıcıl oynanılan əsərlərdən olmuşdur. Daha doğrusu, İ.Əfəndiyev teatr üçün daim elə aktual mövzular işləmişdir ki, bunlar teatr ictimaiyyətini, rejissorları, aktyorları, rəssamları, dekorçuları yetərincə məşğul etmişdir. İ.Əfəndiyev öz dramaturgiyası, hər şeydən əvvəl, milli teatr səhnəsində əsərləri ilə mövzu məhdudluğunu aradan qaldırıb, səhnə əsərlərində bədii-dramaturji keyfiyyəti, poetik hədləri genişləndirməyə və rəngarəngləşdirməyə xidmət etmişdir. Əlbəttə, İ.Əfəndiyev dramaturgiyasındakı konstruktiv mürəkkəblik nə modernist, nə də formal xarakter daşımır. Onun dramaturgiyasındakı mürəkkəblik həyatda olanların çətinlikləri, problemləri və ziddiyyətləri ilə bağlıdır. Yenilikçi dramaturji texnika bədii forma səhnəsindəki axtarışlar reallığın adekvat dərkinə istiqamətlənmişdirsə, onlar mütləq ədəbiyyatşünas və teatrşünasların təhlil obyektinə çevrilməlidir. Ümumiyyətlə, dramaturgiyanın poetik sistemində janr kateqoriyası geniş xarakterə malik olduğundan mühüm yer tutur. Çünki məhz janrda əsərin başlıca həyati məzmunu, müəllifin təsvir obyektinə münasibəti, onun yaradıcılığının fərdi xüsusiyyətləri özünü büruzə verir. Böyük rus ədəbiyyatşünası M.Baxtin vaxtı ilə haqlı olaraq qeyd edirdi ki, janrlar bədii təfəkkürün tarixi inkişafı prosesində yaranır. İ.Əfəndiyev dramaturgiyasına nəzər saldıqda görürük ki, onun pyesləri Azərbaycan cəmiyyətinin və zamanın tələblərinə uyğun olaraq daimi hərəkət və inkişafa meyllidir. Həyat materialının rəngarəngliyi, cəmiyyətdə gedən konflikt və ziddiyyətlərin qeyri həmcinsliyi, ayrı-ayrı insanların qəlbindəki təzadlar İ.Əfəndiyev daramaturgiyasının janr hədlərini genişləndirməklə, onu zənginləşdirmişdir. İlyas Əfəndiyev dramaturji estetikası çevikelastik olan sənətdir. M.F.Axundzadədən başlanğıc götürmüş Azərbaycan dramaturgiyası sonrakı dövrlərdə sırf milli çərçivələrdə qapanıb qalmamış, əksinə rus, Avropa dramaturgiyası və teatr estetikasından yaradıcılıqla qidalanıb milli zəminə yönəldilmişdir. İ.Əfəndiyev dramaturgiyasında bu xüsusiyyət daha ciddi şəkildə özünü büruzə vermişdir. Burada əksini tapmış əksər problemlər – qəhrəman və personajların hərəkətinin motivasiyası, etnik-millietik-milli xüsusiyyətləri, dini ənənələr, yerli təfəkkür tərzi, kolorit, adətlər və s. diqqəti yetərincə cəlb edir. Elə buna görə də İ.Əfəndiyev dramaturgiyasında yer almış bütün mövzuideyalar milli zəmində təbii və inandırıcı təsvir bağışlayır və məlum olduğu kimi, əksər hallarda dram konfliktlərində bu, həlledici rol oynayır. Etnik-millietik-milli ənənələr əyaniləşərək İ.Əfəndiyevin milli köklərə söykənən əsərlərinin mayasına hopmuşdur. Bu tipli milli koloritlə zəngin məqamlarla biz İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” və digər dramlarında tez-tez rastlaşırıq.

Müasir Azərbaycan dramaturgiyasının mühüm istiqamətlərini özündə birləşdirən İ.Əfəndiyev yaradıcılığında əxlaq, mənəviyyat və hüquq problemləri mövzuların nüvəsini təşkil etməklə, müair cəmiyyətdə yer almış neqativ hadisələrə münasibət ifadə olunur. İ.Əfəndiyev müşahidəçilik qabiliyyəti yetərincə dərin olan sənətkar kimi əsərlərində proteksionizm, korrupsiyaxalq malını talayanlara qarşı mübarizəni diqqət mərkəzinə çəkirdi. Təbii ki, o, bu tipli məsələlərə münasibət ifadə edərkən həm milli, həm də kənardan “qazanılan” bu tipli neqativ halların bədii ümumiləşdirilməsini və dərinləşdirilmiş təhlilini müxtəlif priyomlardan istifadə yolu ilə rəngarəng şəkildə ortaya qoyurdu. Məsələn, “Büllur sarayda” dramında İ.Əfəndiyev korrupsiyaya qurşanmış məmurların daxili aləmini açır. Dramdakı hadisələr iri gizli mafioz Ağahüseynin şəhərətrafı bağında baş verir. Dramaturq “sexovşik”lərin, alverçilərin, bu sosial təbəqələrdən olanların dövlət orqanlarında çalışan məmur mafiozlarla bağlanan əlaqələrinə, bu tipli ailələrin əxlaq dünyasına, vəzifədə olanların ondan öz nəfinə istifadə etmələrini diqqət mərkəzinə çəkir.

İ.Əfəndiyevin “Büllur saraydapyesi poetikasına görə ənənəvi olsa da, mövzu, problemin qoyuluşuonun orijinal gedişi müasirliyi təqdim etmə baxımından sxematiklikdən kənardır. Əsərdə psixologizmlər oxucu və tamaşaçı diqqətini yetərincə cəlb edir. Dramın konfliktinin başlıca psixoloji motivasiyası orijinal olmaqla, oxucu və tamaşaçı üçün xeyli mühüm nəticələr üzərində düşünməyə imkan verir. Bu əsərdə, hər şeydən öncə, İ.Əfəndiyev yaradıcılığı lirik-psixoloji planda zənginləşir. Müəllif mənəvi-əxlaqi məsələləri, tərbiyə problemlərini, estetik ovqatı ön plana çəkir. Büllur sarayda” dramında İ.Əfəndiyev var-dövlət, sərvət toplamaq xəstəliyinin cəmiyyətin inkişafında sosial-əxlaqi bəla və problemə çevrildiyini, halal zəhməti ilə yaşamaqdan kənar olan insanların mənəvi mahiyyətini açmağı bacarır. Bu pyes eyni zamanda insanların xarakterləri, həyat baxışları, yaşayış tərzini ortaya qoyur. Saraydakı zahiri göz qamaşdıran komfortla yanaşı insanlar arasındakı daxili-mənəvi aləm, sarsıntılar, dramatik hadisələr personajlar arasındakı kolliziyalar və baxışlar fonunda getməklə onların münasibətlərində təbəddülat yaradır.

Qeyd etdiklərimiz İlyas Əfəndiyev yaradıcılığının həmişəyaşarlığını təsdiqləyir. Onun  dramaturgiyası və teatrı müasirlikdən perspektivə istiqamətlənmiş cəmiyyətin problemlərini düzgün “müalicə etməsinin” aynası kimi səciyyələndirilməlidir. 

 

 

Nizami TAĞISOY

 

525-ci qəzet.- 2012.- 28 iyun.- S.7.